Məhkəmə qərarları › İş №2(103)-1096/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1096/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1096/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb edilməklə iş üzrə Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində işə cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 2160/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ərizəçi (bundan sonra ərizəçi) xx.xx.1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Danzik kəndində doğulmuşdur. Ərizəçi ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X14 Fonduna müraciət etmişdir. Həmin müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla onun ümumi iş stajının 25 ildən az (19 il 4 ay 26 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992- xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993- xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə 14 il 11 ay) təşkil etdiyi, iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğunun göndərildiyi, müvafiq sorğuya cavab olaraq 1988-ci il üzrə 10 ay, 1989-cu il üzrə 2 ay, 1990-cı il üzrə 4 ay, 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 3 ay, 1994-cü il üzrə 8 ay ona əmək haqqının hesablanmadığı barədə məlumatın verildiyi, bu faktın Naxçıvan Muxtar Respublikasının Şərur rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli birgə Akt ilə təsdiq edildiyi, bu səbəbdən əmək haqqı ödənilməyən, işləmədiyi ayların (ümumilikdə 30 ay) iş stajına daxil edilməsinin mümkün olmadığı bildirilmiş və bunun nəticəsi olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının (33.123,76 manat) əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun 1983-cü ilin iyul ayından 1988-ci ilin iyun ayına qədər Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Çivə kəndində tütünçülük sovxozunda əmək fəaliyəti ilə məğul olması faktının müəyyən edilməsi barədər qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuşdur və 1983-cü ilin iyun ayında X4 ilə ailə quraraq, Ermənistan Respublikasının Yexeqnadzor (əski Keşkənd) rayonunun Çivə kəndində yaşamağa başlamışdır. 1988-ci ilin iyul ayına qədər o və ailə üzvləri, o cümlədən 28-ə yaxın azərbaycanlı ailə Ermənistan Respublikasında sözügedən kənddə yaşayırdılar. Məlum hadisələrdən sonra erməni faşistləri tərəfindən yaşadıqları Yexeqnadzor rayonunun Çivə kəndindən qovuldular və onların ailəsi Naxçıvan Muxtar Respublikasının Şəhid Məmməd (hazırda Danyeri adlanır) kəndində məskunlaşmışdır. O, güzəştli şərtlərlə 60 yaşında pensiya almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir, amma onun sığorta kapitalı və əmək stajı güzəştli şərtlərlə pensiya təminatına imkan vermədiyi üçün sözügedən nazirlikdən imtina cavabı almışdır. Lakin onun 1988-ci ilə qədər yaşadığı Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Çivə kəndində 5 ildən çox əmək stajı olubdur. Onlar Ermənistanı tərk edərkən o, öz əmək kitabçasını özü ilə götürə bilməmişdir. Onun Ermənistanda tütünçülük sovxozunda və fermada işləməyini təsdiq edən bir neçə şəxs var ki, onlar da onunla sovxozda eyni vaxtda əmək fəaliyyəti ilə məşğul olublar. Belə ki, o, 1983-cü ilin iyul ayından Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Çivə kəndində əmək fəaliyyətinə başlamış, amma oranı məcburi şəkildə tərk etdiyindən əmək kitabçasını özü ilə götürə bilməmişdir. Əmək stajının tanınması ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün lazımdır. Ona lazım olan sənədlərin əslini və ya surətini ala bilmir və ya onları bərpa etmək mümkün deyil.

4. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizəyə etiraz edərək bildirmişdir ki, ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh filiala müraciət etmiş, lakin tələb olunan ümumi sosial sığorta stajı olmaması səbəbindən müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra ərizəçi 1983-cü ilin iyul ayından başlayaraq 1988-ci ilə qədər Ermənistan Respublikasının Yexeqnadzor rayonunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Halbuki, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən iş stajının təsdiq edilməsi üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq iddia olunan müddətlər ərzində şahidlərin işləmələri barədə sənədləri olmalıdır. Bununla belə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 2160/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 1983-cü ildən 1988-ci ilədək Ermənistan Respublikasının Yexeqnadzor rayonu Çivə kənd sovxozunda əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilmiş, məhkəmə xərclərinin ərizəçiyə aid edilməsi qət edilmişdir. (hakim X6)

6. Məhkəmə ərizəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, ərizəçinin işləməsi faktının müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən və təqdim edilmiş əmək kitabçalarından müəyyən olundu ki, ərizəçi 1983-cü ildən 1988-ci ilədək Çivə kənd sovxozunda tütünçü və sağıcı kimi fəaliyyət göstərmişdir. Məhkəmə məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini, o cümlədən digər sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul etmiş və hesab etmişdir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur.

7. Ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə hesab etmişdir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü, 305-ci, 307-309-cu, 311-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şahidlərdən biri olan Qurbanova (Dünyamalıyeva) Südabə 1982-ci ildə sözügedən sovxozda işə daxil olsa da, ərizəçi ilə eyni vaxtda 1983-1988-ci illər ərzində işləməsi faktı üst-üstə düşmədiyindən həmin şahidin verdiyi ifadələr mötəbər hesab oluna bilməz. Belə ki, şahid Qurbanova (Dünyamalıyeva) Südabə iş materiallarında olan əmək kitabçasının surətinə əsasən 1982- 1984-cü və 1986-1988-ci il tarixlərdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Çivə kəndində tütünçülük sovxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə “Əmək kitabçasının surətindən görünür ki, X7 xx.xx.1982-ci ildə Çivə kənd sovxozunda fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə işdən azad edilmişdir” kimi qeyd etməklə onun ərizəçi ilə bir yerdə işlədiyini təsdiqləmişdir. Lakin həmin əmək kitabçasına diqqətlə nəzər saldıqda şahidin xx.xx.1984 - xx.xx.1986-cı il tarixlərdə başqa bir fabrikdə işlədiyini görmək mümkündür. Belə olan halda əsassız olaraq ərizənin birinci instansiya məhkəməsi tərəfindən 1983-1988-ci illərdə onların birgə işləməsinə əsasən təsdiqlənməsi halı qanunauyğun olmamışdır. Digər şahid Gülzar Şamilova məhkəmə iclasında səhhətinə görə Naxçıvanda olduğundan iştirakı mümkün olmamışdır. Əmək kitabçasının əslinə isə məhkəmə tərəfindən əyani baxış keçirilməmişdir. Belə olan halda şahidin dindirilmə qaydasına və qanunvericiliyin tələbinə görə şahid mülkimühakimə icraatının bilavasitəlik prinsipinə uyğun olaraq dindirilmədiyindən onun ərizəçi ilə birgə işləməsi faktının nəzərə alınaraq 1983-1988-ci illərin təsdiqlənməsi qanunvericilik normalarına zidd olmuşdur. Hazırkı işdə isə şahid X10 əmək kitabçası olmadığı halda onun da izahatına əsaslanaraq ərizənin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə ərizənin təmin edilməsi üçün X5 izahatına əsaslansa da, onun əmək kitabçası iş materiallarında mövcud deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçini tanıyır. Belə ki, o, Ermənistanın Yexeqnadzor rayonunun Çivə kəndində yaşamış və kənddə yerləşən sovxozda işləmişdir. Ərizəçi 1983cü ildə həmin kəndə gəlin gəlmişdir. Onlar kənddə qonşu olmuşdular. Ərizəçi ondan sonra, yəni 1983-cü ildə Sovxoza işə qəbul olunmuş və tütünçü kimi, həmçinin əlavə olaraq sağıcı kimi fəaliyyət göstərmişdir. Məlum hadisələrlə bağlı da eyni vaxta işdən çıxmaq, sonra isə öz doğma yurdlarını tərk edərək, qaçqın düşmək məcburiyyətində qalmışdılar.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir; 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə).

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir; 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, ərizənin rədd olunması xahiş olunur. Lakin nəzərə alınmalıdır ki, ərizə hüquqi nəticə etibarı ilə qismən təmin edilmişdir. Belə ki, ərizəçi ərizə üzrə əmək fəaliyyətinin 1988-ci ilin iyun ayına kimi davam etməsinin müəyyən edilməsini tələb etsə də, birinci instansiya məhkəməsi bu fəaliyyətin 1988-ci ilədək (son tarix xx.xx.1987-ci il) davam etməsini müəyyən etməklə, hüquqi nəticə etibarı ilə ərizəni qismən təmin etmişdir. Bu səbəbdən qətnamə iş stajının müəyyən edildiyi müddətlər baxımından ərizənin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəflərin izahatını, habelə şahidin ifadəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, eyni zamanda, digər şahidlərin ifadəsini nəzərə alıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlsə də, ərizəçinin iş stajının başlanğıc tarixini düzgün müəyyən etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən edilmiş iş stajının başlanğıc tarixi ilə bağlı hissədə dəyişdirilməlidir.

22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, ərizəçi xx.xx.1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dənzik kəndində doğulmuş, X4 adlı şəxslə nikaha daxil olduqdan sonra 1983cü ildə Ermənistanın Yexeqnadzor rayonunun Çivə kəndinə köçərək, 1988-ci ilin iyul ayına kimi orada yaşamış, məlum hadisələrlə bağlı qeyd edilən tarixdə daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır.

23. Hazırda iddiaçı Ermənistanın Yexeqnadzor rayonunun Civə kənd sovxozunda 1983-cü ilin iyul ayından 1988-ci ilin iyun ayına kimi tütüncü, əlavə olaraq sağıcı vəzifəsində işlədiyini iddia edir, lakin həmin illərdə bu sovxozda işləməsini təsdiq edən əmək kitabçası itdiyindən (məlum hadisələrlə bağlı öz yaşayış yerlərini tərk etdiklərindən Ermənistanda qaldığından) və əmək kitabçasının bərpası mümkün olmadığından qeyd edilən illərdə həmin sovxozda tütünçü vəzifəsində işləməsi faktının müəyyən edilməsini xahiş edir.

24. Məhkəməyə müraciət etməzdən əvvəl bu məsələ ilə bağlı ərizəçi maraqlı şəxsə müraciət etmiş, lakin ümumi iş stajı 25 ildən az olduğundan, habelə 1988-1994-cü illər arasındakı dövr ərzində əmək haqqı ödənilməyən ümumilikdə 30 ayın iş stajına daxil edilməsi mümkün olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən (40.320 manat hesablandığı halda, 33.123,76 manat təşkil edir) aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Maraqlı şəxs hazırda da bu mövqedən çıxış edir, eyni zamanda, ərizəçinin ərizədə göstərilən dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əmək kitabçasının olmaması halında iş stajının şahidlərin ifadələrinə əsasən müəyyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə istinad edir və həm birinci, həm də apellyasiya şikayəti üzrə apellyasiya instansiya məhkəməsində ərizəçi tərəfindən bu qaydaya da riayət edilmədiyini vurğulayır.

25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ərizədə göstərilən faktın (əmək stajının) təsdiqi ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazımdır. Ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, o cümlədən bu barədə qeydin aparıldığı əmək kitabçasının bərpasının mümkün olmaması açıq və aşkardır. Həmin dövrə aid iş stajı barədə sənədlərin nəinki arxivdə saxlanılmaması, məlum səbəblərlə bağlı onların ümumiyyətlə arxivə verilməməsi (bu məqsədlə Azərbaycan Respublikasına təhvil verilməsi) təkzib olunmaz faktdır. Qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası da nəzərdə tutulmamışdır.

26. Belə olan halda, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından ərizədə göstərilən müddət üzrə iş stajı ərizəçini həmin sovxozda birgə işdən tanıyan ən azı iki şahidin ifadələrinə əsasən müəyyən edilə bilər.

27. Məhz bu məqsədlə iştirakı ərizəçi tərəfindən təmin edilmiş və ona məxsus əmək kitabçasında olan məlumatlara əsasən xx.xx.1982 – xx.xx.1988-ci illərdə həmin sovxozda sağıcı vəzifəsində işləmiş şahid X9 ərizəçinin 1983-cü ildə Çivə kəndinə gəlin gəldiyini, 1983-1988-ci illərdə onunla birlikdə həmin sovxozda işlədiyini və tütüncü kimi, əlavə olaraq da sağıcı kimi fəaliyyət göstərdiyini bildirmişdir.

28. Əmək kitabçasında olan məlumatlara əsasən xx.xx.1982 – xx.xx.1984-cü və xx.xx.1986 – xx.xx.1988-ci illərdə həmin sovxozda fəhlə vəzifəsində işləmiş şahid Dünyamalıyeva (Qurbanova) Südabə Əli qızı ərizəçinin 1983-cü ilin yay aylarında Naxçıvan Muxtar Respublikasından Yexeqnadzor rayonunun Çivə kəndinə gəlin gəldiyini, payız aylarından başlayaraq qeyd edilən sovxozda tütünçü, həmçinin sağıcı işlədiyini, 1988-ci ilin may ayınadək birlikdə işlədiklərini və may ayının 5-i yaşadıqları kəndi tərk etdiklərini bildirmişdir.

29. Əmək kitabçasında olan məlumatlara əsasən xx.xx.1982 – xx.xx.1988-ci illərdə həmin sovxozda işləmiş şahid X8 Ermənistanın Yexeqnadzor rayonunun Çivə kəndində yaşadığını və kənddə yerləşən sovxozda işlədiyini, ərizəçinin 1983-cü ildə həmin kəndə gəlin gəldiyini, kənddə qonşu olduqlarını, ərizəçinin ondan sonra, yəni 1983-cü ildə Sovxoza işə qəbul olunduğunu və tütünçü kimi, həmçinin əlavə olaraq sağıcı kimi fəaliyyət göstərdiyini, məlum hadisələrlə bağlı da eyni vaxta işdən çıxmaq, sonra isə öz doğma yurdlarını tərk edərək, qaçqın düşmək məcburiyyətində qaldıqlarını bildirmişdir.

30. Bununla belə, iştirakı ərizəçi tərəfindən təmin edilmiş və iltizama imza etməklə cinayət məsuliyyəti haqqında xəbərdar edilmiş 2 nəfər şahid özlərinin Yexeqnadzor rayonunun Çivə kənd sovxozunda 1982-1988-ci illər ərzində işləməsini təsdiq edən əmək kitabçasını məhkəməyə təqdim etməklə ərizəçini birgə işdən tanıdıqlarını, o cümlədən ərizəçinin 1983-1988-ci illərdə həmin sovxozda tütünçü, həmçinin, əlavə olaraq sağıcı vəzifəsində işlədiyini təsdiq edirlər. xx.xx.1982 – xx.xx.1984-cü və xx.xx.1986 – xx.xx.1988-ci illərdə işləyən üçüncü şahid isə ən azı 1983-cü ilidən xx.xx.1984-cü il və xx.xx.1986-cı ildən xx.xx.1988-ci il tarixədək ərizəçinin həmin sovxozda işlədiyini təsdiq edir.

31. Məhkəmə kollegiyası da ərizəçinin iş stajı barədə şahidlərin ifadəsini mötəbər sübut kimi qəbul edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəçinin həmin sovxozda əmək fəaliyyəti ilə məşğul olması barədə qənaətində haqlı olmuşdur. Lakin həmin fəaliyyətin başlanğıc tarixini müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, ərizəçi özü 1983-cü ilin iyul ayından başlayaraq həmin sovxozda əmək fəaliyyəti ilə məşğul olduğunu, ifadəsi alınmış şahid Dünyamalıyeva (Qurbanova) Südabə Əli qızı isə onun 1983-cü ilin yay aylarında Naxçıvan Muxtar Respublikasından Yexeqnadzor rayonunun Çivə kəndinə gəlin gəldiyini, payız aylarından başlayaraq qeyd edilən sovxozda tütünçü, həmçinin sağıcı işlədiyini bildirmiş, digər iki şahid isə 1983-cü ili əmək fəaliyyətinin başlanğıc ili kimi göstərsələr də, ayla bağlı məsələyə aydınlıq gətirməmişdilər. Birinci instansiya məhkəməsi də ərizəçinin 1983-cü ildən əmək fəaliyyəti ilə məşğul olması faktını müəyyən etmişdir.

32. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, bu məsələyə aydınlıq gətirilməli və şahid ifadələrində bu məsələ ilə bağlı göstərilənlər nəzərə alınmaqla, ərizəçinin həmin sovxozda əmək fəaliyyəti ilə məşğul olmasının başlanğıc tarixi qismində xx.xx.1983-cü il tarixi müəyyən edilməlidir. Hər bir halda, ərizəçi 1983-cü ilin iyul ayında dair hər hansı sübut təqdim edə bilmir, digər şahidlərlə müqayisədə isə yalnız şahid Dünyamalıyeva (Qurbanova) Südabə Əli qızı ayı dəqiqləşdirməsə də, fəsili göstərir. Bu baxımdan məhz qeyd edilən tarix ağlabatan hesab edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin həmin sovxozda tutduğu vəzifə də dəqiq göstərilməlidir.

33. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, ərizə üzrə əmək fəaliyyətinin 1988-ci ilin iyun ayına kimi davam etməsinin müəyyən edilməsi tələb edilsə də və şahidlər də bu məzmunda ifadə versələr də birinci instansiya məhkəməsi bu fəaliyyətin 1988-ci ilədək (yəni son tarix olaraq xx.xx.1987-ci il) davam etməsini müəyyən etməklə, hüquqi nəticə etibarı ilə ərizəni qismən təmin etmişdir. Lakin ərizəçi qətnaməni həmin hissədə mübahisələndirmədiyindən məhkəmə kollegiyası bu məsələyə münasibət bildirilməsinə hər hansı zərurət görmür.

34. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ərizəçinin qeyd edilən sovxozda əmək fəaliyyəti ilə məşğul olmasının başlanğıc tarixi hissəsində dəyişdirilməli və ərizə qismən təmin edilməklə, ərizəçinin xx.xx.1983-cü il tarixindən başlayaraq Ermənistan Respublikasının Yexeqnadzor rayonu Çivə kənd sovxozunda tütünçü vəzifəsində işləməsi faktı müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2160/2024 nömrəli qətnaməsi “ərizəçinin Ermənistan Respublikasının Yexeqnadzor rayonu Çivə kənd sovxozunda əmək fəaliyyəti ilə məşğul olmasının başlanğıc tarixi” hissəsində dəyişdirilsin. Ərizə qismən təmin edilməklə, Ərizəçi xx.xx.1983-cü il tarixindən başlayaraq Ermənistan Respublikasının Yexeqnadzor rayonu Çivə kənd sovxozunda tütünçü vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar