Məhkəmə qərarları › İş №2(103)-10820/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10820/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10820/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh ASC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(006)-1206/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bağırov X2 Nailə İlyas qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10507194 manat məbləğində pulun ASC-dən (keçmiş X5 Bankı) alınıb ona ödənilməsi barədə qətnamə, X6 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təsisçisi və direktoru olduğu "VAQUAR” kiçik müəssisəsinin ünvanına Qazaxıstan Respublikası, Kokçetav vilayəti, Uritsk rayonu, Leninqrad sovxozu tərəfindən Uritsk Aqroprombankı vasitəsi ilə oktyabr-sentyabr 1990-cı ildə göndərilmiş ******* SSRİ rublunun indiki Kapital Banka daxil olması barədə xəbər verilmiş və göndərilmiş məbləğ "VAQUAR” kiçik müəssisəsinin ******* H/H sayı olan X7 rayon şöbəsinə göndərilmişdir. O, "Kapital bank” ASC-nin (o zamankı BUSB) Nizami rayon şöbəsinin müdiri Cəlal İmanovun qəbulunda olmuş, sonuncu bildirmişdir ki, ara qarışıqdır, pulu hesabına köçürə bilməyəcək, geri qaytaracaqlar. Lakin sonradan uzun müddət vaxt keçməsinə baxmayaraq pul qaytarılmamışdır. Araşdırması nəticəsində məlum olmuşdur ki, ''VAQUAR” kiçik müəssisəsinin ünvanına göndərilən ******* SSRİ rublunu saxtakarlıq yolu ilə X6 mənimsəmişdir. X1 Universal Sənaye Bankında baş mühasib işlədiyi zaman vəzifəsindən sui istifadə edərək ona məxsus əmlakı mənimsəməklə xüsusi külli miqdarda ziyan vurmuş, gəlirdən mərhum etmiş, maddi, mənəvi və psixoloji ziyan vurmuş, fiziki əzaba məruz qoymuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(006)- 1206/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Kollegiyanın iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, sonradan anlamışdır ki, hazırki tələb verməli olan şəxs Mərkəzi Bankdır, ona görə də həmin banka qarşı artıq yeni iddia qaldırmışdır. Buna baxmayaraq, nə qədər ki, hazırki iş üzrə apelyasiya mərhələsində iddia ərizəsinin baxılmamış saxlanılması mümkün deyil, işə baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsini istəyir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(103)-6770/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1024/2019 saylı 18 mart 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC-nin 29.07.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ASC-də ******* saylı şəxsi hesablaşma hesabı aşkarlanmamışdır. İddiaçı hazırki tələbində cavabdehin işçisi olmuş X6 tərəfindən vəzifəsindən suiistifadə etməklə onun təsisçisi və direktoru olduğu "Vaquar” kiçik müəssisəsinin ünvanın Qazaxıstan Respublikasından göndərilmiş ******* SSRİ rublu məbləğində pulun mənimsənilməsini iddia edərək, həmin pulu tələb edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı ******* SSRİ rublunun ******* H/H sayı olan indiki X7 rayon şöbəsinə göndərildiyini, həmin pulun üçüncü şəxs tərəfindən mənimsənildiyini və geri qaytarılmadığını iddia etsə də, bu halları, həmin pulun həqiqətən göndərilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. ASC-nin məktubundan isə müəyyən edilir ki, ASC-də iddiaçının qeyd edilən hesablaşma hesabı yoxdur. Belə olan halda, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1206/2021 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar