Məhkəmə qərarları › İş №2(103)-10794/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10794/2021

01.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10794/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı “şəhadətnamələrin ləğvi və vərəsə kimi tanınma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3332/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqında 12.01.2021-ci il tarixli və 22.02.2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi, İddiaçı mərhum X4 qanun üzrə vərəsəsi kimi tanınması, şəhid X6 vəfat səbəbi ilə AR Müdafiə Nazirliyi tərəfindən ailəsinə ödənilmiş 56.784 manat məbləğində birdəfəlik müavinət, AR Dövlət Sığorta Şirkəti tərəfindən isə 11.000 manat məbləğində sığorta ödənişinin miras əmlaka daxil edilməməsinə, ödənilən müavinət və sığorta ödənişi üzərində İddiaçı payının (1/5) müəyyən edilərək iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu miras qoyan X10 uzun müddət Azərbaycan Respublikasının Müdafıə Nazirliyinin N saylı hərbi hissəsində və Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin 444 saylı kəşfiyyat idarəsində xüsusi təyinatlı kimi xidmət etmiş, 31.10.2020-ci il tarixdə vəfat etmişdir. X1 Fərqiyyə Xanlar qızı ilə rəsmi nikah münasibətlərində olmuş, bu nikahdan 26.03.2020-ci il təvəllüdlü X15 və 11.06.2018ci təvəllüdlü X16 dünyaya gəlmişdir. X10 31.10.2020-ci il tarixdə vəfat etdikdən sonra ondan geriyə qalmış miras əmlak anası İddiaçı, həyat yoldaşı Cavabdeh1 və övladları X15 və X16 arasında qanun üzrə vərəsəlik qaydasında bölünmüşdür. X4 vəfatından sonra Müdafiə Nazirliyi tərəfindən ailəsinə 56.874 manat məbləğində birdəfəlik müavinət, Dövlət Sığorta Şirkəti tərəfındən isə 11.000 manat məbləğində sığorta ödənişi hayata keçirilmişdir. Müdafiə Nazirliyi tərəfindən verilmiş birdəfəlik müavinətin ½ hissəsinə mülkiyyət hüququ 22.02.2021-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus olmuş, digər hissəsi isə miras əmlaka daxil edilmişdir. İddiaçı qalmış əmlakın gəlini Cavabdeh1 tərəfindən qəbul edilməsini istəmiş, etibarnamə vermək niyyəti ilə gəlini ilə birlikdə Sumqayıt şəhəri 1 saylı notariat ofisinə getmişlər. İddiaçı gəlininin adına etibarnamə vermək istədiyini bildirdiyi halda, Sumqayıt şəhəri 1 saylı notariat ofisi ona etibarnamə vermək adı altında 09.01.2021-ci il tarixli, **********145 nömrəli ərizəni imzalatmış, həmin ərizədə isə iddiaçının X3 qalmış bütün miras əmlakdan imtina etdiyi qeyd edilmişdir. Həmin ərizəyə istinadən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 12.01.2021-ci il tarixli şəhadətnamə əsasında oğlunun ailəsinə Dövlət Sığorta Şirkəti tərəfindən verilmiş 11.000 manat sığorta məbləği, habelə 22.02.2021-ci il tarixli şəhadətnamə əsasında Müdafiə Nazirliyi tərəfindən verilmiş 56.874 manat məbləğində birdəfəlik müavinətin miras əmlaka daxil olan 1/2 hissəsi gəlininə verilmişdir. Gəlini miras əmlakdan ipoteka yolu ilə əldə etdikləri və hazırda yaşadıqları mənzildən geriyə qalan borcun ödənilməsi məqsədi ilə istifadə edəcəyini bildirmişdir. Son aylarda gəlini ilə münasibətləri pisləşmiş, sonuncu iddiaçını birgə yaşadıqları həmin mənzildən məcburi çıxarmış, mənzilin giriş qapısının kilidini dəyişdirmiş, hətta onu nəvələri ilə görüşməkdən də məhrum etmişdir. Bundan sonra iddiaçı oğlundan miras qalmış əmlakdan istifadə etmək məqsədi ilə aidiyyəti qurumlara üz tutmuş, məhz onda ona məlum olmuşdur ki, heç bir miras əmlak iddiaçıya məxsus deyildir, oğlundan qalmış miras əmlakdan bütünlüklə gəlininin xeyrinə imtina edilmişdir. Miras əmlakdan gəlininin xeyrinə imtina haqda 09.01.2021-ci il tarixli, **********145 nömrəli ərizəni imzalaması Sumqayıt şəhəri 1 saylı notariat ofisi ilə gəlini tərəfindən qurulmuş hiyləgər plana əsasən baş vermiş, onlar iddiaçının yaşlı və savadsız olmasından istifadə edərək onu aldatmışlar. Cavabdehlərin iddiaçıya məxsus əmlakı aldatma nəticəsində bağlanmış əqd vasitəsi ilə əldə etmələri onların əsassız varlanmasına, iddiaçının isə ona məxsus əmlakdan iradəsinə zidd şəkildə məhrum olmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3332/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, Sumqayıt şəhəri 1 saylı notariat ofisində qeydə alınmış 09.01.2021-ci il tarixli **********145 nömrəli ərizəsinin etibarsız hesab edilməsinə və İddiaçı, X4 qanun üzrə vərəsəsi kimi tanınmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, oğlu X19 31.10.2020-ci il tarixində şəhid olmuşdur. Bundan sonra oğlunun miras əmlakının sadəcə Dövlət Sığorta Şirkəti tərəfindən veriləcək 11000 manat olacağını düşünürdü. Bu səbəblə, Sumqayıt şəhəri 1 saylı notariat ofisində 09.01.2021-ci il tarixli **********145 nömrəli ərizəni imzalayaraq miras əmlakdan gəlininin xeyrinə imtina etdi. Çünki, həmin tarixə qədər yanlız Dövlət Sığorta Şirkətinin 08.01.2021-ci il tarixli 826 saylı arayışı əsasında 11000 manat sığorta məbləği verilmişdi. Müdafiə Nazirliyinin verdiyi 56874 manat kompensasiya isə yalnız 15/524 saylı arayışla 15.02.2021 tarixində verildi. Yenə də qeyd edir ki, burada vacib əhəmiyyətli yanılma faktı göz önündədir. Mülki Məcəllən 347.2.3-cü maddəsinə əsasən tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyil(sə), vacib əhəmiyyətli yanılma halı mövcuddur. Belə ki, onun miras əmlakdan imtina edərkən miras əmlaka sadəcə 11000 manat pulun daxil olduğunu düşünürdü, halbuki Müdafiə Nazirliyinin verəcəyi kompensasiya da bu miras əmlaka aid idi. Bu hüquq artıq mövcud idi, miras əmlaka daxil idi. Yəni əqdi bağlamasına əsas kimi qəbul etdiyi hal mövcud deyildi, başqa vəziyyət mövcud idi. Müdafiə Nazirliyinin verəcəyi kompensasiyadan xəbərinin olmadığı aşkardır, çünki miras əmlakdan imtina etdikdən sonra Müdafiə Nazirliyi kompensasiya təyin etmişdir. Maddəyə əsasən də vicdanlılıq prinsipi belə bir vəziyyətin mümkün ola biləcəyini təsdiq edir. Yəni bir şəxs öz ailə üzvü üçün 2200 manat (11000 manatın 1/5-i) miras əmlakdan imtina etməsi, miras əmlakın 7887 manat (11000 + 28437 (56874 manatın 1/2-i ) manatın l/5-i ) olduğunu bilsə idi imtina etməyəcək olması mümkündür. Belə bir şeyin iddia edilməsi vicdanlılıq prinsipinə zidd deyildir. Həmçinin, Mülki Məcəllənin 347.3-cü maddəsinin tələbinə əsasən yanılma imtinanın predmetinə, miras əmlaka aiddir. Mülki Məcəllənin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Miras əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən hal barəsində yanılmışdır. Yasamal rayon məhkəməsi isə əqdin vacib əhəmiyyətli yanılma halı ilə bağlanmadığını bildirmişdir. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma halında yanılanın təqsirli olub olmamasının əqdin mübahisələndirilməsi baxımından heç bir dəyəri yoxdur. Yanılanın təqsirli olub-olmaması sadəcə əqdin mübahisələndirilməsindən sonra dəymiş zərərin ödənməsi baxımından əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Bu cəhətdən onun yanılmağında təqsirinin olub-olmamasından asılı olmayaraq əqdi mübahısələndirmə hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni zamanda vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirmişdir ki, faktiki olaraq iddiaçı ilə cavabdeh eyni evdə yaşayıblar. Müəyyən müddətdən sonra tərəflərin münasibətləri pozulmuşdur, iddiaçının oğlu, cavabdehin həyat yoldaşı olan Fərrux şəhid olduqdan sonra ona müəyyən məbləğ pul verilmişdir, iddiaçı öz gəlinin xeyrinə həmin vəsaitdən imtina etmişdir. İddiaçı əslində gəlinin adına keçirtmək üçün notariusa getmiş, amma mirasdan imtina ilə bağlı ərizə yazdırılaraq mirasın cavabdehə verilməsi ilə bağlı şəhadətnamə verilmişdir. Bundan sonra tərəflər arasındakı münasibətlər pozulmuşdur. İddiaçının oğlu X6 verilmiş 11000 manat sığorta ödənişi və 56874 manat birdəfəlik ödəmə iddiaçı vəfat etdikdən sonra verilən puldur. Ona görə bu məbləğin miras əmlak hesab edilib-edilməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinə sorğu verilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçını digər vəkil təmsil edirdi, o da bu məsələni qaldırmışdı. Bununla əlaqədar müvafiq orqanlardan cavab məktubları daxil oldu. Həmin məktublarda qeyd edilir ki, bu vəsaitlər miras əmlak hesab edilir. Hərbçilərin həyatı 5 il müddətinə sığorta edilir. Sığorta ödənişi də bununla bağlıdır. Yoldaşının anası onlarla yaşamayıb. Fərruxun birinci nikahından bir qızı var. Gəlin köçəndə Fərruxun nənəsindən qalma evləri var idi. Anası həmin evi satdı, yeni ev aldı. Fərruxa rnuəyyən məbləğ pul verdilər, yeni evdə Fərrux yaşamadı. Anası, atası onunla danışmırdı. Onlar ipoteka ilə ev almışlar. Borcları var idi. Anası, atası müharibə başlayandan sonra onunla danışdılar. Bu müddətdə onlar dəstək olmaq üçün evə gəliblər. Bu müddətdən əvvəl onlarla qalmırdılar. 11000 manat birdəfəlik ödənişin 2000 manatını Fərruxun birinci nikahından olan qızına vermişlər. Qalan pul isə ona verilmişdir. Həmin pul vəsaiti hesabına Fərruxun adına bulaq tikdirmişdir. Bu pulun ona verilməsinə Fərruxun anası, atası razı idi. Bu müddətdə münasibətləri yaxşı idi. Digər 56 000 manat puldan müəyyən hissəni Fərruxun qızına verildi, digər hissə ona verildi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan 09.01.2021-ci il tarixli **********145 saylı notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı X3 miras qalmış əmlakın ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan 09.01.2021-ci il tarixli **********144 saylı notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X2 Fərrux Mirzəmməd oğlundan miras qalmış əmlakın ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan 12.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh1 (3/5 hissədə), X15 (1/5 hissədə) və X16 (1/5 hissədə) 31.10.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri kimi tanınmış, şəhatədnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin 08.01.2021-ci il tarixli 826 saylı arayışına əsasən 11.000 manat sığorta ödənişindən ibarət olmuşdur. İş materiallarında olan 22.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh1 (3/5 hissədə), X15 (1/5 hissədə) və X16 (1/5 hissədə) 31.10.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri kimi tanınmış, miras əmlak Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən 56.874 manat kompensasiya məbləğinin ½ hissəsindən ibarət olmuşdur. İş materiallarında olan 22.02.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh1 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ notarial qaydada təsdiq olunmuş, ümumi birgə əmlak Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən 56.874 manat kompensasiya məbləğindən ibarət olmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı notariat ofisinin 19.05.2021-ci il tarixli 337 №-li məktubundan görünür ki, 31.10.2020-ci il tarixdə vəfat etmiş X4 miras əmlakına dair vərəsəlik işi 09.12.2020-ci il tarixdə mərhumun ilk nikahdan olan övladı X12 ərizəsinə əsasən açılmış, 09.01.2021-ci il tarixdə isə mərhumun hazırda nikahda olan arvadı Cavabdeh1 öz adından və azyaşlı oğlu X13 adından müraciət edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini istəmiş, mərhumun anası İddiaçı və atası X11 miras əmlakdan gəlinləri Cavabdeh1 xeyrinə imtina etmələri barədə ərizə vermiş, ərizə qəbul edilərkən onlara mirasdan imtinanın hüquqi nəticələri barədə xüsusi notarius X14 tərfindən ətraflı məlumat verilmiş, İddiaçı və X5 vərəsəlik şəhadətnaməsinin ləğvi barədə 28.04.2021-ci il tarixli eyni məzmunlu ərizələrinə aidiyyəti notariat ofisi tərəfindən müvafiq cavab verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 03.08.2021-ci il tarixli, 15/2138 №-li məktubundan görünür ki, şəhid X4 arvadı Cavabdeh1 müvafiq hərbi hissəyə müracət edərək şəhidin ailəsi üçün nəzərdə tutulan 5 illik pul təminatı məbləğində kompensasiyanın hesablanaraq ödənilməsini xahiş etmiş, mərhumun ailəsinə 56.874 manat hesablanmış və vərəsələrinin dairəsi dəqiqləşdirildikdən sonra kompensasiya təqdim edilmiş bank hesablarına köçürülmüşdür. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 məhkəməyə verdiyi ifadəsində iddiaçının qızı olduğunu, Cavabdeh1 etibarnamə almaq məqsədi ilə anasını notariusa apardığını, anasının 11.000 manatdan gəlininin xeyrinə imtina üçün getdiyini, sonradan təkcə 11.000 manat deyil, 56.000 manat miras əmlakın olduğunu öyrəndiklərini, cavabdehin ailələrinə qarşı hörmətsizlik etdiyini, onun üstünə şər atdığını, notariusa gedənə qədər münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində iştirak etmiş X11 məhkəməyə verdiyi ifadəsində iddiaçının həyat yoldaşı olduğunu, oğlunun şəhid olduğu ərəfədə stresdə olduqlarını, getdiyi hər yerə onları aparmamaq adıyla cavabdehin onları aldadaraq etibarnamə verilməsini istədiyini, həmin etibarnamə ilə onların 11.000 manata razılıq verdiklərini, 56.000 manata razılıq vermədiklərini, gəlinin onlara hörmətsizlik etdiyini və “Şəhidlər xiyabanında Həşimovlar ailəsini tanımıram” dediyini bildirmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində iştirak etmiş X22 məhkəməyə verdiyi ifadəsində şəhid Fərrux Həşimovun onun dayısı oğlu olduğunu, Cavabdeh1 ilə də münasibətlərinin normal olduğunu, notariusa, banka, dost mərkəzinə, hərbi hissəyə gedərkən onunla birgə getdiyini, getdiyi yerlərin çoxunda dayısı qızının da onlarla olduqlarını, lakin ailənin içində olsa da, götürülən pulların məbləğindən xəbəri olmadığını bildirmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, miras əmlak qanun üzrə vərəsələr tərəfindən notarial qaydada verilmiş şəhadətnamələr əsasında təhvil alınmış, İddiaçı və onun həyat yoldaşı X11 miras əmlakdan notarial qaydada təsdiqlənmiş ərizələr əsasında Cavabdeh1 xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Göründüyü kimi iddiaçı miras əmlakdan notarial qaydada təsdiqlənmiş ərizələr əsasında Cavabdeh1 xeyrinə imtina etməsi mirasdan imtina hesab edilir və İddiaçı və X5 miras əmlakdan öz iradələrinə əsasən gəlinləri Cavabdeh1 xeyrinə imtina etmələri, həmin ərizələr əsasında Cavabdeh1 və mərhumun iki övladı qanun üzrə vərəsə kimi tanınmaqla onlara qanunun tələbinə uyğun olaraq şəhadətnamələrin verilməsi iş üzrə toplanmış sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən 31.10.2020-ci il tarixdə vəfat etmiş X4 əmlakının 3/5 hissəsinə arvadı Cavabdeh1, hər birinə 1/5 hissə olmaqla övladları X15 və X16 vərəsədir. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin 08.01.2021-ci il tarixli 826 saylı arayışına əsasən 11.000 manat sığorta ödənişi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən 56.874 manat kompensasiya məbləğinin ½ hissəsindən ibarət olmuşdur, eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən ödənilmiş 56.874 manat kompensasiya həyat sığortası olduğundan miras əmlaka daxil edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən ödənilmiş 56.874 manat kompensasiya məbləğinin ½ hissəsi 22.02.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhatədnaməyə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 verildiyindən, həmin məbləğin digər ½ hissəsi qanun üzrə vərəsələrə verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 12.01.2021-ci il tarixli və 22.02.2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onları irəli sürən şəxslərin üzərinə düşür və məhz onlar, yuxarıda sadalanan dispozitiv şərtlərin mövcudluğunu sübuta yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin əsası kimi mirasdan imtina barədə ərizəsinin aldatma və ya vacib əhəmiyyətli yanılma nəticəsində imzalandığını bildirsə də mirasdan imtina barədə ərizə isə geri götürülə bilməz və iş materialları ilə notarial qaydada təsdiq olunmuş ərizələrin iddiaçının iddia etdiyi kimi aldatma və ya vacib əhəmiyyətli yanılma nəticəsində imzalandığı müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbini əsaslandırarkən göstərildiyi kimi mirasdan imtinanın aldatma nəticəsində olmasını bildirsə də həmin imtinanın ləğvini və ya etibarsızlığını xahiş etməmiş, apellyasiya şikayətində isə “Sumqayıt şəhəri 1 saylı notariat ofisində qeydə alınmış 09.01.2021-ci il tarixli **********145 nömrəli ərizəsinin etibarsız hesab edilməsi”ni xahiş etsə də birinci instansiya məhkəməsi baxışı zamanı belə bir tələbi olmamışdır. Apellyasiya baxışında isə yeni tələblər qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3332/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar