Məhkəmə qərarları › İş №2(103)-1073/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1073/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1073/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, X3 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4773/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank "xxxx" ASC ilə X1 arasında bağlanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinin və Bank "xxxx" ASC ilə cavabdeh X1 arasında bağlanmış 15 may 2018-ci il tarixli, BKNG-A0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4773/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Bank "BTB” ASC ilə X1 arasında bağlanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinin İddiaçı payına münasibətdə etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bank tərəfindən isə məhkəməyə ərizə ünvanlanaraq iddiaçının apellyasiya şikayətindən imtinasının qəbul edilməsinə etiraz etmədiklərini və iş üzrə icraata iddiaçının apellyasiya şikayəti üzrə xitam verilməsini, özlərinin apellyasiya şikayətlərinin isə təmin olunması və iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsin e-2(011)- 4773/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə işə, o cümlədən qeyd edilən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə İddiaçı apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki İddiaçı qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı, İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4773/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar