Məhkəmə qərarları › İş №2(103)-1074/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1074/2024

13.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1074/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: cavabdehlərin özbaşına tikilidən ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilidən ibarət olan əmlakın iddiaçıya qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlunun, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3539/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı X3 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 fevral 2015-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə İddiaçı barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın məzmunundan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, 2011-ci ildən halhazırda yaşadığı evə ailəsi ilə köçərək ev sahibi Mahirə kirayə pulu 120 manat versələr də, ev sahibi Mahirin onlarla müqaviləni 50 manata bağlamış, həmin vaxt ev sahibindən səbəbini soruşduqda Mahirin onlarla müqaviləni 50 manata bağlamış. Həmin vaxt ev sahibindən səbəbini soruşduqda Mahirin onlara aldığı pulun hamısını müqavilədə göstərdikləri halda verdi ödəməli olacağını bildirmişdir. Təxminən 2014-cü ilin aprel ayının 25 ev sahibi Mahirin kirayə pulunualmaq üçün onlara gəldiyini və həmin vaxt Mahirin onlardan iki ay müddətinə qaytarmaq şərti ilə borc pul istədiyindən Cavabdeh1 evdə xəstə uşağını müalicə etdirmək üçün yığdığı 4000 manat pulu Mahirə vermişdir. Həmin söhbətdən təxminən iki ay keçdikdən sonra Cavabdeh1 ev sahibi Mahirin pulu qaytarmadığını görüb onunla əlaqə saxlayıb borclu olduğu pulu istədikdə Mahirin onu və ailəsini hədələyərək pulu verməyəcəyini bildirmişdir. Vətəndaş Cavabdeh1 ev sahibi Mahir adlı şəxsə borc verdiyi pulu rəfiqələri Kəmalə Məmmədova və Valeriya Sergeyevnanın yanında verdiyini qeyd etmişdir. Araşdırma zamanı izahatları alınmış X4 və X8 eyni məzmunlu izahat verərək xx.xx.2014-cü il tarixdə rəfiqələri Gülbənizin onların yanında kirayə qaldığı evin sahibi Mahir adlı şəxsə 4000 manat borc pul verdiyini təqsdiqləmişlər. Araşdırma zamanı izahatı alınmış Səbail rayonu, M.Hüseyn küçəsi ev 90 mənzil 9-da yaşayan İddiaçı bildirmişdir ki, 2012-ci ildə ona məxsus Yasamal rayonu Qanlı Göl yaşayış massivində yerləşən fərdi yaşayış evini Cavabdeh2 müqavilə əsasında kirayə vermiş və əvvəlcə müqaviləni 50 manata bağlayaraq, 2013-cü ildə ikinci müqaviləni 120 manata bağlamış və hal-hazırda kirayənişinlərin hər ay 120 manat kirayə pulu alır. Vətəndaş İddiaçı əlavə qeyd etmişdir ki, hal-hazırda evində kirayə yaşayan şəxslərin komunal xidmətlərə xeyli borcları yığıldığından onlara müqaviləni xitam etdirəcəyini və bu səbəbdən də evdən çıxmalarını bildirmiş və ev sahibi Gülbəniz adlı qadını və onun ailə üzvlərini hədələmədiyini, nə də onlara qeyd edilən məbləği borc olaraq almadığını bildirmişdir. Toplanmış material üzrə Cavabdeh1 İddiaçı tərəfindən hədə-qorxu gəlinməsi faktı real olmadığından, aralarında yaranmış borc məsələsi mülki hüquqi münasibətlər kateqoriyasına aid edildiyi müəyyən edildiyibdən əməllərində cinayət tərkibi olmadığı üçün xx.xx.2015-ci il tarixdə İddiaçı barəsində CPM-nin 39.1.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanması Yasamal RPİ 29-cu PB-nin təhqiqatçısı, polis kapitanı Kamil Rahmanov tərəfindən rədd edilmişdir. Lakin xx.xx.2015-ci il tarixdə material üzrə Kamil Rahmanov tərəfindən qəbul edilmiş qərar Yasamal rayon prokurorluğu tərəfindən ləğv edilmiş və material əlavə araşdırılması üçün Yasamal RPİ-nin Təhqiqat Şöbəsinə qaytarılmışdır.

2. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3-21-3-02/2-11458/2023 nömrəli sorğuya cavab məktubdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən Bakı şəhəri Yasamal rayonu, Yeni ünvan 1 ünvanın dövlət reyestrində qeydiyyatda keçməsi barədə məluamt aşkar edilməmişdir.

3. “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli AKX- 03186xx/xx-2021 nömrəli müqavilədən görünür ki, müqavilə üzrə “paylayıcı” adlananan “Azəriqaz” İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “istehlakçı” adlanan İddiaçı (Y.Yasamal, Qanlı Göl, ev 1, mənzil 2 A) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

4. 100245000100021 saylı abonent saldosundan görünür ki, xx.xx.2011-ci il tarixdə İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilinə Smart-G-4-İTRON tiplu qaz sayğacı quraşdırılmışdır.

5. 046800100000025 saylı abonent kartına dair xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı yaşadığı ünvan 3 ünvanı üzrə xx.xx.2021-ci il tarixdə 100, xx.xx.2021-ci il tarixdə 50, xx.xx.2020-ci il tarixə 100, xx.xx.2020-ci il tarixə 100, xx.xx.2020-ci il tarixə 100, xx.xx.2020-ci il tarixə 200 manat məbləğində ödəniş edilmişdir.

6. 100245000100021 saylı abonent koduna dair arayışdan görünür ki, İddiaçı tərəfindən Y.ünvan 4 ünvanı üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 150 manat məbləğində zenner smart sayğaca olan ödənişlər edilmişdir.

7. "xxxx" ASC Yasamal Rayon Sukanal idarəsi üzrə ödənişlərin siyahısından görünür ki, istehlakçı İddiaçı tərəfindən (abonent kodu ********************0 olan) ünvan 5 ünvanında yeləşən mənzilə göstərilmiş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2015-ci il tarixdə 20, xx.xx.2019-cu il tarixdə 50, xx.xx.2021-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 170 manat ödəniş edilmişdir.

8. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Qanlı-gölün qərb sahili massivində heç bir sənədi olmayan özbaşına tikilidə qeydiyyatsız yaşayır.

9. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Qanlı-gölün qərb sahilində heç bir icazə sənədi olmayan özbaşına şərti nömrəsi 117a olan tikilidə qeydiyyatı olmadan yaşayır.

10. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 22 saylı MKİSdə mövcud olan Qanlı-gölün qərb sahili adlanan ərazidə özbaşına tikililərin siyahısında İddiaçı şərti nömrəsi 117 olan tikili siyahı üzrə göstərilmişdir.

11. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1 nömrəli “ev kirayəsi” müqaviləsindən görünür ki, kirayə verən şəxs (ev sahibi) X5-göl yaşayış massivinin qərb sahili, ev 2 (6 sot) ünvanda yerləşən on otaqdan bir otağı kirayəyə götürən (kirayəçi) Cavabdeh2 kirayəyə verir. Kirayə haqqı 50 (əlli) azn olmaqla, hər ay qabaqcadan ödənilir. Müqavilənin müddəti 1 ildir.

12. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 2 nömrəli “ev kirayəsi” müqaviləsindən görünür ki, kirayə verən şəxs (ev sahibi) X5-göl yaşayış massivinin qərb sahili, ev 2 (6 sot) ünvanda yerləşən evini kirayəyə götürən (kirayəçi) Cavabdeh2 kirayəyə verir. Kirayə haqqı 0 (sıfır) azn olmaqla, hər ay qabaqcadan ödənilir. Müqavilənin müddəti 1 ildir.

13. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizənin məzmunundan görünür ki, hesab edirlər ki, həmin iddia ilə əlaqədar iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı ilə cavabdeh arasında mənzilin boşaldılması ilə əlaqədar mübahisə 2015-ci ildə başlamış, iddiaçı bununla əlaqədar Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, iddiası baxılmamış saxlanılmış, həmin vaxtdan həmin tələblə əlaqədar cavabdehə heç bir müraciət ünvanlanmamışdır. MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. İddiaçı 8 il müddətində qeyd olunan tələblə əlaqədar cavabdehə müraciət etməmişdir. Qeyd olunanları və iddia müddətinin ötürülməsini əsas tutaraq iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3999/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı “mənzildən çıxarılma, maddi və mənəvi ziyan tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

15. 2 noyabr 2023-cü il saylı yerində müayinə protokolundan görünür ki, 2 noyabr 2023- cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, X22 sahili, Yasamal rayonu İcra hakimiyyəti MKTB-nin 22 saylı MİKS- tərəfindən 117 saylı özbaşına tikili kimi qeydə alınan ünvana yerində müayinə keçirilən zaman müəyyən olunmuşdur ki, ünvanda 2 yaşayış otağı, dəhliz, mətbəx, hamam, tualet üçün istifadə olunan otaq mövcuddur. Eyni zamanda Yasamal rayon MKTB-nin 22 saylı MKİS-nin nümayəndəsi X7 bildirmişdir ki, hazırki ünvan siyahıda İddiaçı məxsusdur. Tərəfindən imzalanmış 162 saylı ölçü aktını da təsdiq edir, bildirir ki, 2 köməkçi sahə, mətbəx, dəhliz, hamam, tualet, 2 otaq və tövlə mövcuddur. Eyni zamanda tərtib etdikləri aktda da qeyd olunduğu kimi, əlavə tikinti aparılarsa qeydiyyata alınmır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin özbaşına tikilidən ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilidən ibarət olan əmlakın iddiaçıya qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, X22 adlanan ərazisində yerləşən, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saykl MİKS-i tərəfindən 117 saylı özbaşına tikili kimi İddiaçı adına qeydə alınmış tikilidən Cavabdeh2 və Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılaraq, həmin tikilidən ibarət olan əmlakı sahibi İddiaçı qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1980-cı illərdə Bakı şəhəri Yasamal rayonu, Qanlıgöl adlanan yerdə vətəndaşlar tərəfindən özbaşına evlər inşa edilərək qəsəbə salınırdı. Həmin vaxt bu məsələyə dövlət tərəfindən razılıq verilsə də, sənədləşdirmə həyata keçirilmirdi. O da, başqaları kimi ailəsiylə birlikdə, 1987-1988-ci illərdə həmin Qanlıgöl adlanan ərazinin qərb sahilində özbaşına tikili inşa edib yaşamışdılar. Azərbaycanda bələdiyyələr yarandıqdan sonra ərazi, o cümlədən onun istifadə etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilmişdir. 2012-ci ilin may ayında, hazırda cavabdeh olan Cavabdeh2 ilə kirayə müqaviləsi bağlayaraq, ailəsi ilə birlikdə yaşamaq üçün həmin tikilini onlara bir il müddətinə kirayə vermişdir. 2013-cü ilin iyul ayında kirayə müqaviləsini yeniləyərək, yenidən bir il müddətinə bağlamışdılar. Kirayə müqaviləsinin müddəti bitdikdən sonra aralarında olan şifahi razılaşmaya görə müqavilə yeni müddətə uzadılmışdır. 2015-ci ildən başlayaraq cavabdeh kirayə pulunu verməkdən boyun qaçırmağa başlamışdır. Eyni zamanda kommunal xərcləri də ödəməyə məcbur olmuşdur. Cavabdehdən ona məxsus tikilini boşaltmağı tələb etsə də, onlar tikilini boşlatmaqdan imtina etmiş və güc tətbiq edərək onu və ailə üzvlərini əraziyə buraxmamışdırlar. 2015-ci ildə Cavabdeh1 onu şərləmək məqsədilə polisə ərizə vermiş və bildirmişdir ki, guya ona 4000 (dörd min) manat borca pul verib, ondan geri ala bilmir. Onun verdiyi şikayət üzrə təhqiqat aparılmış və tələbinin yalan olması müəyyən edilmişdir. Təhqiqat materiallarından da (cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan) görünür ki, Gülbəniz özlərini kirayəçi, onu isə evin sahibi kimi göstərmişdir. Təqribən 2019-cu ildən tikilinin yerləşdiyi ərazinin torpaqları bələdiyyə tərəfindən Abşeron MMC-yə özgəninkiləşdirilmiş və həmin torpaq sahəsi Abşeron MTK-nın mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra yeni torpaq mülkiyyətçisi Abşeron MTK ərazinin boşaldılmasını və tikilinin öz hesabına sökülüb götürülməsini ondan tələb edir. O isə tikilidə istifadə etdiyi inşaat materiallarını (kubik daşı, taxta materialı, dam örtüyü və s.) söküb aparmaq istəsə də, cavabdehlər tikilini boşaltmırlar və güc tətbiq edərək sökməyinə imkan vermirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məsələnin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən tikilini o inşa etmiş, həmin tikilidə istifadə olunan inşaat materialları ona məxsusdur. Mübahisəli halı isə cavabdehlərin onu, ona məxsus əmlaka sahiblikdən qanunsuz məhrum etməsidir. İş materiallarına əlavə etdiyi Bakı şəhəri Yasamal rayon İH Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİSi tərəfindən xx.xx.2015-ci il tarixdə, xx.xx.2016-cı il tarixdə və xx.xx.2023-cü il tarixdə verilmiş, cəmi 3 ədəd arayışların məzmunundan görünür ki, 22 saylı MİKS-də X22 sahilində inşa edilmiş tikililərin nömrələnmiş siyahısı vardır və həmin siyahıda tikililərin sahiblərinin adı qeydə alınmışdır. Həmin siyahıya əsasən 117 nömrəli tikilinin sahibi İddiaçı qeydə alınmışdır. 27 may 2012-ci il tarixli 1 saylı və 10 iyul 2013-cü il tarixli 2 saylı “ev kirayəsi” müqavilələrindən görünür ki, Qanlı Göl yaşayış massivinin qərb sahilində, 6 sot torpaqda yerləşən ev barəsində tərəflər arasında hər biri bir il müddətinə olmaqla, kirayə müqaviləsi bağlanmışdır. Müqavilədə tərəflərin rekvizitləri, pasport nömrələri və telefon nömrələri qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş məişət qazının alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, “Azəriqaz” İB ilə İddiaçı arasında Qanlı Göl, ev 1, mənzil 2 A ünvanında mənzilə tibbi məişət qazının verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı tərəfindən mütəmadi ödənişlər həyata keçirilmişdir. "xxxx" ASC-nin ödəniş hesab saldosundan çıxarışdan görünür ki, İddiaçı 2011-ci ildən 2023-cü il tarixədək X22 sahilində yerləşən evin işıq təhcizahına görə fasiləsiz ödənişlər həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş 162 nömrəli aktın məzmunundan görünür ki, İddiaçı yaşadığı 117 saylı evdə ölçülər aparılmışdır. Yasamal RPİ-si TŞ-nin baş təhqiqatçısı polis mayoru Məhərrəm Hüseynovun 14 fevral 2015-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cavabdeh Rzayeva X6 Mahirə məxsus evdə kirayəçi kimi yaşamağa başladıqları faktı tam sübuta yetirilir. Hal-hazırda isə torpaq mülkiyyətçisinin tələbi ilə əmlakını götürməyə maneçilik yaratmaqla, onu öz əmlakından məhrum etmişlər. Ona görə də cavabdehlərin ona məxsus əmlakı məcburi qaydada azad etmələri və sahibliyinə qaytarmaları haqqında məhkəmə aktı qəbul edilməlidir.

18. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Yasamal rayon MKTBnin 22 saylı MKİS-nin nümayəndəsi X7 bildirmişdir ki, hazırki ünvan siyahıda İddiaçı məxsusdur. Tərəfindən imzalanmış 162 saylı ölçü aktını da təsdiq edir, bildirir ki, 2 köməkçi sahə, mətbəx, dəhliz, hamam, tualet, 2 otaq və tövlə mövcuddur. Eyni zamanda tərtib etdikləri aktda da qeyd olunduğu kimi, əlavə tikinti aparılarsa qeydiyyata alınmır

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3539/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin qərb sahilində yerləşən 117 saylı fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1-152.3, 152.7, 157.8, 158.1.2, 158.4, 178.1, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X9 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1 nömrəli evin kirayə müqaviləsindən görünür ki, kirayə verən şəxs X5 Göl yaşayış Massivinin qərb sahili, ev 2 ünvanda yerləşən otağı X2 verir. Kirayə haqqı 50 AZN olmaqla hər ay qabaqcadan ödənilir. Müqavilənin müddəti 1ildir. Əslində isə həmin yer kirayəyə götürülərkən qeyd olunan tikili 1 otaqdan ibarət olmuşdur. Qətnamədə qeyd olunan digər 9 otaq cavabdeh tərəfindən inşa olunmuşdur. Cavabdehlər hal-hazırda ailə üzvlərilə birlikdə özləri tərəfindən inşa olunmuş otaqlarda yaşayır. Bu halı təsdiq etmək üçün məhkəməyə şahidlər dəvət edilsə də, həmin şahidlər məhkəmə tərəfindən qəbul edilməmiş və izahatları alınmamışdır. Həmin şahidlər qeyd olunan 9 otağın inşasında fəhlə və usta kimi iştirak etmişlər, onlar cavabdehlə qonşudurlar, bütün görülən işlər onların gözləri qarşısında həyata keçirilmişdir. Həmin şahidlər, ustalar və fəhlələr tikililərin inşasını həyata keçirmişlər. xx.xx.2013-cü il tarixli 2 nömrəli ev kirayəsi müqaviləsindən görünür ki, (sübuta ehtiyacı olmayan hal) müqavilə kirayə haqqı ödənilmədən bağlanmışdır. Kirayəçi ilə 2013-cü ildə aramızda olan razılaşmaya əsasən mən İddiaçı 4000 manat pul ödəmişəm, qalan 6000 manat məbləği isə gələcəkdə ödəməyi öhdəmə götürmüşəm. Qətnamədə qeyd olunan Yasamal RPİ-nin TŞ-nin baş tədqiqatçsı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 fevral 2015-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş, lakin izahat verən şahidlər bizim İddiaçı 4000 manat pul verdiyimizi təsdiq edirlər. Cinayət işinin başlanması ona görə rədd edilmişdir ki, pul məbləği borc şəklində verilmişdir və borclu gələcəkdə öz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də sonradan bağlanan müqavilələrdə kirayə haqqının məbləği göstərilməmişdir. 2013-cü il tarixdə bizimlə kirayəçi arasında kirayə haqqı ilə əlaqədar heç bir münasibət olmamışdır. Qeyd olunanlardan da görünür ki, kirayəçi İddiaçı bizə qarşı mənzildən çıxarılma ilə əlaqədar heç bir göstəriş verməmişdir. Ona görə də biz qeyd olunan ərazidə yerləşən qanunsuz tikilinin otaqlarını artırmış, yeni otaqlar əlavə edərək yaşamışıq. Qətnamədə daha sonra göstərilmişdir ki, məhkəmə iclasında mütəxəsis qismində iştirak edən Yasamal rayon MKT-nin 2 saylı MKİS-nin nümayəndəs Sadatov Poladxan bildirmişdir ki, hazırki ünvanda onun tərəfindən imzalanmış 162 saylı ölçü aktını təsdiq edir, bildirir ki, iki köməkçi sahə, mətbəx, dəhliz, hamam, tualet, iki otaq mövcuddur. Eyni zamanda tərtib etdikləri aktda da qeyd olunduğu kimi əlavə tikinti qeydə alınmamışdır. Yuxarıda da qeyd etdiyimiz kimi biz İddiaçı bir otaq kirayəyə götürmüşük. Digər otaqlar isə aramızda qanunsuz tikilinin bizə satılması ilə əlaqədar razılaşma olduğuna görə orada əlavə otaqlar inşa etmişik. Hal-hazırda MKSİ-nin nümayəndəsinin qeyd etdiyi kimi iki otaq yox, həmin yerdə inşa etdiyimiz 4 otaq mövcuddur. Yuxarıda da qeyd etdiyim kimi əlavə tikililər aramızda alqı-satqı ilə əlaqədar razılaşma olduğuna görə tərəfimizdən inşa edilmişdir. Ona görə də 2013-cü ildə kirayə müqaviləsi bağlanarkən kirayə haqqı göstərilməmişdir. müqavilə tələbləri üzrə iddia müddəti 3il, daşınmaz əşyalarla bağlı müqavilə tələbi üzrə 6ildir. İddiaçı 8 il müddətində qeyd olunan tələblə əlaqədar bizə heç bir müraciət etməmişdir. Bizim iddia müddətinin tətbiqi ilə əlaqədar vəsatətimizə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, qətnamədə yalnız belə bir vəsatət verdiyimiz qeyd olunmuşdur. Əslində isə iddia müddəti ötmüşdür. İddia ərizəsinin özündə göstərilir ki, 2012-ci ilin may ayında hazırda cavabdeh olan X17 ilə kirayə müqaviləsi bağlayaraq ailəsi ilə birlikdə yaşamaq üçün həmin tikilini onlara 1 il müddətinə kirayə vermişəm. 2013-cü ilin iyul ayında kirayə müqaviləsini yeniləyərək yenidən 1 il müddətinə bağlamışıq. Kirayə müqaviləsinin müddəti bitdikdən sonra aramızda olan şifahi razılaşmaya görə müqavilə yeni müddətə uzadılmışdır. 2015-ci ildən başlayaraq cavabdeh kirayə pulunu verməkdən boyun qaçırmışdır. Eyni zamanda kommunal xərcləri də mən ödəməyə məcbur olmuşam. Cavabdehdən mənə məxsus tikintini boşaltmağı tələb etsəm də onlar tikintini boşaltmaqdan imtina etmiş və güc tətbiq edərək məni və ailə üzvlərimizi əraziyə buraxmamışlar. Birinci qeyd etmək istəyirəm ki, iddia ərizəsinin özündə yazılanlarla qətnamədə qeyd olunanlar arasında ziddiyyət vardır. Ərizədə 2015-ci ildən başlayaraq mənim kirayə haqqı ödəməyim göstərilir. Qətnamədə isə kirayə haqqının 2013-cü ildən ödənilmədiyi qeyd olunmuşdur. Əslində mən kirayə haqqını 2013-cü il tarixdən ödəməmişəm. Ona görə ki, yuxarıda qeyd etdiyim kimi müqavilənin özündə, hansıki, bu müqavilə iddiaçı tərəfindən imzalanmışdır, kirayə haqqı göstərilməmişdir. Bunun özü bizim aramızda qanunsuz tikilinin bizə satılması barədə razılaşma olduğunu təsdiq edir. Ona görə də 2015-ci ildən sonra yəni, iddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra ümumiyyətlə mənzillə əlaqədar aramızda heç bir mübahisə olmamış və o məndən kirayə haqqı tələb etməmişdir. O ki, qaldı kommunal xərclər onun tərəfindən ödənilməsinə qeyd etmək istəyirəm ki, bütün kommunal xərclər bizim tərəfimizdən ödənilmişdir. Sadəcə olaraq müqavilələr onun adına əvvəlcədən qeydə alındığına görə qeydiyyat onun adına aparılmışdır. Biz isə tikilini satın aldığımıza görə bu məsələyə diqqət yetirməmişik. Biz məhkəməyə özündə tikintinin bizə satılmasını təsdiq edən disk təqdim etməyimizə baxmayaraq məhkəmə həmin diskə baxış keçirməmiş, bizim dəfələrlə təkid etməyimizə baxmayaraq məhkəmənin özü tərəfindən də diskə baxılmamış və bu barədə qətnamədə heç bir qeyd aparılmamışdır. əgər həmin diskə baxılardısa iddiaçının qanunsuz tikilini bizə satdığı və onun uzun müddət həmin tikiliyə gəlmədiyi və mübahisəli ərazidə inşa olunan tikililərin bizim tərəfimizdən həyata keçirildiyi aydın görünə bilərdi. İddia ərizəsinin özündə də qeyd olunduğu kimi 2019-cu ildən tikilinin yerləşdiyi ərazinin bələdiyyə tərəfindən abşeron MMC-yə özgəninkiləşdirilmiş və həmin torpaq sahəsi Abşeron MTK-nın mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Yəni həmin torpaq sahəsinin boşaldılmasını yalnız Abşeron MTK tələb etmək hüququna malikdir. Halhazırki İddiaçı bizim həmin torpaq sahəsində yerləşən qeyriqanunu tikilini boşaltmağı tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq AR MM-in 152.2, 152.3, 152.4 maddələri iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən h ə m i n hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbin üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmamsı cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hesab edirəm ki, məhkəmə bu hissəni nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, mübahisəli qanunsuz tikili 2013-cü il tarixdən bizim istifadəmizdədir və hal-hazırda da həmin tikiliyə biz sahiblik edirik. Qanuna görə də sahiblik hüququ əmlaka faktiki sahibliyi həyata keçirməyin hüququ cəhətdən təmin edilmiş imkanıdır. İddiaçı 2010-cu ildən mübahisəli tikilini bizim istifadəmizə verərək oradan çıxıb getmişdir. 13 ildən artıqdır ki, tikili bizim sahibliyimizdədir. Orada əlavə tikililər inşa etmiş, tikililərin sayını artırmış, ailəmizlə birlikdə həmin tikilidən istifadə edirik və bizim sahibliyimizdədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə iclasında iştirak edən İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

26. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

33. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

34. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

35. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır: 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

36. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

37. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

38. 180.2-ci özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3539/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin qərb sahilində yerləşən ərazidə özbaşına tikili inşa etdirmiş, həmin tikili Yasamal rayonu İcra hakimiyyəti MKTB-nin 22 saylı MİKS- tərəfindən 117 saylı özbaşına tikili kimi qeydə alınmışdır. O Cavabdeh2 ilə xx.xx.2012-ci il tarixdə 1 il müddətinə kirayə müqaviləsi bağlayaraq həmin fərdi yaşayış evini cavabdehlərin istifadəsinə vermişdir. Daha sonra xx.xx.2013-cü il tarixdə tərəflər arasında təkrarən kirayə müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə mülkiyyətində olan fərdi yaşayış evindən çıxması, evin boşaldılması ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdehlər onun mülkiyyətindən çıxmaqdan imtina edir. Bu səbəbdən İddiaçı mülkiyyət hüquqlarını pozur, fərdi yaşayış evindən öz istədiyi kimi istifadə etmək hüququnu məhdudlaşdırır.

52. Kollegiya qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir. Cavabdehlər mübahisəli evi iddiaçının satdığını bəyan etsə də, bu, onların əsaslı olduğuna dəlalət etmir. Çünki, iş materiallarında olan sənədlərlə qeyd olunan evin (özbaşına tikilinin) iddiaçıya məxsus olduğu təsdiq edilmişdir. Cavabdehlərin qeyd olunan evə dair heç bir hüquqları yoxdur. Mübahisəli evə iddiaçının mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs kimi ona da mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

53. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, cavabdeh tərəf mübahisəli mənzilin alğı-satqısı ilə bağlı tərəflərin razılaşmasının olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Təqdim edilmiş müqavilə isə kirayə münasibətləri ilə bağlıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Odur ki, mübahisələndirilən daşınmaz əmlak özbaşına tikili olduğundan onun faktiki sahibi tərəfindən özgəninkiləşdirilməsi də mümkün deyil. Bu hal da apellyatorun mübahisələndirilən tikilinin cavabdeh tərəfindən alğı-satqı yolu ilə əldə edilməsinə münasibətdə tətbiq olunmaqla, apellyatorun dəlillərinin əsassız olmasını göstərir.

54. Apellyasiya şikayətinin mübahisələndirilən əmlakın bir otaqdan ibarət olması, daha sonra cavabdehlər tərəfindən əlavə 9 otağın tikilməsinə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

55. Apellyasiya şikayətinin şahidlərin dinlənilməsi barədə vəsatətin təmin olunmaması dəlilinə dair qeyd olunmalıdır ki, cavabdeh tərəf şifahi vəsatətlə şahidlərin dindirilməsini tələb etsə də, şifahi vəsatətdə şahidlərin izahatlarının mübahisənin həllinə təsirinin nədə ifadə olmasını əsaslandıra bilməmiş, bu səbəblə birinci instansiya məhkəməsi haqlı olaraq şahidlərin məhkəmə iclasında dindirilməsini zəruri hesab etməmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

59. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3539/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar