Məhkəmə qərarları › İş №2(103)-1080/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1080/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1080/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X7, Cavabdehin nümayəndələri (vəkili) X9, X8 və X6 iştirakı ilə, İddiaçı cavabdeh «Azərbaycan Elmi Tədqiqat və X12 Maşınqayırma İnstitutu» ASCyə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-229/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azərbaycan Elmi Tədqiqat və X12 Maşınqayırma İnstitutu» ASCyə qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «Azərbaycan Elmi Tədqiqat və X12 Maşınqayırma İnstitutu» ASC-nin ona olan 14134,59 manat borcunun, həmçinin vəkilin hüquqi yardımına görə ödənilmiş 110 manat xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin NK-04 №li əmri ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi «xxxx» ASC-nin «X1» Törəmə Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsi həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə müvafiq olaraq Səhmdar Cəmiyyətin idarə edilməsi funksiyası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli əmri ilə müəssisənin ləğvi ilə əlaqədar o, tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 259 saylı, xx xxxxxxx 2018-ci il tarixli Sərəncamına əsasən «X2» və «X10 Bürosu» törəmə açıq cəmiyyətləri «Azərbaycan Elmi Tədqiqat və X13 Maşınqayırma İnstitutu» törəmə açıq səhmdar cəmiyyətinə qoşularaq «Azərbaycan Elmi Tədqiqat və X13 Maşınqayırma İnstitutu» (xxxx) Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır. Həmin Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası «xxxx» ASC-nin sədri Ə.Y.Qaraxanovun 19 saylı, xx xxxxxxx 2018-ci il tarixli əmrinə əsasən açıq səhmdar cəmiyyətinin təşkil edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin sürətləndirilməsinin, habelə dövlət əmlakının qorunub saxlanmasının və səmərəli istifadə edilməsinin təmin olunması üçün komissiya yaradılmış, onu da həmin komissiyanın üzvü təyin etmişlər. «xxxx» ASC-nin «X2» Törəmə Cəmiyyətinin idarə heyətinin sədri kimi xx xxxxxxx 2018-ci il tarixdə cəmiyyətin əsas vəsaitlərin, mal-materialların, digər maddi qiymətlilərin və hesablaşmaların inventarlaşdırmalarının və təhvil-təslim işlərinin həyata keçirilməsi ilə komissiayanın yaradılması barədə 05 saylı və cəmiyyətin daşınmaz əmlakının təhvil-təslim işlərinin həyata keçirilməsi məqsədi ilə komissiayanın yaradılması barədə 06 saylı əmrlər vermişdir. Komissiyanın təhvil-təslim aktına əsasən «X1» TASC-nin debitor və kreditor borcları «xxxx» TASC-nə təhvil verilmişdir. Həmin akta əsasən təh-təl hesab üzrə 14136,36 manat məbləğində kreditor borcu da cavabdehə təhvil verilmişdir. Həmin təh-təl hesab üzrə ödənişləri şəxsən öz vəsaiti hesabına ödəmişdir. Belə ki, 2018-ci ilin yanvar ayından oktyabr ayınadək «xxxx» ASC-nə enerji haqqı - 5296 manat, «Uninet»ə internet haqqı - 280 manat, «xxxx» ASC-nə qaz haqqı - 350 manat, «Azpetrol» LTD-yə yanacaq haqqı - 1000 manat, «xxxx» MMC-yə telefona abunə haqqı - 257,26 manat, «Baktelekom»a telefona abunə haqqı - 45,53 manat, «xxxx» ASC-yə su və kanalizasiya haqqı - 900 manat, «xxxx» MMC-yə telefon abunə haqqı - 1140 manat, «xxxx» MMC-yə sertifikat almaq üçün - 590 manat, «xxxx» MMC-yə zibilin daşınması haqqı - 800 manat, «Paşa Sığorta»ya avtomobillərin sığorta haqqı - 63 manat, Poçt haqqı - 82,9 manat, Vergi borcu - 1082 manat, DSMF-na sosial sığorta haqları 1601,9 manat, Fiziki şəxs H.Q.Səlimova mis məftilin alınması üçün - 646 manat olmaqla cəmi 14134,59 manat məbləğində ödənişləri «X1» TASC-nin əvəzinə ödəmişdir. Lakin, «X1» TASC-nin hüquqi varisi kreditor borclarını təhvil alsa da, ona ödənilməli pulunu bu günədək qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 229/2020 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olması, maddi hüquq normalarının pozulması, işin obyektiv araşdırılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının əvvəllər «X1» Törəmə Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində işləməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxxx 2018-ci il tarixli, 259 nömrəli sərəncamı ilə «X1» və «X10 Bürosu» Törəmə Açıq Səhmdar Cəmiyyətlərinin «Azərbaycan Elmi Tədqiqat və X12 Maşınqayırma İnstitutu» Törəmə Açıq Səhmdar Cəmiyyətinə qoşulması yolu ilə yeni hüquqi şəxsin (cavabdehin) yaradılması, bu məqsədlə müvafiq komissiyanın təşkil edilməsi, təhvil-təslik aktlarının tərtib ediliməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki iddia tələbində - «X1» TASC-nin idarə heyətinin sədri vəzifəsində işləyən zamanı şəxsi vəsaiti hesabına ümumilikdə 14134,59 manat məbləğində ödənişləri «X1» TASC-nin əvəzinə sonuncunun müvafiq təşkilatlara olan borcuna görə ödəməsini, həmin məbləğin təhtəl hesabda da öz əksini tapması və təhvil-təslim aktlarına əsasən öhdəliyin yeni yaranmış hüquqi şəxsə (cavabdeh «Azərbaycan Elmi Tədqiqat və X12 Maşınqayırma İnstitutu» ASC) keçməsini göstərərək, cavabdehdən hüquq varisliyi kimi 14134,59 manat pulu tələb etmişdir. Cavabdeh tərəf isə tələb olunan pul vəsaitinin məhz iddiaçıya məxsus olması, yəni iddiaçının şəxsi vəsaiti hesabına 14134,59 manat məbləğində ödənişlərin edilməsinə dair mötəbər sübutların (qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş sənədlərin) təqdim olunmamasını etirazlarının əsası kimi göstərməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən göstərmişdir ki, iddiaçı hazırki iddiasında 2018-ci ilin yanvar ayından oktyabr ayınadək «xxxx» ASC-nə enerji haqqı - 5296 manat, «Uninet»ə internet haqqı - 280 manat, «xxxx» ASC-yə qaz haqqı - 350 manat, «Azpetrol» LTD-yə yanacaq haqqı – 1000 manat, «xxxx» MMC-yə telefona abunə haqqı - 257,26 manat, «Baktelekom»a telefona abunə haqqı - 45,53 manat, «xxxx» ASC-yə su və kanalizasiya haqqı - 900 manat, «xxxx» MMC-yə telefon abunə haqqı - 1140 manat, «xxxx» MMC-yə sertifikat almaq üçün - 590 manat, «xxxx» MMC-yə zibilin daşınması haqqı - 800 manat, «Paşa sığorta»ya avtomobillərin sığorta haqqı - 63 manat, Poçt haqqı - 82,9 manat, Vergi borcu - 1082 manat, DSMF-yə sosial sığorta haqları 1601,9 manat, Fiziki şəxs H.Q.Səlimova mis məftilin alınması üçün - 646 manat olmaqla cəmi 14134,59 (on dörd min yüz otuz dörd manat 59 qəpik) manat məbləğində ödənişləri «X1» TASC-nin əvəzinə ödəməsinə görə cavabdehdən həmin vəsaitləri geri tələb etmiş, lakin tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və həmin pulu şəxsi vəsaiti hesabına ödəməsi ilə məhkəməyə hər hansı sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, Mülki Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 56.2-ci maddəsinə görə hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. İddiaçı 14134,59 manat məbləğində ödənişləri «X1» TASC-nin əvəzinə digər şəxslərə (fiziki və hüquqi şəxslərə, təşkilatlara) ödəməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinə yalnız şahid ifadəsi təqdim etmişdir ki, bu halın şahid ifadəsi ilə müəyyən olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı ümumiyyətdə özünün adından və şəxsi vəsaiti hesabına həyata keçirilmiş hər hansı ödənişlə bağlı məhkəməyə sənəd (mühasibat uçotu qaydalarına əsasən kassa sənədləri, tələb hüququnun mövcudluğunu təsdiq edən digər sənəd və s.) təqdim edə bilməmişdir. İşdə olan kassa sənədlərində göstərilənlər də iddianın əsaslı olması üçün yetərli deyildir. Çünki, həmin kassa sənədlərində göstərilən pul vəsaitlərinin məhz iddiaçının şəxsi vəsaiti hesabına həyata keçrilməsi görünmür (həmçinin, bəzi kassa sənədləri qanunvericiliyn tələblərinə uyğun tərtib olunmamışdır) Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx xxxx 2013-cü il tarixli Q-16 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması Qaydaları»nın 1.6-cı bəndinə əsasən təşkilatların kassalarından təhtəlhesab şəxslərə nağd pul müvafiq müddətlərə verilir. Təhtəlhesab şəxslər aldıqları avansların təyinatından asılı olaraq 5 iş günü müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı (1 nömrəli əlavə) təqdim etməlidirlər və xərclənməyən pul qalığını kassaya qaytarmalıdırlar. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kassadan nağd pul təşkilatın rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxs tərəfindən imzalanmış kassa məxaric orderi (1 nömrəli əlavə) və ona əlavə edilmiş ödəniş sənədləri əsasında verilir. Qaydaların 3.5-ci bəndinə əsasən kassa məxaric orderinə əlavə edilən ödəniş sənədləri təşkilatların və ya onun müvafiq struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxslər tərəfindən imzalanır. Qaydaların 3.10-cu bəndinə əsasən ayrı-ayrı şəxslərə birdəfəlik ödənişlər kassa məxaric orderi vasitəsilə verilir. Qaydaların 3.15-ci bəndinə əsasən kassa mədaxil orderi blanklarının cırılmasına, pozuntuların aparılmasına, ləkələnməsinə, habelə kassa mədaxil və məxaric orderlərinin üzərində düzəlişlərin edilməsinə yol verilmir (korlanmış blankların əvəzinə başqaları doldurulur). Korlanmış kassa mədaxil orderi blankları ciddi hesabat blankları üçün müəyyən edilmiş qaydada ləğv olunur. Kassa məxaric orderləri yazıldıqdan, rəhbər və baş mühasib tərəfindən imzalandıqdan sonra, xüsusi olaraq hazırlanmış kitabda baş mühasib və ya bu işlərin icrası həvalə edilmiş mühasib tərəfindən qeydiyyata alınır və icra üçün xəzinədara verilir. Qaydaların 3.16-cı bəndinə əsasən gün ərzində müvafiq qaydada istifadə edilmiş (rəsmiləşdirilmiş) kassa mədaxil və məxaric orderləri üzrə reyestr tərtib edilir və həmin reyestrlərin yekun məbləğləri kassa kitabına işlənir. Reyestrlərdə kassa mədaxil və məxaric orderlərinin nömrələri, tarixləri və məbləğləri yazılaraq gün ərzində mədaxil və məxaric əməliyyatları üzrə yekun məbləğləri göstərilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən kassa əməliyyatlarının aparılması zamanı müvafiq qaydalar müəyyən edilmişdir. İddiaçı isə tələbinin əsası ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı, həmçinin təhvil-təslim aktlarına istinad etsə də, işdə olan həmin aktlarda 14134,59 manat pulun iddiaçıya məxsus olması ilə bağlı da hər hansı qeyd mövcud deyidir. Eyni zamanda tərəflər apellyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspetizanın keçirilməsinə hər hansı zərurətin olmamasını, birinci instansiya məhkəməsi tərəfindən lüzumsuz olaraq ekspertizanın təyin olunmasını bildirmişlər. Çünki, hazırki iddia tələbi üzrə xüsusi bilik tələb edən sual mövcud deyildir. Mübahisəli hal sübutetmə yükü ilə bağlı olmaqla hüquqi məsələdir. Məhkəmə kollegiyası razılaşır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizanın təyin olunmasını hər hansı zərurət olmamışdır. Belə ki, ekspert qarşısında əsasən hüquqi məsələlərlə bağlı suallar (iddiaçının şəxsi pul vəsaiti hesabına ödənişlərin həyata keçirilməsi, təhtəl hesabda olan pul vəsaitinin iddiaçıya aidiyyəti və s.) qoyulmuşdur ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyildir. Ümumiyyətlə, tərəflər təhtəl hesabda müvafiq pul vəsaitinin mövcudluğunu inkar etmir, bu hal təhvil-təslim aktlarından da görünür. Lakin həmin pul vəsaitinin məhz iddiaçıya ödənilməli olması ilə bağlı mübahisə vardır ki, bu hal xüsusi bilik tələb edən məsələ deyildir. İddiaçı həmin pul vəsaiti ilə bağlı tələb hüququnun mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X4rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «Azərbaycan Elmi Tədqiqat və X12 Maşınqayırma İnstitutu» ASCyə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-229/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-229/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar