Məhkəmə qərarları › İş №2(103)-109/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-109/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-109/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Rauf Əzimovun, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair 2(004)-24/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsaasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15/011 saylı kredit müqaviləsi üzrə Cavabdeh 8961,63 ABŞ dolları əsas borc, 3176,69 ABŞ dolları müddət sonuna hesablanan faiz, 4046,77 ABŞ dolları cərimə, 984,56 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 17168,65 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh məxsus olan və ünvan 1 ünvanda yerləşən 709 saylı mənzilə tutma yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq, İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin Şərq filialı ilə Cavabdeh arasında bağlanılmış 30 iyul 2015-ci il tarixli, 15/011 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik faiz dərəcəsi 22 faiz olmaqla, 24 ay müddətinə 9300 manat məbləğində kredit verilmişdir. Bankla Cavabdeh arasında bağlanılmış 22 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 2 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh öhdəliklərini tam və vaxtında icra etmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 30 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 8961,63 ABŞ dolları əsas borc, 3176,69 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə, 984,56 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 13522,58 ABŞ dolları məbləğində pulun ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun və 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 23,36 m2, yaşayış sahəsi 6,76 m2 olan 1 otaqla mənzilə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, əldə olunan vəsait hesabına LPO İddiaçı-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehdən tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan 9300 ABŞ dolları kredit götürməsinə baxmayaraq iddiaçı ilk iddia ərizəsində əsas borcunun 9600 ABŞ dolları olduğunu göstərmişdir. Belə çıxır ki, onun iddiaçıya olan əsas borcu da artıb. Axı bu necə olur, əsas borc da arta bilər. Ödədiyi pullar ümumiyyətlə borcdan çıxılmayıb. Ona görə də, birinci instansiya məhkəməsində verdiyi əsaslı vəsatəti işə baxan məhkəmə tərəfindən əsassız olaraq təmin olunmadığından, həmin vəsatəti apellyasiya instansiyası tərəfindən təmin edilməli və iş üzrə mühasibatıq ekspertizası keçirilməli və onun iddiaçıya olan (24 ay müddətində) əsas və faiz borcu dəqiqləşdirilməli, iddiaçıya ödədiyi pullar qanuna müvafiq qaydada əsas və əlavə borcundan silinməlidir. Bir sözlə, iddiaçının ona verdiyi borc, onun iddiaçıya ödədiyi pullar, qalıq borc (müqavilə müddətində faiz və əsas) dəqiqləşdirilməlidir. Bundan başqa, işə baxan məhkəmə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin (pretenziya) də tələblərinin pozulması halını da nəzərdən qaçırmışdır. Hazırkı mülki iş üzrə iddiaçı müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində cavab almadıqda ona qarşı iddia irəli sürə bilərdi. Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinin pozulması Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci və 391-ci maddələrinə uyğun olaraq qətnamənin ləğv edilməsi və iddia tələbinin baxılmamış saxlanılması üçün əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən prosesual hüquq normaları düzgün tətbiq edilmədikdə qətnamə ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə qətnamə çıxararkən, yuxarıda göstərilən halları tam, hərlərəli və obyektiv araşdırmamış və nəticədə Azərbaycan Respublikası MPM-nin 386-387-cı maddəsinin tələblərini kobud şəkildə pozmaqla, maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunun tətbiqində səhvə yol vermişdir ki, bu da sonda əsassız və qanunsuz qətnamə çıxarması ilə nəticələnmişdir. Apellyasiya baxışı zamanı cavabdeh, həmçinin onun təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etdilər. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddia tələbinin təmin edilən hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 15/011 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik faiz dərəcəsi 22 faiz olmaqla, 24 ay müddətinə 9300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 15 korpus 2 ünvanda yerləşən 709 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 16 oktyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin müvafiq kredit müqaviləsi üzrə banka 8961,63 ABŞ dolları əsas borc, 3176,69 ABŞ dolları kredit müddətinin sonuna hesablanan faiz, 4046,77 ABŞ dolları cərimə, 984,56 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 17168,65 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. "xxxx" MMC tərəfindən tərtib olunmuş 11 iyun 2019-cu il tarixli 57 saylı qiymətləndirmə hesabatına əsasən, ünvan 3 ünvanda yerləşən 709 saylı mənzilin bazar dəyəri 55000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə borcun tutulmalı olmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair düzgün qənaətə gəlsə də, tutulmalı olan əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli, 9/261 nömrəli rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 15/011 saylı kredit müqaviləsi üzrə Cavabdeh 30 iyul 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 8961,58 ABŞ dolları, faiz borcu 2897,63 ABŞ dolları; 30 iyul 2017-ci il tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən) 19 oktyabr 2019-cu il tarixədək kredit borcu üzrə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla əsas borcu 8961,58 ABŞ dolları, faiz borcu 3892,12 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı 10 noyabr 2020-ci il tarixli, 16-04501-2020 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh ilə bağlanmış 30 iyul 2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanın təsir dairəsinə daxil edilməmişdir. Apellyasiya baxışı zamanı iş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş 14 mart 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 15 korpus 2 ünvanda yerləşən 709 saylı mənzilin likvid dəyəri 26000 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış kredit vəsaitini cavabdehə versə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini pozduğundan və müqavilə üzrə ödənişləri tam və vaxtında icra etmədiyindən, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə pretenziya qaydasında müraciət etmiş, göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı qanunla müəyyən olunmuş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam və vaxtında icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini əsaslı hesab edir, onun qeyrimötəbər olması ilə bağlı hər hansı şübhə mövcud deyildir. Ona görə də belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 15/011 saylı kredit müqaviləsi üzrə Cavabdeh 30 iyul 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 8961,58 ABŞ dolları, faiz borcu 2897,63 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun tutulmasına dair hissədə iddianı qismən əsaslı hesab edərkən haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçının tələb etdiyi dəbbə pulu mövcud olan əsas borca və faizə münasibətdə qeyri-mütənasibdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alan birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən dəbbə pulunu azaldaraq, 400 ABŞ dolları məbləğində müəyyən edərkən haqlı olmuşdur. Həmçinin, bankın müqavilə müddəti bitəndən sonra faizin tutulması tələbinə dair hissəsinə də birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bundan əlavə tələbin (tutmanın) ipoteka qoyulmuş yaşayış sahəsinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsinə dair hissədə də iddia əsaslıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən qanunvericilik normalarına əsasən, cavabdeh iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən, iddianın həmin hissəsinin də təmin edilərək, borc tələbinin kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinə yönəldilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, iddiaçının tələbinin ipoteka qoyulmuş yaşayış sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş həmin yaşayış sahəsinin açıq hərracdan satış yolu ilə realizə edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsinə hər hansı əsas mövcud deyildir. Belə ki,birinci instansiya məhkəməsində işə baxılan zaman "xxxx" MMC tərəfindən tərtib olunmuş 11 iyun 2019-cu il tarixli 57 saylı qiymətləndirmə hesabatında ünvan 5 ünvanda yerləşən 709 saylı mənzilin bazar dəyəri 55000 manat müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı iş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş 14 mart 2022-ci il tarixli qiymətləndirmə hesabatında isə həmin mənzilin likvid dəyəri 26000 manat qeyd olunmuşdur. Həmin qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh tərəf məhkəməyə apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə əsas və faiz borcunun tutulan məbləği hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş “30 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulan 8961,63 ABŞ dolları əsas və 3176,69 ABŞ dolları faiz borcunun məbləği” hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı LPO İddiaçı-nin xeyrinə tutulan əsas kredit borcunun məbləği 8961,58 (səkkiz min doqquz yüz altmış bir ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları, faiz borcunun məbləği 2897,63 (iki min səkkiz yüz doxsan yeddi ABŞ dolları altmış üç sent) ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar