Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1082/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), Cavabdeh3 tərəfindən verilmiş “qətnamənin onun maraqlarına toxunulan şəxs qismində tanınması və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-3361/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” barədə ərizələri üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3361/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlər və mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər tərəfindən əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması, Cavabdeh1 ilə iddiaçı arasına bağlanılmış 08/20 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 12.000 manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun və məhkəməyə ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3361/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3361/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
5. Cavabdeh3 həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3361/2022 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
6. Cavabdeh3 məhkəmənin həmin qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 3361/2022 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
7. Cavabdeh3 məhkəmənin həmin qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3361/2022 nömrəli qərardadının ləğv edilməsi, Cavabdeh3 - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3361/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3361/2022 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3361/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
9. Cavabdeh3 məhkəmənin həmin qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmiş, lakin sonradan Cavabdeh3 ərizə təqdim edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3361/2022 nömrəli qərardadından verilmiş şikayətə baxılmamasını xahiş etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3361/2022 nömrəli qərardadı ilə Cavabdeh3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
10. Daha sonra ərizəçi Cavabdeh3 “qətnamənin onun maraqlarına toxunulan şəxs qismində tanınması və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilərək baxılması üçün aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi”nə dair ərizəsi daxil olmuş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3361/2022 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3361/2022 saylı qətnaməsi ərizəçi Cavabdeh3 maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
11. İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-3361/2022 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermək hüququ olsa belə, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üçün üzürlü hallar yoxdur. Belə ki, Cavabdeh3 Bakı İstintaq Təcridxanasında olması apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üçün üzürlü hal hesab edilə bilməz. O, yaxın qohumuna Bakı İstintaq Təcridxanasın rəisi tərəfindən təsdiq edilmiş etibarnamə verməklə və ya vəkillə yaxın qohumları vasitəsilə müqavilə bağlamaqla və həmin vəkilə Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən təsdiq edilmiş etibarnamə verməklə apellyasiya şikayətini elektron məhkəmə sistemi vasitəsilə və MPM-ə əlavə edilmiş “Əlavə 2”-də təsbit edilmiş "Apellyasiya şikayətinin forması"na uyğun yaxın qohumunun və ya vəkilin köməkliyi ilə vaxtında verə bilərdi. Bundan başqa, iş üzrə qətnamə Cavabdeh3 hüquq və vəzifələrinə toxunmur. Belə ki, Cavabdeh3 əvvəllər həmin mənzilin mülkiyyətçisi və həmin mənzildə qeydiyyatda olsa da, sonradan həmin mənzili Cavabdeh1 satmış, daha sonra isə o, həmin mənzili Cavabdeh1 satın almış və Cavabdeh3 məhəkəmə qərarı ilə həmin mənzildən qeydiyyatdan çıxarılmışdır. Cavabdeh3 kirayə müqaviləsinin tərəfi olmamışdır və o, sözügedən mənzildə kirayə müqaviləsi ilə yaşayan şəxs olmuşdur. İş üzrə iddia ilk dəfə veriləndə Cavabdeh3 cavabdeh qismində qeyd edilsə də, sonradan onun vəkili tərəfindən verilən məlumata görə onun istintaq təcridxanasında saxlanıldığı və onun həmin mənzildə faktiki olaraq yaşamadığı müəyyən edildiyindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsinə əsasən Cavabdeh3 cavadehlər siyahısından çıxarılmışdır. İddia tələbi Cavabdeh3 mənzildən istifadə hüququnun itirilməsi və ya Cavabdeh3 həmin mənzilə mülkiyyət hüququnun mübahisələndirilməsi ilə bağlı deyil, məhz Cavabdeh1 ilə arasında bağlanılmış kirayə müqaviləsindən irəli gələn mübahisə ilə bağlıdır. Cavabdeh3 iş üzrə tərəf deyildir. Cavabdeh3 məhkəmə qərarı ilə həmin mənzildən qeydiyyatdan çıxarılmışdır (Bakı İnzibati Məhkəməsinin qərarı və Cavabdeh3 adı gedən mənzildən qeydiyyatdan çıxarılmasına dair Nəsimi Rayon Polis İdarəsinin məktubu şikayətə əlavə edilir.) Eyni zamanda, məhkəmə tərəfindən Elektron Məhkəmə Sistemində məhkəmələrə verilmiş səlahiyyətlər çərçivəsində Cavabdeh3 həqiqətən də həmin ünvanda qeydiyyatda olubolmaması araşdırılmamışdır. Odur ki, iş üzrə çıxarılmış qətnamə Cavabdeh3 maraqlarına və hüquqlarına toxunmur, o iş üzrə maraqlı şəxs kimi tanına bilməz və onun iş üzrə qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur.
13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
14. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
16. Cavabdeh3 nümayəndəsi kimi X2 tərəfindən imzalanaraq şikayətə etiraz məhkəməyə daxil olsa da, həmin ərizəyə sonuncunun Cavabdeh3 məhkəmədə nümayəndəsi qismində iştirak etməsi barədə səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilmədiyindən etiraz kollegiya tərəfindən nəzərə alınmamışdır. Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3361/2022 nömrəli qərardadı ləğv edilməli və Cavabdeh3 ərizələri təmin edilməməlidir.
19. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-3361/2022 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinə baxılmazdan əvvəl bu qətnamənin Cavabdeh3 hansı hüquq və vəzifələrinə toxunması müəyyən edilməlidir.
20. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, Cavabdeh3 mülki işdə tərəf olmasa da, mübahisəli əmlakla bağlı hüquqi bağlılığı müəyyən edilmişdir. Belə ki, Cavabdeh3 sözügedən mənzildə 2002-ci ildən ailəsi ilə birlikdə yaşamış, evin satılmasında özü şəxsən iştirak etmiş və həmin mənzildə qeydiyyatda olması onu deməyə əsas verir ki, ərizəçi Cavabdeh3 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3361/2022 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermək hüququ tanınmalıdır.
21. Cavabdeh3 öz ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3361/2022 nömrəli qətnaməsi birbaşa onun hüquqlarına toxunur. Həmin mənzili o, 2002-ci il tarixində almış və 2023-cü ilin aprel ayına kimi ailəsi, 2022-ci ilin 04 may tarixinə kimi özü mənzildə yaşamış və qeydiyyatda olmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı şikayəti ilə məhkəmə qərarına əsasən övladı və onun həmin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən mənzil üzərində həbs olmasına baxmayaraq onun qeydiyyatdan çıxarılması qanunsuzdur. Qeydiyyatdan çıxarılması ilə bağlı Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
23. Belə ki, İddiaçı iddia tələbi mənzildən çıxarılma və kirayə borcunun ödənilməsi ilə bağlıdır. Cavabdeh3 isə sözügedən mənzilin əvvəllər mülkiyyətçisi olmuş, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə mənzili Cavabdeh1 satmışdır. Daha sonra iddiaçı həmin mənzili Cavabdeh1 almış və hazırda mənzilin mülkiyyətçisidir. Cavabdeh3 həmin mənzildən çıxarılması ilə bağlı tələbə baxılarkən cavabdehlər sırasından çıxarılmış və ona qarşı tələb irəli sürülməmişdir. Həmçinin, mənzilə dair kirayə müqaviləsi İddiaçıla Cavabdeh1 arasında bağlanmış, Cavabdeh3 kirayə müqaviləsinin tərəfi olmamış və ondan da hər hansı kirayə haqqının ödənilməsi tələb edilməmişdir.
24. O da qeyd edilməlidir ki, Cavabdeh2 (Cavabdeh3 qızı) qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə versə də, onun ərizəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Bundan başqa, Cavabdeh3 ərizəsində qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, artıq onun mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı yekun məhkəmə aktı qəbul edilmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3361/2022 nömrəli qətnaməsinin Cavabdeh3 hüquq və vəzifələrinə toxunulması müəyyən edilmir. Belə olan halda, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət də bərpa edilə bilməz.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3361/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh3 “qətnamənin onun maraqlarına toxunulan şəxs qismində tanınması və qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizələri təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.