Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10945/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı «vurulmuş zərərin ödənilməsi və əmlakın bərpası vəzifəsinin qoyulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(006)- 5727/2021 saylı qərardadından Cavabdeh MTK-nın nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı «vurulmuş zərərin ödənilməsi və əmlakın bərpası vəzifəsinin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 657.460 (altı yüz əlli yeddi min dörd yüz altmış) manat maddi, 100.000 (yüz min) manat mənəvi zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, eləcə də Bakı şəhəri, Nəsimi rayonu. Dağıstani küçəsi, 25 saylı evin birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m. olan, 2 otaqlı 6 saylı mənzilin və onun altındakı zirzəminin öz vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Dağıstani küçəsi, 25 saylı evin birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m. olan, 2 otaqlı 6 saylı mənzilin və onun altındakı zirzəminin sökülməsi və yerində tikinti işlərinin aparılmasının Cavabdeh MTK-ya qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(006)- 5727/2021 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstani küçəsi, 25 saylı evin birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m. olan, 2 otaqlı 6 saylı mənzilin və onun altındakı zirzəminin sökülməsi və yerində tikinti işlərinin aparılması Cavabdeh MTK-ya qadağan edilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(006)-5727/2021 saylı qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, mənzilin sahəsi 32 kv.metr olsa da, məhkəmə tərəfindən qanunsuz olaraq 90 kv.metr ərazidə tikintiyə qadağa qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddianın təmin etmə tədbirinin tətbiq edilməsinin mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmasına, məhkəmə tərəfindən təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxılarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia ilə nə qədər bağlı olmasına və ona müvafiq olub-olmadığının araşdırılmasına, həmçinin müvafiq məhdudiyyətin tətbiq edilməsi zamanı mütənasiblik prinsipinin tələblərinin nəzərə alınmasının vacib olmasına istinad etmişdir. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə Bakı şəhəri, Nəsimi rayonu, Dağıstani küçəsi, 25 saylı evin birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m. olan, 2 otaqlı 6 saylı mənzilin və onun altındakı zirzəminin sökülməsi və yerində tikinti işlərinin aparılmasının Cavabdeh MTK-ya qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etsə də, iş materiallarındakı mülkiyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstani küçəsi 25 saylı evin, 6 saylı 32 kv.metr ümumi sahəsi olan mənzili İddiaçı mülkiyyətindədir. İddianı təmin etmə tədbiri tətbiq edildikdən sonra, iddiaçıya məxsus mübahisəli əmlak sökülmüş və artıq həmin ərazidə hündürmərtəbəli binanın tikintisinə başlanılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-cimaddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Göründüyü kimi məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan mübahisəli əmlak söküldüyündən, yəni hazırda fiziki olaraq mövcud olmadığından onun barəsində söküntü işlərinin qadağan edilməsinə dair təminat tədbirinin saxlanılmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsinin qərardadının mübahisəli ünvanda tikinti işlərinin aparılmasının qadağan edilməsi hissəsində isə məhkəmə kollegiyası qeyd edir ki, həmin ünvanda sözügedən qadağanın qoyulması iddiaçıdan başqa digər mülkiyyətçilərin də hüquqlarının pozulması ilə nəticələnə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MTK-nın nümayəndəsi X1 şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(006)-5727/2021 saylı qərardadı ləğv edilməli və İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllərinin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK-nın nümayəndəsi X1 şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(006)- 5727/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10945/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10945/2021
02.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver