Məhkəmə qərarları › İş №2(103)-10886/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10886/2021

04.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10886/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə X2 Cavabdeh qarşı “icarə hüququnun tanınması və maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Ramin İdris oğluna qarşı (Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3,00 ha torpaq sahəsinə olan icarə hüquqlarının alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, sözügedən torpaq sahəsi üzərində icarə hüququnun tanınması və torpaq sahəsindən istifadəsinə maneələr yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsinə dair icarə hüququnun üçüncü şəxslərə özgəninkiləşdirilməsi üçün rəsmi razılığın verilməsinin Abşeron Rayon İcra Hakimiyyətinə qadağan edilməsi barədə qərardad çıxarılmasını istəmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə onun hüquqlarını pozmuş, iddianı təmin tədbirinin tətbiqinə əsaslar mövcud olmasına baxmayaraq qanunsuz qərar çıxarmışdır. Məhkəmə iclasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya hesab edir ki, göstərilən növdə iddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən mübahisə obyektinin qorunması MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlər baxımından zəruri olsun. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddia tələbinin mümkün təmin edilməsi halında cavabdehə məxsus icarə hüquqları iddiaçıya alqı-satqı əsasında verilmiş olacaqdır və bu səbəblə müvafiq tədbirin görülməməsi iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edən vəziyyətin ortaya çıxmasına səbəb ola bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Yəni qanunvericilik tələb edir ki, birincisi, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır, digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Başqa sözlə qanunverici "kifayət qədər" ifadəsindən istinad etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verilərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlmək mümkün olmalıdır. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və iddianın əsaslılığına dair ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının ərizəsində görülməsi xahiş edilən müvəqqəti təminat tədbirinin zərurilik meyarları da kifayət qədər əsaslandırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının eyni məzmunlu ərizəsi birinci instansiya məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ilə təmin olunmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2822/2021 saylı iş üzrə 29 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar