Məhkəmə qərarları › İş №2(103)-1087/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1087/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1087/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Əliyev Pərviz Adil oğlunun iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh Cəbrayılov Mehman Fərhad oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5631/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “Azəriqaz” İB cavabdeh Cəbrayılov Mehman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 8057,50 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 8087,50 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə məxsus istixananı təbii qazla təchiz edir. Cavabdeh müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulma cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto və video çəkilişlər aparılmışdır. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 6432 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1440 manat, cəmi 7872 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehin əvvəlki illərdən 185.50 manat debitor borcu qalmışdır. (7872+185,50= 8057,50). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5631/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə və təbii qazdan istifadə qaydalarını pozduğuna görə yaranmış 672 manat məbləğində dəymiş ziyanın, habelə iddiaçının məhkəməyə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədənapellyasiya şikayəti verərək, ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qanunsuz istifadə edilməsi faktının öz təsdiqini tapmadığını əsas götürüb. Məhkəmə iddiaçının aktlar yazıldığı tarixlərdə qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, pul ödəyib-ödəmədiyini araşdırmayıb, təqdim edilmiş fotoşəkillərə və şahid ifadələrinə münasibət bildirməyib. İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamış hissəsininqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət verməmiş, iddiaçı isə qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən paylayıcı istehlakçını keyfiyyətli qazla təmin edir, isteklakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəriçisinə uyğun olaraq ödəyir. İddiaçının əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, cavabdehin qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar xəttə qoşularaq qazdan istifadə etdiyi müəyyən edilmiş və xx.xx.2018-cı il tarixli ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı aktlar tərtib olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən cavabdehin yaşadığı evin həyətində sayğacdan kənar qaz xəttinə qoşulması müəyyən olunur. Abonentin saldosundan görünür ki, cavabdehin ümumilikdə 8057,50 manat borcu var. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılsa da, düzgün hesablanmamışdır. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* saylı aktda qazdan qanunsuz istifadə dövrü 14 gün əvəzinə 134 gün hesablanmış, əvvəlki aylardakı sərfiyyata uyğun (2017-ci ilin dekabr ayında 2199 m3, 2018-ci ilin yanvar ayında 1373 m3, 2018-ci il fevral ayında 1203 m3 və 2018-ci ilin mart ayına isə 907m3 sayğac vasitəsi ilə qazdan istifadə edilmiş) hesabat aparılmamış və ödənilən 950 manat nəzərə alınmamışdır. Bununlada hesabat 134 gün deyil 14 gün aparılmalı idi. Məhkəmə hesab etmişdir ki, 6x2x20x14=3360 m3 hesablanmalı idi (672 manat). 6432- 5760=672 manat borc hesablanmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2019-cu il tarixli ******* saylı akta görə hesablanmış borc tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qaydalara müvafiq olaraq qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İşdən görünür ki, iddiaçının əməkdaşları tərəfindən iyun 2019-ci il tarixdə, sonuncu dəfə isə yanvar 2019-cu il tarixdə cavabdehin istifadəsində olan istixanaya baxış keçirilmiş, qazdan qanunsuz istifadə faktı aşkar olunmuş, bu barədə xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib olunmuş, akt Birliyin əməkdaşları, eləcə də cavabdehin özü tərəfindən də imzalanmışdır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında aktı imzaladığını mübahisələndirməmişdir. İddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmış, qazdan qanunsuz istifadə dövrü daha çox olmasına baxmayaraq cəmi 60 gün hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə halı müəyyən edildiyindən cavabdehin iştirakı ilə tərtib olunan xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tələb olunan 1440 manat da cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Qeyd olunanlar kontekstində Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5631/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – iddianın xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1440 manat məbləğində pul tələbinin təmin olunmaması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh Cəbrayılov Mehman Fərhad oğlundan təbii qazdan qeyri-qanuni istifadəyə və təbii qazdan istifadə qaydalarını pozduğuna görə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında yaranmış 1440 (min dörd yüz qırx) manat məbləğində dəymiş ziyanın əvəzi tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilsin Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar