Məhkəmə qərarları › İş №2(103)-1081/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1081/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1081/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, № 2(008)-5975/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 09 dekabr 2021-ci il tarixli, AKX-03561xx/xx-2021 nömrəli “qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

2. **********0000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə İddiaçı 2022-ci ilin aprel ayında qalıq və aktlar üzrə 1620 manat borc hesablanmışdır.

3. 29 aprel 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı təbii qazdan sayğacdan kənar istifadə etməsi faktı aşkar edilmişdir.

4. 29 aprel 2022-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, abunəçiyə cəmi 13500 m3 sərfiyyat hesablanmışdır.

5. **********0000 nömrəli abonentin GASREP məlumatlarından görünür ki, abonent qaz sərfiyyatı üçün 2011-ci ildən mütamadi ödənişlər etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evinə (abonent kodu **********00000) əsassız olaraq “Azəri- Qaz“ İstehsalat Birliyi tərəfindən 29 aprel 2022-ci il tarixli ******* N-li AKT əsasında dəymiş ziyanın əvəzi olaraq hesablanmış 1620 (min alti yüz iyirmi) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev onun adınadır və həmin ünvana quraşdırılmış abonent kodu **********00000 olan smart tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. 2011-ci il tarixinədək həmin evin yerləşdiyi ərazidə qaz olmayıb. 2011-ci ildə “Azəriqaz“ İstehsalat Birliyi evinin yerləşdiyi ünvana yaxın əraziyə ümumi qaz xətti çəkdilər. Lakin evlərə qaz xətti çəkməmişdirlər. Evlərə qaz xətlərinin çəkilməməsinin səbəbini “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşlarından sonruşanda, onlara bildirdilər ki, büdcədə pul yoxdur və bu səbəbdən də vətəndaşlar özləri öz hesablarına çəkməli olacaqlar. Onlar isə bütün qonşular qazsız qalmamaq üçün ana xəttdən evlərinə olan məsafələri öz hesablarına yeraltı xəttlərlə çəkmişlər. Bundan sonra “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları gəlib çəkilən xəttlərə baxış keçirdilər və qaz sayğacları quraşdırdılar. 2011-ci ildən smart kart vasitəsi ilə karta ödəniş etməklə qazdan istifadə etmişdirlər. O, ailəsi ilə qeydiyyatda olduğu ünvan 4 ünvanında yaşayır. Onun adına olan evdə isə atası tək yaşayır. Bir neçə ay əvvəl “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları onların 2011-ci il tarixində yeraltı çəkilən xəttlərin hamısını ləğv edərək yerüstü xəttlər çəkmişlər. Bir müddət əvvəl ərazi üzrə qaz nəzarətçisi ona qaza görə borcunun olduğunu lakin smart sayğac işlətdiyi üçün qaza görə borcunun ola bilməyəcəyini bildirmişdir. Bundan sonra bu məsələni dəqiqləşdirmək üçün, “Azəriqaz“ İstehsalat Birliyinə müraciət edəndə ona “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş aktı təqdim etdilər. O, aktda sayğacdan kənar qeyriqanuni qoşulma əsasında ona dəymiş ziyanın bərpasının əvəzi kimi 1620 manat borc yazıldığının şahidi olmuşdur. O “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşına qaz sayğacından kənar heç bir qeyri-qanuni qoşulmanın olmadığını və həmin aktın əsassız olduğunu bildirmişdir. Həmçinin dəymiş ziyanın bərpası sənədində 24 saat dördgöz qaz istifadə olunduğu, 24 saat 2 ədəd dəmir sobada qazdan istifadə olunduğu, əlavə QSSQ adlı avadanlıq üçün 24 saat qazdan istifadə edildiyi qetd edilmişdir. Həmin evdə bir neçə ildir atası tək yaşayır. Ev kiçik evdir. Evdə 2 gözlü qaz plitəsi və 5 dəqiqəlik (pitimintka) var. Bundan başqa evdə qazın istifadə olunduğu avadanlıq yoxdur. Həmin avadanlıqların istifadə etdiyi qaz sərfıyyatının pulunu əvvəlcədən smart karta ödəməklə istifadə edir. Bütün ödədnişlər ödəniş cədvəlində var.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, № 2(008)-5975/2023 nömrəli qətnaməsi ilə iddia qismən olunmuş, Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 aprel 2022-ci il tarixli, ******* nömrəli akta əsasında **********0000 nömrəli abonent koduna hesablanmış 1620 manat məbləğində borc silinməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus abonent koduna qazdan qeyri-qanunu istifadə üçün cərimə yazılsada, həmin cərimənin yazılması üçün əsas olmuş aktda iddiaçının imzasının olmaması, iddiaçıya yazılmış cərimənin hesablanması üçün qeyd edilmiş cihazların işlədiyi saatı və günlərinin sayını hansı qaydada müəyyən edilməsi, habelə aktın tərtib edildiyi ayda iddiaçının ödənişinin digər aylara münasibətdə mütanasib olması, cavabdeh tərəfində çəkilmiş foto şəkilin tarixinin olmaması və həmin akta qeyri-qanuni xəttin haradan çəkilməsi aydın olmadığından akt etibarlı hesab edilə bilmədiyindən, həmin akta əasən iddiaçıya hesablanmış cərimə silinməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə, “Qazdan istifadə qaydalarının” 4.2, 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu və s) onlara vurulmuş zərəri sübut edir. Həmin aktın bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmiş və istehlakçının həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Akt tərtib olunarkən çəkilən fotoşəkillərdən ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma faktının mövcud olması açıq-aşkar görünür. İddiaçıya vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar iddia tələbinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi mötəbər olmayan sübutlara istinad etməklə səhv nəticəyə gələrək, iddia tələbini təmin etmişdir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri ) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia təmin olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunmayan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. İlkin olaraq məhkəmə kollegiyası onu qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

22. Lakin işin hallarından görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, cavabdeh tərəfindən tərtib edilmiş akt birtərəfli qaydada tərtib edilərək istehlakçıya təqdim olunmamış, 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, № 2(008)- 5975/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, № 2(008)- 5975/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar