Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10806/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Hətəmova Təranə Cəlil qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5091/2021 saylı işi üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin 2008-ci ilin avqust ayından dayandırdığı aylıq ödənişin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Avtomobil Zavodunun rəhbərliyinin 29.04.1987-ci il tarixli 63/k saylı əmrinə əsasən həmin zavodun nəqliyyat sexində yükləyici vəzifəsinə təyin edilmişdir. 19.01.1988-ci il tarixində istehsalatda əmək xəsarəti almışdır (20.01.1988-ci il tarixli 2 nömrəli Akt). Tibbi-Sosial Ekspert Komissiyasının 13.06.1988-ci il tarixli 512 saylı aktına əsasən Bakı Avtomobil zavodu üzrə 09.09.1988-ci il tarixli 369 saylı əmri ilə 13.06.1988-ci il tarixdən 3-cü dərəcəli əlil kimi iddiaçıya maddi ziyana görə 81,91 manat məbləğində ödənc müəyyən edilmişdir. TSEK-in qərarının əmək məsləhətinə əsasən xəsarət nəticəsində iddiaçıya peşə əmək qabiliyyətini itirdiyi Bakı Avtomobil Zavodu tərəfindən verilmir. 25.06.1988-ci il tarixli 55/k nömrəli əmrə əsasən zavodun abadlaşdırma sahəsinin qarderob növbətçisi vəzifəsinə keçirilmişdir. TSEK-in 1989-cu ildən 1998-ci ilədək olan dövr üzrə qərarlarına əsasən iddiaçıya aylıq ödənişlərin və müavinətlər təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.09.1996-cı il tarixli 129 saylı qərarını əsas tutaraq zavod tərəfindən iddiaçıya 20.05.1997-ci il tarixli 44 saylı əmrə əsasən 01.10.1996-cı il tarixində 40600 manat xəsarətə görə müavinət təyin edilmişdir. Bakı Avtomobil Zavod üzrə 03.04.1998-ci il tarixli 28 saylı əmrə əsasən müəssisədə xəsarətə görə verilən müavinəti yenidən hesablanması üçün komissiya yaradılıb. Komissiyanın aktına əsasən zavod tərəfindən iddiaçıya 20.04.1998-ci il tarixli 32 saylı əmrə əsasən 51283 manat müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.09.1996-cı il tarixli 129 saylı qərarını 22ci bəndini əsas tutaraq iddiaçıya orta əmək haqqına əsasən verilməli olan aylıq müavinətin məbləğinin yenidən hesablanması qeyd edilmişdir. Bakı Avtomobil Sənaye ASC-nin təqdim etdiyi məlumata əsasən müəssisə iddiaçıya 2008-ci il tarixədək aylıq ödənc etmişdir. Lakin 2008-ci ildən müəssisə iddiaçıya ödəməli olduğu aylıq ödənişi dayandırmışdır. Aylıq ödənişin dayandırılmasının səbəbini Azərbaycan Respublikası Prezidentinin 04 avqust tarixli 804 nömrəli Fərmanıni əsas gətirmişlər. Halbuki, həmin fərman iddiaçının aylıq ödənişinin dayandırılmasına şamil edilə bilməz. Çünki müəssisə fəaliyyət göstərmiş, vergi ödənişlərini etmiş və hal-hazırda da vergi ödəyicisidir. "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinin üzvlərinə güzəştlə satış nəticəsində yaradılmış özəlləşdirmə komissiyasının təşkil etdiyi hərracda iştirak edərək "xxxx" ASC-nin 11 ədəd səhmini əldə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5091/2021 saylı işi üzrə 16 iyul 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Hətəmova Təranə Cəlil qızı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı əmək xəsarəti aldığı gündən həm əmək xəsarəti aldığına görə müavinət, həm də əlilliyə görə pensiya ödənilir. İddiaçının işlədiyi müəssisə hələ özəlləşdirilmə mərhələsində olduğu üçün ona müəvinət DSMF tərəfindən ödənilir. İddiaçı isə iddia edir ki, ona müəviənt deyil, sığorta ödənişi ödənilməlidir. DSMF məlumatları Əmlak Komitəsindən alır. Hazırda isə Əmlak Komitəsi tərəfindən bu iş üzrə cavabdeh olan müəssisənin özəlləşdirilməsini bitməsi barədə hər hansı məlumat göndərilməmişdir. İddiaçının tələb etdiyi iddia mümkünsüzdür, çünki iddiaçı həm müavinət, həm də əlilliyə görə pensiya alır. İddiaçı qeyd edir ki, müqaviləyə onun tərəfindən imza edilməmişdir. Lakin təqdim edilən sənədlərdən görünür ki, İddiaçı tərəfindən müqavilə imza edilməklə razılıq verilmişdir. İddiaçıya dəfələrlə sənədlər təqdim edilmişdir və məlumatı var. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5091/2021 saylı işi üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 29.04.1987-ci il tarixdən 01.02.1990-cı il tarixinədək Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodunda işləmişdir. İddiaçı həmin müəssisədə 19.01.1988-ci il tarixdə istehsalat qəzası almış, nəticədə əmək qabiliyyətinin 80%-ni itirmiş, 12.06.1997-ci ildə əlillik müddəti təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən 01.11.2008-ci il tarixədək iddiaçıya aylıq ödəniş edilmişdir. «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi» Qaydalarına uyğun olaraq iddiaçıya 80%-lə 01.11.2008-ci il tarixdən 60 manat, 01.02.2016-cı il tarixdən isə 66 manat müavinət təyin edilmişdir. Halhazırda ödəniş davam etdirilir. Həmçinin iddiaçıya 9 il 6 ay 13 gün əmək stajı ilə əmək pensiyası təyin edilib və ödənilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən məlumata əsasən qeyd olunan "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” çərçivəsində yaradılmış "Bakı Avtomobil Sənaye” açıq səhmdar cəmiyyətinin səhmlərinin əmək kollektivin üzvlərinə güzəştli satışı Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanına uyğun olaraq müəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən 21.01.- 14.02.2002-ci il tarixlərdə həyata keçirilimiş, iddiaçı əmək kollektivinə bərabər tutulan şəxs kimi (təqaüdçü) həmin hərracda iştirak edərək "xxxx" ASC-nin 11 ədəd səhmini əldə etmişdir, "xxxx" ASC-nin ümumi səhmlərinin 0,77%-i güzəştli satışda satılmış, qalan 99,23%-i isə dövlət mülkiyyətindədir. Hal-hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmədən "xxxx" ASCnin 2008-ci ilin avqust ayından dayandırdığı aylıq ödənişin bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına əsasən bu Qaydalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına - peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat məbləğlərdə aylıq müavinət verilir. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır. Aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı tərəfindən "xxxx" ASC-dən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada aylıq ödənci tələb etmək hüququ yoxdur. Belə ki, iddiaçıya Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodunda işlədiyi dövrdə baş vermiş istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 80%-ni itirdiyinə görə müəssisə tərəfindən ödənilən aylıq ödəncin əvəzinə (iddiaçının öz razılıq ərizəsi əsasında) “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”na uyğun olaraq 80%-lə 01.11.2008-ci il tarixdən 60 manat, 01.02.2016-cı il tarixdən isə 66 manat müavinət təyin edilərək ödənilir. Həmçinin kollegiya iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu verərək iddiaçının müəviət işini tələ etmiş və DSMF-nun nümayəndəsi Hətəmova Təranə Cəlil qızının izahatından və təqdim etdiyi müəvinət işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əmək xəsarəti aldığı gündən həm əmək xəsarəti aldığına görə müavinət, həm də əlilliyə görə pensiya ödənilir. İddiaçının işlədiyi müəssisə hələ özəlləşdirilmə mərhələsində olduğu üçün ona müəvinət DSMF tərəfindən ödənilir. DSMF məlumatları Əmlak Komitəsindən alır. Hazırda isə Əmlak Komitəsi tərəfindən bu iş üzrə cavabdeh olan müəssisənin özəlləşdirilməsinin bitməsi barədə hər hansı məlumat göndərilməmişdir. İddiaçının tələb etdiyi iddia mümkünsüzdür, çünki iddiaçı həm müavinət, həm də əlilliyə görə pensiya alır. İddiaçı qeyd edir ki, müqaviləyə onun tərəfindən imza edilməmişdir. Lakin təqdim edilən sənədlərdən görünür ki, İddiaçı tərəfindən müqavilə imza edilməklə razılıq verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5091/2021 saylı işi üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5091/2021 saylı işi üzrə 16 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10806/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10806/2021
15.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver