Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11004/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət üzrə kompensasiyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4802/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət üzrə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası İsmayılov Ələkbər müxtəlif vaxtlarda 06.10.2017-ci il tarixli 2-22752-26 saylı bank əmanət müqaviləsi ilə 4000 manat və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqaviləsi ilə 4000 manat Cavabdeh1 ASC-nin Gəncə filialında 24 ay müddətinə cəmi 8000 manat əmanət yerləşdirmişdir. 06.10.2017-ci il tarixli 2- 22752-26 saylı bank əmanət müqaviləsinin vaxtı bitdiyi üçün iddiaçı banka yaxınlaşıb atasının rəhmətə getdiyini və əmanəti atasının verdiyi etibarnaməyə əsasən götürmək istədiyini bildirərkən əvvəllər tanıdığı bankın mühasibi Təranə xanım ona yenidən əmanətin vaxtını uzatmağı təkidlə təklif etdi və iddiaçı da razılaşmışdır. Orta təhsilli olduğu və sənədləşmə işlərindən xəbər olmadığına görə etibarnaməyə insan öldükdən sonra xitam verildiyini bilmirdi. Lakin bankın əməkdaşları bunu bildikləri halda yenidən müqavilənin müddətini artıraraq iddiaçıya bunu izah etməmişlər. 2020-ci ildə Cavabdeh1 ləğv edilərək Əmanətlərin Sığortalanması Fondu bankın ləğv edicisi təyin edilmişdir. Həmin əmanətlərə dair iddiaçı notarial qaydada atasının vərəsəsi kimi tanınaraq iddiaçı tərəfindən Fonda 2021-ci ilin fevral ayında kompensasiya ilə bağlı rəsmi müraciət edilmişdir. İddiaçının müraciətinin cavablandırılması qanunvericiliyin tələblərinə zidd olaraq uzun müddət gecikdirilmişdir. Belə olan halda Fonda elektron qaydada da bir neçə müraciətlər edərək ərizənin cavablandırılmasını xahiş etmişdir. Nəhayət Fond tərəfindən 16.02.2021-ci il tarixli edilən ilkin müraciətlərinə cavab olaraq onlara **********437 saylı 30.04.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Həmin cavabda atasının adından iddiaçıya verilmiş etibarnaməyə atasının vəfatı ilə əlaqədar qanuna əsasən xitam verildikdən sonra bankla aralarında 06.10.2019-cu il tarixli yeni müqavilə imzalandığı üçün həmin müqavilənin 10.1-ci bəndinə istinadən onlara məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bankla aralarında 06.10.2019-cu il tarixli yeni müqavilə imzalanarkən iddiaçı rəsmi olaraq notarial qaydada atasının varisi tanınmasa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliyə aid müvafiq müddəalarına əsasən vərəsəliyi faktiki qəbul etmiş vərəsə olmuşdur və bunun təsdiqi olaraq da, vərəsə olması sonradan qanuna müvafiq şəkildə vərəsəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bu baxımdan istər atası tərəfindən əvvəlki müqaviləyə əsasən qoyulmuş 4000 manat əmanət, istərsə də sonradan atasının vərəsəsi kimi iddiaçını tərəfindən yeni müqaviləyə əsasən həmin əmanətin bankda saxlanılması məsələnin mahiyyətini dəyişmir, yəni həmin məbləğ bu günki gündə də bankda mövcud olmuş sayılır və bu inkar etməz bir faktdır. Bankla aralarında müqavilə imzalanarkən iddiaçı «de fakto» atasının vərəsəsi olmuşdur, sadəcə bu qanuna müvafiq qaydada həmin vaxt rəsmiləşdirilməmişdir. Digər tərəfdən hesab etsələr də, həmin vaxt atasının adından yeni müqavilənin imzalanmasına dair iddiaçının səlahiyyəti olmamışdır, bu halda qanunvericiliyin tələbinə əsasən vərəsəliyi faktiki qəbul etmiş kimi yenə də atasına məxsus və ona qaytarılası məbləğ vərəsəsi kimi iddiaçıya qaytarılmalıdır. Fonda müraciət edərkən də iddiaçı artıq qanuni vərəsə kimi tanınaraq həmin əmanətə görə kompensasiyanın verilməsini tələb etmişdir. Nəzərə alsalar ki, həm bankın ləğv edicisi, həm də əmanətlərin sığortaçısı qismində Fond özü çıxış edir bu halda yaranmış hər hansısa bir xırda mübahisə məhkəməyə müraciət etmədən də Fond tərəfindən həll edilə bilər. Belə ki, Fondun onlara ünvanladığı yuxarıda göstərilən cavabında da bank əmanət müqavilənin 10.1-ci bəndinə istinadən qeyd olunmuşdur ki, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilməlidir. Bundan əlavə 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqaviləsi üzrə heç bir qanun pozuntusunun və mübahisənin olmadığı bir halda Fond həmin müqavilə ilə əlaqədar da kompensasiyasının verilməsindən qanunsuz olaraq, buna dair heç bir əsas və dəlil gətirmədən imtina etmişdir. Göstərilənlərə əsasən ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya şəklində 8378 manatın ödənilməsi və 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4802/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 06.10.2017-ci il tarixli, 2-22752-26 saylı və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqavilələri üzrə 8378 (səkkiz min üç yüz yetmiş səkkiz) manat məbləğində əmanət, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8408 (səkkiz min dörd yüz səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2223/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4802/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Qanunla müəyyən edilmiş sözügedən hallar məhkəmənin üzərinə şərt kimi qoyulmasına baxmayaraq məhkəmə bu hala düzgün yanaşmamışdır. İddiaçı mərhum atası X3 ilə Cavabdeh1 ASC arasında 06.10.2017-ci il tarixində, 2-22752-26 saylı, 07.05.2018-ci il tarixində, 2-22752-28 saylı əmanət müqavilələri bağlanmışdır. 07.05.2018-ci il tarixində, 2-22752-28 saylı əmanət müqavilələrinə əsasən X3 4 000 manat məbləğində pul vəsaitini 24 aylıq, illik 11 faiz olmaq şərtilə banka yerləşdirmişdir. 06.10.2017-ci il tarixində, 2-22752-26 saylı əmanət müqavilələrinə əsasən X3 4 000 manat məbləğində pul vəsaitini 24 aylıq, illik 15 faiz olmaq şərtilə banka yerləşdirmişdir. İş materiallarına əlavə edilmiş Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş AZ-İ seriyalı 976023 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13.12.2018-ci il tarixində dünyasını dəyişmişdir. Bu barədə qeyd, ölüm haqqında akt kitabında 24.12.2018-ci il tarixində, 301 nömrəsi ilə öz əksini tapmışdır. Əlavə olaraq iş materiallarında olan Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiq edilmiş 31.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Cavabdeh1 ASC-nin Gəncə filialında onu təmsil etməyi, 2-22752-1 nömrəli hesab üzərində sərəncam verməyi, hesaba pul mədaxil edib, məxaric etməyi (artan faizlər daxil olmaqla) məxaric etdiyinə dair sənədləri imza etməyi, onun adından istənilən növ ərizə yazmağı və imzalamağı, sənədləşmə işlərini aparmağı, xidmət haqlarını ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı 3 il müddətinə, 31.08.2021-ci il tarixədək etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnamənin qüvvəsinə xitam verilməsi deməkdir. Qanunun qeyd edilən müddəasından göründüyü kimi etibarnamə verən şəxsin ölməsi etibarnamənin hüquqi qüvvəsinə xitam verilməsi deməkdir. Və Qanunun bu halı imperativ normadır. Eyni zamanda iddia tələbində, iddiaçının qanunu bilməməsi səbəbindən hazırki mübahisənin yaranması fikri vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİİ bəndinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 30.04.2020-ci il tarixli, 2-3(103)-129/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və iflas prosedurana başlanılmışdır, Cavabdeh1 ASC-yə ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. Bu Qanunun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.4-cü maddəsində göstərilmişdir ki, ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Ləğv prosesində olan Cavabdeh1 ASC “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun olaraq kreditorları qarşısında olan öhdəliklərini icra edir. Hazırki iddia üzrə məhkəmənin gəldiyi səhv qənaət Bankın kreditorlarının hüquqlarının pozulmasına gətirib çıxaran amildir. Belə ki, iddia tələbi üzrə məbləğin vətəndaşa Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi bankın öhdəliklərinin daha artmasına səbəb olur bu isə kreditorlara ödəniləcək bankın öhdəliklərinin daha gec icra edilməsi anlamını ifadə edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir Həmin Qanunun 71.4-cü maddəsində göstərilmişdir ki, Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Bu Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Sözügedən Qanunun 76.1-ci maddəsinə müvafiq olaraq müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Belə ki, Bu Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərədə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçı tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Bütün bunlardan əlava iddia predmeti üzrə şübhə doğuran hal ondan ibarətdir ki, bankın müflis elan edilməsinə dair qərar qəbul edildikən təxminən 1 ildən artıq müddət sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X9 tərəfindən müəyyən edilir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Surxaylı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddiannı rədd edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 ASC-nin Gəncə filialı ilə əmanətçi X3 arasında bağlanmış 07.05.2018-ci il tarixli, 2-22752-28 saylı bank əmanəti müqaviləsindən görünür ki, X3 Cavabdeh1 ASC-yə müvafiq olaraq 24 ay müddətinə, illik 11% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində əmanət yerləşdirmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 ASC-nin Gəncə filialı ilə əmanətçi X3 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 2-22752-30 saylı bank əmanəti müqaviləsindən görünür ki, X3 Cavabdeh1 ASC-yə müvafiq olaraq 12 ay müddətinə, illik 9% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində əmanət yerləşdirmişdir. İş materiallarında olan Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiq edilmiş 31.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Cavabdeh1 ASC-nin Gəncə filialında onu təmsil etməyi, 2-22752-1 nömrəli hesab üzərində sərəncam verməyi, hesaba pul qoyub,pul çıxarmağı (artan faizlər daxil olmaqla) çıxardığına dair sənədlərə imza etməyi, onun adından istənilən növ ərizə yazmağı və imzalamağı, sənədləşmə işlərini almağı, sənədləri təqdim etməyi, xidmət haqlarını ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı 3 il müddətinə, 31.08.2021-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən verilmiş hesabdan çıxarışlardan görünür ki, X2 AZ76ATAZ******************** (2-22752-30) nömrəli hesabında 4000 manat, AZ05ATAZ******************** (2-22752-28) nömrəli hesabında 4000 manat, AZ17ATZ******************** (2-22752-31) nömrəli hesabında 20 manat, AZ03ATAZ******************** (2-22752-22) nömrəli hesabında 150,67 manat, AZ85ATAZ******************** (2-22752-25) nömrəli hesabında 110 manat, AZ43ATAZ******************** (2022752-29) nömrəli hesabında 97,65 manat məbləğində pul vəsaitləri qalmışdır. İş materiallarında olan Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 976023 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13.12.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.12.2018-ci il tarixdə 301 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: prostat vəzin xərçəngidir. İş materiallarında olan Gəncə regionda “ASAN xidmət” mərkəzində notarial ofisi tərəfindən verilmiş 29.12.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, 13.12.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı X4 və qızı İddiaçı hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışa əsasən miras qoyan X2 adına qalmış AZ17ATZ******************** nömrəli hesabında 20 manat, AZ03ATAZ******************** nömrəli hesabında 150,67 manat, AZ85ATAZ******************** nömrəli hesabında 110 manat, AZ43ATAZ******************** nömrəli hesabında 97,65 manat məbləğində pul vəsaitlərindən ibarətdir. İş materiallarında olan Gəncə regionda “ASAN xidmət” mərkəzində notarial ofisi tərəfindən verilmiş 29.12.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, 13.12.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı X4 və qızı İddiaçı hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar.Şəhadətnamə verilən miras ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışa əsasən miras qoyan X2 adına qalmış AZ76ATAZ******************** nömrəli hesabında 4000 manat məbləğində pul vəsaitindən ibarətdir. İş materiallarında olan Gəncə regionda “ASAN xidmət” mərkəzində notarial ofisi tərəfindən verilmiş 29.12.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, 13.12.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı X4 və qızı İddiaçı hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar.Şəhadətnamə verilən miras ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışa əsasən miras qoyan X2 adına qalmış AZ05ATAZ******************** nömrəli hesabında 4000 manat məbləğində pul vəsaitindən ibarətdir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış 30.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 ASC-nin “Gəncə” filialı ilə X3 arasında bağlanmış 06.10.2017-ci il tarixli 2-22752-26 nömrəli bank əmanəti müqaviləsinəəsasən əmanətçi tərəfindən banka 24 ay müddətinə, illik 15% olmaqla 4000 manat sığortalı əmanət yerləşdirilmişdir. İddiaçı ərizəsində qeyd etdiyi kimi06.10.2017-ci il tarixli bank əmanəti müqaviləsinin müddəti 07.10.2019-cu il tarixdə bitmiş və X3 tərəfindən verilmiş etibarnamə əsasında əmanətçiyə məxsus əmanət məbləğini yeni şərtlərlə yenidən banka yerləşdirmişdir. Qeyd edirlər ki, həmin etibarnaməyə etibar edən şəxsin 2018-ci ildə vəfat etməyi səbəbilə xitam verilmişdir. Belə ki, Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi etibarnaməyə xitam verilməsi əsaslarından biridir. Bank əmanət müqaviləsinin 10.1-ci bəndinə əsasən müqaviləsinin 10.1-ci bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsi ilə həll ediləcəkdir. İş materiallarında olan X6 tərəfindən yazılmış və Goranboy rayonu notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 23.008.2021-ci il tarixli ərizədən görünür ki, mərhum əri X1 miras qalmış əmlakla bağlı İddiaçı ilə aralarında heç bir mübahisə yoxdur. Gəncə “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariusu Talıbov M.M.tərəfindən verilmiş 29.12.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüquqa haqqında şəhadətnaməyə əsasən ona çatası paydan qızı İddiaçı xeyrinə imtina edir və əmanətlərin bütövlükdə onun tərəfindən alınmasına razıdır. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Cavabdeh1 ASC ilə X3 arasında 06.10.2017-ci il tarixli 2-22752-26 saylı və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqavilələri bağlanmış, X3 isə 13.12.2018-ci il tarixdə vəfat etmişdir. Həmçinin iş materiallarından görünür ki, 06.10.2017-ci il tarixli, 2- 22752-26 saylı bank əmanət müqaviləsinin vaxtı bitdiyi üçün iddiaçı atası Ələkbər İsmayılov tərəfindən verilmiş etibarnaməyə əsasən əmanətin vaxtını uzatmağa razılıq vermişdir. 29.12.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışa əsasən miras qoyan X2 adına qalmış AZ17ATZ******************** nömrəli hesabında 20 manat, AZ03ATAZ******************** nömrəli hesabında 150,67 manat, AZ85ATAZ******************** nömrəli hesabında 110 manat, AZ43ATAZ******************** nömrəli hesabında 97,65 manat, AZ76ATAZ******************** nömrəli hesabında 4000 manat, AZ05ATAZ******************** nömrəli hesabında 4000 manat məbləğində pul vəsaitləri miras kimi X2 arvadı X4 və qızı İddiaçı adına qeydiyyatdan keçmişdir. Məryam Quliyeva ona çatası paydan qızı İddiaçı xeyrinə imtina etmiş və əmanətlərin bütövlükdə onun tərəfindənə alınmasına razıdır. İddiaçı (əmanətçinin vərəsəsi) məhkəməyə müraciət edərək cavabdehdən 8378 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3% müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla, 3 il müddətində tam sığortalanır və tam kompensasiya olunur. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə12 faiz müəyyən edilmişdir. X8 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, X2 06.10.2017-ci il tarixli, 2-22752-26 saylı və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqavilələri qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. İşin hallarından görünür ki, X3 06.10.2017-ci il tarixdə banka 24 ay müddətinə 4000 manat əmanət yerləşdirmişdir. Həmin əmanətin vaxtı 07.10.2019-cu il tarixdə bitdiyinə görə bank müqavilənin vaxtını uzatmış və iddiaçı etibarnaməyə əsasən həmin müqaviləni imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə hazırki mülki iş üzrə mübahisə predmeti olan əmanət müqavilələri ilə əlaqədar bağlanmış əqdə hüquqi qiymət verərək hesab edir ki, X3 13.12.2018-ci il tarixdə vəfat etdiyindən, 07.10.2019-cu il tarixdə bağlanmış müqavilənin isə etibarnamə əsasında həyata keçirildiyini tərəflər bildirsə də, belə bir hissə müqavilədə aşkar edilməmişdir. Kollegiya hesab edir ki, əgər əqd etibarnamə əsasında bağlanmış olsaydı belə həmin 07.10.2019-cu il tarixli əmanət müqaviləsi etibarnaməyə xitam verildiyindən yenə etibarsız hesab edilməli idi. Belə ki, AR Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (maddə 362.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi etibarnaməyə xitam verilir. Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 365.1.7-ci maddəsinə istinad edərək etibarnamə verən şəxsin ölməsi etibarnamənin hüquqi qüvvəsinə xitam verilməsi anlamına gəldiyini bildirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, 06.10.2017ci il tarixli əmanət müqaviləsinin uzadılması müddəti bitmiş etibarnamə üzrə uzadılsa da, 07.10.2019-cu il tarixli müqavilə bağlandığı andan etibarsız olmuşdur. Lakin uzadılmaya əsas olmuş 06.10.2017-ci il tarixli müqavilə etibarlı əqd olduğundan bank tərəfindən əmanətin istənildiyi təqdirdə qaytarılması öhdəliyi isə mövcud olaraq qalmaqdadır. İşin hallarından görünür ki, X3 13.12.2018-ci il tarixdə vəfat etmiş, onun qanuni vərəsələri – arvadı X6 və qızı İddiaçıdır. Məryam Quliyeva ona çatası paydan iddiaçının xeyrinə imtina etmişdir. Belə olan halda, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin X2 hesabında qalan 8378 yəni, iki müqavilə üzrə ümumilikdə 8000 manat və hesabda qalan qalıq məbləğlər üzrə isə 378 manatın onun vərəsəsi İddiaçı verilməsindən ibarət gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Cavabdeh apellyasiya şikayətində həmçinin “Banklar haqqında” qanunun 72.1.3-cü maddəsinə və “Əmanətlərin Sığortalanması haqqında” Qanununun 28-ci maddəsinə istinad edərək bildirmişdir ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və bütün bunlardan əlava iddia predmeti üzrə şübhə doğuran hal ondan ibarətdir ki, bankın müflis elan edilməsinə dair qərar qəbul edildikən təxminən 1 ildən artıq müddət sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı kollegiya iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, o, iddia ərizəsində cavabdeh qismində Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu qeyd etsə də, əslində həm Cavabdeh1 ASC-ni, həm də Əmanətlərin Sığortalanması Fondunu nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 06.10.2017-ci il tarixli, 2-22752-26 saylı və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqavilələri üzrə 8378 manat məbləğində əmanətin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8408 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsini qeyd etmişdir. Kollegiya 8408 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etsə də, həmin məbləğin Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmasını qanunvericiliyin qeyd edilən normalarına uyğun hesab etmir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 06.10.2017-ci il tarixli, 2-22752-26 saylı və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqavilələri üzrə 8378 (səkkiz min üç yüz yetmiş səkkiz) manat məbləğində əmanət, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8408 (səkkiz min dörd yüz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəlləinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4802/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4802/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 06.10.2017-ci il tarixli, 2-22752-26 saylı və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqavilələri üzrə 8378 (səkkiz min üç yüz yetmiş səkkiz) manat məbləğində əmanət, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8408 (səkkiz min dörd yüz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11004/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11004/2021
10.12.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver