Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10800/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, paylı mülkiyyətdə olan, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 2-də yerləşən 8 nömrəli fərdi yaşayış evinin sökülməsinə görə cavabdehə kompensasiyadan əlavə verilmiş 21.970 manatın ¼ hissəsi, yəni 5.492 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 5.492 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəfələr qardaşdırlar, onlar Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 2-də yerləşən 8 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyətçiləridir. Evin yerləşdiyi ərazidə aidiyyəti qurumlar tərəfindən söküntü işləri aparıldığına görə ev alqı-satqı müqaviləsi əsasında Yasamal RİH tərəfindən mülkiyyətçilərdən alınıb. Evin ümumi qiyməti 153.800 manat müəyyən edilib, eyni gündə - 01.02.2019-cu ildə ayrı-ayrı alqı-satqı müqavilələri bağlanıb, iddiaçı evin ¼ hissəsinin mülkiyyətçisi olduğuna görə 01.02.2019-cu ildə iddiaçı (satıcı) ilə Yasamal RİH-nin (alıcının) arasında ¼ hissəyə dair bağlanmış alqı-satqı müqaviləsi (iş v. 10) əsasında iddiaçıya 35.000 manat pul ödənilib. Bundan 11 ay sonra – 10.01.2020-ci ildə cavabdeh ilə Yasamal RİH arasında “Razılaşma” adlandırılan müqavilə (iş v. 26) bağlanıb, İH tərəfindən cavabdehə “maddi yardım” adı ilə əlavə olaraq 21.970 manat ödənilib. Bu ödənişə əsas cavabdehin müraciəti olub. Belə ki, cavabdeh İH-nə müraciət edərək yeni yaşayış sahəsi əldə etməkdə çətinlik ilə üzləşdiyini bildirib, əlavə olaraq maddi yardım verilməsini xahiş edib. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək İH tərəfindən cavabdehə verilmiş 21.970 manatın ¼ hissəsinin, yəni 5.492 manatın cavabdehdən alınaraq ona verilməsini tələb edib. Tələb əsassıdır. Belə ki, daha əvvəl evin paylı mülkiyyətçilərinə, yəni iddiaçı və cavabdehə İH tərəfindən pul alqı-satqı müqaviləsi üzrə ödənilib. Yəni İH ilə evin paylı mülkiyyətçiləri arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibəti olub. Mülki Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsi üzrə ödənilən pul “kompensasiya” deyil, “qiymət” sayılır. Sonradan İH tərəfindən cavabdehə əlavə olaraq ödənilən 21.970 manat alqı-satqı müqaviləsindən kənar ödənilən puldur. Bu pul evin qiymətinə aid olmadığına görə iddiaçı onun ¼ hissəsini cavabdehdən tələb etmək hüququna malik deyil. Həmin pulun ödənilməsinin hüquqi əsasını İH ilə cavabdehin arasında bağlanmış 10.01.2020-ci il tarixli müqavilə təşkil edir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İH və cavabdeh azad surətdə həmin müqaviləni bağlayıblar və onun məzmununu müəyyənləşdiriblər. Onlar azad surətdə 21.970 manatı müqavilənin məzmununda “maddi yardım” kimi göstəriblər, onun ödənilməsinin məqsədini isə “yeni yaşayış sahəsinin alınmasında cavabdehin yaranmış problemlərinin aradan qaldırılması məqsədi” kimi göstəriblər. Müqavilənin məzmununa görə maddi yardımı almaq hüququ yalnız cavabdehə aiddir. Beləliklə, 21.970 manat pulun ¼ hissəsinə iddiaçının hüququ yaranmadığına görə məhkəmə Mülki Məcəllənin 14-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10800/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10800/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver