Məhkəmə qərarları › İş №2(103)-10770/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10770/2021

26.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10770/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2, onun vəkili Vəkil və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı azyaşlı uşağı ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən 33 nömrəli fərdi yaşayış evinə (bundan sonra – ev) köçürülsün. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçı azyaşlı uşağı ilə birlikdə evə köçürülsün. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, Cavabdeh2 və onun vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya icraatı zamanı X2 üçüncü şəxs kimi işə cəlb olunmuşdur. O, iddiaçının evə köçürülməsinə etiraz etdiyi bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ev özbaşına tikinti obyektidir. Evdə hazırda Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X2 yaşayır. Onlar bir ailənin üzvləridir: Cavabdeh2 və üçüncü şəxs X2 ər-arvad, Cavabdeh1 isə onların övladıdır. İddiaçı 2014-cü ildə Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurub. O, bir müddət cavabdehlər - əri, qayınanası və qayınanası ilə birlikdə həmin evdə yaşayıb. 2020-ci ildə iddiaçının nikahı pozulub. Ailə münasibətləri pozulduğuna görə iddiaçı 2020-ci ilin aprelmay aylarından eibarən həmin evdə yaşamır. Hazırda iddiaçı evə köçürülmə tələbi irəli sürüb. Bu tələbi keçmiş ərinə və qayınanasına qarşı yönəldib, qayınatasına qarşı isə tələb irəli sürməyib. Müəyyən olunur ki, iddiaçının keçmiş qayınatası X2 ailə üzvləri (cavabdehlər) ilə birlikdə həmin evdə yaşamaqla evə sahiblik edir. O, apellyasiya icraatı zamanı üçüncü şəxs kimi işə cəlb edilərkən bildirmişdir ki, iddiaçının evə köçürülməsinə etiraz edir. Mülki-Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Evə köçürülmə barədə tələb evə sahiblik edən bütün şəxslərə qarşı yönəlməlidir, yəni onların hamısı cavabdeh kimi göstərilməlidir. Çünki tələbin təmin edilməsi barədə qətnamə iddiaçının evə daxil olmasına və orada yaşamasına imkan verəcək, bu isə evə sahiblik edən bütün şəxslərin mənafeyinə toxunacaq. Əgər evə sahiblik edən şəxslərdən biri cavabdeh kimi işə cəlb edilməyibsə, yəni ona qarşı tələb yönəldilməyibsə, həmin qətnamə onun sahiblik hüququnun pozulması ilə nəticələnəcək. Sahiblik hüququ isə qanunla qorunur. Belə ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Göründüyü kimi, bu maddədə “məhrumetmə” ilə yanaşı “pozma” ifadəsindən istifadə olunub. Odur ki, iddiaçının evə köçməsi üçün ya sahibin (iddiaçının keçmiş qayınatasının) iradəsi olmalı, ya da ona qarşı iddia tələbi irəli sürülməlidir. Hazırkı iddia tələbini iddiaçı yalnız keçmiş ərinə və qayınanasına qarşı yönəldib. Bu iddia əsasında evə köçürülmə barədə qətnamə qəbul ediləcəyi təqdirdə iddiaçının keçmiş qayınatasının sahiblik hüququ pozulacaq. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar