Məhkəmə qərarları › İş №2(103)-10920/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10920/2021

01.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10920/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, X4 və İddiaçı4, Cavabdeh1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2222/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, X4 və İddiaçı4 cavabdehlər Bakı şəhəri Səbail rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh1 qarşı açıq saxlanılmış miras əmlakına paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 13 saylı evin 98 mənzilinin 4/10 hissədə açıq saxlanılmış miras əmlakına paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2222/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1, İddiaçı2 və X1 miras qoyan X2 mülkiyyətində olan olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı evin 98 saylı mənziilnin açıq saxlanılmış 3/10 hissəsinə bərabər paylarla qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlak üzərində onların hər birinin 1/10 hissədə payı müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar qətnamədən birgə apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi miras əmlakın 1/10 hissəyə dair vərəsəlik payı barədə Cavabdeh1 qətnamədənkənar notariat ofisinə müraciət etməyi tövsiyə etmişdır, halbuki o notariat ofisinə vərəsəlik açılan vaxtdan müraciət etmədiyi üçün miras əmlaka vərəsəlik hüququnu itirmişdir. Bu səbəbdən, qətnamənin qismən, 1/10 hissədə açıq qalmış miras əmlaka dair hissəsində onların payının müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı1, A.Mehdiyev, İddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, 4 ildi ki, onu evə buraxmadıqlarını qeyd etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Səbail rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə göndərdiyi ərizədə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki işdə olan Səbail rayon Məhkəməsinin 2(009)-3159/2019 saylı, 17.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı4 miras qoyan X2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı evin 98 saylı mənzilinin ½ (5/10 hissə) hissəsinə birgə əmlak kimi mülkiyyət hüquqları, 1/10 hissəsinə qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlak üzərində 6/10 hissədə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 13 saylı evin 98 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 6/10 hissəsi İddiaçı4, açıq qalmış 4/10 hissəsi X2 mülkiyyətindədir. Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən X3 və İddiaçı4 ünvanlanmış 16.07.2021ci il tarixli 486 və 487 saylı məktublarından görünür ki, 22.08.2018-ci ildə vəfat etmiş X2 adına Bakı şəhəri 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Miras qoyan X2 vəfatından sonra qanun üzrə birinci dərəcəli vərəsələri övladları İddiaçı1 oğlu, İddiaçı2, X4, arvadı İddiaçı4 və anası Cavabdeh1 qalmışdır. Lakin, İddiaçı4 Cavabdeh1 ilə münasibətlərinin olmadığı və aralarında miras payının bölünməsində mübahisənin olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(009)-3159/2019 nömrəli qətnaməsinə əsasən miras qoyan X2 miras əmlakının 1/10 hissədə paya dair vərəsəsi arvadı İddiaçı4 adına 06.03.2020-ci il tarixdə 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ½ (5/10) hissədə paya dair 06.03.2020-ci il tarixdə 2V-13 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda, qeyd edirlər ki, həmin qətnaməyə əsasən miras əmlakın 4/10 hissədə pay açıq saxlanılmış və həmin payın hansı vərəsəyə çatması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq miras əmlakın açıq saxlanılmış 4/10 hissədə payın hansı vərəsəyə verilməsini müəyyən etmək üçün məhkəməyə müraciət etməsini tövsiyyə olunur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və Akif Mehdiyevin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 13 saylı evin 98 saylı mənzilinə hər birinin vərəsəlik payı 1/10 olmaqla müəyyən edilməli, iddia tələbi miras əmlakın qalan 1/10 payı hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırmaları ilə müəyyən olunmuşdur ki, miras qoyan X5 22.08.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və onun ölümü ilə əlaqədar miras açılmışdır. X6 Mehdiyeva arasında 02.09.1997-ci il tarixdə nikah bağlanılmış və onların həmin nikahdan xx.xx.1999-cu il təvəllüdlü Günel adlı, xx.xx.2000-ci il təvəllüdlü Gülüsüm adlı və 30.04.2003-cü il təvəllüdlü Akif adlı uşaqları anadan olmuşdur. X6 Mehdiyeva birgə nikahda olduqları vaxt Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 13 saylı evin 98 saylı mənzili əldə etmişlər və həmin mənzil mərhum H.Mehdiyevin adına qeydiyyata alınmışdır. Heydər Mehdiyevin vəfatında sonra birinci növbəli vərəsələri arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə yarandığı üçün notariat kontoru vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Səbail rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı4 miras qoyan X2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı evin 98 saylı mənzilinin ½ (5/10 hissə) hissəsinə birgə əmlak kimi mülkiyyət hüquqları, 1/10 hissəsinə qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlak üzərində 6/10 hissədə payı müəyyən edilmişdir. İddiaçılardan Akif Mehdiyev və İddiaçı4 1 saylı notariat ofisinə müraciət edərək Səbail rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli qətnaməsinə əsasən açıq saxlanılmış hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Lakin notariat kontoru tərəifndən miras əmlakın açıq saxlanılmış 4/10 hissədə payın hansı vərəsəyə verilməsini müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur İddiaçılar tərəfindən irəli sürülmüş hazırkı tələb mənzilin 4/10 hissədə açıq qalmış miras əmlakına paylarının müəyyən olunması ilə bağlıdır. Hazırkı iş üzrə iddiaçılar və cavabdeh miras qoyanın birinci növbəli vərəsələr sırasına daxildir. İddiaçılar miras qoyanın həyat yoldaşı və uşaqları, cavabdeh isə anasıdır. Rayon məhkəməsi qeyd etmişdir ki, İddiaçı4 miras əmlak üzərində payı müəyyən edilərək ona ayrıldığı üçün (Səbail rayon Məhkəməsinin 2(009)-3159/2019 saylı, 17.12.2019-cu il tarixli qətnaməsi ilə), o, miras əmlakın açıq saxlanılmış 4/10 hissəsindən də ona payın ayrılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. İddiaçı4 o halda açıq saxlanılmış hissəyə öz vərəsəlik hüquqlarının tanınmasını tələb edə bilər ki, payı açıq saxlanılmış vərəsə mirasdan imtina etsin və yaxud onun qəbulu ilə bağlı sussun, yəni mirası müəyyən edilmiş müddətdə qəbul etməsin. AR Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci madəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Kolegiya rayon məhkəməsinin mövqeyi ilə razılıaşaraq qeyd edir ki, Cavabdeh1 miras əmlakdan imtina etmədiyi üçün, eyni zamanda miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müəyyən edilmiş müddət ərzində ərizə verdiyi üçün, o həmin 1/10 payı qəbul etmişdir və həmin pay da onun mülkiyyəti hesab edilir. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçıların miras əmlakda faktiki olaraq yaşamaları və miras əmlakı idarə etmələri, digər vərəsə olan Cavabdeh1 miras əmlaka olan hüquqlarından məhrum etmir. AR Mülki Məcəllənin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Мirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etdiyi üçün, bununla da o, mirası qəbul etmək üçün öz iradəsini ifadə etdiyi üçün, iddiaçılar açıq saxlanılmış həmin hissəyə də onların vərəsəlik hüquqarının tanınmasını tələb etməkdə haqlı deyirlər. Bu səbəbdən həmin payın (1/10 hissəsinin) bölüşdürülməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə qalan 3/10 hissədə iş üzrə iddiaçılardan İddiaçı1, İddiaçı2 və Akif Mehdiyevin vərəsəlik hüquqlarının tanınması ilə bağlı bildirmişdir ki, həmin hissədə tələb təmin edilməlidir və onların bərabər paylarla (hər birinə 1/10 hissə olmaqla) vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul etmişdir. Buna baxmayaraq rayon məhkəməsi qətnamənin “qət etdi” hissəsində təmin edilməmiş 1/10 hissədə iddia tələbinin təmin edilməməsini qeyd etməmiş, nəticədə prosessual pozuntuya yol vermişdir. Halbuki, MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi ... göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən, iddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, X1 iddiası qismən təmin edilməli, İddiaçı1, İddiaçı2 və X1 miras qoyan X2 birinci növbəli vərəsələri kimi miras əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı evin 98 nömrəli mənzilinə hər birinin 1/10 hissədə olmaqla payları müəyyən edilməli, İddiaçı4 iddia tələbi bütünlüklə, iddiaçılar İddiaçı1, İddiaçı2, X1 iddia tələbi miras əmlakın qalan 1/10 hissəsinə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X4 və İddiaçı4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-2222/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X1 iddiası qismən təmin edilsin. İddiaçı1, İddiaçı2 və X1 miras qoyan X2 birinci növbəli vərəsələri kimi miras əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı evin 98 nömrəli mənzilinə hər birinin 1/10 hissədə olmaqla payları müəyyən edilsin. İddiaçı4 iddia tələbi bütünlüklə, iddiaçılar İddiaçı1, İddiaçı2, X1 iddia tələbi miras əmlakın qalan 1/10 hissəsinə münasibətdə təmin edilməsin. Apellyasiya şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar