Məhkəmə qərarları › İş №2(103)-10766/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10766/2021

20.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10766/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Pəhləvan oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh Məhəmməd qızı və digərlərinə qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3434/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Məhəmməd qızı və X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzildə iddiaçı, keçmiş həyat yoldaşı, uşaqları və keçmiş həyat yoldaşının qohumları daimi pasport qeydiyyatındadırlar. Keçmiş həyat yoldaşının qohumları qeyd edilən mənzildə 20 ildən artıqdır ki, yaşamamalarına baxmayaraq, qeydiyyatdan çıxmamışlar. Mənzil iddiaçının keçmiş həyat yoldaşının ailəsinə məxsus olmuş, sonradan həyat yoldaşına bağışlanmışdır. Belə ki, cavabdehlərdən X8 iddiaçının keçmiş qayınıdır. Həmin mənzil yoldaşına hədiyyə edildikdə, Kənana da başqa bir ev verilmişdir. Hazırda Kənan ailəsi ilə birlikdə həmin evdə yaşayır. Lakin buna baxmayaraq, hazırda iddiaçıya məxsus evdə pasport qeydiyyatında qalmaqda davam edir. Bundan əlavə o, heç vaxt həmin mənzildə yaşamamış yetknik yaşlarına çatmayan uşaqlarını da mənzilə qeydiyyata salmışdır. Cavabdehlərdən Cavabdeh Məhəmməd qızı iddiaçının keçmiş qayınanasıdır. Onun da həm iddiaçıdan, həm də Kənandan ayrı evi var. Artıq 20 ildən çoxdur ki, o, öz evində yaşayır. Hesab edir ki, cavabdehlərin hazırda iddiaçıya məxsusyaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Çünki cavabdehlərin özlərinin həm yaşayış sahələri var, eyni zamanda cavabdehlərin könüllü oaraq digər yaşayış sahələrinə köçmüş olmaları faktı nəzərə alınmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3434/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Məhəmməd qızının, X4 və azyaşlılar X5, X2 və X1 ünvan 1 ünvanda yerləşən 43 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3434/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən apellyasiya şikayəti vermişdir. 22 noyabr 2021-i il trixdə keçirilmiş məhkəmə iclasında X4 vəkili Vəkil3 Alxan oğlu apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3434/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmmasını xahiş etmişdir. O, eyni zamanda iş üzrə icraatın dayandırılması barədə vəsatət vermiş, lakin vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Pəhləvan oğlu apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3434/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətləri qətnamənin tam ləğvinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı bütövlükdə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, “İddiaçı ilə X6 16.09.1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar arasında bağlanmış nikah Sabunçu rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli, e- 2(008)-1735/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. Eyni zamanda, Sabunçu rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(008)4268/2020 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil İddiaçı mülkiyyətinə verilmiş, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, ev 14 X3 mülkiyyətində saxlanılmışdır. Həmin mənzil 27.01.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar”. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azdalıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qanunun mənasından göründüyü kimi, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən uzun müddət davamlı olaraq istifadə etməməsinin səbəbləri onların məhz həmin yaşayış sahəsinə ehtiyacı olmaması zərurətindən yaranmışdır. Çünki, məhkəmə tədqiqi zamanı cavabdehlərin qeyd olunan mübahisəli mənzildən həqiqətən istifadə etmək ehtiyacının olduğuna, lakin iddiaçı yaxud hər hansı digər şəxslər tərəfindən iddia qaldırılanadək buna maneçilik yaradılmasına dair hər hansı bir halları aşkar edilməmişdir. Bu qənaətə gələrkən məhkəmə eyni zamanda tərəflərin mübahisələndirlənməyən halı kimi iddiaçının hazırki mənzildə əri ilə yaşamasını, boşandıqdan sonra məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin iddiaçının mülkiyyətinə verilməsi, iddiaçıya qarşı cavabdehlərin həmin mənzildən istifadə etmələrinə imkan yarıdılmaması ilə bağlı etiraz etməmələri nəzərə alınır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının hazırki mülki işə tətbiqi baxımı ilə əlaqədar məhkəmə mövqeyini belə əsaslandırır ki, İddiaçı ilə X8 arasında bağlanmış nikah pozulduqdan sonra K.İnsanovun birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı iradə ifadəsi, eyni zamanda cavabdehlərin uzun müddət həmin mənzildə yaşamaması hər hansı başqa bir səbəblə deyil, məhz cavabdehlərin başqa yaşayış sahəsinə könüllü köçməsi və həmin mənzildə yaşamağa davam etməsinə ehtiyacı aradan qalxması ilə əlaqədardır. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə yaşamamaları hər hansı başqa üzürlü səbəblə əlaqədar olmayıb, daimi yaşamaq üçün könüllü olaraq başqa ünvana köçmələri ilə əlaqədardır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh Məhəmməd qızı və X4 (keçmiş ailə üzvlərinin) azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə dair yaşayış sahəsinə ehtiyacları aradan qalxdığından, müvafiq kompensasiya ödənilmədən onların yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. X8 apellyasiya şikayətində mübahisəli mənzilin İddiaçı xüsusi mülkiyyətinə qanunsuz olaraq keçdiyinə istinad etmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, X7 mənzilin İddiaçı adına qanunsuz keçirilməsi ilə əlaqədar bakı İnzibati Məhkəməsində iddia qaldırsa da sonradan ərizəsini geri götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərini də əsassız hesab edir və apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas kimi qəbul etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3434/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu onları ödəyən tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar