Məhkəmə qərarları › İş №2(103)-1086/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1086/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1086/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5”nə qarşı torpaq sahəsinə qanunsuz müdaxilənin cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)- 5905/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5”nə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh1 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən qanunsuz müdaxilə edilməsinin cavabdehlərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə münasibətdə xitam verilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhərə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulması, həmin torpaq sahəsində tikinti işlərinin, o cümlədən yaşayış evinin tikilməsinə, quruculuq abadlıq işlərinin görülməsinə, sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)- 5905/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhərə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” tərəfindən qanunsuz müdaxilələrə son qoyulması, həmin torpaq sahəsində tikinti işlərinin, o cümlədən yaşayış evinin tikilməsinə, quruculuq abadlıq işlərinin görülməsinə, sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5”nin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-5905/2019 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir, belə ki, birinci instansiya məhkəməsi işə baxarkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayəti müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədləri qətnamənin qanuniliyinin və əsaslığı tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş H-12-151 saylı, xx.xx.2017-ci il tarixli məktubda göstərilir ki, Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi layihəyə Sabunçu rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılır ki, tikinti işlərinin aparılması üçün tikinti işləri layihəyə uyğun aparılmalı və tikinti işləri aparılarkən mövcud normalara uyğun olaraq təhlükəsizlik və sanitar qaydalara riayət edilməlidir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-570/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı tikinti işlərinin aparılmasına qeyri-qanuni müdaxiləyə qadağa qoyulması, tikintinin sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə ilk iddiası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı və Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və sair tələblərə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. SOCAR X5 tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş xx.xx.2018-ci il tarixli məktubda göstərilir ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-570/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən qarşılıqllı iddia üzrə iddiaçı olan SOCAR tərəfindən apelyasiya şikayəti verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi İddiaçınn xüsusi mülkiyyətindədir. Sonuncu həmin torpaqda müvafiq icra hakimiyyətinin razılığı ilə tikinti işləri aparmaq istəsə də, cavabdeh buna maneələr yaradaraq iddiaçının mülkiyyət hüquqlarını müxtəlif formada məhdudlaşdırır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 152.5-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhərə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulmalı, həmin torpaq sahəsində tikinti işlərinin, o cümlədən yaşayış evinin tikilməsinə, quruculuq abadlıq işlərinin görülməsinə, sahəsnin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5”nin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)- 5905/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar