Məhkəmə qərarları › İş №2(103)-10952/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10952/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10952/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC-yə qarşı (“Buta- Farm” Apteklər Şəbəkəsi və X1 üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehlərin iddiaçının mülkiyyətində olan sahədən çıxarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(004)-5157/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC-yə oğluna qarşı (“Buta-Farm” Apteklər Şəbəkəsi və X1 üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehlərin iddiaçının mülkiyyətində olan sahədən çıxarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus evdən istifadə etməklə qanunsuz olaraq orada yaşayan və fəaliyyət göstərən "xxxx" MMC-nin, Babək adlı şəxslə yanaşı digər şəxslərin ünvan 1 ünvandakı həmin evdən çıxarılması barədə, eyni zamanda, cavabdehlərin ona qarşı olan qanunsuz hərəkətləri nəticəsində, ümumilikdə dəymiş zərərin 1.200.000 manatının Cavabdeh2, 104.000 manatının isə Cavabdeh1 onun xeyrinə tutulması, cavabdehlərin hərəkətlərindəki cinayət əməlləri tam sübut edildiyindən, xüsusi qərardad çıxarmaqla Prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, ona məxsus ünvan 2 ünvandakı evindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneəçiliyin törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(004)- 5157/2021 saylı qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(004)- 5157/2021 saylı qərardadından narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(004)- 5157/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, arayışdan və digər sənədlərdən görünür ki, mübahisəli mənzil hazırda da iddiaçıya məxsusdur, cavabdehlərin qanunsuz yollarla əldə etdikləri etibarnamələr ləğv edilmişdir, eyni zamanda, mübahisəli ev 5 otaqdan ibarətdir ki, evin 3 otağı zəbt edilsə də, (1 otaq qeyri-yaşayış sahəsi kimi aptekə icrəyə verilmiş, yaşayış sahəsinin 2 otağı iddiaçının tanımadığı şəxsə icarəyə verilmişdir), digər 2 otağı istifadəsiz qalmışdır. Beləliklə, hazırki iş üzrə həm gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından, həm də dəyə biləcək daha böyük zərərin qarşısının alınması məqsədi ilə ünvan 2 ünvandakı evdən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneçiliyin törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan ediməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi, vəkili X5 şikayətin dəlillərini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə şikayətə etiraz edərək, təmin olunmamasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(004)-5157/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; Məcəllənin 158.1.2-ci maddəsinə əsasən isə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. Məhkəmə kollegiyası izah edir ki, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. X4 Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ... Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. ...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz müvəqqəti təminat tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı müvəqqəti təminat tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Müvəqqəti təminat tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı işdə iddianın təmin tədbiri görülmədiyi halda, qətnamənion gələcəkdə icrasını qeyri mümkün edə biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia cavabdehlərin mübahisəli əmlakdan çıxarılması və onlardan iddiaçının xeyrinə pul məbləğlərinin tutulması ilə bağlıdır. Belə halda iddiaçının mübahisəli əmlakdan istifadə və sahiblik hüquqlarının həyata keçirməsinə cavabdehlər və digər şəxslərin tərəfindən maneələr yaradılmasının gələcəkdə bu iddia təmin olunacağı təqdirdə, onun icrasını hansı şəkildə çətinləşdirəcəyi və ya qeyri-mümkün edəcəyi aydın deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə müvəqqəti təminat tədbiri kimi iddiaçının evindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneəçiliyin törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsini zəruri edən hər hansı əsas yoxdur. Buna görə də, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən, düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(004)- 5157/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar