Məhkəmə qərarları › İş №2(103)-10757/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10757/2021

16.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10757/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(008)-2179/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, cavabdehlə 20.09.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2006-cı ildə qızı Günay doğulmuşdur. Birgə nikah dövründə bir neçə əmlak əldə etmiş, eyni zamanda 13 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər. Ev dövlət qeydiyyatına alınmamışdır, lakin bütün kommunal sayğaclar iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Zabrat Bələdiyyəsi tərəfindən İddiaçı adına verilmiş «Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» Şəhadətnaməyə əlavədə göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(008)-2179/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Zabrat Bələdiyyəsi tərəfindən İddiaçı adına verilmiş «Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» Şəhadətnaməyə əlavədə göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və pul kompensasiyası ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2179/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsi əsassızdır. Belə ki, cavabdehlə o 20.09.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2006-cı ildə qızı Günay doğulmuşdur. Birgə nikah dövründə bir neçə əmlak əldə etmiş, eyni zamanda 13 otaqdan ibarət fərdi yaşayış evi tikdirmiş, ev dövlət qeydiyyatına alınmamış, lakin bütün kommunal sayğaclar iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı xəyanət üstündə ayrılmışlar. O, iddiaçıya sakit, rahat yaşaması üçün şərait yaratmağına baxmayaraq onun əziyyətlərini qiymətləndirilməyərək başqa şəxslə münasibətlər qurmuş və onun işdə olmağından istifadə edərək qazancını münasibət qurduğu şəxsə xərcləmişdir. Onun bu cür əxlaqdan uzaq hərəkətləri də övladının düzgün tərbiyəsinə mənfi təsir göstərmişdir. İddiaçı bir ailə kimi ailə dəyərlərinə əhəmiyyət verməmiş və el-oba arasında şərəf nüfuzuna xələl gətirmişdir. Ona xəyanət etmiş şəxslə bir evdə yaşaması qeyri-mümkündür. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsidir (Bakı şəhəri Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 116 №-li, 04.05.2021-ci il tarixli arayış). Zabrat Bələdiyyəsi tərəfindən iddiaçı Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsindəki evə görə 1810142K0E1S nömrə yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (Bələdiyyə tərəfindən verilmiş 20.08.2018-ci il tarixli Şəhadətnamə). Həmin evin dəqiq yeri və cizgisi həmin şəhadətnaməyə əlavədə qeyd edilmişdir. Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən 21.08.2018-ci, 17.11.2020-ci il tarxlərdə verilmiş arayışlardan görünür ki, iddiaçı Aşıq Ələsgər küçəsində inşa edilmiş özbaşına tikilidə qeydiyyatsız yaşamışdır. Bütün sayğaclar iddiaçının adına rəsmiləşdirilmiş və kommunal ödənişlər iddiaçının adından həyata keçirimişdir Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, iddiaçı mübahisəli evdə birgə nikah dövründə yaşamışdır, bu əsasdən həmin evə köçürülməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş tikiliyə köçürülmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya qeyd edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi hazırkı işdə iddiaçının köçmək istədiyi yerdə əvvəl yaşaması və yaşadığı yerdən məhrum edilməsi halları mövcuddur, ona görə də 3-cü hal olan, iddiaçının köçmək istədiyi, əvvəllər yaşadığı evdən məhrum edilmənin qanuniliyinə verilən hüquqi qiymətlə apellyasiya instansiyası məhkəməsi razılaşır. Belə ki, qanunvericiliyin mənasına görə məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əkd təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İşin materiallarından görünür ki, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamış və iddiaçı uzun müddət cavabdehlə birgə nikah dövründə inşa edib və orada yaşamışlar. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisəli evin özbaşına tikili sayılmasının Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın həmçinin tətbiq edilməsinə də maneə deyildir. Belə ki, qeyd olunan normada istifadə olunan “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edil bilməz” məzmunlu obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına inşa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Şəxsin yaşayış yeri tam həcmdə qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Kollegiya qeyd edir ki, əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın (Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi) məqsədi baxımından həmin obyekt mənzil sayılır. Kollegiya həmçinin qeyd edir ki, Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən, özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Kollegiya qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur, birgə nikah dövründə inşa edilib və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İddiaçının köçmək istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, iddiaçının mübahisəli evə onun hüququnu yaratmasa da, iddiaçının həmin evlə (özbaşına tikili) bilavasitə əlaqəli olduğuna və orada yaşadığına dəlalət edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Konstitusiyanın hər bir normasının birbaşa hüquqi qüvvəyə malik olmasının nəzərə alınmaqla, qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçının məhrum edildiyi evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(008)-2179/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar