Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10793/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «miras əmlakın bölünməsi» tələbinə dair 2(002)-2377/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «miras əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 2 saylı mənzil üzərində İddiaçı1 2/8 hissədə, İddiaçı2 2/8 hissədə; İddiaçı3 1/8 hissədə, Cavabdeh Nikoloyevnanın 1/8 hissədə, X12 1/8 hissədə, X4 1/8 hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, nənələri X13 babaları X5 nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahın aşağıdakı uşaqları doğulmuşdur: X14 (12.05.1961-ci il təvəllüdlü) və X15 (03.10.1967-ci il təvəllüdlü). X14 X18 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından aşağıdakı uşaqları doğulmuşdur: İddiaçı1 (29.06.1986-cı il təvəllüdlü), İddiaçı2 Oleqovna (xx.xx.1990-cı il təvəllüdlü). X16 Vasilyeviç 08.05.1996-cı il tarixdə ölmüşdür. Nənələri X17 27.03.2003-cü ildə tarixdə ölmüşdür. X14 17.09.2012-ci ildə tarixdə ölmüşdür. Onun aşağıdakı vərəsələri qalmışdır: qızı İddiaçı1 (29.06.1986-cı il təvəllüdlü), oğlu İddiaçı2 Oleqovna (xx.xx.1990-cı il təvəllüdlü). X15 26.01.2020-ci ildə tarixdə ölmüşdür. Onun aşağıdakı vərəsələri qalmışdır: qızı İddiaçı3 (04.09.1997-ci il təvəllüdlü), həyat yoldaşı Cavabdeh Nikoloyevna (25.09.1976-cı il təvəllüdlü), oğlu X12 (12.12.2010-cu il təvəllüdlü), oğlu X10 (12.10.2017-ci il təvəllüdlü). Nənələri X6 miras qismində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 2 saylı mənzil qalmışdır. Sözügedən miras tərəflərindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, nənələrinin sağlığında olduğu kimi, onun ölümündən sonra da onlar miras qalmış evə getmişlər. Nənələri rəhmətə gedəndən sonra onlar ona məxsus geyimləri və bəzi qızıl-zinət əşyasını istifadə üçün götürmüşlər. Eyni zamanda nənələrindən qalan evdə müvəqqəti yaşamaqla ondan istifadə etmişlər. Hazırda da nənələrindən qalan qızılzinət əşyasını istifadə edirlər. Nənələri X13 öləndən sonra notariat orqanında vərəsəlik işi açılmamış və onlar mirası faktiki qəbul etdikləri üçün buna ehtiyac duymamışlar. Hazırda bununla bağlı zərurət yaranmışdır. Belə ki, miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında fikir ayrılığı yaranmışdır. Bu səbəbdən də onlar 8 saylı notariat ofisinə müraciət etmişlər. Lakin notariat orqanı onlara imtina məktubu verərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəməyə müraciət üçün müəyyən sənədlərin əsli və surəti onlarda olmadığı üçün həmin sənədlərin toplanması ilə bağlı müvafiq qaydada rəsmi qrurumlara rəsmi müraciətlər etmişlər, lakin Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi və digər qurumlar bu sənədləri onlara təqdim etməkdən imtina etmişlər. Bu sənədlərin əsillərinin bir hissəsi cavabdehin istifadəsindədir və onların məhkəməyə cavabdeh vasitəsilə təqdim olunması daha rahatdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vərəsələrin dairəsini araşdırmamışdır. Məhkəmə yalnız iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdə keçirməklə kifayətlənmişdir. Məhkəmə iddiaçıların miras əmlakı faktiki qəbul edilməsi halını demək olar ki, araşdırmamışdır. Məhkəmə iddiaçıların miras əmlakın faktiki qəbul edilməsi halını ümumiyyətlə araşdırmamışdır. Faktiki qəbulla bağlı müəyyən sənədlərin əldə olunmasına maneə mövcud olmuş, bu barədə müraciət edilən sorğuların surəti iddia ərizəsinə əlavə edilmişdir. Bütün bunlara baxmayaraq məhkəmə iş üçün mühüm əhəmiyyətə malik - cavabdehin, miras əmlakın yerləşdiyi ərazi üzrə səlahiyyətli qurumun (icra hakimiyyətinin, mənzil kommunla istismar sahəsinin və s.) münasibətini öyrənməmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə miras qoyan qismində çıxış edən X7 adına vərəsəlik işi açılmamışdır. Deməli, indiki halda miras qoyanın vərəsələrinin dairəsi müəyyən edilməmişdir. Başlıcası isə, məhkəmə araşdırmamışdır ki, miras qoyan 27.03.2003-cü ildə, yəni 18 il bundan öncə ölmüşdür və bu 18 il ərzində miras əmlak kimin faktiki istifadəsində olmuşdur, əgər faktiki istifadədə olmamışdırsa, demək mənzildə heç kim yaşamamışdır və mənzil çoxdan dövlətin mülkiyyətinə keçməli idi, əgər mənzildə hazırda kimsə yaşayırsa, demək miras əmlakın faktiki qəbul halı mövcud olmuşdur. Subyektiv hüququn mövcudluğu danılmazdır. Eyni zamanda iş üçün əhəmiyyət kəsb edən sənədlərin bəziləri sırf cavabdehin istifadəsindədir. Həmin sənədləri birbaşa əldə etmək “İnformasiya əldə etmək haqqında” Qanunun 38-ci maddəsinə görə mümkün deyildir. Baxmayaraq ki, işə baxan məhkəmənin belə bir hüququ mövcuddur, amma o bu hüququndan istifadə etməmişdir. Hətta bu barədə iddiaçı tərəfdən verilmiş şifahi vəsatət də təmin edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçıların vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçıların vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.02.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 2 saylı mənzil X11 məxsus olmaqla hazırda onun adına qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin 14 iyul 2021-cu il tarixli, 1759 saylı məktubunun məzmunundan aydın olur ki, İddiaçı1 tərəfindən 27.03.2003-cü il tarixdə vəfat etmiş X7 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət daxil olmuş, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyünə, miras əmlakı faktiki idarə etməyi barədə sənəd təqdim etmədiyinə, miras əmlakın hüquqmüəyyənedici sənədini verilə bilinmədyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış, bununla bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri 45 saylı Notariat Ofisinin 28.01.2021-ci il tarixli məktubunun surətindən görünür ki, 27.03.2003-cü il tarixdə vəfat etmiş X17 ilə bağlı Elektron Notariat İnformasiya Sistemində vərəsəlik işinə dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan 8 saylı Notariat Ofisinin 128 saylı 28 yanvar 2021-ci il tarixli məktubunun məzmunundan yadın olur ki, X17 ilə bağlı Elektron Notariat İnformasiya Sistemində vərəsəlik işinə dair məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş AZ № 109038 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 27 mart 2003-cü il tarixində ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İİ № 168710 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 26 sentyabr 2020-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İ № 557270 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 sentyabr 2012-ci il tarixində ölmüşdür. İş materiallarından görünür ki, X14 12.05.1961-ci il tarixdə anadan olmuş, atası X1. İş materiallarından görünür ki, İddiaçı1 29.06.1986-cı il tarixdə anadan olmuş, atası X8. İş materiallarından görünür ki, İddiaçı3 04.09.1997-ci il tarixdə anadan olmuş, atası X9. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X11 məxsusdur və hazırda da onun adınadır. Vera Akimova 27.03.2003-ci il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. İddiaçılar mübahisə predmeti olan müvafiq miras əmlakın xüsusi mülkiyyət hüququ əsasında onun nənəsinə məxsus olduğunu, həmin evdən müvəqqəti istifadə etməsi halını əsas götürərək, miras əmlakın bölüşdürülməsi tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar miras qoyanın nəvəsi olmaqla, onlardan İddiaçı2 və İddiaçı1 atası Oleq Akimov 17.09.2012-ci il tarixdə vəfat etmiş, digər İddiaçı3 atası İqor Akimov 26.01.2020- ci il tarixdə vəfat etmiş, miras qoyan isə 27.03.2003-cü ildə vəfat etmişdir. Deməli mirasın açıldığı vaxt miras qoyanın oğlulları(iddiaçıların ataları) sağ olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə miras qoyan qismində çıxış edən X7 adına vərəsəlik işi açılmamışdır. Deməli, indiki halda miras qoyanın vərəsələrinin dairəsi müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən də həmin hala dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə əsasən miras əmlak onu qəbul edən vərəsələr arasında bölüşdürülür. İndiki halda isə iddiaçıların və cavabdehin miras qoyanın vərəsəsi olması halının müəyyən edilməsi mümkün olmamışdır. Digər tərəfdən mülki qanunvericiliyin tələbinə əsasən nəvə o halda vərəsə hesab edilir ki, miras qoyanın öldüyü məqamda miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. İndiki halda isə iddiaçıların ataları miras qoyanın öldüyü məqamda sağ olduğundan, iddiaçıların nəvə qismində nənənin vərəsəsi hesab edilməsi halı da mümkün deyildir. Başqa sözlə iddiaçıların nəvə kimi nənəsi Vera Akimovanın vərəsəsi hesab edilmir. Bu halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mülki iş üzrə hər bir halda iddiaçıların miras qoyanın vərəsəsi olması halı müəyyən edilmədiyindən, mülki qanunvericiliyin tələbinə əsasən isə miras əmlak miras qoyanın miras qəbul edən vərəsələri arasında bölüşdürülməsi mümkün olduğundan, iddiaçılar belə bir iddia tələbi irəli sürülməsinə dair subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həminj Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22.04.2014-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mirasın açıldığı vaxt miras qoyanın oğulları (iddiaçıların ataları) sağ olmuşdur, miras qoyan qismində çıxış edən X7 adına vərəsəlik işi açılmamışdır. Belə olan halda isə iddiaçıların və cavabdehin miras qoyanın vərəsəsi olması halının müəyyən edilməsi mümkün olmamışdır. Digər tərəfdən mülki qanunvericiliyin tələbinə əsasən nəvə o halda vərəsə hesab edilir ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. İndiki halda isə iddiaçıların ataları miras qoyanın öldüyü məqamda sağ olduğundan, iddiaçıların nəvə qismində nənənin vərəsəsi hesab edilməsi halı da mümkün deyildir. İş üzrə iddiaçıların miras qoyanın vərəsəsi olması halı müəyyən edilmədiyindən, mülki qanunvericiliyin tələbinə əsasən isə miras əmlakın miras qoyanın miras qəbul edən vərəsələri arasında bölüşdürülməsi mümkün olduğundan, iddiaçılar belə bir iddia tələbi irəli sürməsinə dair subyektiv hüquqa malik olmamışlar. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Hazırkı iş üzrə miras qoyan Vera Akimovanın öldüyü 27.03.2003-ci il tarixdən onun övladları Oleq Akimovun və İqor Akimovun (iddiaçıların ataları) vərəsə kimi hüquqları yaranmışdır. Lakin iddiaçılar vərəsəlik hüququ yaranan atalarının həmin hüquqlarının davam etdiyi 6 ay müddətində qanunvericiliyin tələbinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etmələri və ya iddiaçıların miras əmlakı faktiki qəbul etmələrini təsdiq edən sübutları təqdim edə bilməmişlər. Əksinə iş materialları ilə müəyyən edilir ki, miras qoyan qismində çıxış edən X7 adına vərəsəlik işi açılmamışdır. Qeyd edilməlidir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Burada diqqətə alınmalı məqam isə Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsi ilə təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşmamalıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(002)- 2377/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10793/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10793/2021
23.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver