Məhkəmə qərarları › İş №2(103)-1094/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1094/2023

17.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1094/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X7 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2022-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" ləğv edilməsi barədə MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 188/22-k nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış Ə/M AO/80/1 nömrəli "xxxx" əsasən iddiaçı cavabdeh MMC-də texniki istismar xidmətləri üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə Ə248/18-1-k nömrəli əmrlə həmin müəssisədə elektron avadanlıqları üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixədək həmin vəzifədə çalışmışdır. xx.xx.2022-ci il tarixdə verilmiş, 188/22-k nömrəli əmrlə iddiaçı ilə bağlanmış "xxxx" Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, cavabdeh MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən X16 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə iş otağında mübahisə baş vermişdir. Mübahisə sonradan aqressiv hal almış və iddiaçı həmin şəxsin boğazından tutaraq onu boğmağa çalışmışdır. Bununla yanaşı, iddiaçı həmin şəxsin ünvanına əxlaq normalarına sığmayan sözlər ifadə etmişdir. Bununla da, o, öz hərəkəti ilə iş yerində işin normal ahəngini pozmuşdur. İddiaçı hesab edir ki, həmin əmr aşağıda göstərilənlərə əsasən qanunsuz hesab edilərək ləğv edilməlidir: Birincisi- əmr qəbul edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələbləri pozulmuşdur. Belə ki, hazırki situasiyada iddiaçı ilə Ə.Kazımov arasında mübahisə xx.xx.2022-ci il tarixdə olmuş, elə həmin vaxt da baş vermiş hadisə işəgötürənə məlum olmuşdur. Lakin bundan 1 ay 6 gün sonra, xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrlə iddiaçı ilə bağlanmış "xxxx" xitam verilmişdir. İkincisi- əmrdə, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsinin əsası kimi 2-ci hal (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilmişdir. Lakin iddiaçının əməlinin Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndi ilə əhatə olunduğuna dair əmrdə heç bir şey göstərilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq göstərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrdə kobud pozuntunun 72-ci maddənin konkret hansı bəndi ilə əsaslandırılması göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrdə heç bir əsaslandırma yoxdur. Əmrdə qeyd edilir ki, iddiaçı öz hərəkəti ilə iş yerində işin normal ahəngini pozmuşdur. Əslində isə həmin hadisə baş verdiyi zaman MMC-nin fəaliyyəti dayandırılmamış, işçilər müəssisənin fəaliyyəti dayandığına görə evə göndərilməmiş, iş normal axarı ilə davam etmişdir. Bundan başqa, həmin gün sadəcə otaqda olan Teymur Quliyev baş vermiş mübahisəyə şahid olmuşdur. Bir nəfər isə əmək kollektivi hesab edilmir və işəgötürənin “əmək kollektivi bu insidentin geniş vüsət almaması üçün səfərbər olunmuş” kimi ifadələrdən istifadə etməsi mübaliğədən başqa bir şey deyil. Aralarındakı mübahisə xuliqanlıq xarakterli olmamış, digər işçilərin əmək fəaliyyətini dayandırmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 188/22-k nömrəli əmr ləğv edilməli, o, əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi işburaxma müddəti üçün əmək haqqı MMC tərəfindən ona ödənilməlidr. b) iddia tələbinə qarşı verilmiş etiraz barədə məlumat

3. Cavabdeh MMC-nin iddia tələbinə qarşı verdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iş prosesində mübahisəsi cavabdeh MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən Ə.Kazımov ilə olmuşdur. İddiaçı bilməli idi ki, Əmək Məcəlləsinin 223cü maddəsinin 3-5-ci hissələrinə görə, “Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunverciliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya ləğv edə bilər. İddia ərizəsində iddiaçının qeyd etdiklərindən, eləcə də iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrinin qəbul edilməsinə əsas verən izahatlardan görünür ki, iddiaçı, SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən Ə.Kazımovun iş prosesində əməyin mühafizəsi ilə bağlı iradlarını ciddi qəbul etməmiş, məsələ mübahisəli xarakter almış, məsələnin həlli məqsədilə iddiaçı, Ə.Kazımovun onlarla bir otaqda oturmaması məsələsini həll etməyə çalışmış, iş yerinin dəyişdirilməsi məsələsini buna kifayət qədər səlahiyyəti olan şəxslərlə müzakirə etməmiş və səlahiyyəti olmadığı halda bu barədə Ə.Kazımova göstəriş vermişdir. Əmək Məcəlləsinin 209-cu maddəsinin üçüncü abzasına görə, “işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması” əməyin mühafizəsinin əsas prinsiplərindən biridir ki, iddiaçı iş prosesində Ə.Kazımovla arasında mübahisə yaranarkən bu prinsipləri rəhbər tuta bilməmişdir. İddiaçı, Ə.Kazımovun iş yerinin digər otaqda olması məsələsini qaldırsa da, qanunamüvafiq formada həll edə bilməmişdir. Öz hərəkətlərində hüquqi baxımdan haqlı olmadığı halda, iddiaçı iş prosesində Ə.Kazımova fiziki güc tətbiq etməklə onu hər gün olduğu iş yerindən çıxarmağa çalışmış, nalayiq sözlərə, ifadələr yol vermiş və bununla da ən azı iş yoldaşlarını əmək funksiyalarının icrasından ayırmış, işin ahəngini pozmuşdur ki, bununla Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində və 72-ci maddəsinin “e” yarımbəndində göstərilən pozuntular baş vermişdir. İddia ərizəsində qeyd edilən “mübahisədən 1 ay 6 gün sonra, xx.xx.2022-ci il tarixdə verilmiş əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir” ifadəsinə gəldikdə Ə.Kazımovun 3 iyun və 6 iyun ərizələrinə görə ona xx.xx.2022-ci il tarixdən 8 iş günü əvəz gün verilmişdir. İşə çıxma tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Görünüdüyü kimi, işəgötürən iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə əmrini verərkən müddət baxımından əmək qanunverciliyinin tələblərini pozmamışdır. Qeyd edilənlərə əsasən, iddianın “xx.xx.2022-ci il tarixli əmrin müddət baxımından düzgün olmaması barədə” hissəsi tam əsassızdır. İddia ərizəsində iddiaçı bildirir ki, işəgötürən həmin əmri qəbul edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əməl etməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əmrdə əsaslandırmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, işəgötürən həmin əmri verərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri ilə yanaşı, bu Məcəllənin 84-cü maddəsinin tələblərini də nəzərə almış, əmrdə olan məlumatlar sadə, həmçinin, normativ hüquqi aktlara uyğun formada – təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilməklə verilmişdir. Əmrin təsviri hissəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə, 10-cu maddəsinə istinad edilmiş və əmrə əsas verən izah və digər sənədlər 15 vərəq təşkil etmişdir. Bundan başqa qeyd edilməlidir ki, mediasiya prosesində ilkin mərhələdə iddiaçı ilə barışıq əldə edilməsi üçün əmrə xitam verilməsinin əsasının dəyişdirilməsi, yəni onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, işçinin xahişi ilə xitam verilməsi razılığı əldə olunmuş, lakin iddiaçı sonrakı mərhələdə bununla razılaşmadığını və ona işdənçıxarma müavinəti formasında ödənişin verilməsi məsələsini qaldırmışdır ki, buna işəgötürən etiraz etmişdir. Qeyd edilənlərə əsasən, MMC, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsində xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdeh MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 188/22-k nömrəli əmrinin ləğv edilməsini, iddiaçının cavabdeh MMC-də “elektron avadanlıqları üzrə mühəndis” vəzifəsinə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulmasını qət etmişdir.

5. Əmək Məcəlləsinin 70, 76, 186,187, 188-ci maddələrinə istinad edən Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli əmr verilərkən cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 188-ci maddəsinin tələblərinə riayət edilməmiş, belə ki, sözügedən əmr buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, həmin maddənin məzmunundan görünür ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Lakin işdə olan materiallardan da göründüyü kimi, əmri imzalayan şəxsə – MMC-nin insan resursları üzrə X2na işəgötürən tərəfindən intizam tənbehi vermək səlahiyyəti həvalə edilməmişdir. Həvalə edilsəydi belə, o, müavin və ya müəssisədən kənarda yerləşən struktur bölmənin rəhbəri olmadığından, yenə də məhkəmə tərəfindən intizam tənbehi vermək səlahiyyəti olmayan şəxs hesab ediləcəkdi. Bundan əlavə, qeyd edilən maddi hüquq normasının tələbinə görə, həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməli olduğu halda, buna riayət edilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işəgötürən Əmək Məcəlləsinin 84-cü “Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu” maddəsinə əsasən xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmrini məhz “(Əmək müqaviləsinə xitam verilməsi haqqında)” əmr adlandırmış (“İntizam tənbehinin verilməsi barədə” yox) və bu əmr Əmək Məcəlləsinin 84-cü və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərinə tam uyğun olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam əmri təsvir və qərar hissələrindən ibarət tərtib edilə bilər ki, əmrin təsvir hissəsində Əmək Məcəlləsinin 186-cı maddəsinə istinad edilməsi bu əmrin işçiyə intizam tənbehinin verilməsi barədə əmr hesab edilməsi anlamına gələ bilməz. Əgər bu kimi xitam əmrləri Rayon Məhkəməsinin hesab etdiyi kimi intizam tənbehi verilməsi barədə əmr hesab edilsəydi, onda Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə əsasən bu kimi əmrlərlə işdən azad edilən işçilər altı aydan sonra işə bərpa edilərdilər. Azərbaycan Respublikasının üzv olduğu X6 ölkəmiz tərəfindən ratifikasiya edilmiş konvensiyaların tətbiqi ilə bağlı verdiyi açıqlamalara əsasən əmək müqaviləsinə xitam verilməsi özü-özlüyündə intizam tənbehi hesab edilmir. Rayon Məhkəməsi öz qətnaməsində yanlışlığa yol verərək işəgötürənin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli əmrinə intizam tənbehinin verilməsi barədə əmr xarakteri verir və Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsinə əsasən bu əmrin verilməsinə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam vermək səlahiyyəti verilmiş İnsan resursları üzrə direktoru X1 olmaması qənaətinə gəlmişdir. Cavabdeh MMC-nin işəgötürəni əmək müqaviləsinə xitam verilməsi bildirişinin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi səlahiyyətini həm xx.xx.2021-ci il tarixli 64/h nömrəli əmri, həm də bu əmrin icrası olaraq “Əmək müqaviləsi bildirişi” altsisteminə gücləndirilmiş elektron imzası ilə daxil edilməklə İnsan resursları üzrə direktoru F.Qurbanova vermişdir. İnsan resursları üzrə direktoru F.Qurbanov iddiaçının əmək müqaviləsinə işəgötürən tərəfindən qanunauyğun formada xitam verilməsi səlahiyyəti verilmiş şəxsdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin və iddia tələbinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanovun mübahisəli əmri imzalamağa səlahiyyəti olmuşdur. Belə ki, “Asan imza” SİM kart üzrə sertifikat Fəxri Qurbanovun adına verilmişdir.

9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, Fəxri Qurbanov MMC-nin İnsan resursları üzrə direktordur. Onun əmrin xitamı barədə bildirişi elektron sistemə daxil etmək səlahiyyəti olsa da, əmri imzalamaq səlahiyyəti yoxdur. e) işdə olan sübutlar barədə məlumat

10. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, iddiaçı onun keçmiş iş yoldaşıdır. O özü hazırda cavabdeh MMC-də işləyir. Hadisə baş verən gün səhər saatları idi. Mübahisə olan otağa əvvəlcə Əvəz Kazımov, sonra isə iddiaçı gəlmişdi. İddiaçı Ə.Kazımova bildirmişdir ki, o, yeddinci otaqda olmalıdır. Ə.Kazımov getmədiyinə görə iddiaçı söz-söhbət salmışdır. Ə.Kazımov bu məsələnin müdiriyyətə deyilməsini təklif etsə də, iddiaçı buna razı olmamışdır. Ə.Kazımov otağı tərk edə bilməyəcəyini, iddiaçı isə israrla otağı tərk etməli olduğunu bildirmişdir. Ə.Kazımov iddiaçı tərəfindən təhqir edilmişdir. Ə.Kazımova iddiaçı tərəfindən güc tətbiq edilməmişdir.

11. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı ilə normal iş münasibətləri olmuşdur. Ə.Kazımov ilə iddiaçı arasında mübahisə iş əsnasında yaranmış, lakin sonradan şəxsiləşmişdir. Dəfələrlə iş əsnasında iddiaçı ilə Ə.Kazımov arasında mübahisə olsa da, tərəflər yoluna qoymuşlar. MMC-də vaxtaşırı sərgilər keçirilirdi. Yenidən olacaq sərgi ilə əlaqədar bildirilmişdir ki, iş prosesinsdə təhlükəsizlik qaydalarına əməl edilməlidir. Ə.Kazımov onun şöbəsində işləyir və işin təhlükəsiz təşkil olunmasına nəzarət edir. Ə.Kazımov iddiaçıya təhlükəsizlik kəmərinin standartlara cavab vermədiyini və dəyişdirilməli olduğunu bildirmişdir. Ə.Kazımov ona bununla bağlı məlumat vermiş və kəmərin harada olduğunu o, Ə.Kazımova bildirmişdir. Kəməri gətirmək onların vəzifəsi deyildir. Bunu iddiaçı özü təmin etməli idi. Ə.Kazımov ona işə ara verilsə də, yenidən davam etdirildiyini bildirmişdir. O, iddiaçıya zəng vursa da, sonuncu telefonu açmamış, Ə.Kazımov ilə danışanda telefonu iddiaçıya verməsini demiş, lakin iddiaçı yenə də telefona cavab verməmişdir. Daha sonra o, Əvəz, Teymur və Mehin xanım görüşən zaman bildirmişlər ki, belə hadisələr işdə olmamalıdır və bu məsələni yoluna qoymuşlar. Mübahisə olan gün Əvəz Kazımov saat 9 radələrində şahid Rasif Hətəmxanova zəng vuraraq iddiaçı ilə aralarında mübahisə olduğunu və iddiaçının onun boğazından tutduğunu, Rasif Hətəmxanovun isə Əvəzə bununla bağlı şəkil göndərməsini bildirmişdir. Əvəz ona şəkil göndərdikdən sonra o, kompüteri götürüb baş ofisə gəlməsini bildirdikdə, otağa gedəcəyi təqdirdə yenidən mübahisə yaranacağını, o isə Əvəzə kompüteri götürmədən birbaşa baş ofisə gəlməsini demişdir. Daha sonra o, bu barədə Kadrlar şöbəsinə bildirmişdir. İddiaçı aqressiv insandır. Müəyyən məsələləri cavablandırarkən də bu, özünü göstərmişdir. İddiaçı uzun müddətdir ki, bu sahədə işləyir və öz işini texniki cəhətdən bilməlidir. Amma iddiaçı öz işini təhlükəli şəkildə görmüşdür. İşçinin təhükəsizliyinə cavabdeh birbaşa rəhbərdir. Ə.Kazımova otağın ayrılması və iddiaçının Ə.Kazımovu təhqir etməsi ilə bağlı məlumatı olmamışdır.

12. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, pandemiyaya qədər və pandemiyadan sonra hər il sərgilər keçirilirdi və bununla bağlı sahə mütəxəssisi tərəfindən ora baxış keçirilməlidir. May ayının 9-u işə nəzarət üçün o iddiaçının işlədiyi həmin yerə göndərilmişdir. İşçilərdən Cavanşir adlı şəxsi təhlükəsizlik kəməri olmadan hündürlüyə çıxartdığına görə bu barədə iddiaçıya bildirilmiş və kəmərin harada olması soruşulmuşdur. İddiaçı təhlükəsizlik kəmərini onların təmin edəcəyini zənn etmişdir. Lakin kəmər kimə lazım olursa, o, özü götürməlidir. İddiaçı bir müddətdən sonra yenidən işi davam etdirdiyinə görə, ona xəbərdarlıq edilmişdir. Rasif Hətəmxanov zəng vurub iddiaçı ilə danışmaq istəsə də, sonuncu cavab verməmiş və onu itələyərək “sən məni bezdirmisən” ifadəsini işlətmişdir. Onun yerinin dəyişdirilməsi ilə bağlı iclas keçirilməsinə baxmayaraq, yeri dəyişdirilməmişdir. Daha sonra mübahisə olunan gün səhər o, barışmaq düşüncəsi ilə işə gəlmişdir. İddiaçının ona “Sən otaqda qalası oldun?” sualına o, “Bəli” cavabını vermiş, sonra iddiaçı ondan otağı tərk edib başqa otaqda işləməsini tələb etmişdir. O, bu barədə Rasif müəllimə bildirəcəyini desə də, iddiaçı buna razılıq verməmişdir. Onlar arasında münaqişə ümumi olaraq təxmini 2 dəqiqə yarım davam etmişdir. O, otağı tərk etməyəcəyini dedikdə bir-birlərinə “sənin başın çatır?” ifadəsini işlətmişlər. Daha sonra iddiaçı onu təhqir etmiş və onun boğazından tutmuşdur. O, bu barədə Rasif Hətəmxanova danışmış və bayırda olanda şəkil göndərmişdir. Onun iş üzrə iddiaçıya hər hansı tabeçiliyi olmamışdır.

13. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, A0180/1 saylı "xxxx" görünür ki, iddiaçı, cavabdeh MMC-də İstismar xidmətləri üzrə qrup rəhbəri vəzifəsinə qəbul edilmişdir.

14. "xxxx" bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı, xx.xx.2017-ci il tarixdə Texniki istismar xidmətləri üzrə qrup rəhbəri vəzifəsinə işə qəbul edilmişdir.

15. İddiaçının adına açılmış “Əmək kitabçasında” edilmiş 6-8 nömrəli qeydlərdən görünür ki, iddiaçı, xx.xx.2017-ci il tarixdə cavabdeh MMC-yə Texniki istismar xidmətləri üzrə qrup rəhbəri vəzifəsinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə 248/18-1-k nömrəli əmrə əsasən o, Elektron avadanlıqlar üzrə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə 188/22-k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış "xxxx" xitam verilmişdir.

16. MMC üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 64/h nömrəli əmrdən görünür ki, MMCnin direktoru, xx.xx.2021-ci il tarixdən başlayaraq, İnsan resursları üzrə X2na işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bununla əlaqədar əmr, müqavilə, əmək müqavilələrinə dəyişiklik və ya əlavə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair işçilərə verilən yazılı məlumatlar və ya əmrlər (sərəncamlar), xəbərdarlıqlar, istehsalatda baş vermiş bədbəxt hadisələrə dair sənədləşmələr, əmək münasibətlərinə dair müvafiq icra orqanlarına ünvanlanan məktublar, habelə aktlar və digər aidiyyəti sənədləri imzalamaq, əmək haqqı kartlarının təhvil verilib-alınması ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyəti həvalə etmişdir.

17. MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 74/h nömrəli əmrdən görünür ki, MMCnin direktoru, xx.xx.2022-ci il tarixdən başlayaraq, İnsan resursları üzrə rəhbəri X9 cəmiyyətin adından əmək kitabçalarını, iş yerindən arayışlarını, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqələrini, məzuniyyətlərin verilməsinə dair əmrlərini, əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair işçilərə verilən yazılı məlumatlar və ya xəbərdarlıqlar, istehsalatda baş vermiş bədbəxt hadisələrə dair sənədləşmələr, habelə aktlar, statistik hesabatlar və DSMF-yə təqdim edilən protokolları imzalamaq səlahiyyəti həvalə edilmişdir.

18. MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən Əvəz Kazımov tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə “Expo Center”də müşahidə apararkən əmək təhlükəsizliyinin pozulmasına dair rastlaşdığı hallarla əlaqədar iddiaçıya məlumat vermişdir.

19. İddiaçı tərəfindən Əvəz Kazımova ünvanlanmış xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, o, əvvəlki məktubda qeyd edilmiş məsələlər ilə əlaqədar Ə.Kazımova cavablar və problemin aradan qaldırılması məqsədilə suallar vermişdir.

20. Ə.Kazımov tərəfindən iddiaçıya və digərlərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, xx.xx.2022-ci il tarixindəki iclasda öncədən bütün montaj işi görən podratçı şirkətlərə məlumat verilmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi zallara daxil olan bütün işçilər FMV-dən istifadə etsinlər. Lakin hal-hazırda zallarda heç kim FMD-dən istifadə etmir. Bununla bağlı tədbir görülməsi xahiş edilmişdir.

21. MMC üzrə verilmiş “istirahət günləri işə cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli, 121-1/22-K nömrəli əmrdən görünür ki, MMC-nin “Baku Expo” layihəsində təşkil olunacaq sərgidə işlərin axarının düzgün tənzimlənməsi ilə əlaqədar işçilərin istirahət və iş günü hesab edilməyən bayram günü (qeyri-iş günü) işə cəlb edilməsini nəzərə alaraq, elektron avadanlıqlar üzrə mühəndis olan İddiaçı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində qanunvericiliyin tələbinə uyğun olaraq əlavə istirahət günü (əvəzgün) verilməklə işə cəlb edilmişdir.

22. “X13” MMC-nin SƏTƏM rəhbəri Rasif Hətəmxanova yazdığı xx.xx.2022-ci il tarixli izahatında SƏTƏM üzrə mütəxəssis Əvəz Kazımov qeyd etmişdir ki, o, 2019-cu ilin iyun ayının 3-də qeyd edilən vəzifəyə işə qəbul edilmişdir. Keçmiş SƏTƏM üzrə supervisor Şadkamal Bağırov həmişə onu və iş yoldaşı Amir Əliyevi “Baku Expo” Mərkəzində sərgi başlamamışdan öncə sərgiyə hazırlıq vaxtı (montaj işləri gedən zaman) oraya işlərin təhlükəsiz şəkildə getməsi üçün göndərərdi. Onlar orada olduqları zaman həmişə uyğunsuzluqlarla rastlaşırdılar. Sahədə (zallarda) işləyən podratçı şirkətin işçiləri FMV-siz hündürlükdə işləyərkən təhlükəli ayaqaltılar, nərdivanlar istifadə edirdilər. Həmçinin, təhlükəsizlik kəmərindən istifadə etmirdilər. O, bu cür problemləri “Baku Expo” Mərkəzinin texniki heyət meneceri İddiaçı bildirdikdə sonuncu ona demişdir ki, “imkan ver camaat işləsin, bezdirmisiniz” kimi sözlərdən istifadə edirdi. O isə əvəzində İddiaçı demişdir ki, burada insan amilindən söz gedir, bu, onun işidir: onların təhlükəsizliyini qorumaq. İddiaçı zəng edib hər dəfəsində ondan şikayət etmişdir. Şadkamal Bağırov onu “Baku Expo” Mərkəzində sərgi olmayanda belə inspeksiyaya göndərirdi. Orada yanğın balonlarını inspeksiya etdiyi vaxt içərilərində hər hansının vaxtı bitəndə və ya boşalanda İddiaçı demişdir ki, bunlar servisə getməlidir. İddiaçı isə həmişə gecikdirirdi və ya işi ilə əlaqədar lağa qoyurdu. Hal hazırda orada binanın daxilində, mətbəxin içində otaq ayrılıb, siqaret çəkirlər. O, dəfələrlə həm şifahi, həm də mail ilə bildirmişdir ki, “xahiş edirəm, o ərazini siqaret çəkmə məntəqəsi kimi istifadə etməyin, binanın özünün siqaret çəkmə məntəqəsi var”. İddiaçı isə buna məhəl qoymayaraq, heç bir tədbir görməmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ona zəng edib demişdir ki, “Baku Expo” Mərkəzində sərgi öncəsi iclas olacaq və o, öz rəhbəri “X13” MMC-nin SƏTƏM rəhbəri Rasif Hətəmxanova bunu bildirmişdir. Onlar iclasa getmiş və Rasif müəllim orada təhlükəsizlik tədbirlərini gücləndirmək və heç bir hadisə baş verməməsi üçün öz tələblərini irəli sürmüşdür. Hamı bu tələblərlə razılaşdı. xx.xx.2022-ci il tarixdə o “Baku Expo” Mərkəzinə getmiş və əraziyə çıxarkən (montaj işi görən) podratçı şirkətin əməkdaşları ilə görüşmüş, onlara binanın giriş təlimatı jurnalına qol çəkdirmiş, işlərin təhlükəsiz getməsi üçün təlimatlandırmışdır və hər birindən ərazidə olarkən FMV-dən istifadə etməsini xahiş etmişdir. O, həmçinin, özünün də istifadə edəcəyini bildirmişdir. Bu zaman 1-ci zalda İddiaçı texniki heyətin işçisi Cavanşir Əliyevi mobil qaldırıcı platformasına qaldıraraq heç bir təhlükəsizlik tədbirlərini həyata keçirməmişdir. O, eyni zamanda, hündürlüyü 4-5 metr olan MQİP-yə 2 nəfər də qaldırıb təhlükəsizlik kəməri tələb etməmişdir. Onların belə təhlükəli vəziyyətdə işlədiyini gördükdən sonra Ə.Kazımov rəhbəri Rasif Hətəmxanova bildirmişdir. R.Hətəmxanov isə ona bildirmişdir ki, İddiaçı xahiş et ki, işi dayandırsınlar, təhlükəsizlik kəməri digər layihələrdən gəldikdən sonra davam etsinlər. Çünki bu qaydada işləmək çox təhlükəlidir. O, bunu İddiaçı dedikdə sonuncu ona məhəl qoymamış, demişdir ki, “mən cavabdehəm” və işinə davam etmişdir. “Baku Expo” Mərkəzinin direktoru Mein Bağırovaya dedikdən sonra onlar işi saxladılar və 1 saat sonra eyni şəkildə işə davam etdilər. Saat 15:40 radələrində R.Hətəmxanov “Baku Expo” Mərkəzinə getmiş, onlar dördü də ətraflı işlərin təhlükəsiz getməyi barədə danışaraq, məsələni həll etmişlər. O, xx.xx.2022-ci il tarixində yenidən (montaj işlərinin təhlükəsiz şəkildə getməsi üçün) rəhbərliyin tapşırığı ilə “Baku Expo” Mərkəzinə getmişdir. Otağa daxil olarkən orada İddiaçı və T.Quliyev var idi. Onlarla salamlaşmış və stulunda əyləşmişdir. T.İddiaçıQuliyevə demişdir ki, Əvəzin otağını göstər getsin orada otursun. Halbuki onların oturduğu otaqdan əlavə 2 stol var və otaq çox böyükdür. O isə əvəzində ona demişdir ki, zəhmət olmasa, Rasif müəllimlə əlaqə saxlasın, bu məsələnin səbəbini ona desin. Məsləhət olarsa, o necə desə, elə edər. İddiaçı ona “sənin başın çatmır” dedi və üzərinə hücum çəkdi, onun boğazından tutub sıxdı və onu söydü. O isə ona heç nə deməmiş, birbaşa rəhbərinə yığaraq oranı tərk etmişdir. O, həmin şəxs barəsində şikayətçidir, onunla bağlı tədbir görülməsini xahiş etmişdir.

23. Sərgi Mərkəzinin meneceri Mein Bağırovaya yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində İddiaçı qeyd etmişdir ki, onunla SƏTƏM işçisi Ə.Kazımov arasında Expoda 11 may tarixində münaqişə baş vermişdir. Anlaşılmazlıq 1 gün əvvəldən baş vermişdir və bunun həll yolunu tapmaq üçün Exponun meneceri Mein Bağırova, HTC menecer R.Hətəmxanov, Ə.Kazımov və onun iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı Ə.Kazımovun Expoda insanlarla davranış qaydasına fikir verməyi bildirilmişdir. Nəzərə alaraq ki, işçilərlə və sərgidə iştirak edən şirkət və dövlət qurumlarının nümayəndələri ilə kobud danışıq nəticəsində hər hansı konflikt baş verməsin deyə, R.Hətəmxanova təklif olundu ki, onların proyektində Ə.Kazımovu digər işçi ilə əvəz eləsin. Sonradan Mein xanımla məsləhət olundu ki, Ə.Kazımova başqa bir otaq ayrılsın. Səhər işə gələndə o, Ə.Kazımova ayrılmış otağa keçməsini təklif etmiş və cavab olaraq kobud şəkildə otağı tərk etməyəcəyini və həmin otaqda oturacağını demişdir. O da əsəbiləşmiş və əlbəttə ki, otağı tərk etməyi tələb etmişdir. O, heç bir güc tətbiq eləməmiş, bunu işçiləri T.Quliyev (İT assistent) təsdiqləyə bilər. Onlar bu təzə SƏTƏM qaydalarını dəstəkləyir və buna görə öz tərəflərindən lazım olan bütün köməkliyi göstərirlər.

24. Cavabdeh MMC-nin SƏTƏM üzrə menecer vəzifəsində çalışan Rasif Hətəmxanov tərəfindən MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 09-10 radələrində MMC-də şirkətində SƏTƏM üzrə mütəxəssis vəzifəsində çalışan Ə.Kazımov ilə EXPO mərkəzdə elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində çalışan İddiaçı arasında mübahisə yaranmışdır. Öncəki günlər iş əsnasında yaranan münaqişə daha sonra sərt mübahisəyə səbəb olmuşdur. Mübahisə zamanı İddiaçı Ə.Kazımova fiziki güc tətbiq etmiş, onu nalayiq ifadələr ilə təhqir etmişdir. Bununla bağlı Ə.Kazımov ona şikayət etmişdir. Məsələnin tam araşdırılmasında və müvafiq intizam tədbirlərinin görülməsində yardımçı olmasını Fəxri Qurbanovdan xahiş edir.

25. MMC-nin SƏTƏM üzrə menecer vəzifəsində çalışan Rasif Hətəmxanovun MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova yazdığı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında SƏTƏM üzrə mütəxəssis vəzifəsində çalışan Ə.Kazımov ona zəng edərək EXPO Mərkəzdə elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində çalışan İddiaçıla mübahisə etdiyini və qarşı tərəfin ona fiziki güc tətbiq etdiyini, həmçinin, nalayiq sözlər ifadə etdiyini bildirmişdir. Münaqişəni sakitləşdirmək məqsədilə o, dərhal Ə.Kazımovdan həmin yerdən ayrılmasını və birbaşa baş ofisə gəlməsini tələb etmişdir. Hadisə günündən bir gün öncə Ə.Kazımov sərgiyə hazırlıq işlərinin təhlükəli şəraitdə icra olunması barədə ona məlumat vermiş, işin təhlükəsiz icra olunması məqsədilə işi dayandırmaq cəhdlərinə baxmayaraq, İddiaçı onların tələblərinə kobud şəkildə heç bir əhəmiyyət verməyərək (“bezdirmisiniz” sözünü ifadə edərək) işi davam etdirmişdir. Daha sonra o, EXPO Mərkəzin meneceri Mein Bağırovadan həmin işlərin təcili olaraq dayandırılmasını və müvafiq tədbirlər görüldükdən sonra davam etdirilməsini tələb etmişdir. Həmçinin, EXPO Mərkəzə gedərək gərginliyi aradan qaldırmaq məqsədilə EXPO Mərkəzin meneceri M.Bağırova, SƏTƏM üzrə mütəxəssis Ə.Kazımov və elektron avadanlıqlar üzrə mühəndis İddiaçıla birgə iclas keçirmişlər. İclasda o, təhlükəsizlik qaydalarının vacibliyini digərlərinə izah etmiş və qaydalara daha ciddi riayət olunacağı barədə ümumi razılığa gəlmişlər. Növbəti gün həmin hadisə baş vermiş, daha ətraflı Ə.Kazımovun izahatında qeyd olunub. Həmçinin, digər SƏTƏM əməkdaşının da şifahi izahatına görə əvvəlki illərdə də İddiaçı bir çox hallarda SƏTƏM qaydalarına laqeyd münasibət göstərib. Məsələnin tam araşdırılmasında və müvafiq intizam tədbirlərinin görülməsində onlara yardımçı olmasını xahiş edir.

26. Cavabdeh MMC-nin EKSPO menecer vəzifəsində çalışan Mein Bağırova tərəfindən həmin MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı və Əvəz Qasımov arasında baş vermiş münaqişənin səbəbi Ə.Qasımovun əməkdaşların və müştərilərin (inşaatla bağlı) yanında İddiaçıla kobud şəkildə danışmış olmasıdır. Müəyyən edilən təhlükəsizlik qaydalarına riayət etmək onların maraqları çərçivəsindədir və bu, üstünlük təşkil edir. Sadəcə sərginin açılışı üçün ayrılmış qısa vaxt zamanını nəzərə alaraq, qışqırmaq və montaj prosesini tamamilə dayandırmaq çıxış yolu deyil, həmkarlarla və müştərilərlə dil taparaq cari çağırışları həll etmək lazımdır. Münaqişəli vəziyyətin yaranmasını hiss etdiyindən, bir gün əvvəl Teymur, Əvəz, Rasif və onun iştirakı ilə görüş keçirilmişdir. Onlar həmkarlar arasında qarşılıqlı hörməti, anlaşmanı müzakirə etmiş və gələcəkdə münaqişənin baş verməməsi üçün görüş zamanı Əvəzin səlahiyyətinin başqa işçiyə tapşırılması təklif edilmişdir. Növbəti gün, toqquşmanın qarşısının alınması məqsədi ilə o, Rasifə zəng vurmuş və Əvəzin məhz olun üçün hazırlanmış və təchiz edilmiş digər kabinetdə yerləşməsini təklif etmişdir. Danışığı bitirən kimi öyrənmişdir ki, Teymur və Əvəz yenidən dalaşıblar. Teymur Əvəzə başqa kabinetdə oturmağı təklif etmiş, Əvəz isə kobud formada imtina edərək onu münaqişəyə təhrik etmişdir. Bu halda Teymur “çıx otaqdan” deyərək yerindən qalxmış, həmin an otaqda olan İT Assistant onların arasını kəsmiş və əlbəyaxa davanın (İT X14 şahiddir) qarşısı alınmışdır. O özü baş vermiş münaqişənin bilavasitə şahidi olmamış və təqdimatında qeyd edilənlər işçilərin dediklərinə əsasəndir. O, istənilən halda İddiaçı bu hərəkətini ciddi şəkildə qınayır və onu dəstəkləmir, amma məhz Əvəzin ünsiyyət tərzi və hərəkətlərinin bu münaqişəyə gətirib çıxardığını qeyd edir. O, 12 il İddiaçıla birlikdə çalışmış, onu kifayət qədər yüksək peşəkar səriştəsi olan bir işçidir, EKSPO Mərkəzin bütün texniki məsələləri İddiaçı üzərindədir və hər zaman onları layiqincə həll etmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir.

27. Sərgi Mərkəzinin meneceri Mein Bağırovaya yazdığı xx.xx.2022-ci il tarixli izahatında Teymur Quliyev qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixində səhər saatlarında iş otağında İddiaçı ilə Əvəz Kazımov arasında mübahisə olmuşdur. Ə.Kazımov otağa gələn kimi İddiaçı hər gün gəlib-gəlməyəcəyini soruşdu. O da hər gün gələcəyini bildirdi. İddiaçı rahat işləmək üçün Ə.Kazımova otaq ayrıldığını, orada rahat şərait yaradıldığını bildirib, ondan həmin otağı Ə.Kazımova göstərməyi xahiş etdi. Ə.Kazımov buna qətiyyən etiraz edib, neçə gündür bu otaqda oturduğunu, burdan başqa yerə keçməyəcəyini bildirdi. İddiaçı isə bu otaqdakı yerin müvəqqəti olduğunu, ona daim istifadə edəcəyi iş yeri, otaq ayrıldığını dedi və aralarında münqaişə başladı. Hər ikisi bir-birinin üstünə gələrək mübahisə eləməyə başladılar. O, mübahisənin böyüməsini görüb hər iksinin arasına girib sakitləşləşdirmişdir. Mübahisə edənlər bir-birilərinə güc tətbiq etməmişlər.

28. MMC-nin EKSPO menecer vəzifəsində çalışan Mein Bağırova tərəfindən MMCnin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, xx.xx.2022-ci il tarixində İddiaçı və Ə.Kazımov arasında baş vermiş münaqişə ilə əlaqədar xx.xx.2022-ci il tarixində o, Jalə Mürsəlova və Sevda Məmmədova iclas keçirmiş və bir daha münaqişənin baş vermə səbəbi və nəticələri müzakirə olunmuşdur. Baş vermiş münaqişədə günahkar tərəflərin hərəkətlərinin ümumi davranış qaydalarına uyğun olmadığı və yekdilliklə günahkarların cəzalandırılmasının vacib olduğu qeyd edilmişdir. O özü də, münaqişənin iştirakçılarını qınamış və günahkarların müəyyən edilmiş qanun və qayda çərçivəsində cəzalandırılmasını istəmişdir. “Bakı EKSPO Mərkəzi” hər zaman yüksək beynəlxalq standartlara cavab verən mötəbər tədbirlərə ev sahibliyi etmiş və fəaliyyəti dövründə Mərkəzin işi bir çox rəsmi qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir, təbii ki, bu, Mərkəzin bütün işçi heyətinin əməyinin nəticəsidir. Baş vermiş münaqişə, münaqişə tərəflərinin ani anlaşılmazlığı nəticəsində baş vermişdir.

29. MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanova yazdığı xx.xx.2022-ci il tarixli izahatında Teymur Quliyev qeyd etmişdir ki, İddiaçı ilə Ə.Kazımov arasında olan münaqişə ilə bağlı xx.xx.2022-ci il tarixdə kadrlar şöbəsində görüşdə iştirak etmiş, hadisənin necə baş verməsi haqqında açıqlama vermişdir. Mübahisə zamanı İddiaçı ilə Ə.Kazımov bir-birinə güc tətbiq etməmiş, lakin bir-birini təhqir etmişlər.

30. MMC üzrə verilmiş “istirahət günləri işə cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli, 165-1/22-K nömrəli əmrdən görünür ki, MMC-nin “Baku Expo” layihəsində təşkil olunacaq sərgidə işlərin axarının düzgün tənzimlənməsi ilə əlaqədar işçilərin istirahət və iş günü hesab edilməyən bayram günü (qeyri-iş günü) işə cəlb edilməsini nəzərə alaraq, elektron avadanlıqlar üzrə mühəndis olan İddiaçı xx.xx.2022-ci il tarixində qanunvericiliyin tələbinə uyğun olaraq əlavə istirahət günü (əvəzgün) verilməklə işə cəlb edilmişdir.

31. MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 169-1/22-k nömrəli əmrdən görünür ki, MMC-nin elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində işləyən İddiaçı arzusu nəzərə alınaraq ona 06.06-xx.xx.2022-ci il dövrü əhatə edən tarixlərdə əmək haqqı saxlanılmaqla 7 iş günü olmaqla istirahət günü verilmiş, işçinin əvəzgündən sonra işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir.

32. MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 184-1/22-k nömrəli əmrdən görünür ki, MMC-nin elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində işləyən İddiaçı arzusu nəzərə alınaraq ona xx.xx.2022-ci il tarixində əmək haqqı saxlanılmaqla 1 iş günü olmaqla istirahət günü verilmiş, işçinin əvəzgündən sonra işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir.

33. MMC üzrə verilmiş və MMC-nin İnsan Resursları üzrə X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 188/22-k nömrəli əmrdən görünür ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bu maddənin nəzərdə tutduğu intizam tənbehlərindən birini verə bilər. MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən Ə.Kazımov və elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində işləyən İddiaçı arasında xx.xx.2022-ci il tarixində iş otağında mübahisə halı baş vermişdir. Mübahisə sonradan aqressiv xarakter almış və İddiaçı Ə.Kazımovu boğaz nahiyəsindən tutaraq boğmağa çalışmışdır (təsdiqedici şəkil əlavə edilir). Bununla yanaşı, İddiaçı Ə.Kazımovun ünvanına əxlaq normalarına sığmayan sözlər ifadə etmişdir. İddiaçı öz hərəkəti ilə iş yerində işin normal ahəngini pozmuşdur. Belə ki, əmək kollektivi bu insidentin geniş vüsət almaması üçün səfərbər olunmuş və mübahisə edənləri sakitləşdirməklə məşğul olmuşlar. Baş verənlər İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək üçün əsas yaratmışdır. Hər iki işçidən izahat alınmışdır. Yuxarıda qeyd edilənləri və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsini rəhbər tutaraq, MM-nin elektron avadanlıqlar üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2022-ci il tarixindən xitam verilsin.

34. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0002X0 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli "xxxx" 188/22-k nömrəli, xx.xx.2022-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (“işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası) xitam verilmişdir.

35. Bakı 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/5-02285 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan” görünür ki, hazırki iş üzrə tərəflər ilkin mediasiya sessiyasından keçmiş, lakin onların arasındakı mübahisə öz həllini tapmamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

36. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh MMC-də “Əmək müqaviləsi” bağlayaraq Texniki istismar xidmətləri üzrə qrup rəhbəri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə o, Elektron avadanlıqlar üzrə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə isə MMC üzrə verilmiş 188/22-k nömrəli əmr ilə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verilmişdir. Əmr onunla əsaslandırılmışdır, xx.xx.2022-ci il tarixdə iddiaçı ilə iş yoldaşı – SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən Ə.Kazımov arasında işlə əlaqədar mübahisə yaranmış, xx.xx.2022-ci il tarixdə isə onların arasındakı mübahisənin xarakteri aqressivləşmişdir. Belə ki, iş materiallarından və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçı iş yoldaşı Ə.Kazımov ilə xx.xx.2022-ci il tarixdə mübahisə etmişdir. Bununla da, iddiaçı, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Əmr, MMC-nin insan resursları üzrə X2 tərəfindən imzalanmışdır.

38. Hazırda, iddiaçı, qeyd edilən həmin əmrin əsassız olduğunu bildirərək əmrin ləğv edilməsini xahiş edir. Cavabdeh MMC isə iddia tələbinə etiraz edərək əmrin Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq verildiyini və əmrin, buna səlahiyyəti olan şəxs tərəfindən imzalandığını bildirərək, əmrin ləğv edilməsinə yönəlmiş iddianın rədd edilməsini xahiş edir.

39. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır (maddə 16.). Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin hüququdur (maddə 12; bənd “c”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər (maddə 70; bənd “ç”.). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 71; hissə 2.). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71; hissə 3.).Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə buMəcəlləilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz (maddə 76; hissə 2.). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: “a” töhmət vermək; “b” sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; “c” kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; “ç” əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək (maddə 186; hissə 2.). İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir (maddə 188.).

41. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilərkən cavabdeh MMC tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmr işə götürən – MMC-nin rəhbəri, rəhbərin müvafiq əmri ilə bu səlahiyyət verilmiş rəhbərin müavini (müavinlərindən biri), müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbəri tərəfindən deyil, MMC-nin insan resursları üzrə direktoru tərəfindən imzalanmışdır.

42. Cavabdeh MMC-nin direktoru Randolph Decker tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 64/h nömrəli əmrdən görünür ki, əmrlə İnsan resursları üzrə X2na işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bununla əlaqədar əmr, müqavilə, əmək müqavilələrinə dəyişiklik və ya əlavə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair işçilərə verilən yazılı məlumatlar və ya əmrlər (sərəncamlar), xəbərdarlıqlar, istehsalatda baş vermiş bədbəxt hadisələrə dair sənədləşmələr, əmək münasibətlərinə dair müvafiq icra orqanlarına ünvanlanan məktublar, habelə aktlar və digər aidiyyəti sənədləri imzalamaq, əmək haqqı kartlarının təhvil verilib-alınması ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyəti həvalə edilmişdir.

43. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin ləğvi barədə əmr vermək səlahiyyətinə işəgötürən, işəgötürənin əmri ilə belə səlahiyyət verilmiş müavinləri və müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbəri malikdir. Lakin işdə olan materiallardan göründüyü kimi, əmri imzalayan X4 resursları üzrə direktordur. Bu hal isə Əmək Məcəlləsinin yuxarıda qeyd edilən 188-ci maddəsinin tələblərinin pozulması deməkdir.

44. Cavabdeh MMC apellyasiya şikayətində bildirir ki, əmək müqaviləsinə xitam verilməsi intizam tənbehi hesab oluna bilməz və işə baxan Rayon Məhkəməsi Əmək Məcəlləsinin 188-ci maddəsinə istinad etməklə səhvə yol vermişdir.

45. Məhkəmə apellyatorun bu dəlili ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin yuxarıda qeyd olunan 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi intizam tənbehlərindən biridir. g) apellyasiya baxışının nəticəsi

46. Qeyd edilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi yuxarıda göstərilən əsaslar ilə iddianın əsaslı olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Odur ki, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

50. Beləliklə də göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar