Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10922/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(009)-2180/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 1 100 manat əsas borc və 30 manat ödənilmiş dövlət rusumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsinə əsasən «Kia Optima» markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol vərəqəsinə əsasən 28.06.2021-ci il tarixdən 20.07.2021-ci tarixədək cavabdehə icarəyə verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq (icarə müqaviləsi 8.4) idarəetməni X3 ötürmüşdür. Avtonəqliyyat vasitəsi cavabdehin ixtiyarında olduğu vaxt 29.06.2021-ci il tarixdə, saat 02:20 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində X8 əməkdaşları tərəfindən avtonəqliyyat vasitəsinə İXM 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsi ilə 100 manat cərimə tətbiq edilmişdir. Əlavə olaraq icarə müqaviləsinin 8.4-cü bəndini pozduğuna görə cavabdeh tərəfindən MMC-nin xeyrinə 1000 manat ödənilməlidir. Qəza törədilən vaxt cavab sözügedən məbləği tezliklə MMC-yə qaytaracağına söz vermiş, lakin indiyə kimi həmin məbləği qaytarmağa hec bir cəhd göstərməmişdir. Borcun tam ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(009)- 2180/2021 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) cavabdehdən iddiaçının xeyrinə 100 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsinin tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, cərimənin çox azaldılmasını, iddianın tam təmin olunmalı olmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında müvafiq avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsinin bağlanması, müqaviləyə əsasən «Kia Optima» markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsisinin yol vərəqəsinə əsasən 28.06.2021-ci il tarixdən 20.07.2021-ci tarixədək cavabdehin icarəsinə verilməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan elektron sistemdən çıxarışdan görünür ki, 29.06.2021-ci il tarixli İXP ******* nömrəli protokola əsasən X5 29.06.2021-ci il tarixdə, saat 02:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsinə görə İXM 332.2-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. Hazırda iddiaçı icarə müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulmasına əsaslanaraq, ondan müqavilənin 8.4-cü bəndində nəzərdə tutulmuş 1000 manat cərimə pulunu və nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan idarə edilməsinə görə səlahiyyətli dövlət orqanı tərəfindən İXM-in 332.2-ci maddəsi ilə tətbiq edilmiş inzibati cəriməyə görə 100 manat tələb edir. İşdə olan 10.07.2021-ci il tarixli, 02 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə MMC-yə olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın «DYP tərəfindən yazılmış 100 manat cərimə borcunun tutulması» hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf X3 (sürücülük vəsiqəsinə) yazılan 100 manat cərimə məbləğini ödəməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbini «1000 manat cərimə borcunun tutulması» hissədə qismən təmin edərkən isə, həmin pul vəsaitinin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını və s. nəzərə alaraq həmin pulun azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də icarə müqaviləsidir. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (MM, maddə 700.1). MM-in 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. MM-in 683.3-cü maddəsinə əsasən istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.2.7-ci bəndinə əsasən avtonəqliyyat vasitəsi üçüncü şəxs tərəfindən idarə olunacaqsa, İcarədar bu barədə dərhal İcarəyə verənə məlumat verməlidir və qanuna uyğun yol vərəqəsi almalıdır. Həmin müqavilənin 8.4-cü bəndində idarəetmənin digər şəxsə ötürülməsinə görə 1000 manat cərimə nəzərdə tutulmuşdur. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə kollegiyası, işin faktiki hallarını, müqavilə şərtlərini və qanunvericiliyin qeyd edilən normaları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı inzibati xəta ilə bağlı tətbiq olunmuş 100 manat cərimənin cavabdehdən tutulması hissədə rədd etməkdə haqlı olmuşdur. Çünki, həmin pul vəsaiti (inzibati xəta ilə bağlı cərimə) iddiaçı barəsində tətbiq olunmamış, eyni zamanda iddiaçı həmin pul vəsaitini ödəməmişdir. Belə olan halda isə iddiaçının həmin pul vəsaitini cavabdehdən tələb etməkdə müvafiq tələb (subyektiv) hüququ yaranmamışdır. Kollegiya, 1000 manat cərimənin tutulması hissəsində isə qeyd edir ki, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi, qanunverici tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılması imkanını nəzərdə tutmuş, birinci instansiya məhkəməsi həmin imkandan işin hallarına uyğun qaydada istifadə etmişdir. İddiaçı isə yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(009)-2180/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(009)-2180/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10922/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10922/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver