Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10759/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4202/2021 saylı, 06 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının koduna hesablanmış 885.60 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı Maştağa qəsəbəsi, Tərəvəz-Südçülük sovxozu ünvanına **********00000 abonent kodu verilmişdir. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4202/2021 saylı, 06 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki mülki işdə iddiaçının abonent hesabında mövcud olan 885,60 manat məbləğində borcun yaranma əsasını iddiacı tərəfindən cavabdehə məxsus ümumi qazpaylayıcı qaz xəttinə qanunsuz qosulmaqla təbii qazdan özbaşına istifadə etməsi təşkil edir. Aşkar edilmiş fakt "Birliyin" əməkdaşları tərəfindən aktlaşdırılmış, qaz xəttinə qanunsuz birləşmə yerinin fotoşəkli çəkilmiş, iddiaçı tərəfindən təbii qazdan özbaşına istifadə ediiməsi nəticəsində itirilmiş təbii qazın hesabatı aparılmışdır. Məhkəmə qətnaməsində iddiaçının izahatı bölümündə onun yaşlı olduğu və qaz xəttinə qanunsuz qoşulma etmə bacarığının olmadığı, bunu da heç kimdən xahiş etmədiyi göstərilmişdir. Başında ağ balaca papağı olan həmin o yaşlı kişinin yanında məhkəmə iclaslarına həmişə cavan oğlanlar da gəlirdi. Qaz xəttinə qanunsuz qoşulmanı özü etməmiş olsa belə, onun yaşadığı ünvan üçün yanındakıların və ya ailə üzvlərindən kiminsə bunu etməsi mümkündür. Mülki işin obyektiv həlli naminə məhkəmənin MPM-in 97 və 202-ci maddələrinin tələblərinə uyğun olaraq "yerində müayinə" və ya "ekspertiza" təyin etmək hüququ olduğu halda bunu etməmiş, iddiaçının şifahi sözünə əsasən onun abonent hesabına qeyd edilmiş əsaslı borcu silmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. Əvvəla, iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçı cavabdehdən 885,60 manat qanunsuz qoşulmaya görə hesablanmış borcun silinməsini tələb edir. Maddi zərər vurulması üçün iddiaçı cavabdehə qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və cavabdeh bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh tərəfin 30 noyabr 2020-ci ildə tərtib etdiyi aktdan əlavə hər hansı bir qanunsuz əməl nəticəsində maddi ziyan vurmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığını, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıldığını göstərsə də bu halı təsdiqləyən yalnız işdə bir vərəqdə, ümumiyyətlə mübahisəli ünvana aid olduğu bilinməyən yaxud qanunsuz qoşulma halının olduğu görünməyən fotoşəkil əlavə edilmişdir(bax.i.v.7; 35). Cavabdehin əməkdaşları tərəfindən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkiliş edilə bilərdi. Yəni, həqiqətən qanunsuz qoşulma faktı videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma cavabdeh tərəfdən nədənsə bu video yazı aparılmamışdır. Baxmayaraq ki, iddiaya etirazının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Şikayətində göstərdikləri isə sübuta yetirilmir. İkincisi, cavabdehin şikayətində göstərdiyi “başında ağ balaca papağı olan həmin o yaşlı kişinin yanında məhkəmə iclaslarına həmişə cavan oğlanlar da gəlirdi. Qaz xəttinə qanunsuz qoşulmanı özü etməmiş olsa belə, onun yaşadığı ünvan üçün yanındakıların və ya ailə üzvlərindən kiminsə bunu etməsi mümkündür” dəlilləri də əsaslı ola bilməz. Çünki, işdə olan (bax.i.v.8) iddiaçının cavabdehə yazdığı 19 yanvar 2021-ci il tarixli ərizəsində iddiaçı 77 yaşının olduğunu, qonşusu X2 sayğaca müdaxilə edərək əlavə oğurluq qaz xətti çəkdiyini, sonuncunun bunu etiraf etdiyini, sayğacların bir-birinə yaxın olduğundan xəbəri olmadan ona cərimə yazıldığını, buna görə də ərizəsinin araşdırılmasını göstərmişdir. Göründüyü kimi, cavabdeh qurum iddiaçının ərizəsində göstərdiyi bu xüsusatları yoxlayıb hər hansı bir tədbir görmədən hazırki idda tələbinə etiraz etmiş, eləcə də qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddiaçının ərizəsində göstərdiyi bu xüsusatların öz təsdiqini tapıb-tapmadığına dair heç bir arqument irəli sürməmişdir. Bu halın özü də şikayətin açıq-aşkar formal və əsassız olduğuna dəlalət edir. Üçüncüsü, iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbinin əsassız edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz iddiaçının saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, bu akt yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdeh qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4202/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10759/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10759/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver