Məhkəmə qərarları › İş №2(103)-1086/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1086/2025

06.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1086/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2514/2024 nömrəli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 360000 manat pul ödənilməsi müqabilində cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyat-zadə küçəsində 0.6 ha torpaq sahəsində yerləşən, 6 otaqdan ibarət 359.58 m2 tikilmiş tikilinin sökülməsi, cavabdehin torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2514/2024 nömrəli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(010)-2514/2024 nömrəli mülki iş üzrə icraatın Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh, X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" ASC-yə) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair 2-1(112)-10740/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət verərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 2514/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki: “İddiaçı tərəfindən verilmiş iddia İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməli idi. Bakı İnzibati Məhkəməsində nümayəndəmiz tərəfindən məhkəmə iclasında iştirak edilərək iddianın qeyri-mümkün hesab edilməsi barədə vəsatət verilmişdir. Belə ki, iddiaçılar tərəfindən Sabunçu və Suraxanı Rayon Məhkəmələrinin elektron kabinetinə əlavə olunmuş iddia ərizəsinin 1-ci səhifəsindən görünür ki, İnzibati Məhkəməyə verilmiş iddia ərizəsi hər iki şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmişdir. Dəftərxana tərəfindən həmin sənədin qəbul edilməsini təsdiq edən yazıdan da bu görünür. Hal-hazırda isə elektron məhkəmə sistemindən əlavə etdiyim bildirişdən görünür ki, Cavabdeh qarşı müəssisəmiz tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, X3 qarşı verilmiş iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bu zaman iddia ərizəsi ilə birlikdə ona qoşma olaraq əlavə edilmiş digər sənədlər, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamı da mövcud olmuşdur. Yəni iddiaçı Şair Ramazanov və Cavabdeh sərəncamın mövcud olmasını ən geci xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə məlumatı olduğu halda məhkəməyə iki aydan artıq bir müddət keçdiyi zaman sonra xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvercilikdə ona tanınmış 30 günlük müddəti ötürmüşdür. İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi Şair Ramazanov və Cavabdeh İnzibati-Prosessual Məcəlləsinin 38-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq sərəncamın ona təqdim edildiyi xx.xx.2024-cü il (Cavabdeh), xx.xx.2024-cü il (Şair Ramazanov) müddətdən 2 ay sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Buna görə də hesab edirəm ki, X4 və Cavabdeh tərəfindən verilmiş iddia ərizəsi qeyri-mümkün hesab edilərək geri qaytarılmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə hazırkı iş üzrə sübutların hərtərəfli, tam, obyektiv qiymətləndirməsini həyata keçirməmişdir. Bildirirəm ki, "xxxx" ASC olaraq müəyyən tikinti planlarımız mövcuddur. Həmin tikinti planları müəyyən zaman ərzində icra olunmalıdır ki, üzərimizə götürdüyümüz öhdəliklər icra olunsun. Tikinti üzrə razılıq əldə edə bilmədiyimiz Şair Ramazanov və Cavabdeh razılıq əldə edilməsi üçün mübahisələndirilən torpaq sahəsi və mənzilin dəyərindən kifayət qədər artıq məbləğdə pul (yeni tikiləcək binadan bir neçə mənzil sahəsi) təklif etməyimizə baxmayaraq hər iki şəxs bu təkliflərə razı olmamış, dəyərindən dəfələrlə artıq bir məbləğ tələb etmişdir. Bu isə müəssisəmizin qarşısına qoyduğu məqsədə xidmət etmir. Çünki belə olacağı təqdirdə aparılan tikintinin özündən heç bir mənafe əldə etmək mümkün olmayacaq. Əksinə, müəssisə zərərə uğrayacaq. Buna görə də Cavabdeh və Şair Ramazanovla onların istədiyi şərtlərlə razılaşmaq mümkün deyildir. Məhkəmə hazırkı iş üzrə icraatı dayandırarkən Bakı İnzibati Məhkəmənin icraatında olan iş üzrə qərarın qüvvəyə minməsinədək dayandırılmasını qərara almışdır. Lakin qeyd edirəm ki, İnzibati Məhkəmələrdə baxılan işlər kifayət qədər uzun bir zaman alır, bu zaman hətta illəri əhatə edir. Həmin iş üzrə qərarın qəbul edilməsi, qərardan şikayətin verilməsi və yekunda qərarın qüvvəyə minməsi kifayət qədər zaman alacaq. Sonradan yenidən Suraxanı Rayon Məhkəməsində işə baxılması və digər hərəkətlərin edilməsi isə ayrıca bir uzun zaman alacaqdır. Bununla da müəssisəmizin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi mümkünsüz olacaqdır. Çünki qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi müəyyən planla, müəyyən zamanla baş verir. Həmçinin bildirirəm ki, aramızda razılıq əldə olunmuş yüzlərlə vətəndaşa müəssisəmiz tərəfindən hər ay kirayə haqqı ödənilir, onların mənzillə təmin olunma öhdəliyində müəssisəmizdən asılı olmayan səbəblərdən müəyyən gecikmələr baş verir. Bununla da müəssisəmiz kifayət qədər artıq məbləğdə zərərə məruz qalır. Halbuki müəssisəmiz qısa zaman ərzində vətəndaşları mənzillərlə təmin etmək vəzifəsi daşıyır. Həmçinin tikinti işləri kifayət qədər gecikir. Qeyd edim ki, bir çox vətəndaşlarla aramızda razılıq əldə olunmuş və müqavilə bağlanmışdır. Lakin sadəcə az sayda vətəndaşla razılıq əldə edə bilməməyimiz və hazırkı məhkəmə işlərinin mövcudluğu səbəbindən digər vətəndaşları mənzillə təmin etmək öhdəliyimizi icra etməkdə çətinlik çəkməkdəyik. Cavabdehlər tərəfindən Bakı nzibati Məhkəməsinə verilmiş iddia ərizəsinin perspektivi mövcud deyildir. Çünki iş üzrə yer quruluşu planı, baş plan, müvafiq orqanlardan icazələr mövcuddur ki, bu da iş materialları ilə təsdiq olunur. Yəni İcra Hakimiyyətinin sərəncamında hər hansı bir vətəndaşın mülkiyyət hüququnu pozan müddəalar mövcud deyildir. Buna görə də hesab edirəm ki, qəbul edilmiş qərardad hüquqlarımızı məhdudlaşdırdığından və pozduğundan tamamilə ləğv edilməlidir”. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2514/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Cavabdeh tərəfindən isə şikayətə qarşı etiraz verilərək şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, göründüyü MPM-nin 254-cü maddəsi məhkəmələr qarşısında imperativ tələb qoyur, hər hansı dispozitiv yanaşmaya və disskresiya imkan tanımır. İmperativ norma əsasında qəbul edilmiş hər hansı qərarın qanuniliyini və əsaslığını mübahisələndirmək üçün həmin normanın hipotezasında göstərilən əsasların olmadığını əsaslandırmaq lazımdır. MPM-nin 254.1.4cü maddəsinin dispoziyasında iki hipoteza vardır: birincisi, başqa məhkəmənin icraatında iş olmalıdır və ikincisi, həmin işə baxılmayınca dayandırılması müzakirə olunan işə baxılması mümkün olmamalıdır. İddiaçı ASC yazır ki, şikayətində nə bu hipotezanı ümumiyyətlə müzakirə etmir, nə belə işin olmadığını iddia edir, nə də həmin işə baxılmadan hazırki işə baxılmasının mümkün olduğunu iddia edir. Buna rəğmən ASC Suraxanı rayon Məhkəməsinin 2(010)-2514/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayətini iki arqumentlə əsaslandırır: 1) “cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə verilmiş iddia ərizəsinin perspektivi mövcud deyildir” və 2) İnzibati Məhkəmələrdə baxılan işlər kifayət qədər uzun bir zaman alır. Faktiki olaraq ASC məhkəmədən imperativ normanın tətbiq edilməsinə, ağlabatanlıq prizmasından yanaşmağı, diskresiya tətbiq etməyi tələb edir. Əvvəla işin ağlabatan müddətdə baxılması və işin ədalətli həll edilməsi prinsipləri bir-biri ilə sıx bağlı olan ədalət mühakiməsinin iki prinsipidir. Bu prinsipləri bir-birindən ayrı qiymətləndirmək, birindən digərinin xeyrinə imtina etmək olmaz. Azərbaycan prosessual qanunvericiliyi işlərin baxılma müddətlərini nizamlayır. Mülki mübahisələr üçün bu müddət konkret olsa da, inzibati mübahisələr üçün beynəlxalq hüquqda (Avropa İnsan Hüquqları Konvensiyasının 6 və 13-cü maddəsində) və daxili hüquqda (Konstitusiyanın 60-cı maddəsi) əsasları müəyyən edilmiş “ağlabatan müddət” yanaşması tətbiq edilir. İnzibati mübahisələrə baxılmasının uzun çəkməsi, əgər bu ağlabatan müddətdə baş verirsə öz-özlüyündə pozuntu sayılmır. Yox əgər inzibati məhkəmə işə baxılmanı ağlabatan müddətdən artıq zamanda həyata keçirərsə bu nəinki iddiaçı üçün, həm də cavabdeh üçün pozuntu olar. İddiaçının şikayətdə istinad etdiyi bu arqument həddən artıq ümumi yanaşmadır, ehtimala əsaslanır. konkret bu işə aidiyyəti yoxdur. Çünki bu işlə bağlı inzibati məhkəmənin icraatında olan işə baxılmasında ağlabatan müddəti aşdığını iddia etmək hələ ki, mümkün deyil. ASC-nin digər arqumentinə gəldikdə isə başqa məhkəmənin icraatında olan iddianın mümkünlüyünü və əsaslı hesab edilmə prespektivini müzakirə etmək həmin məhkəmədən başqa hər hansı məhkəmənin səlahiyyətinə aid deyil. Bu bir başa məhkəmənin müstəqilliyi prinsipinin pozuntusu olar. İnzibati məhkəmə həmin işi icraata qəbul edib baxırsa, həmin mübahisə, həmin məhkəmə tərəfindən də həll edilməlidir. Əgər iddianın perespektivliyi müzakirə edilməlidirsə, hazırki iş üzrə verilən iddianın perespektivliyi müzakirə edilə bilər. Cavabdeh özünün iddiaya 24 iyun 2024-cü il tarixli etirazında buna kifayət qədər münasibət bildirib. ASC-nin bu iddianı qaldırmaq səlahiyyəti yoxdur. İddiaçı ilə cavabdeh arasında hər hansı mülki hüquq münasibəti mövcud deyil. Mülki Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulan cavabdehin iddiaçı qarşında hər hansı bir öhdəliyini yaradacaq hər hansı əsas mövcud deyildir. İddiaçı ilə cavabdeh arasında mülki münasibətlər yaradan müqavilə yoxdur, həmçinin cavabdehin iddiaçı qarşısında öhdəliyin əmələ gətirəcək zərər vurulma, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar mövcud deyildir. İddiaçının, mülkiyyət hüququ titulludur və 30 ildir ki, mövcuddur. Onu bu hüquqdan birtərəfli qaydada məhrum etmək yalnız qanun əsasında müəyyən edilmiş (hər hansı yox) inzibati orqanın səlahiyyətinə aid ola bilər. Hər hansı yoldan keçən şirkətin bunu etməsi hüquqi özbaşınalıq ola bilər. Bəzi hüquqi şəxslər dövlət funksiyalarını (inzibati səlahiyyətləri) yerinə yetirə bilər (hüquqda buna “delegation” deyilir), lakin bu səlahiyyət də həmin hüquqi şəxslərə qanun əsasında verilməlidir. Hazırki işdəki, ASC-yə qanunla belə səlahiyyət verilməyib. Buna rəğmən ASC belə səlahiyyəti Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı 248 saylı 21 noyabr 2022-ci il tarixli sərəncamı əsasında aldığını iddia edir. O zaman isə inzibati məhkəmədə məhz bu Sərəncam mübahisələndirilir. Belə olan halda bu iki mübahisə arasında bir başa əlaqə var. ASC-nin özünün iddia etdiyi kimi onun hüquqlarının, o cümlədən cavabdehə qarşı iddia qaldırmaq hüququnun əsasını təşkil etdiyi Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı 248 saylı 21 noyabr 2022-ci il tarixli sərənamının ləğv edilməsi barədə iddiaya baxılmayınca onun bu sərəncam əsasında qaldırdığı hər hansı iddiaya baxılması mümkün deyildir. Bu da MPM-nin 254.1.4-cü maddəsinin hipotezasında olan əsasi mövcudluğunu göstərir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; 256.0-cı maddəsinə əsasən iş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddiaçılar Cavabdeh, X1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “Bakı Çayçəici ASCyə) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair iddia qaldırmışdır və iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, həmin işlə hazırkı iş arasında tələb və tərəf baxımından bağlılıq aşkardır. Belə ki, iddiaçı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılmasını” tələb edir. Cavabdeh isə Bakı Şəhər İcra Hakimiyyətinin 248 nömrəli sərəncamın ləğv edilməsi tələb edir. Hansı ki, iddiaçı həmin sərancama əsasən cavabdehə qarşı Bakı şəhər Suraxanı Rayon Məhkəməsində hazırki iddianı irəli sürmüş və cavabdehdən ona məxsus olan fərdi yaşayış evindən və torpaq sahəsində çıxarılmasını tələb etmişdir. Belə olan halda Bakı İnzibati Məhkəməsində mübahisə tam həll edilməyənədək hazırkı işə baxıla bilməz. Qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq MPM-in 254-ci maddəsi ilə icraatı dayandırmaq hüququndan istifadə edərək, qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaq üçün iş üzrə icraatı Bakı İnzibati Məhkəməsində mübahisə tam həll edilməyənədək dayandırmışdır. Belə ki, cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyat-zadə küçəsində 0.6 ha torpaq sahəsində yerləşən, 6 otaqdan ibarət 359.58 m2 tikilmiş tikilinin sökülməsi, cavabdehin torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmasıbarədə iddia tələbi məhz Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsaslanır. Hazırki halda isə iddiaçılar Cavabdeh, X4 tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “Bakı Çayçəici ASC-yə) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair iddia qaldırıldığından hazırki tələbə baxılması həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi də prosessual qanunvericiliyin tələblərinə əsaslanmaqla hazırki iş üzrə icraatın düzgün olaraq dayandırılması qənaətinə gəlmişdir. Bundan əlavə Şair Ramazanov və Cavabdeh İnzibati-Prosessual Məcəlləsinin 38-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq sərəncamın ona təqdim edildiyi xx.xx.2024-cü il (Cavabdeh), xx.xx.2024-cü il (Şair Ramazanov) müddətdən 2 ay sonra məhkəməyə müddət ötürülməklə müraciət etməsi barədə şikayətin dəlilinə münasibətdə qeyd edilməlidir ki, qeyd edilən hal inzibati icraat qaydasında məhkəmədə işə baxılarkən qiymət verməli hal olmaqla hazırki iş üzrə həmin məsələyə qiymət verilməsi və icraatın dayandırılması barədə qərardadın ləğv edilməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2514/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2514/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar