Məhkəmə qərarları › İş №2(103)-10992/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10992/2021

29.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10992/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evdən payının dəyərinin ona ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(011)-1012/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilində payının müəyyən edildiyi ½ hissənin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 03 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 10 iyul 2013-cü il təvəllüdlü X2 və 31 yanvar 2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Xətai Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(011)- 590/2017 saylı qətnaməsi ilə 03 noyabr 2012-ci il tarixdə nikah pozulmuş, uşaqların analarının yanında qalmaları qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(011)-498/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilində və “Volkswagen Transporter” minik markalı, **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində onun ½ hissədə payının müəyyən edilməsi, Cavabdeh 70 manatın onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Xətai rayon İcra şöbəsinə icra vərəqəsi verilmiş, mübahisəli mənzilə onun ½ hissədə payı müəyyən edilmişdir. Buna baxmayaraq onun həmin mənzilə daxil olmasına və istifadə etməsinə cavabdeh tərəfindən maneə törədilməkdədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(011)-1012/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilin açıq hərracdan satılması, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilin ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməsi, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilin satılmasından əldə edilən vəsaitinin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında 1/2 hissədə paylarına mütənasib surətdə bölünməsi, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Ekspert mənzilə baxış keçirməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, eyni zamanda apelyasiya şikayətinə etiraz əlavə edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli 2(011)-498/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilində və “Volkswagen Transporter” minik markalı, 90- ZL-034 qeydiyyat nişanlı nəqliyyat vasitəsində X1 ½ hissədə payının müəyyən edilməsi, Cavabdeh 70 manat X1 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilə dair payın naturada ayrılması barədə iddiası təmin edilməmişdir. Həmin iş üzrə alınmış ekspert rəyi ilə Bakı şəhəri Xətai rayonu Telnov küçəsi 17 saylı evin 86 saylı mənzilin tərəflər arasında ½ paylarına uyğun olaraq iki təcrid hissəyə bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9cu bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 23 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17, 86 saylı mənzilin bazar dəyəri 130.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli Qərarında müəyyən edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, əmlakın naturada bölgüsü mümkün olmadığı halda ayrılan mülkiyyətçi öz payının dəyərini tələb etmək hüququna malikdir. Belə olan halda, digər mülkiyyətçi kompensasiya vermədikdə və ya verməyə imkanı olmadıqda məhkəmə qərarı əsasında əmlakın hərracdan satılması məsələsinə baxıla bilər. Baxılan iş üzrə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflərin mübahisəli mənzilə ½ hissədə payları müəyyən edilmişdir. Mənzilin naturada bölgüsünün mümkün olmadığı ekspert rəyi ilə müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdeh tərəfindən alınmasını təklif etmişdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir, mübahisəli mənzil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş mənzillərə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Kollegiya qeyd edir ki, cavabdehin davranışı onu deməyə əsas verir ki, o, hər vəclə mübahisənin həllinə mane olmağa çalışır və kompensasiya məsələsində maraqlı deyil. Cavabdeh nə birinci instansiya məhkəməsində iştirak edib kompensasiya ilə bağlı fikir söyləməmiş, nə apellyasiya şikayətində buna münasibət bildirməmiş, nə də apellyasiya baxışında iştirak etməmişdir. «Kompensasiya mərhələsi»nə dair qanunun tələbi formal baxımdan tətbiq olunmamalıdır, iddiaçının payının kompensasiya edilməsi kimi cavabdehə verilmiş hüquq, hüquqdan sui-istifadəyə xidmət etməməlidir. Hazırki halda, tərəflər arasında baxılmış digər mübahisələr də nəzərə alındıqda, aşkar şəkildə cavabdehin mübahisənin həllində maraqlı olmadığı müəyyən olunur, əks təqdirdə cavabdeh iddiaçının payının kompensasiya edilməsi məsələsinə ən azı münasibətini (həmin payı almağa imkanı olub-olmaması yaxud almaq istəyib-istəməməsi barədə) bildirərdi. İşin müəyyən edilmiş hallarına əsasən Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan, məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri məhkəmə iclasında iştirakının təmin edilməməsi və ekspert (qiymətləndirici) tərəfindən mübahisəli mənzilə baxış keçirilməməsi ilə bağlı olmuşdur. Birinci dəlillə bağlı Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdehin ünvanı üzrə məhkəmə bildirişi, həmçinin AZEMİS vasitəsi ilə iş materiallarında olan telefon nömrəsinə SMS bildiriş göndərilmiş, bundan əlavə iş materiallarında olan telefonoqramdan müəyyən edilir ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin mobil telefonuna zəng edilməklə şifahi məlumat verilmişdir. Digər dəlillə bağlı isə qeyd olunmalıdır ki, cavabdeh özü mənzilin bazar dəyərinin düzgün müəyyən olunmaması ilə bağlı hər hansı sənəd (mütəxəssis rəyi və s.) təqdim etməmişdir. Əksinə, internet resurslarından əldə edilmiş məlumatlardan mübahisəli mənzilin bazar dəyərinin mütəxəssis tərəfindən düzgün müəyyən edildiyi görünür. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1012/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar