Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1090/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinə qarşı mülki iş (Açar sözlər: «miras qoyana məxsus qanunla müəyyən edilmiş qaydada ayrılmış torpaq sahəsi və inşasına icazə verilmiş tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də üzərindəki hüquqlar(sahiblik və istifadə hüquqları, həmçinin gözlənilən mülkiyyət hüququ)vərəsəlik münasibətlərinin predmeti olmalıdır ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X11 oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1711/2024 saylı, 15 may 2024cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 1933 nömrəli sərəncamı ilə X6 Bakı şəhəri Suraxanı Rayon Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə istifadə etdiyi 600(altı yüz) kv.m torpaq sahəsinin ayrılması, X6 ayrılmış sahədə 185-000-111C nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və tikinti ilə ilə əlaqədar digər tədbirlərin görülməsi qərara alınmışdır.
2. X4 X9 ilə birinci nikahından X13 və X14 adlı övladları vardır. Səmədova(Qasımova) Almaz Kərim qızı xx.xx.2013-cü ildə ölmüşdür. X10 ilə X2 xx.xx.2019-cu ildə nikah bağlamış, X1 Səmədova soyadı verilmişdir. X10 xx.xx.2022-ci ildə ölmüşdür.
3. X13 4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən göstərib ki, xx.xx.2022-ci ildə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış atası X10 ölmüşdür. Daşınmaz əmlakdan ibarət mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələr vardır(olduğu halda): X14 - miras qoyanla qohumluğu - oğlu - ünvan Azərbaycan Respublikası; İddiaçı - miras qoyanla qohumluğu - arvadı - ünvan - Azərbaycan Respublikası; Mirasın tərkibinə daxil olan daşınar və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.
4. İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə göstərib ki, xx.xx.2022-ci ildə əri X10 ölmüşdür. Fərdi yaşayış evi ondan irs qalmışdır. Mirasın tərkibinə daxil olan torpaq sahəsi və nəqliyyat vasitəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edib, lakin 4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixli 2894 nömrəli məktubları ilə mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-652/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərarı ilə iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi; Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1933 nömrəli sərəncamı ilə ünvan 3 83 nömrəli evin yanındakı sahədə ayrılmış 492 kv.m. (732 kv.m. sahədən 240 kv.m. üst-üstə düşən hissə çıxılmaqla) torpaq sahəsinə mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə qarşı birinci növbəli qanun üzrə vərəsə hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə vəfat etmiş X4 1-ci növbədə qanun üzrə vərəsəsi hesab edilməsini və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, əri X4 ölümündən sonra miras qalmış ünvan 3 ünvanında yerləşən 72 nömrəli evə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1711/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın təmin edilməməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, X10 xx.xx.1950-ci ildə doğulmuşdur. X9 ilə nikaha daxi olmuş, həmin nikahdan X13 və X14 doğulmuşlar. Bundan sonra X10 iddiaçı ilə xx.xx.2019-cu ildə nikaha daxil olmuşdur. Birgə nikahdan onları uşaqları olmamışdır. X10 xx.xx.2022-ci ildə vəfat etmişdir. Bakı şəhəri Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 72 nömrəli ev X6 Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 1933 nömrəli sərəncamına əsasən məxsusdur. İddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməmiş, hal-hazırda həmin buraxılmış müddətin üzrlü hesab olunmasını və vərəsə kimi tanınmasını xahiş etmişdir. Göründüyü kimi, hazırkı mübahisəli münasibətlər sözügedən Plenumun Qərarı qəbul edilməmişdən əvvəl yarandığından, eyni zamanda iddia ərizəsi həmin Plenum Qərarı qəbul edildikdən sonra məhkəməyə verildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsi tətbiq olunmalıdır. Həmin maddə əsasında məhkəmə iddiaçının mirasın faktiki qəbul edilməsini və yaxud buraxılmış müddətin üzrlü səbəbdən buraxıldığını müəyyən edərsə mirasın qəbulu müddətini uzada bilər. İşdən görünür ki, iddiaçı mirasın açılması barədə vaxtında məlumatı olduğunu etiraf edir. Məhkəməyə onun tərəfindən əmlaka faktiki sahiblik etdiyini bildirsə də, nə bu barədə, nə də mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddətdə mirasın qəbulu üçün müraciət etməməsinə dair heç bir üzrlü səbəb göstərməmişdir. Ona görə də, iddianın təmin olunmasına dair nəzərdən keçirilməli və tədqiq olunmalı sübut olmadığına görə iddia tələbi rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edərək göstərib ki, 21 sentyabr 2023-cü il tarixli 4 saylı Bakı ”Asan Xidmət” mərkəzində Notariat ofisinin İddiaçı ünvanladığı məktubdan görünür ki, o, ilk dəfə mirası qəbul etmək üçün ərinin ölümündən 1 il sonra notariat ofisinə müraciət etmişdir. Bu da İddiaçı məhkəmə iclasında verdiyi ifadələrində söylədiklərini tam sübut edir. Belə ki, məhkəmə iclaslarında İddiaçı dəfələrlə bildirmişdir ki, mirasın qəbul etməsinə onun oğulluğu Qabil Səmədov qəsdən imkan verməmiş, narahat olmamağını, özünün bu işlərlə məşğul olduğunu bildirmiş, 1 il keçdikdən sonra isə onu evdən qovmuşdur. Mirasın faktiki qəbuluna gəldikdə isə, İddiaçı evə faktiki sahiblik edə bilmədiyini, oğulluğu tərəfindən həmin evə kirayəçilərin yerləşdirdiyini məhkəmə iclasında bildirmiş olsa da, məhkəmə qətnaməsində tam əksi yazılmışdır. Bu da məhkəmənin işə düzgün qiymət verməməsinə gətirib çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib məhkəmədən təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş edib, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 isə sonuncu məhkəmə iclasında iştirak etmədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 və 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1260. Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.
16. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58.Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
18.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi
Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası
Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat:
7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, ... miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
25. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
27. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
28. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia qismən haqlı sayılır.
29. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
30. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
31. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, həm də digər normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
32. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
33. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia tələbi iki hissədən, yəni ilkin və artırılmış ayrı-ayrı tələblərdən ibarət olmasına baxmayaraq məhkəmə bu tələblər üzrə həqiqi miras əmlakın tərkibini müəyyən etməyib, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyü qənaətinə gəlmiş, üstəlik “gecikdirmənin səbəbini” üzrlü saymayaraq uzatmanı rədd etmişdir. Məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. m.14.1 və 167.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
34. Əvvəla, birinci instansiya məhkəməsi qətnamədə yanlış olaraq qeyd edib ki, Bakı şəhəri Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 72 nömrəli ev X6 Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 1933 nömrəli sərəncamına əsasən məxsusdur. Çünki apellyasiya baxışı zamanı 3-cü şəxs qismində cəlb edilmiş X5 təqdim etdiyi çıxarışdan bəlli oldu ki, 72 nömrəli ev ½ hissədə X3, ½ hissədə isə X8 məxsusdur və xx.xx.2014-cü ildə sonuncunun adına həmin hissədə mülkiyyət hüququ qeydə alınıb. Düzdü iddiaçı tərəf qətnamə çıxarıldıqdan sonra yanlışlığın düzəldilməsi barədə ərizədə “ev 72” əvəzinə “ev 83” qeyd olunmasını xahiş etsə də məhkəmə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadında bu hissədə ərizəni təmin etməmişdir. Ancaq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 1933 nömrəli sərəncamı ilə X6 Bakı şəhəri Suraxanı Rayon Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə istifadə etdiyi 600(altı yüz) kv.m torpaq sahəsinin ayrılması, ayrılmış sahədə bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Demək ki, iddiaçının həqiqətən istəyi 72 nömrəli evə deyil miras qoyana məxsus 600(altı yüz) kv.m torpaq sahəsinə və üzərində yerləşən evə qanun üzrə vərəsəlik hüququnun tanınmasına nail olmaq olmuşdur. Bu hal iddiaçının 4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsi ilə də təsdiq olunur. Həmin ərizədə o, torpaq sahəsinə və nəqliyyat vasitəsinə vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçıya nəinki prosessual hüquqların həyata keçirilməsində köməklik edib, üstəlik miras əmlakın tərkibinin nədən ibarət olduğunu, eləcə də iddiaçının miras əmlakı faktiki olaraq qəbul etdiyini müəyyən etmədən onun həqiqətən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyü və gecikdirmənin səbəbinin üzrlü olmadığı barədə səhv qənaətə gəlmişdir.
35. Apellyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş şəxslərdən X5 4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində özündən başqa iddiaçının və qardaşı Habil Səmədovun birinci dərəcə vərəsə olduğunu təsdiq edərək ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Demək ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti iddiaçının ötürmüş olması həqiqi olsa idi belə, yenə də məhkəmənin gecikdirmənin səbəbini üzrlü sayması üçün digər vərəsənin razılığının olması və aralarında mübahisənin olmaması kifayət idi. Ancaq məhkəmə də bu hissədə yanlışlığa yol verərək notariusun səhvini təkrarlamışdır. Belə ki, iddiaçının mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə qanunla müəyyən edmiş müddətdə ərizə verməməsi, onun miras əmlakı həm də faktiki qəbul etməməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, iddiaçı miras açıldığı vaxtdan miras əmlaka(torpaq sahəsi üzərində olan evdə yaşamaqla və.s) sahiblik etməyə, həm də idarə etməyə faktiki başlamışdır. Bunu üçüncü şəxslər də təkzib etmədi. İddiaçı mirası qəbul etməsi barədə digər vərəsə Qabil Səmədov kimi vaxtında notariusa ərizə verməməsinin səbəbini sonuncunun onu aldatması ilə əlaqələndirmiş, lakin Qabil Səmədov da hər bir halda qanun üzrə birinci dərəcə vərəsə kimi iddiaçını ərizəsində göstərmişdir. 36.Birinci instansiya məhkəməsi bütün bu halları görə-görə həm notariusun “Notariat haqqında” Qanunun 55-ci maddəsinin tələblərini açıq-aşkar pozmasına haqq qazandırmış, həm də iddianın tam rədd etməklə səhv nəticəyə gəlmişdir. Çünki həmin maddənin tələbinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir... Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Deməli, notarius eyni dərəcəli bir vərəsənin ərizəsi ilə vərəsəlik işi açır, lakin həmin ərizədə göstərilən digər vərəsələrə açılmış miras barədə xəbər vermir və ya onların axtarılması üçün tədbirlər görmür, mirası faktiki qəbul etmiş vərəsə olan iddiaçı isə ərizə ilə ona müraciət etdikdə heç bir səbəb olmadan ona mirası qəbul etmək üçün olan müddəti ötürdüyü əsası ilə ona əsassız imtina verir. Qeyd olunduğu kimi məhkəmə də iddiaçının pozulmuş hüquqlarını bərpa etmək əvəzinə vərəsəliklə bağlı yaranmış mübahisənin həllini bir azda çətinləşdirmiş, nəticədə mübahisə də həll edilməmiş qalmışdır.
37. Məhkəmə tərkibi vurğulayır ki, həm notariat, həm də məhkəmə təcrübəsində dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əşyanın miras kütləsinə daxil etməkdə bir çəkinmə və ehtiyatlılıq müşahidə olunur. Araşdırılması hazırkı icraatın predmeti olmasa da bunun obyektiv və subyektv səbəbləri ola bilir. Bu cür səbəblərə dövlət reyestrindən qeydiyyatdan keçməyən daşınmaz əşyaların vərəsəlik münasibətlərinin predmeti ola bilməsinin qanunvericilikdə birbaşa nəzərdə tutulmaması, dövlət reyestrindən qeydiyyatdan keçməyən daşınmaz əşyaların vərəsəlik münasibətlərinin predmeti kimi qəbul edilməsinin bu cür əşyaların əldə edilməsinə və ya inşa edilməsinə hüquqi və qanuni əsaslar olmadan stimul yaratması və rəvac verməsi və.s aid ola bilər. Əlbətdə ki, hüquqların, o cümlədən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka hüquqların, o cümlədən mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir(KM xx.xx.2010 qər.). Ancaq maddi və digər ehtiyacları qarşılaması, həmçinin faktiki bazar dəyərinin olması baxımından miras qoyanın əmlak aktivinə daxil olan, çox vaxt isə daşınar əşyalardan xeyli baha dəyəri olan belə əşyaların vərəsəlik münasibətlərində mövcud olmayan əşyalar kimi qəbul edilməsi iqtisadi dövriyyənin real ehtiyaclarına uyğun deyil və inkişafına mane olur. Başqa sözlə, dövlət reyestrindən qeydiyyatdan keçməmiş daşınmaz əşyalar da(torpaq sahəsi, tikili və.s) miras kütləsinə daxil edilə bilər. Yəni, bu cür əşyaların miras əmlak kimi birbaşa hansısa vərəsənin fərdi mülkiyyətinə verilməsi mümkün olmasa da onlar üzərində olan hüquqların(sahiblik və istifadə hüquqlarının, həmçinin gözlənilən mülkiyyət hüququnun) paylarına uyğun şəkildə vərəsələrə keçməsi rəsmiləşdirilə bilər. Çünki miras qoyanın həmin əşyadan necə yararlanır yaxud faydalanırdısa, vərəsələr də eyni qaydada yararlanmağa və faydalanmağa haqlıdırlar. Bu cür əşyalar dövlət reyestrində qeydiyyata alındıqdan sonra isə vərəsələr arasında aparılan bölgü ilə onlardan birinin fərdi mülkiyyətinə verilə bilər.
38. Hazırkı vərəsəlik mübahisənin predmeti olan torpaq sahəsi (üzərində olan tikili ilə birlikdə) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 1933 nömrəli sərəncamı ilə miras qoyan X6 Bakı şəhəri Suraxanı Rayon Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə istifadə etdiyi 600(altı yüz) kv.m torpaq sahəsi kimi ayrılmışdır və ona ayrılmış sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilib və tikinti ilə ilə əlaqədar digər tədbirlərin görülməsi qərara alınmışdır. Demək ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin torpaq sahəsi qanuni əsaslarla ayrılmış və üzərindəki tikiliyə qanuni əsaslarla icazə verilmişdir və bu gün də vərəsələr tərəfindən miras qoyanın istifadə etdiyi qaydada istifadə olunur. Bu cür vəziyyətdə onun üzərindəki hüquqlara, o cümlədən gözlənilən mülkiyyət hüququna vərəsəlik payının müəyyən edilməməsi üçün əsaslar mövcud deyildir.
39. Apellyasiya baxışı zamanı mülki işin materialları ilə müəyyən edildi ki, 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 29 sentyabr 2022-ci il tarixli, 2080№-li məktubunda xx.xx.2022-ci il tarixində vəfat etmiş X4 adına vərəsəlik işinin açıldığı barədə məlumat verilmiş, mərhum X6 məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yanında 600 kv.m torpaq sahəsinə daşınmaz əmlak barəsində dövlət reyestrindən çıxarışın notariat ofisinə təqdim olunması xahiş olunmuşdur.
40. 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna 06 fevral 2025-ci il tarixli, 366 nömrəli cavab məktubundan bəlli oldu ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 29 sentyabr 2022-ci il tarixli, 2080№-li məktubuna cavab verilmədiyi və buna görə də əmlak ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilmədiyi göstərilmişdir.
41. Yaranmış zərurətlə əlaqədar mərhum X6 fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 05 noyabr 1998-ci il tarixli, 1933 nömrəli Sərəncamı ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yanında 600 kv.m torpaq sahəsi ayrıldığından və fərdi yaşayış evinin tikintisinə icazə verildiyindən, bununla bağlı həmin torpaq sahəsinə və üzərindəki tikiliyə dair daşınmaz əmlak barəsində dövlət reyestrində hansısa hüququn qeydə alınıb-alınmaması, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə əsasən mərhum X4 vərəsələrinə qeyd olunan torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında Arayışın verilibverilməməsi, verilməmişdirsə bunun səbəbləri, eləcə də 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinin Daşınmaz 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 29 sentyabr 2022-ci il tarixli, 2080№-li məktubuna dair cavabın kimə verildiyi(surəti əlavə olunmaqla) barədə məlumatın Bakı Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş olundu.
42. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 17 mart 2025-ci il tarixli məktubunda mərhum X4 adına Bakı İnzibati Məhkəməsinin 2-1(112)-652/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərarına əsasən ünvan 3 83 nömrəli evin yanındakı torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə “Vərəsəsinə hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış” verildiyi bildirilmişdir.
43. Həqiqətən müəyyən edildi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-652/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərarı ilə iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının qismən təmin edildiyi, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1933 nömrəli sərəncamı ilə ünvan 3 83 nömrəli evin yanındakı sahədə ayrılmış 492 kv.m. (732 kv.m. sahədən 240 kv.m. üst-üstə düşən hissə çıxılmaqla) torpaq sahəsinə mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilib və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Düzdü torpaq sahəsinin faktiki sahəsinin nə qədər olmasının müəyyən edilməsi hazırkı iddianın və icraatın predmetini təşkil etmir. Çünki hazırkı işdə yalnız qanunla müəyyən edilmiş qaydada ayrılmış torpaq sahəsi və üzərində inşasına icazə verilmiş tikiliyə olan hüquqlara dair vərəsəlik mübahisəsi həll edilir.
44. Göründüyü kimi, apellyasiya baxışı zamanı 3-cü şəxs qsmində işə cəlb edilmiş qanun üzrə birinci dərəcə vərəsələrdən olan Qabil Səmədovun inzibati məhkəmə icraatı qaydasında verdiyi iddiası qismən təmin edilərək miras əmlak olan torpaq sahəsinə hüququn miras qoyana məxsus olması barədə arayışın verilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması da hələlik daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də miras əmlak olan torpaq sahəsi və üzərində inşa olunmuş tikiliyə olan hüquqa(sahiblik və istifadə hüququna, eləcə də gözlənilən mülkiyyət hüququna) qanun üzrə birinci dərəcə vərəsə olan iddiaçı və üçüncü şəxslərin 1/3 hissədə vərəsəlik paylarının müəyyən edllməsini və vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdeh notariat ofisinə həvalə edilməsini zəruri edir. Yekun olaraq məhkəmə tərkibinin vahid mövqeyinə görə miras qoyana məxsus qanunla müəyyən edilmiş qaydada ayrılmış torpaq sahəsi və inşasına icazə verilmiş tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də üzərindəki hüquqlar(sahiblik və istifadə hüquqları, həmçinin gözlənilən mülkiyyət hüququ)vərəsəlik münasibətlərinin predmeti olmalıdır.
45. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1711/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli; Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 1933 nömrəli sərəncamı ilə mərhum X6 fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri Suraxanı Rayon Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə istifadə etdiyi 600(altı yüz) kv.m torpaq sahəsi və üzərində inşa olunmuş tikiliyə olan hüquqa(sahiblik və istifadə hüququna, eləcə də gözlənilən mülkiyyət hüququna) 1/3 hissəsinə X5, 1/3 hissəsinə X7 və 1/3 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalı və həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisinə həvalə edilməlidir.
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1711/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 1933 nömrəli sərəncamı ilə mərhum X6 fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri Suraxanı Rayon Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə istifadə etdiyi 600(altı yüz) kv.m torpaq sahəsi və üzərində inşa olunmuş tikiliyə olan hüquqa (sahiblik və istifadə hüququna, eləcə də gözlənilən mülkiyyət hüququna)1/3 hissədə X5, 1/3 hissədə X7 və 1/3 hissədə İddiaçı vərəsəlik hüququ tanınsın və həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisinə həvalə edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.