Məhkəmə qərarları › İş №2(103)-10808/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10808/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10808/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14421/2017 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2017-ci il tarixli, 2(001)- 14421/2017 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək Cavabdeh 53500 manatın və 30 manat dövlət rüsumunun İddiaçı xeyirnə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2017-ci il tarixli, 2(001)- 14421/2017 saylı qətnaməsindən cacavdeh Cavabdeh verdiyi apellyasiya şikayətini 13.09.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14421/2017 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2017-ci il tarixli, 2(001)-14421/2017 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv olunması xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14421/2017 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14421/2017 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin üzürlü səbəblərdən buraxılması dedikdə, müvafiq prossesual hərəkətin vaxtından edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sairə edilə bilər.Nəzərə alınmalıdır ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzürlü səbəbdən buraxmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. İş materialları müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.11.2017-ci il tarixli, 2(001)-14421/2017 saylı qətnaməsi cavabdehin ünvanına göndərilmiş, daha sonra həmin məhkəmə aktı qanuni qüvvəsini aldığından müvafiq icra sənədi icra olunması üçün Bakı şəhəti Binəqədi rayon İcra və probasiya şöbəsinə təqdim olunmuş, sonuncu icra sənədini 18.12.2018-ci il tarixdə icra olunması üçün Cavabdeh cəza çəkdiyi müəssisəyə göndərilmiş, 19.02.2021-ci il tarixli, 2(001)-14421/2017 saylı qətnaməsi üzrə ödəməli olduğu məğləğdən cavabdeh iddiaçıya 900 manat ödəniş etmişdir. Göründüyü kimi, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2017ci il tarixli 2(001)-14421/2017 saylı qətnaməsindən hələ 2018-ci ildə məlumatı olduğu halda apellyasiya şikayətini 3 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə təqdim etməklə müddəti ötürmüş, müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14421/2017 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14421/2017 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar