Məhkəmə qərarları › İş №2(103)-10862/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10862/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10862/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İİddiaçı MMC-nın nümayəndəsi X8, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı «Kommunal” MMC-nın cavabdeh X9 oğluna qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(005)-2648/2021 nömrəli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 6217 (altı min iki yüz on yeddi) manat əsas borc, 500 (beş yüz) manat hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun “Kommunal" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cavabdeh X7 06.11.2007-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 267 №-li mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır və Bakı şəhəri Xətai prospekti 38 ünvanındakı binada yerləşən 267 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Nəzərinizə çatdırıram ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin cavabdeh X7 tərəfindən həmin mənzilə görə 06.11.2007-ci il tarixdən 01.04.2021-ci il tarixədək mövcud olan 7152 (yeddi min yüz əlli iki) manat kommunal borcdan cəmi 935 (doqquz yüz otuz beş) manatı ödənilmiş, qalan 6217 (altı min iki yüz on yeddi) manatı ödənilməmiş qalmışdır. Belə ki, cavabdeh X5 267 №-li mənzili üçün kommunal borcu 6217 (altı min iki yüz on yeddi) manat təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan kommunal borcunu ödəməmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28.11.2019-cu il il tarixli, 2(001)- 2648/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edimiş, cavabdeh X3 6217 manat (altı min iki yüz on yeddi) əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 6247 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmaması barədə, yəni İddiaçı MMC-nin iddia tələblərinə AR Mülki Məcəlləsində göstərilən müvafiq iddia müddətləri tətbiq edilməklə və əsas borc yenidən düzgün hesablanmaqla, etdiyi ödənişlər nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni qətnamə qəbul edilməsini, iddiaçının əsassız varlanmaq və haqsız qazanc əldə etmək niyyəti ilə verdiyi iddiası əsasında lüzümsuz xərclədiyi vəsaitlər, yəni hüquqi xidmətə xərclənilən 110 (yüz on) manat, dövlət rüsumunun ödənilməsinə xərclənin 15 (on beş) manat pulun iddiaçıdan tutularaq onun hesabına ödənilməsini və ya mövcud real kommunal borcu ilə əvəzləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamənin əsaslığının sübut edilməsinə yönələn norma və qərarlara formal olaraq istinad edilmişdir. Belə ki, cavabdeh tərəfindən mənzil-tikinti kooperativinin üzvlərinin yaşayış sahəsinin saxlanması və təmirinə görə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığı istisna edilmir. Cavabdeh öhdəliyi qanuni hesab edir və bu öhdəliyi ödəməkdən yayınmır. Cavabdehin mübahisələndirdiyi məsələ xidmətlərə görə müəyyən olunmuş haqq və onun ödənilməli olub-olmaması məsələsi yox, xidmət göstərmək öhdəliyini "xxxx" MTK ilə bağlanmış müqavilə əsasında üzərinə götürmüş İddiaçı MMC-nin yol verdiyi pozuntular, sui-istifadələr və əsassız varlanmaq niyyətidir. Cavabdeh iddia edir ki, komunal xidmətlərə görə müəyyən edilmiş haqq onun tərəfindən iddiaçıya mütamadi olmasa da, böyük hissədə ödənilmişdir. İddiaçı öz yol verdiyi pozuntuları, maxinasiyaları və yeyintiləri pərdələmək, habelə əsassız varlanmaq üçün məhkəmədə haqsız iddia qaldırmışdır. Əslində iddiaçının tələb etdiyi məbləğin böyük bir hissəsi cavabdeh tərəfindən ödənilmişdir və bu barədə məhkəməyə bildirilsə də, məhkəmə qeyd olunan fakta əhəmiyyət verməmiş, onun araşdırılması üçün heç bir hərəkətlilik göstərməmiş, müvafiq ekspertizalar keçirməmiş və şahidlərin cəlb olunması üçün cavabdehə imkan yaratmamışdır. Qeyd olunan binada yalnız cavabdeh yox, əksər sakinlər bu cür maxinasiyalarla üz-üzə qalmışlar. İddiaçı tərəfindən iddianı sübut etməyə yönələn hərəkətlər, faktlar və sənədlər kifatət etmir, məhkəməyə hər hansı iddianı sübut edən və onun tam əsaslı olmasını göstərən heç bir sənəd təqdim edilməmişdir. Çıxarılan qətnamə formal mülahizələrə və iddiaçının məhkəməyə verdiyi şifahi məlumatlara əsaslanır. Eyni zamanda iddianın tam, obyektiv və hərtərəfli araşdırılması üçün məhkəmə tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehin üzrlü səbəbləri olduğu halda, məhkəmə baxışı onun təxirə salınma barədə xahişi nəzərə alınmadan keçirilmiş və çəkişmə prinsipinin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsində cavabdehin üzrlü səbəbdən iştirak edə bilməməsinə baxmayaraq, iştirakı təmin olunmadığı üçün təqdim edə bilmədiyi ödəniş qəbzlərində göstərilən məbləğ də iddia tələbindən və borc məbləğindən çıxılmalıdır. Birinci instansiya məhkəməsində cavabdeh əmək (xidməti) fəaliyyəti ilə əlaqədar üzrlü səbəbdən iclasda iştirak edə bilməmiş və bu barədə məhkəməyə bildirmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən bu hal nəzərə alınmayaraq hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh iddianı qəbul etmədiyi halda məhkəmə tərəfindən iddia müddətlərinə dair normalar tətbiq edilməmiş, mövcud olan real borcun hesablanması üçün məhkəməmühasibatlıq və digər zəruri ekspertizalar keçirilməmişdir. Qeyd olunan iş üzrə “Müqavilə tələbləri üzrə iddia müddətləri” və “Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətlərinə” aid olan normalar tətbiq olunmalı olduğu halda olunmamışdır. Belə ki, İddiaçı MMC qeyd olunan kommunal ödənişləri "xxxx" MTK ilə aralarında bağlanmış müqavilə əsasında tələb edir və sakinlərin İddiaçı MMC qarşısında yaranan öhdəlikləri müntəzəm xarakterli olduğuna və vaxtaşırı müəyyən dövrün keçməsindən sonra yarandığına görə vaxtarışı ödənilməli olan öhdəliklərə aiddir. Qeyd olunan tələblər üzrə iddia müddəti AR Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən 3 il təşkil etdiyi halda, məhkəmə tərəfindən nəzərə alınmamış, iddiaçının göstərdiyi tarixdən, yəni 06.07.2007-ci il tarixdən hesablanmışdır ki, bu qanunvericiliyə ziddir. Real borc 01.04.2018-ci il tarixdən müvafiq zəruri ekspertizalar təyin edilməklə, Cavabdeh ödəniş qəbzləri nəzərə alınmaqla yenidən hesablanmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «Kommunal” MMC-nın nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06.07.2021-ci il tarixli 2(005)-2648/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Kollegiya qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməsinə dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdeh Anar Şıxməmmədovun apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan 06.11.2007-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "Hüquq” MTK tərəfindən Bakı şəhəri, Xətai prospekti, 18 mərtəbəli yaşayış binalarının C blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 17-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 149 kv.m təşkil edən mənzilin pay haqqını tam ödəməyi, MTK isə həmin mənzilin ona verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "Hüquq” MTK-nın üzvlərinin ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli iclas protokolundan görünür ki, həmin iclasda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılması qərara alınmışdır. İş materiallarında olan 01.05.2008-ci il tarixli "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi, bunun müqabilində kommunal haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.05.2012-ci il tarixli "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icraçı İddiaçı MMC bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürür. İş materiallarından görünür ki, "Hüquq” MTK ilə İddiaçı MMC arasında bağlanmış 01.05.2017-ci il tarixdə eyni məzmunlu daha bir müqavilə imzalanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 14.01.2021-ci il tarixli 18 saylı məktubdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu olması barədə xəbərdarlıq edilmiş, həmin borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə ünvan 3 ünvanda yerləşən 267 nömrəli mənzil üzrə 2007-2021-ci illər üzrə ümumilikdə 6217 manat borcu var. Beləliklə, işin araşdırılan halları və tərəflərin verdikləri izahatlarla müəyyən edilir ki, İddiaçı MMC "xxxx" MTK tərəfindən inşa edilmiş yüksəkmərtəbəli binada həmin MTK ilə bağladığı müddətli müqavilələr əsasında 2008-ci ildən hal-hazıradək kommunal xidmətlər göstərir və bunun müqabilində bina sakinlərindən kommunal xidmət haqlarını toplayır. Aylıq kommunal xidmət haqqı 1 kv.m üçün 0,30 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Anar Şıxməmmədov həmin binada 149,00 kv.m sahəsi olan 267 №-li mənzilin sahibidir. Həmin mənzilə görə aylıq kommunal xidmət haqqı 44,70 manat (149 kv.m x 0,30 manat) təşkil edir. Cavabdeh tərəfindən kommunal xidmətlərə görə 2018-2021-ci illər ərzində cavabdeh tərəfindən ümumilikdə 935 manat məbləğində pul ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında kommunal xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmamışdır. İddiaçı cavabdehin 2007-ci ildən başlayaraq ümumiyyətlə kommunal xidmətlərə görə ödəniş etmədiyini, yalnız son illər ərzində 935 manat ödəniş etdiyini bildirərək cavabdehdən bütün bu müddət ərzində ödəmədiyi pulların tutulmasını xahiş etmişdir. Cavabdeh isə kommunal xidmət haqqının məbləğinə və mənzilə görə kommunal xidmət haqqı ödəməli olmasına etiraz etməsə də, ilk növbədə İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətsiz olması və MMC-nin öz vəzifələrini yarıtmaz icra etməsi, habelə onun tərəfindən kommunal borcun böyük bir hissəsinin ödənilməsi, borcun düzgün hesablanmaması kimi hallara istinad etmişdir. Birinci instansiya məhkəməsi kommunal xidmət haqlarının 2007-ci ildən başlayaraq bütün ödənilmədiyi müddətə görə cavabdehdən tutulmalı olması (cavabdeh tərəfindən ödənilmiş 935 manat çıxılmaqla) qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması qaydaları qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29.12.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Qeyd edilən qanunvericilik normaların əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçiləri tərəfindən kommunal xidmətlərin və binanın saxlanması üçün xərclərin ödənilməsi üçün binanın idarəedici ilə mənzilin sahibi arasında yazılı müqavilə olmalıdır. Hazırkı işin hallarından bəlli olur ki, ilk İddiaçı MMC ilə cavabdeh Anar Şıxməmmədov arasında belə xidmətlərin göstərilməsi üçün yazılı müqavilə mövcud olmamışdır. Bununla yanaşı, tərəflər mübahisə etməmişlər ki, mübahisə olunan dövr ərzində həmin binanya kommunal xidmətlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Cavabdeh bu xidmətlərin keyfiyyətsiz olması, MMC-nin binada maliyyə fırıldaqları ilə məşğul olmasına bildirməsi, MMC tərəfindən həmin xidmətlərin göstərilmədiyi anlamına gəlmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yazılı müqavilənin mövcud olub-olmamasından asılı olmayaraq, mənzil mülkiyyətçisi olaraq Anar Şıxməmmədov həmin mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının saxlanıması kommunal xidmətlərin göstərilməsi üçün digər mənzil sahibləri ilə yanaşı məsuliyyət daşıyır. Qeyd edilən kommunal xidmət haqqı 1 kv.m sahə üçün 0,30 manat müəyyən edilmişdir və tərəflər bu məbləğin göstərilən kommunal xidmətlərə müvafiq olmasını mübahisələndirmirlər. Beləliklə, cavabdeh Anar Şıxməmmədovun İddiaçı MMC tərəfindən göstərilən kommunal xidmətlərə görə aylıq 44,70 manat məbləğində xidmət haqqı ödəməli olması, lakin həmin məbləği uzun müddət ərzində ödəməməsi, yaxud qismən ödəməsi səbəbindən iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi, mülki qanunvericilikdə başqasından hər hansı hərəkəti etməsini tələb etmək hüququ müddətlə məhdudlaşdırılmışdır və vaxtaşırı ödənişlər haqqında tələblər üçün bu müddət beş il müəyyən edilmişdir. Qeyd edilən müddətin keçməsi isə tələb hüququna xitam verilməsinə səbəb olur. Hazırkı iddianın predmetini hər ay ödənilməli olan kommunal xidmət haqqının təşkil etməsini, habelə yuxarıda sadalanan mülki qanunvericilik normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlmək olur ki, iddia tələbi üzrə kommunal xidmətlərə görə pul tələbi yalnız son beş il üzrə hesablanmalı və ödənilməlidir. Ondan əvvəlki dövrə görə hesablanmış kommunal xidmət haqqının iddiaçı tərəfindən tələb edilməsi hüququna isə yuxarıda qeyd edilən mülki qanunvericiliyik normalarının tələblərinə əsasən xitam verildiyindən, bu hissədə iddia tələbi əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən əvvəlki son beş illik müddət üzrə iddiaçının kommunal xidmətlərə görə borcu 1747 manat (44,70 manat x 60 ay – 935 manat ödənilmiş məbləğ) təşkil etmişdir. Ona görə də iddia tələbi qismən əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı kommunal xidmətlərə görə tələb edilən pulun tutulması hissəsində tam təmin etməklə səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə kommunal xidmətlərə görə hesablanmış borc üzrə 1747 manat pul tutulmalı, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(005)- 2648/2021 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin və cavabdeh X1 1747 (min yeddi yüz qırx yeddi) manat borc məbləği tutulub iddiaçı «Kommunal” MMC-ya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar