Məhkəmə qərarları › İş №2(103)-10918/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10918/2021

04.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10918/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı "artıq alınmış pensiya məbləğinin qaytarılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(009)-1996/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 5177,09 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(009)- 1996/2021 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İddiaçı şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2021ci il tarixli, 2(009)-1996/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, şikayət Məhkəmənin 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh atasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 31.07.2020-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 5777,09 (beş min yeddi yüz yetmiş yeddi manat, doqquz qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. Tərəflərindən Cavabdeh dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 5177,09 manat dövlət borcu Mərkəzi Filialın hesabına ödənilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirakı etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Müəyyən olunur ki, inzibati orqanın qəbul etdiyi qərar əsasında pensiyanın verilməsi dayandırılmışdır. İnzibati orqanın inzibati fəaliyyəti ilə bağlı aldığı qərarlara və etdiyi hərəkətlərə inzibati hüquq qaydaları, ya da daha geniş mənada publik hüquq qaydaları tətbiq edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Qərarda məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: «Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir… İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.» İş materialları ilə müəyyən edilir ki, cavabdehin mərhum atasına hesablanmış pensiyanın verilməsi inzibati orqanın qərarı əsasında dayandırılmışdır. İnzibati orqanın inzibati fəaliyyəti ilə bağlı qəbul etdiyi qərarlara və etdiyi hərəkətlərə isə publik hüquq qaydaları tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qanətə gəlir ki, hazırki mülki işin icraatına xitam verilməsi düzgün olmuşdur. Bununla yanaşı, iddiaçıya eyni tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ da izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(009)- 1996/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar