Məhkəmə qərarları › İş №2(103)-1096/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1096/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1096/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vəkili X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cinayət əməlləri nəticəsində 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, səksən iki qəpik) manat məbləğində dəymiş ziyanın 2.043.814,01 (iki milyon qırx üç min səkkiz yüz on dörd manat, bir qəpik) manat məbləğində ödənilməmiş hissəsi cavabdehlərdən müştərək qaydada zərərçəkmiş LPO İddiaçı1 ASC-nin xeyrinə tutulması, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 vurulmuş maddi zərərin əvəzi olaraq 2.043.814,01 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 2.043.844,01 manat məbləğində pul tutularaq LPO İddiaçı1 ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Cavabdehlər eyni məzmunda verdikləri apellyasiya şikayətlərində göstərirlər ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən hakim tərəflərin təqdim etdikləri sənədləri və sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, iddia tələbini rədd etmək əvəzinə, iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Cavabdehlərin hər biri iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun dəymiş ziyanın ödənilməsi barədə verdiyi iddia ərizəsini özlərinə aid hissədə qanunsuz, əsassız, ədalətsiz hesab edərək qətnaməni özlərinə aid hissədə ləğv edib iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh4 vəkili X7 ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına; «X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı hökmündən görünür ki, həmin hökmlə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 21 (iyimi bir) gün müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci madddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən Cavabdeh6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı1 ASC-nin “Cənub” filialında filial müdiri işlədiyi zaman məsul şəxs olmaqla saxta rəsmi sənədlər əsasında ona etibar edilən özgəsinin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə mənimsəməklə talamışdır, Cavabdeh2 İddiaçı1 ASC-nin “Cənub” filialında filial müdir müavini və beynalxalq hesablaşmalar şöbəsinin rəisi vəzifəsində işlədiyi zaman həmin filialın müdiri vəzifəsində işləmiş Cavabdeh1 tərəfindən etibar edilən özgəsinin külli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etmiş, vahid məqsədlə mənimsəmə yolu ilə talama cinayətinin törədilməsində köməkçi kimi iştirak etmişdir, Cavabdeh3 vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçünçü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur, Cavabdeh5 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçünçü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur, Cavabdeh6 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafələrinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur və Cavabdeh4 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçünçü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 və digərləri İddiaçı1 ASC-nin “Cənub” filialında işlədiyi müddət ərzində öz yaxın qohumları və tanışları olan ayrı-ayrı şəxslərin adına xeyli sayda (157 sayda) saxta kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, müddətli öhdəçilik, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədlər hazırlayaraq ümumulikdə 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, 82 qəpik) manat məbləğində pul vəsaitini istifadə edərək İddiaçı1 ASC-yə külli miqdarda ziyan vurmaqla özgəsinin əmlakını mənimsəmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı hökmünün 100-cü səhifəsindən görünür ki, cinayət işi üzrə zərərçəkmiş İddiaçı1 ASC-yə dəymiş 2.819.543,82 manat maddi ziyanın 775.729,80 manatı ödənilmişdir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017ci il tarixli, 1(101)-95/2017 saylı hökmündən göründüyü kimi Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onlara qarşı irəli sürülən ittiham üzrə təqsirli bilinmişlər. Belə ki, Cavabdeh1 və Cavabdeh2 oğu maddi məsul şəxs qismində onlara etibar edilmiş özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə (həmçinin bu cinayətin törədilməsinə köməklik göstərməklə), Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər dəyməsinə zəmin yaratmışlar. Qeyd edilən hökmə əsasən həmçinin cinayət işi üzrə mülki iddianın olmaması, zərərçəkmiş İddiaçı1 ASC-yə dəymiş 2.819.543,82 manat maddi ziyanın 775.80729,80 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu, habelə cavabdehlərin təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bu faktlar mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və bunların yenidən müəyyən edilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizələr ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. İşin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdehlər arasındakı münasibətlər zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Belə ki, cavabdehlər tərəfindən qanuna zidd hərəkətlərə yol verilməsi faktı Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı hökmünə əsasən öz təsdiqini tapdığını və iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixi nəzərə aldıqda müəyyən olunur ki, 10 illik ümumi iddia müddəti LPO İddiaçı1 ASC tərəfindən ötürülməmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın Cavabdeh2 oğuna münasibətdə qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 aid hissədə isə təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətlərinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də şikayətlərin məzmunundan görünür ki, onların obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni şikayət verən şəxslərə aid hissələrdə iddianın təmin edilməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayətləri üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 münasibətdə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, Cavabdeh2 oğuna aid hissədə isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri qismən uzlaşdığından, iş üzrə birinci instansiya məhkəməsinin bu hissələrdə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017- ci il tarixli, 1(101)- 95/2017 saylı hökmünün dəyişilməyən hissəsinə əsasən cavabdehlər Cavabdeh1 CMnin 178.3.2-ci maddəsilə, Cavabdeh2 oğu 32.5, 178.3.2-ci maddəsilə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə 308.2-ci maddələri ilə onlara qarşı irəli sürülən ittiham üzrə təqsirli bilinmiş və onlara təyin edilən cinayət cəzasına əsasən məhkum olunmuşlar. Ali Məhkəmənin 19.11.2019-cu il tarixli 1(102)-983/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Cavabdeh1 barəsindəki 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmiş, məhkum Cavabdeh1 verilmiş ittihamın həcmi 2 819.543, 82(iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, səksən iki qəpik) manatdan 2.043.814,01 (iki milyon qırx üç min səkkiz yüz on dörd manat, bir qəpik) manata endirilmiş, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 2(iki) il 5(beş) ay 21(iyirmi bir) gün müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10(on) il müddətə azadlıqdan məhrum etmə cəzası 9(doqquz) il 6(altı) aya endirilmiş, qalan hissədə qərar dəyişdirilməmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 maddi məsul şəxs qismində ona etibar edilmiş özgənin külli miqdarda əmlakını, yəni 2.819.543,82 manatı öz qulluq mövqeyindən istifadə edib mənimsəmiş, Cavabdeh2 oğu isə qeyd olunan məbləğin, yəni 2.819.543,82 manatın, yalnız 557 226,82 manat hissəsinin mənimsənilməsində Müşfiq Bayramova kömək etdiyi üçün cinayətdə sadə iştirakçılığıa görə, yəni CM-nin 32.5, 178.3.2-ci maddəsilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmə və birinci instansiya məhkəməsinin qənaətinə əsasən digər cavabdehlər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər dəyməsinə zəmin yaratmışlar, yəni (hökmlə Cavabdeh3 2.819.543,82 manat, Cavabdeh4 1 749 664,82 manat, Cavabdeh5 2.819.543,82 manat və Cavabdeh6 isə 917.818 manat həcmində öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə Cavabdeh1 həmin vəsaiti mənimsəməsinə zəmin yaratdıqları müəyyən edilmiş) Cavabdeh1 etibar edilmiş 2.819.543,82 manat külli miqdarda vəsaiti mənimsəlməsində ifadə olunan və nəticələnən hərəkətləri ilə bankın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş və ağır nəticələrə səbəb olmuşdur. Cavabdeh1 hökmdə olan ifadəsindən görünür ki, o, banka 1 100 000 manat borcunun olduğunu, qalan məbləğin isə üzərinə gələn faizlər olduğunu, Cavabdeh2la birlikdə zərərdən 800000(səkkiz yüz min) manat ödədiyini, 150000(yüz əlli min) manat dəyərində qızıl-zinət əşyaları verdiyini, lakin qızılların nəzərə alınmadığını, eləcə də mənimsədiyi pullardan hər hansı miqdarda digər cavabdehlərə vermədiyini, onların bundan xəbəri olmadığını bildirmişdir. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən banka məxsus 2.819.543,82 manatın məhz mənimsənilməsində, cavabdehlərdən yalnız Cavabdeh2 557 226,82(beş yüz əlli yeddi min, iki yüz iyirmi altı manat, səksən iki qəpik) manat həcmində cinayətdə sadə iştirakçılığından, yəni sonuncunun cinayətdə köməkçi kimi iştirakından başqa digər cavabdehlərin hər hansı bir rolu olmamış, başqa sözlə onların Cavabdeh1 qeyd olunan məbləği mənimsəməsində iştirak etməmiş, hökmlə bu məbləğin cüzi də olsa mənimsənilməsində onların iştirakı, qazancı yaxud hansısa maraqları və mənafeyinin olması təsdiq olunmamışdır. Bu cür vəziyyətdə birinci instansiya məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyini əsas götürsə də konkret hansı hadisənin olmasını yaxud olmamasını və cavabdehlərin həmin, özü də konkret hansı hadisəyə aidiyyətini dəqiqləşdirməli idi. Şübhəsiz ki, hökmlə Cavabdeh1 banka məxsus 2.819.543,82 manatı mənimsəməsi, cavabdehlərdən Cavabdeh2 isə bu məbləğin 557 226,82(beş yüz əlli yeddi min, iki yüz iyirmi altı manat, səksən iki qəpik) manat hissəsində mənimsənilməsində köməkçi kimi iştirakı bir cinayət hadisəsi kimi və onların həmin hadisəyə aidiyyəti hissəsində təsdiq olunduğundan mülki işə baxan məhkəmə üçün bu hissədə məcburidir. Düzdür, Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki... cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Məhkəmə tərkibi də digər cavabdehlərin CMnin 308.2-ci maddəsi ilə təqsirli olmaları məsələsinə qətiyyən qiymət fikrində deyildir, çünki onlar artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinib məhkum olunmuşlar. Lakin digər cavabdehlərin bu hadisənin, yəni mənimsəmə cinayəti hadisəsinin baş verməsində bilavasitə iştirakı və onların bu hadisəyə aidiyyəti hökmlə müəyyən olunmadığından tələb edilən maddi ziyan onlardan müştərək qaydada iddiaçının xeyrinə alına bilməzdi. Ən azından ona görə ki, qeyd olunan məbləğdə vəsaiti bilavasitə mənimsəyən şəxsin məsuliyyəti,cavabdehliyi, öhdəliyi ilə, digər cavabdehlərin məsuliyyəti, cavabdehliyi və öhdəlikləri eyni həcmdə ola bilməz. Hazırki işdə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Cavabdeh1 banka məxsus 2.819.543,82 manatı mənimsəməsində, cavabdehlərdən Cavabdeh2 isə bu məbləğin 557 226,82(beş yüz əlli yeddi min, iki yüz iyirmi altı manat, səksən iki qəpik) manat hissəsinin mənimsənilməsində ona kömək etməsində ifadə olunan cinayət hadisəsinin törədilməsinə zəmin yaradan vəzifə cinayəti törətmələri onların hazırki iddia üzrə də mülki hüquqi məsuliyyətə cəlb edilmələrini məcburi etmir. Çünki, bu cür məhkəmə aktı həmin cavabdehləri törətdikləri hüquq pozuntularına görə cinayət məsuliyyətinə cəlb edilmələri də nəzərə alınmaqla qat-qat artıq həcmdə hüquqi məsuliyyətə cəlb olunmaları ilə nəticələnə bilər ki, bu da onların məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnə bilər. Apellyasiya instansiya məhkəməsi xüsusilə vurğulayır ki, hüququn bütün prinsipləri, o cümlədən hüququ müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 aid hissədə tam, Cavabdeh2 münasibətdə isə qismən maddi hüquq normaları səhv təfsir edildiyindən, eləcə də prosessual hüquq normasının pozulması düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin cavabdehlərə aid hissədə ləğv edilməli və iddia Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 aid hissədə rədd, Cavabdeh2 münasibətdə isə qismən təmin edilməli, 557 226,82(beş yüz əlli yeddi min, iki yüz iyirmi altı manat, səksən iki qəpik) manat həcmində maddi zərərin əvəzi müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 aid hissədə ləğv edilsin. İddia Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 aid hissədə rədd edilsin. Cavabdeh2 isə 557 226,82(beş yüz əlli yeddi min, iki yüz iyirmi altı manat, səksən iki qəpik) manat həcmində maddi zərərin əvəzi müştərək qaydada alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı1 açıq səhmdar cəmiyyətinə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar