Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10993/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3558/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh ARDNŞ-nin Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “birdəfəlik sosial ödənişin gecikdirilməsinə görə faiz məbləğinin və 2016- 2021-ci illər üzrə vaxtında ödənilməyən vəsaitin faizlərinə uyğun məbləğlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, peşə xəstəliyinə görə iş qabiliyyətinin 50% itirilməsi ilə əlaqədar təyin edilmiş 67045,86 birdəfəlik sosial ödənişinin gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla ümumilikdə ******* (67045.86 x 1% x 1727 gün) (15.05.2016-cı il tarixindən 11.02.2021-ci il tarixinə qədər) manat pul məbləğinin cavabdehdən tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3558/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Bu səbəbdən də apellyasiya şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsi, cavabdehdən 115.788 manat dəbbə pulunun tutularaq ona ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 20.09.1975-ci ildən olmaqla uzunmüddətli iş stajına malikdir, veterandır, eyni zamanda Zəngilan rayonundan məcburi köçkündür. Məlum səbəblərdən 1993-cü ilin noyabr ayında ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmış, 13.10.1994-cü il tarixdən etibarən ARDNŞ-nin “Bayıl Limanı adına X4 İdarəsinə” (sonralar bu idarə ləğv edildi) Xəzər dənizində yerləşən “Günəşli” yatağının X5 Özüllərində buruq avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul olunmuş, 21 il fasiləsiz dənizdə (10 il çilingər peşəsində, 8 il buruq avadanlıqlarına xidmət üzrə mexanik və 3 il texniki təhlükəsizlik üzrə mühəndis vəzifələrində) çalışmışdır. Sağlamlığında yaranmış qüsurla əlaqədar olaraq öz təşəbbüsü ilə 28.10.2015-ci il tarixindən işdən azad olunmuşdur. Sonradan onun xəstəliyinin peşə mənşəli olması təsdiq edilmişdir. Belə ki, V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının 17.02.2016-cı il tarixli xəstəlik tarixindən çıxarışına əsasən xəstəliyinin peşə mənşəli olması təsdiq edilmişdir. Bundan sonra, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona peşə xəstəliyi səbəbindən iş qabiliyyətinin 50% itirilməsi ilə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir, lakin cavabdeh trest iş qabiliyyətinin itirilməsinə dair sorğu məktubunu təqdim etmədiyinə və onu müəssisədə peşə xəstəsi kimi qeydiyyata götürmədiyinə görə sığorta şirkəti müvafiq müavinəti ödəməkdən imtina etmişdir. Qanuna görə onun xəstəliyinin peşə mənşəli olduğu halda iş qabiliyyətinin itirilmə faizinin müəyyən edilməsi ilə bağlı cavabdeh DTSERX-ə yazılı sorğu məktubu ilə müraciət etməli idi. Onun bu barədə cavabdehə olan çoxsaylı müraciətləri əsassız olaraq rədd edilmiş, yaranmış mübahisə ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etmiş və məhkəmə 22.02.2019-cu il tarixli 2(005)-564/2019 saylı qətnaməsi ilə ərizəni təmin etmiş, trestin apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə qüvvədə qalmışdır. Ona sığortanın ödənilməsinin gecikməsində bilavasitə cavabdeh günahkar olmuşdur. Bununla əlaqədar 01.03.2021-ci il və 27.04.2021-ci il tarixlərdə KQİ trestinin rəhbərliyinə müraciət edərək, gecikdirilmiş günlərə uyğun olaraq hər gecikdirilmiş gün üçün ödənişin ödənilməsini xahiş etmişdir. Lakin müraciətlərinə müsbət cavab verilməmiş və ya ümumiyyətlə cavab verilməmişdir. Ona görə də, hesab edir ki, bu məsələ məhkəmə qaydasında öz həllini tapmalıdır. Gecikdirilməyə görə ödəncin hesablanması: iş qabiliyyətinin 50% itirilməsinə müvafiq birdəfəlik sosial ödənişin məbləği 67045,86 manat təşkil edir, ödəncin ödənilməsinin iş üzrə cavabdehin təqsirindən gecikdirilən günlərin ümumi sayı 1727 gün (15.05.2016-cı il tarixindən 11.02.2021-cı il tarixinə qədər) təşkil edir. Birdəfəlik sosial ödənişinin ödənilməsinin gecikdirilməsinə görə qanunvericiliyə əsasən hesablanan məbləğ ******* manat təşkil edir. Bununla yanaşı, iddiaçı ərizəsində tələb etdiyi məbləğ ilə apellyasiya şikayətində tələb etdiyi məbləğ arasındakı fərqin səbəbini izah edərək göstərdi ki, məhkəmənin qətnaməsindən sonra tələbinin əmək qanunvericiliyinə görə deyil, sığorta qanunvericiliyinə əsasən irəli sürməli olduğunu öyrənmiş, bu səbəbdən də cavadehin ona vurduğu zərərin əvəzinin icbari sığorta qanunvericiliyinə uyğun hesablanaraq odənilməsini istəyir. Göstərilənlərə əsasən, şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ç.Mehbalıyev iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hazırkı halda iddiaçının tələbi əmək haqqının yox, sığorta ödənişinin gecikdirilməsi ilə bağlıdır. Sığorta ödənişinin gecikdirilməsinə görə məsuliyyəti sığorta şirkəti daşıdığından, onlar hazırkı işdə tələbə cavab verməli olan şəxs (əsl olan cavabdeh) deyillər, bundan başqa, cavabdeh olduqları məhkəmə qətnaməsini mübahisələndirmək hüququ qanunla müəyyən olunmuşdur, eyni zamanda da iddiaçının iddia ərizəsi ilə apellyasiya şikayətində tələb etdiyi məbləğ arasında da böyük fərq mövcuddur ki, bu da iddiaçının tələbinin qeyri-ciddi və əsassız olduğunu təsdiq edir. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işdə olan AA ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə doğulmuşdur. ARDNŞ-nin Cavabdeh 28.10.2015-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı öz təşəbbüsü ilə 28.10.2015-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı SOCAR Cavabdeh müdiri İ.Şirəliyə ünvanladığı 29.04.2016-cı il tarixli ərizədən görünür ki, əmək qabiliyyətinin itirilmə faizinin təyin etmək üçün Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğu verməyini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 05.05.2016-cı il tarixli qiymətləndirməyə əsasən müddətsiz ikinci qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 05.05.2016-ci il tarixli müayinə olunan şəxs barədə məlumatdan görünür ki, İddiaçı peşə xəstəliyi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlildir və 50% əmək qabiliyyətini itirmişdir: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.02.2019-cu il tarixli, 2(005)- 564/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı peşə xəstəsi kimi qeydiyyata götürmək və iş qabiliyyətinin itmə faizinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğu məktubunun verilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Qazma Trestinin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. 15.12.2020-ci il tarixli SOCAR Cavabdeh məktubundan görünür ki, Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin ünvanladığı məktubda Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2019-004 nömrəli, 22.02.2019-cu il tarixli icra sənədində Babayev liman Abdul oğlu ilə bağlı trestin üzərinə qoyulmuş hər iki vəzifə (İ- Peşə xəstəsi kimi qeydiyyata götürmək, il- iş qabiliyyətinin itmə faizinin müəyyən edilməsi barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğunun verilməsi) icra olunması, Əməyin mühafizəsi üzrə müdir müavini N.Əhmədova tapşırılsın ki, İddiaçı peşə xəstəsi kimi qeydiyyata aınmasını və bu əmrdən irəli gələn digər məsələləri qanunvericiliyin tələbinə uyğun icra olunmasını təmin edilməsi və Trestin bu icraatla bağlı 11.12.2020-il tarixli SOCAR **********00040020A00225 saylı əmri qüvvədən düşmüş hesab olunması əmr edilmişdir. 01.12.2020-ci il tarixli, 1 saylı Protokoldan görünür ki, İddiaçı peşə xəstəliyi ilə əlaqədar “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin” “KQİ” trestinə ünvanladığı NQİ 527/1513 saylı 26.11.2020-ci il tarixli Xəbərdarlıq məktubundakı tələblər tam olaraq icra olunması qərara alınmışdır. İddiaçı SOCAR Cavabdeh müdiri E.Süleymanova ünvanladığı 01.03.2021-ci il tarixli ərizədən görünür ki, E.Süleymanovdan BSÖ-nün ödənilməsinin gecikdirilməsinə görə faiz məbləğlərinin mümkün qısa müddətdə ona ödənilməsini təmin etməsini xahiş etmişdir. KQİ trestinin müdirinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən E.Süleymanovun İddiaçı 13.04.2021-ci il tarixli “Müraciətə baxılmasının nəticəsi barədə” məktubundan görünür ki, müraciət onlar tərəfindən araşdırılmaqdadir və araşdırma nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. İddiaçı SOCAR Cavabdeh müdiri E.Süleymanova ünvanladığı 27.04.2021-ci il tarixli ərizədən görünür ki, E.Süleymanovdan BSÖ-nün ödənilməsinin gecikdirilməsinə görə faiz məbləğlərinin mümkün qısa müddətdə ona ödənilməsini təmin etməsini xahiş etmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarından görünür ki, birdəfəlik sığorta ödənişi növbəti formada hesablanmışdır: (Müqavilənin müvafiq əlavəsinə əsasən illik əmək haqqı fondu) 14592 * (Əmsal 3№-li cədvəldən yaşa uyğun) 9.1894 * (Peşə əmək qabiliyyətinin itirilmə faizi) 50%=67045.86 manat 29.04.2011-ci il tarixli, № 0175-11 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə “ARDNŞ-nin X3” Tresti arasında sığorta müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sığortalının (“ARDNŞ-nin X3” Tresti) qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və həmin müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında dənizdə və quruda X3 fəaliyyətinə cəlb edilmiş fiziki şəxlərin (sığorta olunanlar) həyatına və sağlamlığına istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı ("xxxx" ASC) qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. Bundan başqa müqavilənin 12.1-ci bəndinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı ona itirilmiş aylıq əmək haqqı əvəzində qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanan aylıq sığorta ödənişi verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı hər iki diz oynağının 3-cü dərəcəli qonartrozu diaqnozu qoyulmuşdur. “Paşa Həyat”-ın 19.08.2021-ci il tarixli, PHS-**********1 saylı sorğuya cavabından görünür ki, baş vermiş sığorta hədisəsinə görə hesablanmış 67045,86 manat məbləğində birdəfəlik sığorta ödənişi şirkət tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür. **********200010 nömrəli sığorta aktından görünür ki, əmək qabiliyyətinin 50% itirilməsinə görə (hər iki diz oynağının 3-cü dərəcəli qonartozu, varus deformasiyası davamlı ağrılarla, hər iki diz oynağının kəskin hərəkət məhdudluğu-diaqnoz) 67045,86 manat sığorta ödənişi ödənilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən qətnaməni mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iddiaçının şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, mübahisəyə baxan məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalı- tapmalıdır. Hazırkı halda iddiaçı ərizəsində tələbinin hüquqi əsası kimi həm də Əmək Məcəlləsinin 172-ci maddəsinə əsaslanmış, rayon məhkəməsi də qətnaməsində iddia tələbinin qanuni əsası kimi iddiaçının ərizəsində olduğu kimi Əmək Məcəlləsinin 172-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı bidirir ki, iddia tələbinin qanuni əsasının tapılması zamanı məhkəmə tərəfin bildirməsindən qətiyyən asılı deyildir və bu məsələ müstəsna olaraq məhkəmənin vəzifəsinə aid olan məsələdir, başqa sözlə, tələbin qanuni əsasını məhkəmə özü müəyyən etməlidir. Hazırkı işdə iddiaçı bildirir ki, o, uzun müddət cavabdehin işçisi olmuş, 2015-ci ildə xəstəliyi səbəbindən öz ərizəsi əsasında işdən çıxmış, əmək fəliyyəti zamanı tutulduğu peşə xəstəliyinin müəyyən olunması üçün müvafiq göndərişin verilməsini cavabdehdən xahiş etmiş, cavabdeh bundan əsassız olaraq imtina etmiş, belə olan halda özü müstəqil şəkildə müvafiq quruma müraciət etmiş, yoxlama zamanı V.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının 17.02.2016-cı il tarixli xəstəlik tarixindən çıxarışına əsasən xəstəliyinin peşə mənşəli olması təsdiq edilmişdir. Bundan sonra, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona peşə xəstəliyi səbəbindən iş qabiliyyətinin 50% itirilməsi ilə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir, lakin cavabdeh trest iş qabiliyyətinin itirilməsinə dair sorğu məktubunu təqdim etmədiyinə və onu müəssisədə peşə xəstəsi kimi qeydiyyata götürmədiyinə görə sığorta şirkəti müvafiq müavinəti ödəməkdən imtina etmiş, sonradan o, məhkəməyə müraciət edərək cavabdeh tərəfindən həmin göndərişin verilməsinə nail olmuş və yalnız 1727 gündən sonra qanunla ona ödənilməli olan sğorta ödənişini ala bimiş, bu gecikmə isə cavabdehin qanunsuz hərəkəti mülki hüquq pozuntusu törətməsi ilə bağlı olmuş, bunun (həmin vəsaitin gecikdirilməsi nəticəsində) nəticəsində də ona maddi zərər vurulmuşdur. Demək ki, iddiaçı cavadehdən, onun təqsirli əməli (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərin ödənilməsini tələb edir. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). MPM-nin 76-cı maddəsində sübutların anlayışı verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.).Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). İddiaçı hazırkı tələbinin əsasına dair öz izahatından başqa birinci instansiya məhkəməsinə sübutların tədqiqi hissəsində sadalanan sənədləri-yazılı sübutları təqdim etmişdir. İddiaçının ərizəsində, eləcə də məhkəməyə verdiyi izahatlarında bildirdikləri- sığorta ödənişinin vaxtında ala bilməməsi- onun təqdim etdiyi digər sübutlarla təkzibolunmaz qaydada təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsində öhdəliyin əmələ gəlməsi əsasları nəzərdə tutulmuşdur: həmin əsaslardan biri zərərin vurulmasıdır (maddə 386.1.). Mülki Məcəllənin 21-ci maddəsində zərərin anlayışı verilmişdir: zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnun bərpası üçün çəkdiyi və çəkməli olduğu xərclər, habelə əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür(maddə 21.2.), zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər(maddə 21.1.). Qanunda mülki hüquq pozuntusunun da anlayışı veriılmişdir (maddə 1096): mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir), (maddə 1096.1.), delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 21 və 1096-cı maddələri təşkil edir. İddiaçının əmək fəaliyyəti zamanı peşə xəstəliyinə düçar olması səbəbindən iş qabiliyyətinin 50% itirilməsi ilə bağlı ikinci dərəcəli müddətsiz əlil olması, buna müvafiq olaraq da “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən sığorta ödənişi almaq hüququnun olması, lakin həmin sığorta ödənişini vaxtında ala bilməməsi (iddiaçı həmin sığorta odənişini yalnız 4 il 7 aydan sonra ala bilmişdir) işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. Bununla da iddiaçının qanunla müdafiə edilən hüququnun, ona zərər vurulmasına səbəb olan pozuntusunun (deliktin) baş verdiyi müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2010-cu il tarixli 196 sayli Qərarının 2.1.3-cü bəndinə əsasən “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari səğorta haqqında” Qanuna əsasən birdəfəlik səğorta ödənişi- sığorta ödənişinin təyin edildiyi tarixdən 3 (üç) iş günü müddətində ödənilməlidir. Həmin qərarın 2.3-cü bəndinə əsasən sığortaçı sığorta ödənişi qanunla müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməlidir. Qeyd olunanlardan belə görünür ki, sığorta ödənişinin gecikdirilməsi halında məsuliyyət sığortaçının üzərinə düşür. Lakin bunun üçün sığortaçının MM-in 1096-ci maddəsində təsbit olunmuş hüquqazidd, həm də təqsirli əməli (delikt) törətməsi şərtdir. Hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsinin məcburu icrası qaydasında iddiaçının əlilliyinin müəyyən edilməsi üçün zəruri olan sorğunu aidiyyəti üzrə cavabdeh 11.12.2020-ci il tarixində göndərmiş, TSEK iddiaçını müayinə edərək 05.05.2016-cı ildə sorğu məktubu olmadan təyin etdiyi peşə əmək qabiliyyətinin 50 faiz itirilmə dərəcəsini bərpa etmiş, "xxxx"ASC isə sığorta ödənişinin təyin edilməsi ilə bağlı zəruri sənədlər ona təqdim olunduqdan dərhal sonra- 11.02.2021-ci il tarixində iddiaçıya 67045, 86 manat birdəfəlik sığorta ödənişi etmişdir. Demək ki, sığortaçı tərəfindən iddiaçıya zərər vurulması ilə nəticələnən və MM-in 1096-cı maddəsində təsbit olunan mülki hüquq pozuntusu (delikt) törədilməmişdir. Qanunun tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Beləliklə də müəyyən olunur ki, iddiaçının qanuna əsasən almalı olduğu sığorta ödənişini 05.05.2016-cı ildən 11.02.2021-ci ilədək ala bilməməsi və buna müvafiq olaraq da ona zərər vurulması cavabdehin təqsirli əməli (hərəkətsizliyi)- delikt törətməsi üzündən baş vermişdir. İddiaçının əmək peşə xəstəliyi ilə əlaqədar olaraq 2016-cı ildə almalı olduğu sığorta ödənişinin (67045,86 manat məbləğində pul vəsaitinin) beş ilə yaxın müddətə gecikmə ilə, yəni 2021-ci ildə ödənilməsi nəticəsində ona zərər (əldən çıxmış fayda) vurulması şəksizdir. İddiaçı ilkin tələbində ona vurulmuş zərərin əvəzi kimi cavabdehdən ******* manat, apellyasiya şikayətində isə 115788 manat tələb etmişdir. Zərərin əvəzi kimi tələb etdiyi məbləğlər arasındakı fərqi izah edərkən, iddiaçı, bunun ilkin halda əmək qanunvericiliyinə (Əmək Məcəlləsi, maddə 172.5.), sonradan isə sığorta qanunvericiliyinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2010-cu il tarixli 196 saylı Qərarının 2.1.3-cü və 2.3-cü bəndi) istinad etməsi ilə bağlı olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hazırkı halda iddiaçıya vurulmuş (əldən çıxmış fayda şəklində) zərərin əvəzinin həcminin müəyyən edilməsinin meyarı kimi qeyd olunan qanunvericilik aktlarının qanunun analogiyası üzrə tətbiqini mümkün hesab edir. Bu baxımdan, gecikdirilmiş vəsait sığorta ödənişi olduğundan, iddiaçıya vurulmuş zərəri əvəzinin həcminin müəyyən olunmasının da, məhz sığorta qanunvericiliyinin analogiya üzrə tətbiqi düzgün olacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2010-cu il tarixli 196 saylı Qərarının 2.1.3-cü bəndinə əsasən “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən birdəfəlik sığorta ödənişi- sığorta ödənişinin təyin edildiyi tarixdən 3 (üç) iş günü müddətində ödənilməli olduğu, həmin qərarın 2.3-cü bəndinə əsasən sığortaçı sığorta ödənişi qanunla müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməlidir. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində zərərin əvəzi kimi cavabdehdən 115788 (1727- gecikdirilmiş gün X 67045,86- sığorta ödənişinin məbləği X 0,1 %- tətbiq olunan cərimə həcmi= 115788- müəyyən olunan cərimə məbləği) manat məbləğində pul vəsaitinin tutulmasını istədiyinin göstərmişdir. Məhkəmə kollegiyası hazırkı halda MM-in 467-ci maddəsinin tətbiqinin əsaslı olması qənaətindədir. Həmin normanın tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz yüksək olan cəriməni azalda bilər. Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hüquqa zidd əməli- hərəkətsizliyi (delikt) nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq ondan 15.000 manatın tutulması əsaslı və ağlabatandır. “Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mübahisəyə baxmış rayon məhkəsi iddia tələbinin qanuni əsasını müəyyən edərkən səhvə yol vermiş, sübutların qiymətləndirilməsi zamanı MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməklə, 65045,86 manat məbləğində sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə iddiaçıya vurulmuş (əldən çıxmış fayda kimi) zərərin əvəzi olaraq cavabdehdən 15000 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 385.1-ci maddəsinin tələbinə görə maddi və prossesual hüquq normalarının pozulması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (30+15=45) 45 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3558/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia tələbi qismən təmin edilsin. Cavabdeh ARDNŞ-nin Cavabdehndən vurulmuş zərərin əvəzi kimi 15000 (on beş min) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (30+15=45) 45 (qırx beş) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10993/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10993/2021
22.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver