Məhkəmə qərarları › İş №2(103)-10986/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10986/2021

21.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10986/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının reyestrə göndərilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş 2(005)-2278/2021) iddia qismən təmin edilərək "xxxx" MMC-nin üzərinə İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, "xxxx" MMCnin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və İddiaçı işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından məlum olur ki, mübahisələndirilən qətnamə Cavabdeh2 məxsus şəxsi elektron kabinetə 25.06.2021-ci il tarixdə saat 09:52-də yerləşdirilmiş və bu barədə iş materiallarına çıxarış əlavə edilmişdir (i.v. 86). Cavabdeh2 apellyasiya şikayətini 12.10.2021-ci il tarixdə rabitə müəssisəsinə təqdim etmiş və bununla da qanunla nəzərdə tutulmuş 1 aylıq apellyasiya şikayəti vermə müddətini ötürmüş, müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsinin Cavabdeh2 elektron kabinetinə yerləşdirilməsi məsələsi rayon məhkəməsi tərəfindən nəzərdən qaçırılmış, qətnamənin rəsmi qaydada təqdim edilməsinə baxmayaraq məhkəmə Cavabdeh2 ərizəsi əsasında qətnamənin surətini ona ikinci dəfə təqdim etmiş və prosessual müddətin axımını sonuncu tarixdən hesablayaraq apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinin tələbinə görə əgər məhkəmə sənədi işdə iştirak edən şəxsin “elektron kabinet”ində yerləşdirilmişdirsə, o, rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisələndirilən qətnamə Cavabdeh2 rəsmi qaydada 25.06.2021-ci il tarixdə verilmiş, apellyasiya şikayəti isə 12.10.2021-ci il tarixdə, yəni qanunla nəzərdə tutulan bir aylıq müddət bitdikdən 2 ay 17 gün sonra rabitə müəssisəsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Elşən Kazımov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar