Məhkəmə qərarları › İş №2(103)-1096/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1096/2024

30.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1096/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: evə köçürülmə və evdən istifadəyə maneələrə son qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadəyə maneələrə son qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4664/2023 nömrəli 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(001)- 519/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında 09 fevral 2013-cü il tarixdə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan olan 13 yanvar 2014-cü il təvəllüdlü X2 və 17 fevral 2015- ci il təvəllüdlü X3 adlı uşaqların anaları İddiaçı yanında saxlanması qət edilmışdır.

2. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 2098 saylı arayışa görə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanının qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları – 13 yanvar 2014-cü il təvəllüdlü X2 və 17 fevral 2015-ci il təvəllüdlü X3 ilə birlikdə qeydiyyatda olduqları və yaşadıqları ünvan 3 ünvanına köçürülmələri (köçürüldükləri ünvana yeni giriş qapısının açılmasının təmin edilməsi ilə bahəm) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 09 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla, 16 mart 2013-cü il tarixdə toy edib ailə qurmuşlar. Həmin tarixdən cavabdehə məxsus Bakı şəhəri, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Cavadxan 56 ünvanındakı 2 otaqlı mənzildə yaşamışlar. Bir neçə gün sonra cavabdehlə birlikdə cavabdehin atasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Xutor, 1-ci sıra, 75 saylı fərdi yaşayış evinə köçürülmüş, həmin ünvanda qeydiyyata alınmış, nikahları pozulanadək həmin ünvanda yaşamışlar. Hazırda uşaqları ilə birlikdə iddia tələbində göstərilən evdə qeydiyyatdadır. Cavabdehlə və ailə üzvləri ilə birlikdə yaşamaq, ailə təsərrüfatını birgə idarə etmək dözülməzdir. Cavabdehin bu hərəkətlərinə görə uşaqları ilə birlikdə 2022-ci ilin iyul ayından atasına məxsus ünvan 5 ünvanında yaşayır. Yaşayış üçün mənzili yoxdur. Cavabdeh və onun ailə üzvləri 24 iyul 2022-ci il tarixdən etibarən onu və uşaqlarını təhqir edərək, evdən qovmuşdur. Hazırda imkansızlıqdan valideynlərinin evində yaşayır, evin hər şəraiti olsa da, uşaqları məktəbə, idmana və repetitor yanına aparıb-gətirməkdə çox əziyyət çəkir. 10 il bundan qabaq valideynləri tərəfindən verilmiş cehiz əşyalar, mebellər və s. bir hissəsi həmin evdə, qalanı Cavadxan 56 ünvanında yerləşir. Ona və uşaqlara məxsus geyim ləvazimatları, dərs ləvazimatları da həmin ünvanda yerləşir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 oktyabr 2023-cü il tarixli 2(001)-4664/2023 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. İddiaçı tərəfindən isə göstərilənlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı cavabdehin də sözügedən ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən evin məhz ona məxsus olduğu müəyyən edilmir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180, Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qanuni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onun və uşaqlarının həmin evdə qeydiyyatda olmasına əhəmiyyət verməmişdir. Həmin ev 50 ildən çoxdur ki tikilib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

13. Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, mübahisəli ev 1979-cu ildə valideynləri tərəfindən tikilmiş özbaşına tikilidir. Kommunal ödənişlər anasının adınadır. Anası 2021-ci ildə vəfat etmişdir. Hazırda mübahisəli evdə atası və özü yaşayır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

15. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

16. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

17. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

18. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

19. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

20. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir.

30. Tərəflər 2013-cü ildə ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur.

31. İddiaçı bildirir ki, ailə qurduqdan bir neçə gün sonra cavabdehin atasına məxsus olan mübahisəli yaşayış evinə köçmüşlər, nikahları pozulana qədər həmin evdə yaşamışlar.

32. Cavabdeh apellyasiya baxışı zamanı qeyd etmişdir ki, mübahisəli ev 1979-cu ildə valideynləri tərəfindən tikilmişdir, özbaşına tikilidir, kommunal ödənişlər anasının adınadır. Hazırda evdə atası və özü yaşayır.

33. Məhkəmə Kollegiyası hesab edir ki, mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində, yəni 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir.

34. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur.

35. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının hazırkı tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməsinin hüquqi əsası mövcud deyil. O da nəzərə alınmalıdır ki, cavabdeh həm də hazırki tələbə cavab verməli olan şəxs deyil, çünki, artıq qeyd olunduğu kimi, mübahisəli ev cavabdehin atası və anası tərəfindən inşa edilmişdir. Mübahisəli ev cavabdehə məxsus deyildir.

36. İddiaçı cavabdehin valideynlərinin nə ailə üzvü, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulumş «digər qohumu» deyil.

37. Həmçinin iddiaçının, köçürülməsini tələb etdiyi evin əldə edilməsində, tikilməsində heç bir iştirakı olmamış, hər hansı məbləğdə vəsait sərf etməmişdir.

38. Formalaşmış təcrübəyə əsasən özbaşına tikiliyə köçürmə o halda baş verə bilər ki, iddiaçının həmin yaşayış evinin əldə edilməsində və ya tikilməsində iştirakı olsun. Baxılan işdə isə belə bir hal müəyyən edilməmişdir.

39. Mübahisəli yaşayış evi üzrə qeydiyyata alınmasının iddianın əsaslı olmasını şərtləndirən hal olmasına dair iddiaçının dəlilinə münasibətdə isə qeyd olunur ki, həmin qeydiyyat iddiaçının yaşayış yerinin dəyişdirilməsi ilə bağlı olmuşdur.

40. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

41. Adı çəkilən Qanunun 1-ci maddəsində göstərildiyi kimi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

42. Başqa sözlə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat birmənalı şəkildə həmin sahəyə münasibətdə istifadə hüququnun yaranmasına səbəb olmur.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı).

44. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının evə köçürülmə tələbi əsassız olduğu üçün məhkəmə haqlı olaraq onun rədd edilməsi qənatinə gəlmişdir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4664/2023 nömrəli iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar