Məhkəmə qərarları › İş №2(103)-10977/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10977/2019

04.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10977/2019 04.09.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı X2 nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-258/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı(bundan sonra iddiaçı) Cavabdeh(bundan sonra cavabdeh) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və qeyrilərinin (ailə üzvlərinin) onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 160 saylı mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mənzilin təmirinə 70000 manat pul xərcləmişdir, bu səbəbdən ilkin iddianın rədd edilməsi, ona dəymiş maddi ziyan olaraq, 70.000 (yetmiş min) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-258/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək cavabdehin ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 160 saylı mənzildən çıxarılaraq, mənzilin boşaldılması və qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçıdan maddi ziyan olaraq 8467 (səkkiz min dörd yüz altmış yeddi) manat məbləğində pulun tutularaq cavabdehə ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdehhəmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, hazırda sözügedən mənzildə o, ailəsi ilə birlikdə yaşayır, həmin mənzilin təmirinə 70.000 manata qədər pul xərcləmişdir. Rayon məhkəməsi evə çəkilmiş xərclərin müəyyən olunması üçün ekspertiza təyin etmiş, ekspertiza rəyinə əsasən xərclər 8467 manat olaraq müəyyən olunmuşdur, lakin o həmin rəydən narazı olmuş, yenidən ekspertiza keçirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə onun xahişini qəbul etməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, mənzilin iki otağını tam şəkildətəmir etmiş və bunun üçün 70.000 (yetmiş min) manat xərc çəkmiş, hazırda ailəsi ilə birlikdə orada yaşayır, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilən rəydən narazıdır, təkrar ekspertiza keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi C.Ağalıyev apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmışdır, cavabdehin apellyasiya şikayəti müddəti uzatmaq məqsədi daşıyır və buna görə də şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Yasamal Rayon Məhkəməsinin 2(004)-6104/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən “xxxxxxxxxxxx” MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Ş.M.Xiyabani küç., 5-də inşa etdiyi yaşayış binasının 2-ci giriş, Vİ mərtəbəsində yerləşən 94,6 kv.m sahəsi olan 2 otaqdan ibarət 160 saylı mənzilə iddiaçı X1 hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi vəzifəsi cavabdeh “xxxxxxxxxxxx” MTK-nın üzərinə qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 29978 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, xxxxxxxxxxxx yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən 05 saylı evin 160 mənzilində yerinəyetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin 2014-cü ildə mövcud bazar qiymətlərinə uyğun olaraq 8033,0 manat, həmin işlərin 2018-ci ildə mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin 8467,0 manat məbləğində olduğu müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-6104/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən “xxxxxxxxxxxx” MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Ş.M.Xiyabani küç. 5-də inşa etdiyi yaşayış binasının 2-ci giriş, Vİ mərtəbəsində yerləşən 94,6 kv.m sahəsi olan 2 otaqdan ibarət 160 saylı mənzilə iddiaçı X1 hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi vəzifəsi cavabdeh “xxxxxxxxxxxx” MTK-nın üzərinə qoyulmuşdur. Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin həmin evə dair hər hansı hüquqları olmadığı halda, hər hansı qanuni əsas olmadan iddiaçıya məxsus evdə yaşayır. Beləliklə, qanuni qüvvəyə minmiş qətnamə ilə İddiaçı mübahisəli mənzilə dair hüquqları (sahiblik, istifadə) müəyyən edildiyinidən, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 29978 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, xxxxxxxxxxxx yaşayış massivi, M. Xiyabani küçəsində yerləşən 05 saylı evin 160-cı mənzilində yetirilmiş müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin 2014-cü ildə mövcud olan bazar qiymətinə uyğun olaraq dyərinin 8033,0 manat, həmin işlərin 2018-ci ildə mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin 8467,0 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini ekspert rəyinə uyğun olaraq təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdehin iş üzrə təkrar ekspertiza keçirilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, hazırkı ekspert rəyini şübhə altına ala biləcək əsaslı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən onun apellyasiya şikayətinin həmin dəlili əsassızdır və təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, hazırkı qətnamənin ləğvinə səbəb ola bilmədiyindən şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-258/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi onların apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar