Məhkəmə qərarları › İş №2(103)-1097/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1097/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1097/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5326/2020 saylı qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “iş stajı faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində montajnik vəzifəsində işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, o, xx xxxxxx 1961-ci il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətini davam etdirmək üçün Rusiya Federasiyasına getmişdir. xx xxxx 1982-ci ildən xx xxxxxx 1983-cü ilədək 1 nömrəli Bakı Montaj İdarəetməsində (montajçı) montajnik vəzifəsində işləmişdir. Pensiya təyinatı ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə ərizəsinə cavab olaraq bildirilmişdir ki, ləğv olunmuş (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1982-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində montajçı vəzifəsində işləməsi barədə faktın müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5326/2020 saylı qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi xx xxxx 1982-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində montajçı işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5326/2020 saylı qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5326/2020 saylı qətnaməsinə düzəliş edilərək, qətnamənin əsaslandırıcı və nəticə hissəsi Ərizəçi xx xxxx 1982-ci il tarixdən xx xxxxxx 1982-ci il tarixədək (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində montajçı, xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək həmin idarədə montajçı-çilingər işləməsi” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xətai rayon xidmət nümayəndəliyi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5326/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığorta olunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.Normativ sənədin də məzmunundan göründüyü kimi, iş stajının təsdiq olunması üçün:ən azı iki nəfər şahid olmalı,şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli),ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (xx xxxxx 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əməkkitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki iş üzrə isə məhkəməyə yalnız bir şahid cəlb olunmuşdur. İş materiallarında olan X3 əmək kitabçasım surətindən müəyyən olunur ki, həmin şahid xx.xx.1973 xx.xx.1985-ci illər tarixində “AZNEFTTEXİMMONTAJ” Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində çilingər, təhlükəsizlik üzrə mühəndis və baş mexanik vəzifələrində işləmişdir.Yuxarıda qeyd olunan şahid ərizəçi ilə bir yerdə işləmişdir. Və bu faktı təsdiq edən sənəd (əmək kitabçasından təsdiq edilmiş surəti) məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə olunmuşdur. Lakin ərizəçi tərəfindən məhkəməyə ən azı iki şahidin təqdim olunması tələb olunduğu halda, prosesdə iştirak edən yalnız bir şahidin şifahi ifadəsi əsasında ərizəçinin iş stajı faktının təsdiq olunması bütün maddi və prosessual normalara ziddir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi, qətnamənin ləğv edilərək ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Ərizəçi bir neçə dəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən,ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 5326/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020ci il tarixli 5/137 №-li məktubun surətindən görünür ki, ləğv olunmuş (Azneftteximmontaj) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Ərizəçi əmək kitabçasının surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1982-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində montajçı vəzifəsində işləmişdir. İş materiallarından Bakı şəhəri Xətai RİH MKTB-nin 97 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 455 saylı arayışından görünür ki, Ərizəçi M.Hadi küsəsi, ev 81, mənzil 67-də **********0 saylı, xx.xx.2018-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mənzilin sahibidir və qeydiyyatsız yaşayır. İş materiallarından Rusiya Federasiyası vətəndaşının P 55 ******* saylı pasportun surətindən gönünür ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 ifadəsində qeyd etmişdiir ki, ərizəçinin iş yoldaşı olmaqla yanaşı, 1982-1985-ci illər ərzində həmin idarədə baş mexanik vəzifəsində işləmiş, Ərizəçi xx xxxx 1982-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində montajçı vəzifəsində işləmişdir. İş materiallarında olan X3 əmək kitabçasının surətindən müəyyən olunur ki, X5 xx xxxxxx 1973-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixədək (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində çilingər, təhlükəsizlik üzrə mühəndis və baş mexanik vəzifələrində işləmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçinin xx xxxx 1982-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində montajçı işləməsi faktı mülki işdə olan kifayət qədər yoxlanılmış sübutlarla təsdiq edilir. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun ərizəsi təmin edilməli, onun xx xxxx 1982-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində montajçı işləməsi faktı müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olarhüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Kollegiya ərizəçinin subutlarına münasibətdə onun tələbini əsassız hesab edir. Belə ki, o, xx xxxx 1982-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsində montajçı vəzifəsində işləməsi barədə faktın müəyyən edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır. Onun təqdim etdiyi arayışdan onun 2018-ci ildən Bakı şəhərində qeydiyyatsız yaşadığı müəyyən olunur. Onun 1982-ci ildə Bakı şəhərində yaşaması ilə bağlı sübutlar təqdim olunmamışdır. Bundan əlavə onun təqdim etdiyi sənədlər surət olmaqla, lazımi qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əssasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İşin araşdırılmasına zərurət yarandığından və buna görə də, məhkəmə kollegiyası tərəfindən ərizəçi məhkəməyə dəvət olunsa da, o, məhkəməyə gəlməmişdir. Kollegiya qeyd edir ki, Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli 5/137 №-li məktubu (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi, həmin İdarənin sənədlərinin saxlanılmaması qənaətinə gəlməyə əsas vermir. Ərizəçi Bakı şəhərində yerləşən (AZNEFTTEXİMMONTAJ) Trestinin 1№-li Bakı Quraşdırma İdarəsinin ləğv olunması, təşkilati-hüquqi formasının dəyişməsi və.s hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş bir şahid ifadəsi, digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edildikdə, hazırkı faktın təsdiqi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Tələbin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan tələbin əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya hesab edir ki, ərizəçinin tələbini təsdiq edən mötəbər sübutları mövcud olmadığından, onun ərizəsi təmin edilə bilməz. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 5326/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar