Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-108/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X10, X13 və X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: yaşayış sahəsindən çıxarılma X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X10, X13 və X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsində çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2011/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abşeron Rayon X26 üzrə xx.xx.2000-ci il tarixli, 01 saylı əmrindən çıxarışa əsasən X6 0,035 ha, xx.xx.2000-ci il tarixli, 16 saylı əmrindən çıxarışa əsasən İddiaçı 0,06 ha torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh azyaşlı uşağı ili birlikdə Bakı şəhəri Xəzər rayon X26 ərazisində yerləşən və Binə bələdiyyəsində torpaq və əmlak vergisinə görə qeydiyyatda olan anası X3 istifadəsində olan fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Həmin bələdiyyənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı fərdi ev tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsinin olması barədə bələdiyyədə məlumat yoxdur. Lakin o, hazırda Abşeron rayon X16 01 saylı, xx.xx.2000-ci il tarixli əmri üzrə fərdi ev tikmək üçün ayrılmış 0.08 ha torpaq sahəsinə görə bələdiyyəyə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Abşeron rayon X16 01 saylı, xx.xx.2000-ci il tarixli əmri üzrə X6 ayrılmış 0,035 ha torpaq sahəsinə görə sonuncu bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Eyni zamanda, Abşeron rayon X16 xx.xx.2000-ci il tarixli əmri ilə ayrı-ayrı ünvanlarda İddiaçı 0,08 ha, Cavabdeh 0,06 ha torpaq sahələri ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-10/4285/2024 saylı ekspert rəyinə əsasən tədqiq olunan ünvanda baxış keçirilən zaman aparılan ölçü işləri nəticəsində iş üzrə cavabdeh tərəfindən naturada təqdim edilən torpaq sahəsinin faktiki olaraq 443 kv.m. (0,0443ha) təşkil etdiyi müəyyən olunmuşdur. Mülki iş materiallarında olan Abşeron Rayon X26 üzrə xx.xx.2000ci il tarixli, 16 nömrəli və xx.xx.2000-ci il il tarixli, 01 nömrəli əmrlərdən çıxarışlarda 0,035 ha və 0,06 ha torpaq sahəsinin məkan göstəriciləri (yerləşmə mövqeyi) və texniki göstəriciləri (en, uzunluq, döngə nöqtələrinin koordinatları və s.) qeyd olunmadığından həmin torpq sahələrini naturada müəyyən etməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan səbəbdən qərardadda ekspert qarşısında qoyulmuş 3cü (Abşeron rayon X26 üzrə xx.xx.2000-ci il tarixli, 01 saylı əmrlə X7 ayrılmış 0,035 ha torpaq sahəsinin faktiki ölçüsü nəqədərdir və həmin sahə hansı koordinatlar daxilində yerləşir?) və 4-cü (Abşeron rayon X26 üzrə xx.xx.2000-ci il tarixli, 16 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki ölçüsü nəqədərdir və həmin sahə hansı koordinatlar daxilində yerləşir?) sualların cavablandırılması mümkün olmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, X26 ünvanında yerləşməklə ona məxsus olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda istinad edilən faktiki hallarına istinad etməklə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun əmisi oğlu X15 2010-cu ildə Gürcüstan Respublikasından Bakı şəhərinə köçmüş və 2015-ci ildə cavabdehlə ailə həyatı qurmuşdur. Əmisi oğlunun yaşayış evi olmadığına görə o, özünə məxsus fərdi yaşayış evini 2016-cı ildə müvəqqəti olaraq ona kirayə vermişdir. Əmisi oğlu ilə cavabdeh aralarında bağlanmış nikahın pozulması üçün 2019-cu ilin oktyabr ayında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdilər. Həmin ərəfədə cavabdeh ona məxsus olan evi tərk edib getmişdir. Bir müddət sonra onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra evdə olan onlara məxsus əşyaları götürmək üçün əmisi oğluna dəfələrlə müraciət etsə də, bügünədək ev əşyaları götürülməmişdir. 2023-cü ilin fevral ayının ortalarında isə cavabdeh qanunsuz olaraq ona məxsus evə daxil olmuş və ev əşyalarının evdə olmasını əsas gətirərək, orada yaşamasını bildirmişdir. Cavabdehin ona məxsus fərdi yaşayış evində qanunsuz yaşaması iddiaçının əmlak hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 2011/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (Hakim: X20)
5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, həmin torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli fərdi yaşayış evinin məhz iddiaçıya ayrılan torpaq sahəsi üzərində inşa olunması sübuta yetirilmir. İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən dəvət edilən şahidlərin ifadələri heç bir digər sübutla təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz. Bundan başqa, iddiaçının sübut kimi təqdim etdiyi -“Azəriqaz” İB ilə aralarında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilədə istehlakçı İddiaçı, qaz veriləcək ünvan Xəzər rayonu Qala qəsəbəsi Südçülük sovxozu göstərilsə də, həmin ünvanda yerləşən evin hazırki mübahisə predmeti olan evə aid olması da sübut edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci, 50-ci, 55-ci, 65-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, xx.xx.2003-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Məhkəmə iclasında ifadə verən şahidlər bir mənalı olaraq təsdiq etdilər ki, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evi 2002-2003-cü ildə inşa edilmiş və Cavabdeh Mübariz Qurbanovla rəsmi nikaha daxil olduqdan sona, yəni 2015-i ildə müvəqqəti yaşamaq üçün həmin evə köçmüşdür. Cavabdeh tərəfindən məhkəməyə dəvət olunmuş şahidlər – X12 və X21 fərdi yaşayış evinin tikintisindən ümumiyyətlə xəbərləri olmayan şəxslərdir. Belə ki, fərdi yaşayış evi 4 otaqdan ibarət olsa da, hər iki şahid evin iki otaqdan, yəni bir yataq və bir qonaq otağından ibarət olması barədə yalan izahatlar vermişlər. X9 mübahisəli evin dam örtüyünü şəxsən usta qismidə inşa etməsini təsdiq etmişdir. Xəzər rayon Binə Bələdiyyəsi ona ayrılmış torpaq sahəsini Xəzər rayon Binə qəsəbəsinin ərazisində yerləşməsini təsdiq etmişdir. Mübahisəli evdə quraşdırılmış qaz və işıq sayğaclarının abonent kodları (işıq sayğacının abonent kodu – **********40223 və qaz sayğacının abonent kodu – **********03210) 2023-cü ildə yox, 2012-ci və 2018-ci illərdə onun adına rəsmiləşdirilmişdir. Lakin, birinci instansiya məhkəməsi göstərilən faktiki halları hərtərəfli araşırmadan, şahid ifadələrinə düzgün hüquqi qiymət vermədən əsassız qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının təşəbbüsü ilə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X13 məhkəmə iclasında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evini o tikmiş və yaşaması üçün qardaşı oğluna vermişdir. Cavabdehin həmin fərdi yaşayış evində məskunlaşmasına heç bir hüquqi əsası yoxdur. Göstərilənlərin nəzərə alınmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının təşəbbüsü ilə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və X15 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə həmin üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, fərdi yaşayış evinin inşası üçün Abşeron Rayon X26 üzrə xx.xx.2000-ci il tarixli, 01 saylı və xx.xx.2000-ci il tarixli, 16 saylı əmrlərlə müvafiq olaraq cavabdehin anası (üçüncü şəxs) X6 0,035 ha, iddiaçıya isə 0,06 ha torpaq sahəsi ayrılmışdır.
21. İddiaçı hazırda mübahisələndirdiyi fərdi yaşayış evinin (bundan sonra mübahisəli ev) ona ayrılmış torpaq sahəsi üzərində onun tərəfindən, cavabdeh isə anasına ayrılmış torpaq sahəsi üzərində anası tərəfindən inşa edildiyini bildirir. Mübahisəli ev hüquqi vəziyyətinə görə özbaşına tikintidir, onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır.
22. Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində cavabdehin hazırda yaşadığı mübahisəli evin yerləşdiyi torpaq sahəsinin faktiki olaraq 443 kv.m (0,0443 ha) ölçüdə olduğu müəyyən edilmişdir. Bu sahə cavabdehin anasına ayrılmış torpaq sahəsindən 0.0093 ha (93 kv.m.) artıq, iddiaçıya ayrılmış torpaq sahəsindən isə 0,0157 ha (157 kv.m.) azdır. Halbuki, iddiaçı ona daha az ölçüdə torpaq sahəsinin ayrılmasını, habelə ayrılmış torpaq sahəsinin hər hansı hissəsinin zəbt edilməsini bildirmir. Qeyd edilənlər öz növbəsində mübahisəli fərdi yaşayış evinin məhz iddiaçıya ayrılmış torpaq sahəsi üzərində inşa edilməməsi qənaətinə gəlməyə əsas verir.
23. Mübahisəli evin inşa edilməsi vaxtı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı onun 2002-2003-cü illərdə (apellyasiya şikayətininin məzmunu), cavabdeh isə maddi imkansızlığı səbəbindən hissə-hissə inşa edildiyini bildirir. İşə birinci instansiya məhkəməsində baxılan zaman iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X8 evin 2004-2005-ci illərdə iddiaçının atası (üçüncü şəxs) X13 tərəfindən inşa edildiyini söyləyir. X2 və X14 evin X13 tərəfindən inşa edildiyini bildirir, lakin bu halı şəxsən gördüklərini qeyd etmirlər, bu barədə onlara Qəzənfərin bacısı Kifayət tərəfindən məlumat verildiyini göstərirlər. X14 ümumiyyətlə evin harada yerləşdiyini bilmədiyini bildirir. X13 isə evin 2002-2003-cü illərdə inşa edildiyini qeyd edir, eyni zamanda həyətdə olan hamam və sanitar qovşağın toy ərəfəsində də (2015-ci il) evin kosmetik təmirinin cavabdehin valideynləri tərəfindən həyata keçirildiyini etiraf edir.
24. Həmin məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid Balabaşin Aleksey Nikolayeviç və şahid X21 evin onlar tərəfindən boş torpaq sahəsi üzərində 10-11 il əvvəl (2012-2013-cü illərdə) cavabdehin anasının sifarişi əsasında 4 aya inşa edilməsi barədə ifadə vermişdilər. Halbuki, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi cavabdeh və onun anasının maddi imkanının olmaması səbəbindən həmin evdə hissə-hissə təmir-tikinti işlərinin aparıldığını göstərmişdir. Hissə-hissə təmir-tikinti işlərinin aparılması isə heç bir halda 4 ayı özündə ehtiva etmir, daha uzun müddəti əhatə edir. Cavabdeh özü həmin evə 2012-ci ildə köçdüyünü bildirir.
25. Lakin “google maps” internet resursu vasitəsi ilə əldə edilmiş görüntülərdən mübahisəli evin 2009-cu ildə yarımçıq tikili vəziyyətdə, 2010-cu ildə isə artıq yaşayış üçün yararlı vəziyyətdə olan ev olduğu müəyyən edilir. Bununla belə, hər iki tərəf evin inşa edilməsi vaxtı ilə bağlı həm biri birinə zidd olan, həm də ümumiyyətlə reallığı əks etdirməyən mövqedən çıxış edir. Eyni zamanda, ümumiyyətlə iddiaçı tərəfindən hər hansı evin inşa edilmədiyi müəyyən edilir (onun atası və şahidlər evin onun tərəfindən inşa edildiyini bildirir). Halbuki, iddiaçı iddia ərizəsində mübahisəli evin onun atası tərəfindən deyil, məhz onun tərəfindən tikdirildiyini vurğulayır (iddia ərizəsində ikinci cümlə). Nəzərə alınmalıdır ki, torpaq sahəsi ayrılan zaman iddiaçının (xx.xx.1982-ci il) heç 18 yaşı tamam olmamış, iddia edilən inşa tarixində isə cəmi 20 yaşı olmuşdur.
26. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı mübahisəli evə quraşdırılmış qaz sayğacı üzrə abonent kimi onun, elektrik sayğacı üzrə abonent kimi bacısı Qurbanova Nargilənin qeydiyyata alındığını bildirir. Qurbanova Nargilə **********40223 nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Lakin "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən **********00579 nömrəli abunə kodu ilə qeydiyyata alınan fərdi yaşayış evində iddiaçının abonent olaraq qeydiyyata alınmasına dair məlumatın olduğu göstərilmişdir. Bununla belə, mübahisəli evdə bir işıq sayğacının olmasına baxmayaraq, iddiaçı və onun bacısı iki müxtəlif abonent kodu üzrə qeydiyyata alınmışdır. Mübahisəli ev üzrə iddiaçının bacısının abonent kimi qeydiyyata alınması belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı özü hər hansı başqa ev üzrə abonent kimi qeydiyyata alınmışdır. Cavabdehlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavləyə əsasən cavabdehə eyni abunə kodu (**********40223) verilsə də, sonradan bu müqavilə ləğv edilmiş və hazırda abunəçi kimi Qurbanova Nargilə keçir. Bu hal "xxxx" ASC-nin sonrakı tarixə aid xx.xx.2024-cü il tarixli məktubu ilə də öz təsdiqini tapır. Həmin məktubda mübahisəli ərazi üzrə cavabdehin abonent olaraq qeydiyyata alınmasına dair hər hansı məlumatın aşkar edilmədiyi göstərilir.
27. Nəticə etibarı ilə iddiaçının həmin evlə real bağlılığını təsdiq edən sübut kimi yalnız “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış müqavilə təqdim edilir. Lakin “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli məktubunda xx.xx.2023-cü il tarixdə abonent məlumatlarına dəyişiklik edilərək, onun adından çıxarıldığı bildirilmişdir. Onun vaxtı ilə abonent kimi qeydiyyata alındığı ünvanın məhz mübahisəli evin yerləşdiyi ünvan olması da öz təsdiqini tapmır.
28. Məhkəmə kollegiyası aparılmış araşdırma üzrə müəyyən edilmiş hallar kimi, onu da qeyd edir ki, cavabdeh onun anası tərəfindən ona cehiz verilmədiyini və cehiz əvəzinə mübahisəli evin verildiyini, 2015-ci ildə həmin evdən gəlin getdiyini bildirir, lakin bu prosesi əks etdirən videogörüntüləri təqdim edə bilir, onların keçmiş əri tərəfindən aparıldığını bildirir. Eyni zamanda, Qurbanova Nargilənin toy şənliyinin mübahisəli evdə olması barədə iddiaçı tərəfin mövqeyini ilk öncə qəbul etməsə də, sonradan bu şəxsin toy şənliyinin onun icazəsi əsasında həqiqətən də mübahisəli evdə keçirildiyini etiraf edir. Lakin nə cavabdehin, nə də ki, onun anasının həmin şənlikdə iştirak etməsi müəyyən edilmir, onlar özləri də bunu bildirmir. Halbuki, öz evində 2015-ci ildən əvvəl toy şənliyi keçirməyə icazə verən cavabdeh tərəfin özünün bu şənlikdə iştirak etməməsi ümumiyyətlə anlaşılmazdır.
29. Bununla belə, mübahisəli evin iddiaçı tərəfindən inşa edilməsi, habelə həmin evin yerləşdiyi torpaq sahəsinin məhz ona ayrılmış 0,06 ha topaq sahəsi olması öz təsdiqini tapmır. Belə olan halda, onun bacısının həmin evdə toy şənliyinin olması, işıq sayğacının bacısının adına qeydiyyata alınması, habelə mübahisəli evin inşası ilə bağlı cavabdeh tərəfin ziddiyyətli mövqedən çıxış etməsi, eyni zamanda, mübahisəli evin cavabdehin anası tərəfindən inşa edilməsinin öz təsdiqini tapmaması hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı mövcud vəziyyətdə (təqdim etdiyi sübutar qarşılığında) hüquqi nəticə etibarı ilə hazırki iddianı cavabdehə qarşı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Qeyd edilənlər öz növbəsində iddianın əsassız olduğunu təsdiq edir və apellyasiya şikayətinin rədd edilməsini şərtləndirir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2011/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.