Məhkəmə qərarları › İş №2(103)-10969/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10969/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10969/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı (qarşılqlı iddia üzrə cavabdeh) İddiaçı, İlkin iddia tələbi üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Hüseynova Nisə Əvəz qızının və Cavabdeh və onların nümayəndəsi və vəkili İsgəndərli Könül Teyyub qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-610/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə iddiaçı (qarşılqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 25 mart 2005-ci il tarixdə ailə həyatı quraraq rəsmi nikaha girmişdir. Cavabdehlə rəsmi nikahlarından övladları 09 sentyabr 2006-cı il təvəllüdlü Hüseynov Ağaxan Maşalla oğlu və 29 sentyabr 2012-ci il təvəllüdlü Hüseynova Məleykə Maşalla qızı dünyaya gəlmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5015/17 saylı, 28 avqust 2017-ci il tarixli qətnaməsi əsasında Cavabdeh ilə onun arasında olan nikaha xitam verilmişdir. Həmçinin sözügedən məhkəmə qətnaməsi əsasında övladları Ağaxan və Məleykənin onun yanında saxlanılması və cavabdehin övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment öhdəliyi yaranmışdır. O, hal-hazırda övladları ilə birlikdə atasına məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Həmin mənzildə o, və övladlarından başqa valideynləri, qardaşı olmaqla ümumiikdə 5 nəfər tərtkibdən ibarət olmaqla yaşayırlar. Yaşadıqları mənzilin sahəsinin olduqca kiçik olması və ailə tərkiblərinə uyğun olmadığına görə bir sıra çətinliklərlə üzləşirlər. ünvan 2 ünvanında yerləşən mənzil ümumilikdə 4 otaqdan ibarət olmaqla 6 sotdan artıq torpaq sahəsinin üzərində yerləşir, kifayət qədər geniş sahəsi olan mənzildir. Bundan əlavə bir sıra yardımçı sahələri də mövcuddur. Həmçinin keçmiş qayınatası sağlığında öz razılığı ilə mənzilin yerləşdiyi torpaq sahəsindən ona pay vermiş, həmçinin sözügedən yaşayış evinin də bölünməsinə razılıq vermişdir. Bundan sonra isə o, öz şəxsi vəsaiti hesabına sözügedən mənzildə bölgüdən sonra təmir-bərpa işləri gördürmüş və qayınatası tərəfindən ona pay olaraq verilmiş torpaq sahəsində 2 otaqlı ev tikdirmişdir. Bütün bu işləri görərkən isə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh yanlarında olmamış və ona istər maddi, istərsə də mənəvi dəstək göstərməmişdir. Bundan əlavə, sözügedən mənzil hazırki iddia ərizəsi üzrə Cavabdeh atasının mülkiyyətində olmuş və atası vəfat etdikdən sonra vərəsəlik əsasında həmin mənzil keçmiş qayınanasının mülkiyyətinə verilmişdir. O, hesab edir ki, məhkəmə tərəfindən onun, övladlarının Cavabdeh yaşadığı və ünvan 2 ünvanında yerləşən mənzilə köçürülmələri və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, onun, yəni 17 avqust 1984-cü il təvəllüdlü İddiaçı, övladları 09 sentyabr 2006-cı il təvəllüdlü Hüseynov Ağaxan Maşalla oğlu və 29 sentyabr 2012-ci il təvəllüdlü Hüseynova Məleykə Maşalla qızının Cavabdeh yaşadığı və ünvan 2 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülmələri və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Hüseynova Nisə Əvəz qızının cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı Hüseynova Nisə Əvəz qızı cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən 37 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportla **********03-10301 saylı reyestr nömrəsinə əsasən onun xüsusi mülkiyyətindədir. İddiaçı onun keçmiş gəlinidir. Oğlu Cavabdeh ilə cavabdeh İddiaçı arasında 25.03.2005-ci il tarixdə Əli-Bayramlı şəhər Qeydiyyat Şöbəsində 137 saylı akt qeydi ilə nikah bağlanmışdır. Oğlu İddiaçı ilə ailə həyatı qurduqdan sonra onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 37 saylı fərdi yaşayış evində yaşamağa başlamışlar. O, da öz növbəsində bir ana kimi, oğlunu və gəlinini ona məxsus olan mənzilə gətirmişdir. 2013-cü il tarixdə oğlu Cavabdeh Rusiya Federasiyasında 7 il müddətinə həbs olunmuşdur. Oğlu həbs olunduqdan sonra gəlini İddiaçı oğluna və ona qarşı olan münasibəti tamamilə dəyişmiş və demək olar ki, onlarla olan əlaqəsini kəsmişdir. Lakin o, bir ana kimi daimi olaraq nəvələri və oğlunun keçmiş həyat yoldaşı ilə maraqlanmışdır. 2017-ci il tarixdə boşandıqdan bir neçə ay sonra qonşusundan öyrənmişdir ki, keçmiş gəlini İddiaçı övladı Cavabdeh ilə aralarında olan nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5015/2017 saylı, 28 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi təmin edilmişdir. Bütün bu proseslərdən övladı Cavabdeh və həmçinin o, da xəbərsiz olmuşdur. Boşanma prosesi barədə xəbər tutduqdan sonra dəfələrlə cavabdeh İddiaçı yaşadığı lakin ona məxsus fərdi yaşayış evinə getsə də, artıq cavabdeh tərəfindən evin kilidi dəyişdirilmişdir. Dəfələrlə cavabdehdən evdən çıxmasını tələb etməsinə baxmayaraq, o, isə öz növbəsində ona nalayiq ifadələr işlədərək evdən çıxmayacağını bildirmişdir. Həmçinin İddiaçı onun xüsusi mülkiyyətində olan mənzilə gəlin gəldiyi vaxtdan 2019-cu ilin avqust ayına qədər ona məxsus fərdi yaşayış evində yaşayırdı. Belə ki, 2019-cu ilin avqust ayında oğlunun cəzası bitdiyi üçün Bakıya qayıtdıqdan sonra cavabdeh İddiaçı ilə yaşadığı, onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə getsə də, orada övladını və İddiaçı tapmamışdır. Belə ki, İddiaçı evi tərk etmiş və ona məxsus olan evə kirayəçiləri yerləşdirmişdir. Qanuni sənədlərlə sözügedən fərdi yaşayış evinin ona məxsus olmasını cavabdehə dəfələrlə bildirmiş və onun xüsusi mülkiyyətindən çıxmasını tələb etsə də, cavabdeh ona hədə-qorxu gələrək evi boşaltmayacağını bildirmiş və bu günə qədər həmin fərdi yaşayış evini boşaltmamış və evin açarlarını ona təqdim etməmişdir. Cavabdehin onun evindən çıxmaması nəticəsində o, illərdir ki, bir mülkiyyətçi kimi xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etmək hüququnu realizə edə bilmir. Bunun nəticəsində, artıq ona xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh İddiaçı hal-hazırda onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 37 saylı fərdi yaşayış evində yaşamır və onun mənzilini başqa şəxslərə kirayə verərək gəlir əldə edir. Əgər ona məxsus mənzil cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsə və o, ondan istifadə edə bilsə idi ən azından bu müddət ərzində həmin mənzili kirayə verərək gəlir əldə edə bilərdi. Cavabdehin bu hüquqazidd müdaxiləsi nəticəsində o, bir mülkiyyətçi kimi bütün qanuni imkanlarımdan məhrum olmuş, bununla da çox böyük mənəvi iztirab və psixoloji sarsıntı keçirmişdir. Qanuni şəkildə və dəyərini tam ödəməklə əldə etdiyim fərdi yaşayış evindən mülkiyyətçi kimi istifadə edə bilməmək onun bütün səbrini tükətmiş və belə olduğu təqdirdə o, xüsusi mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Belə olduğu halda onun bir tək ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı ünvan 3 ünvanında yerləşən 37 saylı fərdi yaşayış evindən çıxarılması, İddiaçı ünvan 3 ünvanında yerləşən 37 saylı fərdi yaşayış evini boşaltması və evin açarlarının təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçı Hüsyenova Xəyalə Əli qızının cavabdehlər Cavabdeh və Hüseynova Nisə Əvəz qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair 2(011)-610/2021 saylı və iddiaçı Hüseynova Nisə Əvəz qızının cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(011)-800/2021 saylı mülki işlərin bir icraatda birləşdirilərək 2(011)-610/2021 saylı mülki iş kimi baxılması qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-610/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh və Hüseynova Nisə Əvəz qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Hüseynova Nisə Əvəz qızının cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı Hüseynova Nisə Əvəz qızının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evi İddiaçı tərəfindən boşaldılması və fərdi yaşayış evinin açarları Hüseynova Nisə Əvəz qızına təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia tələbi üzrə iddiaçı (qarşılqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuş, işin faktiki hallarına uyğun olmamışdır. Həmçinin işə birinci instansiya qaydasında baxılan zaman işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur. Belə ki, onun ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçdükdən sonra yaşamağı həm ilkin iddia üzrə cavabdeh Nisə Hüseynovanın izahatı, həm də digər iş materialları ilə sübut edilmişdir. Qanunla şəxsin müvəqqəti olaraq yaşayı. Yerini tərk etməsi, onu bir daha həmin evdə yaşamaq hüququndan məhrum etmir. Ondan aslı olmayan səbəblərdən azyaşlı uşaqları ilə birlikdə atasının evində yaşamalı olsa da, onun daimi yaşayış yeri ünvan 4 ünvanda yerləşən fərdi yaşayış sahəsidir. İşə baxan birinci instansiya məhkəməsi onun istifadə hüquqlarının olmaması ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmiş, bununla da əmlak hüquqlarımın pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, o, Cavabdeh ilə nikaha daxil olduqdan sonra mübahisəli evə köçərək orada yaşamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Hüseynova Nisə Əvəz qızı mübahisəli evin mülkiyyətçisi olsa da, yalnız mülkiyyət hüququnun üstünlükləri mövqeyindən çıxış edilməməli, onun evdən istifadə hüquqları mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməlidir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia tələbi üzrə iddiaçı (qarşılqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh həbsdə olan müddətdə köçməsi tələb etdiyi mənzili öz vəsaiti hesabına təmir etdirmiş və bundən əlavə həmin həyətdə 2 otaqlı tikili tikdirmidir. Hazırda Hüseynova Nisə Əvəz qızının mülkiyyətində olan mənzilə uşağı ilə birlikdə köçrülməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Hüseynova Nisə Əvəz qızı və ilkin iddia tələbi üzrə Cavabdeh və onların nümayəndəsi və vəkili İsgəndərli Könül Teyyub qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-610/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5015/2017 saylı, 28 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında olan 25 mart 2005-ci il tarixdə Əli-Bayramlı şəhər qeydiyyat şöbəsində 137 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 09.09.2006cı il təvəllüdlü Hüseynov Ağaxan Maşalla oğlu və 29.09.2012-ci il təvəllüdlü Hüseynova Məleykə Maşalla qızının anaları İddiaçı yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 140 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 28 aprel 2021-ci il tarixli arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi-2 otaq, yaşayış sahəsi 69.4 kv.m və köməkçi sahəsi 29.1 kv.m olmaqla Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 19.10.2000-ci il tarixli, 3M-3-399 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 19.10.2000-ci il tarixində Mustafayev Nəbi Mustafa oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin digər hissəsi-3 otaq,yaşayış sahəsi 73.0 kv.m, köməkçi sahəsi 66.0 kv.m olmaqla 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 05.12.2019-cu il tarixli, 2V-270 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, 05.12.2019-cu il tarixli, 3M-933 reyestr nömrəlimiras payın bağışlanması müqaviləsinə əsasən 26.12.2019-cu il tarixində Hüseynova Nisə Əvəz qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Hüseynova Nisə Əvəz qızına ünvanlanmış 11 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, döngə 2 ünvanında yerləşən 37 saylı fərdi yaşayış evi paylı mülkiyyət üzrə (3 otaq, 73.0 kv.m yaşayış sahəsi, 66.0 kv.m köməkçi sahə) onun mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 30 iyul 2021-ci il tarixli arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi hazırda paylı mülkiyyət hüququ ilə Mustafayev Nəbi Mustafa oğlunun və Hüseynova Nisə Əvəz qızının adına qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi 20.09.2000-ci il tarixdə Əkbərov Vaqif Qoçu oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin bir hissəsi-2 otağı, yaşayış sahəsi 69.4 kv.m və köməkçi sahəsi 29.1 kv.m olmaqla Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 19.10.2000-ci il tarixli, 3M-3-399 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 19.10.2000-ci il tarixində Mustafayev Nəbi Mustafa oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun 25.07.2003-cü il tarixli 4Ə-4-628 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin digər 3 otağı- yaşayış sahəsi 73.0 kv.metr, köməkçi sahəsi 66.0 kv.metr olmaqla 12.08.2003-cü il tarixdə Hüseynov Ağarza Balarza oğlunun adına qeydiyyatdan keçmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 05.12.2019-cu il tarixli, 2V-719 və 2V-720 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 3M-933 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Hüseynov Ağarza Balarza oğluna aid olan hissəsi 26.12.2019-cu il tarixində Hüseynova Nisə Əvəz qızının adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh arasında 25.03.2005-ci il tarixdə bağlanmış, 137 saylı qeydlə qeydə alınmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5015/2017 saylı, 28 avqust 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahdan olan 09.09.2006-cı il təvəllüdlü Hüseynov Ağaxan Maşalla oğlu və 29.09.2012-ci il təvəllüdlü Hüseynova Məleykə Maşalla qızının anaları İddiaçı himayəsində saxlanılmışdır. Mübahisənin predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin digər hissəsi- 3 otaq- yaşayış sahəsi 73.0 kv.metr, köməkçi sahəsi 66.0 kv.metr olmaqla 12.08.2003-cü il tarixdə iddiaçının qayınatası Hüseynov Ağarza Balarza oğlunun adına qeydiyyatdan keçmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 05.12.2019-cu il tarixli, 2V-719 və 2V-720 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 3M-933 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Hüseynov Ağarza Balarza oğluna aid olan hissəsi 26.12.2019-cu il tarixində Hüseynova Nisə Əvəz qızının adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Qeyd olunanlar əsaən birinci instansiya məhkəməsi haqlı olaraq hesab ertmişdir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Hüseynova Nisə Əvəz qızının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin fərdi yaşayış evi İddiaçı tərəfindən boşaldılmalı və fərdi yaşayış evinin açarları Hüseynova Nisə Əvəz qızına təhvil verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikatinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin oluna bilməz. Belə ki, İddiaçı hazırda Hüseynova Nisə Əvəz qızının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçərkən həmin ev mülkiyyət hüququ üzrə onun qayınatası Hüseynov Ağarza Balarza oğluna məxsus olmuş, mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlamamış, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və onun mübahisəli mənzil üzərində istifadə hüquqları yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia tələbi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-610/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia tələbi üzrə iddiaçı (qarşılqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-610/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar