Məhkəmə qərarları › İş №2(103)-11017/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11017/2021

23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11017/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(008)-5676/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 may 2021ci il tarixdə aralarında bağlanmış və 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzində qeydiyyat şöbəsində qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 25 may 2021-ci il tarixdə onunla cavabdeh X2 arasında 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində qeydiyyat şöbəsində bağlanmış nikahları rəsmiləşdirilmişdir. Lakin onların cavabdehlə nə toy, nə də ki nişan məclisi keçirilməmiş, faktiki olaraq ailə qurmaq niyyətində olmamışlar. Bununla yanaşı şəxsiyyət vəsiqəsini də dəyişdirməmiş və ona görə də elektron sistemdə bu günə kimi «subay» kimi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad edərək hazırkı iddianı qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(008)- 5676/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini etiraf edən cavabdehin mövqeyini nəzərə almamış, işin hallarına birtərəfli qiymət vermiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(008)-5676/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X1 tərəfindən verilmiş 25 may 2021-ci il tarixli AZ-İİ seriyalı 443600 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh ilə xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı arasında bağlanmış nikah 25 may 2021-ci ildə 936 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh verdiyi izahatdan görünür ki, o, iddiaçı ilə nişanlanaraq ailə qurmaq niyyəti ilə nikaha daxil olmuş, lakin heç vaxt bir ailə kimi yaşamamışlar. İddiaçı ilə bir-birilərini 15 ildir ki, tanıyırlar. (i.v.24) Cavabdeh iddianı qəbul etdiyini və nikahın etibarsız hesab edilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Hazırkı iş üzrə İddiaçı faktiki olaraq ailə qurmaq niyyəti olmadan nikaha girdiyini bildirərək nikahın etibarsız hesab edilməsini xahiş etmiş, Cavabdeh isə birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında iddianı etiraf etdiyini bildirmişdir. Cavabdeh izahatından görünür ki, tərəflər 15 ildir ki, bir-birilərini tanıyır və rəsmi nikah bağlanmamışdan əvvəl tərəflər nişanlanmışlar. Cavabdeh izahatından həmçinin görünür ki, onlar ailə qurmaq niyyəti ilə nikaha daxil olmuşlar. Qeyd olunan hallar ona dəlalət edir ki, tərəflər ailə qurmaq niyyəti ilə nikaha daxil olmuşlar. Rəsmi nikah bağlandıqdan sonra toy mərasiminin olmaması və ya iddiaçının şəxsiyyət vəsiqəsini dəyişdirməyərək ailə vəziyyəti qrafasında subay qeydinin qalması nikahın etibarsız hesab edilməsinə əsas vermir. Bundan əlavə, İddiaçı ailə qurmaq niyyəti ilə yox, hansı niyyətlə rəsmi nikaha daxil olmasını əsaslandırmamışdır. İddiaçı və cavabdeh nikaha girən zaman yetkinlik yaşında olmuş, rəsmi nikaha girmənin hüquqi nəticələrini dərk etmişlər. Cavabdeh tərəfindən iddianın etiraf olunmasına gəldikdə, məhkəmə kollegiyası aşağıdakı prosessual hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İş materiallarından görünür ki, iddianın etiraf edilməsi barədə cavabdeh tərəfindən yazılı ərizə verilməmiş, bu barədə məhkəmə iclas protokoluna yazılmamış, protokolu iddiaçı və cavabdeh imzalamamışlar. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi hətta yazılı ərizədə ifadə edilsə və ya protokola yazılsa belə, bu etiraf ailə qanunvericiliyinin tələblərinə zidd olduğuna görə məhkəmə tərəfindən qəbul edilə bilməzdi. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikahın etibarsız hesab edilməsinin konkret əsasları göstərilmişdir. Hazırkı işdə isə nikahın etibarsız hesab edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, nikahın etibarsız hesab edilməsi barədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(008)- 5676/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş 10 manat dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar