Məhkəmə qərarları › İş №2(103)-1102/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1102/2024

26.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1102/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməyən pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3544/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə "xxxx" QSC-nin Biləcəri Biləcəri lokomotiv deposu arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı eyni vəzifəyə işə qəbul edilmiş, əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir.

2. “"xxxx" QSC-nin strukturunun təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” QSC sədrinin xx.xx.2020-ci il tarixli, 31712 nömrəli əmrlə Yük daşımaları departamentinin Biləcəri lokomotiv deposu ləğv edilmişdir.

3. "xxxx" QSC-nin sədrinin xx.xx.2022-ci il tarixli, 270316 nömrəli əmri ilə ADYnin adından Yük daşımaları departamentinin rəisinə ADY-nin adından işəgötürən səlahiyyəti verilmişdir.

4. Yük daşımalar departamentinin Biləcəri lokomotiv deposunun xx.xx.2021-ci il tarixli, 171/k nömrəli əmrinə əsasən İddiaçı hüquqşünas vəzifəsində işləyə-işləyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etmişdir.

5. Yük daşımalar departamentinin Biləcəri lokomotiv deposunun xx.xx.2022-ci il tarixli, 28 nömrəli əmrinə əsasən İddiaçı hüquqşünas vəzifəsində işləyə-işləyə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etmişdir.

6. Həmkarlar ittifaqının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Muradov X5 lokomotivlərinin təmiri deposu Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

7. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 13-1-23/2-390/2023 nömrəli xəbərdarlıq göndərilmiş, xəbərdarlıqda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 9 təqvim həftəsindən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. İddiaçı xəbərdarlıqla tanış olaraq, orada öz qeydlərini göstərmiş, lakin qəbul etməkdən imtina etmişdir.

8. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Yük daşımaları departamentinin X2 Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə etiraz edilməmişdir.

9. "xxxx" QSC-nin Yük daşımaları departamentinin xx.xx.2023-cü il tarixli, 13-1- 23/3-10-12576/2023 nömrəli əmri ilə yük daşımaları departamentinin İ qrup Biləcəri lokomotiv deposunun hüquqşünası İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin Yük daşımaları departamentinin xx.xx.2023-cü il tarixli, 13-1-23/3-10-12576/2023 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki - Yük daşımaları departamentində hüquqşünas vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və ödənilməyən 30.805,88 manat pul vəsaitinin və 50.000 manat maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildən Azərbaycan Dövlət Dəmir X3 deposunda müqavilə əsasında, 2007-ci ildən isə Azərbaycan Dövlət Dəmir Yolunun hüquq şöbəsində 2-ci dərəcəli hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir. 2010-ci ilin fevral ayından xx.xx.2023-cü il tarixə kimi Biləcəri lokomotiv deposunda hüquqşünas vəzifəsində işləmişdir. "xxxx" QSC-nin sədrinin xx.xx.2021-ci il tarixli 41459 saylı ştat cədvəlinə əsasən Yük daşımaları departamentinin İ qrup Biləcəri lokomotiv deposu ləğv edilərək, üç hissəyə, Yük daşımaları departamentinin tərkibində Biləcəri lokomotiv deposu, Biləcəri lokomotivlərin manevr istismar deposu, İnfrastruktur departamentinin tərkibində Biləcəri magistiral lokomotivlərin idarə edilməsi sahəsi yaradılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin xx.xx.2022-cil tarixli, 160145 nömrəli ştat cədvəlinə əsasən "xxxx" QSC-nin tabeliyində Lokomotivlərin təmiri departamenti yaradılmış və Biləcəri lokomotiv deposunun adı dəyişdirilərək Biləcəri lokomotivlərin təmir deposu adı ilə həmin departamentin tabeçiliyində fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixli, 41459 saylı ştat cədvəlinə əsasən ləğv edilmiş hüquqşünas ştat vahidi xx.xx.2022-ci il tarixli ştat cədvəlinə əlavə edilərək Lokomotivlərin təmir departamentinə əmək haqqı 545.21 manat olmaqla verilmişdir (Biləcəri lokomotiv deposunda əmək haqqı 345 manat təşkil edirdi). Hal-hazırda həmin hüquqşünas yeri xx.xx.2022-ci il tarixdən boş vakant kimi saxlanmışdır. "xxxx" QSC-nin Yük daşımaları departamentinin xx.xx.2023-cü il tarixli Sənəd № 13-1-23/3-10-12576/2023 olan əmrində deyilir: Yük daşımalar departamentinin Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri manevr lokomotivlərinin istismar deposunun xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə əsasən dəyişiklik edilərək, bir sıra ştat vahidləri, o cümlədən hüquqşünas ştat vahid ixtisar edilmişdir. Bununla əlaqədar Yük daşımalar departamentinin l-ci qrup Biləcəri lokomotiv deposunun hüquqşünası İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «b» bəndinə əsasən ləğv edilsin. xx.xx.2023-cü il tarixli əmrdə deyilir: xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək, bir sıra ştat vahidləri, o cümlədən hüquqşünas ştat vahidi ləğv edilmişdir. xx.xx.2021-ci il tarixdən hüquqşünas ştat vahidi ləğv edilmişdirsə o, ləğv edilmiş hüquqşünas vəzifəsində 28 ay 05 gün necə işləmişdir və hansı əsasla hər ay 345,00 manat əmək haqqı almışdır (belə bir əmr mövcuddurmu). l qrup Biləcəri lokomotiv deposu xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, onun bazasında Biləcəri lokomotiv deposu yaranmışdır. Həmin deponun xx.xx.2021-ci il tarixli 171/k saylı əmrə əsasən o, hüquqşünas vəzifəsində işləyə-işləyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etmişdir. Ləğv edilmiş hüquqşünas ştat vahidi mövcud olmadığı halda necə ola bilər ki, o, hüquqşünas vəzifəsində işləyə-işləyə Yük daşımalar departamentinin Biləcəri lokomotiv deposunun xx.xx.2022-ci il tarixli 28 nömrəli əmrinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etmişdir. O, Yükdaşımalar departamentinin Biləcəri lokomotiv deposunda hüquqşünas vəzifəsində işləyə-işləyə Lokomotivlərin təmir departamenti, Biləcəri lokomotivlərin təmir deposu Həmkarlar İttifaqı Komitəsinin təsis yığıncağının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Muradov X5 lokomotivlərin təmir deposu Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmiş və HİK-in sədri kimi fəaliyyət göstərmişdir (xx.xx.2022-ci il tarixli protokol iddia ərizəsinə əlavə edilmişdir). Bununla əlaqədar Yük daşımalar departamentinin l qrup Biləcəri lokomotiv deposunun hüquqşünası İddiaçı tutduğu ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəyi xx.xx.2023-cü il tarixli 13-1-23/2- 390/2023 nömrəli müvafiq xəbərdarlıq bildirişi təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən hüquqşünas ştat vahidi ləğv edilmişdir. Həmin ləğv edilmiş ştat vahidinə görə Yük daşımalar departamentinin rəisi Emin Əhmədov 25 aydan sonra ona göndərdiyi xx.xx.2023-cü il tarixli sənəd № 13-1-23/2-390/2023 saylı xəbərdarlıq bildirişini xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Biləcəri lokomotivlərin təmir deposunun İnsan Resursları şöbəsində, Yük daşımalar departamentinin İnsan Resursları bölməsinin aparıcı mütəxəssisi Şəhla İsmayılova tərəfindən ona təqdim olunmuşdur. Həmin xəbərdarlıq bildirişini əsassız və qanunsuz hesab edərək, Azərbaycan Respublikasının Qanunvericiliyinə zidd olduğu və Əmək Məcəlləsində nəzərdə tutulmuş norma və prinsiplərə uyğun hazırlanmadığı üçün həmin xəbərdarlıq bildirişini imzalamaqdan imtina etmişdir və həmin bildirişi geri, cənab E.Əhmədova qaytarmışdır (həmin qaytarılmış xəbərdarlıq bildirişi iddia ərizəsinə əlavə olunmuşdur). xx.xx.2023-cü il tarixli əmrdə deyilir: İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Yük daşımalar departamentinin X2 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Yük daşımalar departamentinin X2 Komitəsinə ünvanladığı 06 05.2023-cü il tarixli ərizədə deyilir. «Yük daşımalar departamentinin X2 Komitəsinin sədri İlqar Əliyev 05 iyun 2023-cü il tarixdə mənim iştirakım olmadan iclas keçirilmiş, protokol tərtib edərək, mənim ixtisar olunmağım barədə razılıq verilmişdir. Hansı ki, BHİK 10 gün müddətində mənim iştirakımı təmin etməklə işə baxıb müvafiq rəy verməli olduğu halda xx.xx.2023-cü il tarixdə daxil olmuş sənədə həmin gün baxıb 75 saylı protokol tərtib edib rəy verməsi ciddi qanun pozuntusu hesab edilir». "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnsan Resursları İdarəsinin rəis əvəzi Rauf Məmmədova xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə müraciət edərək bildirmişdir ki, «qeyd edilənləri, mənim imtiyazlarımı və Dəmiryol nəqliyyatında əmək haqqlarının artırılmasını nəzərə alaraq, mənim təyinatımı boş vakant olan yerə (Lokomotivlərin təmir departamenti) və ya ixtisaslarım üzrə başqa vəzifəyə təyin olunmağımı, artım olan dövrdən mənim əmək haqqımın artırılmasını və ödənməyən fərqin hesablanaraq birdəfəlik ödənilməsini təmin etmənizi sizdən xahiş edirəm». "xxxx" QSC-də, o cümlədən Yük daşımaları departamentində həmin dövr üzrə hüquqşünasın ştat vahidinin aylıq tarif əmək haqqı 545.00 manat təşkil etdiyi halda ona əmək haqqı olaraq 345.21 manat ödənilmişdir. Həmın dövr üzrə hər ay 200.21 manat fərq yaranmışdır. Həmin yaranmış 200.21 manat fərq x 28 ay = 5.605.88 manat əmək haqqı üzrə fərq ona ödənilməmişdir. xx.xx.2021-ci il tarixdən başlayaraq Yük daşımalar departamentinin qanunsuz hərəkətləri nəticəsində ona xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixli, 41459 saylı ştat cədvəlinə əsasən hüquqşünas ştat vahidinin ləğv edilməsindən sonrakı müddətdə Dəmiryol nəqliyyatında əmək haqqlarının artırılması zamanı həmin artım ona şamil olunmamışdır, ölkə üzrə orta aylıq əmək haqqının 1.200 manatdan yuxarı olmasını dəmir yol nəqliyyatında isə 900 manatdan yuxarı olmasını nəzərə alaraq ona dəmiryol nəqliyyatı üzrə orta aylıq əmək haqqı miqdarında hesablanıb ödənməlidir. Yəni 900.00 manat x 28 ay = 25.200 manat pul vəsaitidə cavabdehdən tutulub ona ödənməlidir. Onun hüquqları "xxxx" QSC Yük daşımaları departamenti tərəfindən kobud şəkildə pozulduğunu nəzərə alaraq Azərbaycan Respublikası qanunvericiliyinin tələbi qaydasında «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. Mediasiya Şurası Bakı 13 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/13/2013-00964 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 13 saylı Mediasiya təşkilatı tərəfindən "xxxx" QSC-yə təklif müraciəti xx.xx.2023-cü il tarixdə göndərilsə də, həmin təşkilat Mediasiya təşkilatının əməkdaşının çağrışına gəlməmişdir. Mediasiya xərcləri üçün 50 manat və 10 manat dövlət rüsumu onun tərəfindən ödənilmişdir.

12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək etirazını belə əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY sədrinin xx.xx.2021-ci il tarixli 41459 nömrəli əmrinə əsasən Yük daşımaları departamentinin İ qrup Biləcəri lokomotiv deposunun ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, həmçinin, iddiaçının tutduğu hüquqşünas vəzifəsi üzrə ştat vahidi ixtisar olunmuşdur. İddiaçı tutduğu vəzifə xx.xx.2021-ci il tarixdə ixtisar olunsa da, o işdən çıxarılmamış, işinə davam etmişdir. Sonradan yuxarıda qeyd edilən ştat ixtisarı əmrinin icrası ilə əlaqədar iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixli 13-1-23/2- 390/2023 nömrəli xəbərdarlıq məktubu təqdim edilmiş, lakin iddiaçı bildirişi imzalamaqdan imtina etmişdir. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin, iddiaçıya xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Həmçinin, iddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Yük daşımaları departamentinin X2 Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq razılıq verilmişdir. İddiaçı iddia edir ki, Yük daşımaları departamentinin X2 Komitəsi tərəfindən onun iştirakı olmadan rəy verilməsi qanun pozuntusudur. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən ştat ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə, qanunvericilikdə həmkarlar ittifaqının iclasında işçinin iştirakının təmin edilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Bir sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Həmçinin, ADY-nin Yük daşımaları departamentinin xx.xx.2021-ci il tarixli 171/k saylı və xx.xx.2022-ci il tarixli 28 saylı əmrlərinə əsasən İddiaçı xx.xx.2021 - xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə İ qrup Biləcəri Lokomotiv deposu üzrə struktur dəyişikliyi ilə əlaqədar olaraq vakant yer olan baş mühəndisin müavini vəzifəsi üzrə əmək funsiyalarının icrası müvəqqəti həvalə edilmiş və ona həmin vəzifə üzrə vəzifə maaşının yarısı məbləğində əlavə əmək haqqı ödənilmişdir. Bu hal iddiaçıya işəgötürən olaraq ADY tərəfindən üstünlük hüququnun tanınması kimi qiymətləndirilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən həmin Məcəllənin 68, 69, 70, 71, 73, 74, 75, 76 və 79-cu maddələrinin tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verərsə işçi məhkəmə tərəfindən işə bərpa olunmalıdır. Hazırki mübahisədə həmin müddəalara işəgötürən tərəfindən tam formada əməl edilmişdir. Bundan əlavə, iddiaçı Yük daşımalar departamentinin hərəkətləri nəticəsində ona xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyan dəydiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə də iddia tamamilə əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3544/2023 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, tutduğu ştatın ixtisar edilməsinə və bu vəzifə ilə bağlı əmək müqaviləsinə də xx.xx.2021-ci il tarixli, 41459 nömrəli əmrinə uyğun olaraq xitam verilməyərək xx.xx.2021 - xx.xx.2022-ci il və xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə ona vakant yerlərdə işləmək imkanı yaradılaraq vəzifə maaşının yarısı məbləğində əlavə əmək haqqı ödənilməsi faktının mövcudluğu xx.xx.2023-cü il tarixli, 13-1-23/3-10- 12576/2023 saylı əmrinin ləğv edilməsi üçün hüquqi əsas yaratmır.

15. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının tutduğu vəzifə xx.xx.2021-ci il tarixdə ixtisar olunsa da, işəgötürən tərəfindən o işdən çıxarılmamış, işinə davam etməklə və göstərilən əlavə vəzifələrdə çalışmış, yalnız sonradan yuxarıda qeyd edilən ştat ixtisarı əmrinin icrası ilə əlaqədar iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixli 13-1-23/2- 390/2023 nömrəli xəbərdarlıq məktubu təqdim edilmiş, lakin iddiaçı bildirişi imzalamaqdan imtina etmişdir. Həmçinin, iddiaçının tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Yük daşımaları departamentinin X2 Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq razılıq da verilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbləri cavabdeh (işəgötürən) tərəfindən gözlənilmişdir. Başqa sözlə, iddiaçı ixtisar olunması ilə bağlı cavabdehin qərarından məlumatlı olmuşdur.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf ştat vahidlərinin ixtisar olunması ilə bağlı işəgötürən (cavabdeh) tərəfindən məhkəməyə kifayət qədər sübut (əmrlər, ixtisar olunan ştat vahidlərinin siyahısı, xəbərdarlıq və s.) təqdim etmişdir.

17. Məhkəmə iddianın xx.xx.2021-ci il tarixdən hüquqşünas ştat vahidi ləğv edildiyi halda onun ləğv edilmiş hüquqşünas vəzifəsində 28 ay 05 gün necə işləməsi və hər ay 345 manat əmək haqqı alması, hüquqşünas vəzifəsində işləyə-işləyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etməsi, Yük daşımalar departamentinin Biləcəri lokomotiv deposunun xx.xx.2022-ci il tarixli 28 nömrəli əmrinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etməsi ilə bağlı dəlillərə qiymət verərək hesab etmişdir ki, bu hallarda hər hansı qanunsuzluq olmamışdır. Əksinə, cavabdeh iddiaçının ştatı ixtisara düşdüyü halda ona digər vakant vəzifələrdə işləməsinə şərait yaratmış və ştatın ixtisarı ilə bağlı rəsmiləşdirmə aparılması zamanı gəldikdə isə qanunvericiliyin tələblərinə uyğun Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixli 13-1-23/2- 390/2023 nömrəli xəbərdarlıq məktubu təqdim edilmişdir.

18. Məhkəmə araşdırması zamanı iddiaçı izahatlarında tutduğu vəzifənin ixtisar olunacağı barədə 2021-ci ilin fevral ayından məlumatlı olmasını bildirsə də, bu barədə ona rəsmi xəbərdarlığın 25 aydan sonra verilməsinin və ona digər iş təklif edilməməsini qanunsuz olmasını göstərmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, ixtisar barədə xəbərdar olunduqdan sonra iddiaçının bununla bağlı, yəni tutduğu vəzifənin ixtisara salınması, bununla əlaqədar ona qəbul etməkdən imtina etdiyi xəbərdarlıq verilməsi kimi cavabdehin hərəkətlərini qanunauyğun qaydada mübahisələndirməmiş, cavabdehlə iş münasibətlərini davam etdirmiş, yalnız həmin ixtisarla bağlı əmr verildikdən sonra göstərilən halları hazırki iddiasında göstərməklə mübahisələndirmişdir.

20. Bundan əlavə, işdə olan sübutlara əsasən iddiaçının tutduğu vəzifə üzrə yalnız bir ştat vahidi mövcud olmuşdur ki, həmin ştat vahidi də ixtisar olunmuşdur. Belə olan halda isə, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənin işçilərin peşəkarlıq səviyyəsini qiymətləndirmək zərurəti olmamışdır.

21. Həmçinin qeyd edilmişdir ki, əmək qanunvericiliyi işəgötürənin üzərinə ixtisar olunan işçiyə başqa işin təklif olunması kimi vəzifə qoymamışdır.

22. İddiaçının X2 Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq razılıq verilərkən qanunda nəzərdə tutulmuş 10 gün müddətində onun iştirakını təmin etməklə işə baxıb müvafiq rəy verməli olduğu halda xx.xx.2023-cü il tarixdə daxil olmuş sənədə həmin gün baxıb 75 saylı protokol tərtib edib rəy verməsi ciddi qanun pozuntusu olmasına dair iddia dəlilinə məhkəmə qiymət verərək hesab etmişdir ki, qanunvericilikdə həmkarlar ittifaqının iclasında işçinin iştirakının təmin edilməsi öhdəliyi nəzərdə tutulmamışdır.

23. Beləliklə də, məhkəmə işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (ştatların ixtisarı) əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Başqa sözlə, iddiaçının işdən azad olunması ilə bağlı əmrin qanunsuzluğuna əsas olan hər hansı hal müəyyən olunmamışdır.

24. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 11ci maddənin “a” və “b” bəndlərinə 12-ci maddənin İ hissəsinin “b” bəndinə, 68-ci maddənin 1 və 2-ci bəndlərinə, 70-ci maddənin İİ hissəsinin “b” bəndinə, 71.1, 76.1, 77.1, 77.3, 77.4, 78.1, 80, 83-cü maddənin İ və İİ hissələrinə, 84.1, 84.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın rədd edilməsini "xxxx" QSC–nin Yük daşımaları departamentinin xx.xx.2023-cü il tarixli əmrinin və həmin departamentin X2Komitəsinin xx.xx.2023-cü il tarixli 75 saylı protokoldan çıxarışın əsaslı olması ilə əsaslandırmışdır. İşin faktiki hallarından isə görünür ki, məhkəmə "xxxx" QSC–nin Yük daşımaları departamentinin xx.xx.2023-cü il tarixli əmrini düzgün mübahisələndirməmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin “İnfraktstrukturun təhkimləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2020-ci il tarixli 31712 saylı əmrinin 4-cü yarımbəndinin 4.3-cü bəndinə əsasən Yükdaşımalar departamentinin tərkibində fəaliyyət göstərən Biləcəri lokomotiv deposu ləğv edilmişdir. Həmin əmrə əsasən xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə (əmrinə) əsasən dəyişiklik edilərək bir sıra ştat vahidləri,o cümlədən hüquqşunas ştat vahidi ixtisar edilmişdir. Beləliklə, işin faktiki halından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Biləcəri lokomotiv deposunda hüquqşunas ştat vahidi ləğv edildiyindən fəaliyyət göstərə bilməzdi. Məhkəmə mübahisəsinin düzgün həlli üçün əhəmiyyətli hesab edilən hallar: 1. xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə (əmrinə) əsasən ləğv edilmiş hüquqşünas ştat vahidi üzrə hansı əmrə əsasən əmək haqqı ödənilməsini; 2. xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə (əmrinə) əsasən ləğv edilmiş hüquqşünas ştat vahidi ləğv edildiyi halda ona hansı əsasla həmin illər üzrə kompensasiya ödənilməsi; 3.Hüquqşünas ştat vahidi mövcud idisə, onda hansı əsasla ona kütləvi əmək haqqı artımı şamil edilməməsi: 4.Xəbərdarlıq Bildirişi nə üçün və hansı əsasla ona 25 aydan sonra göndərilməli idi; 5.O, Yük daşımaları departamentində hüquqşünas kimi fəaliyyət göstərmiş və eyni zamanda Biləcəri lokomotivlərin təmir deposunun ictimai əsaslarla həmkarlar ittifaqının sədri işləməyi; 6. O, Əmək Məcəlləsinin hansı maddəsinə müvafiq olaraq ləğv edilmiş ştatda saxlanmışdır; 7.Ona əmək haqqı Əmək Məcəlləsinin hansı maddəsinə əsasən ödənilib; 8. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin “İnfraktstrukturun təhkimləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2020-ci il tarixli 31712 saylı əmrinin 4-cü yarımbəndinin 4.3-cü bəndinə əsasən Yükdaşımalar departamentinin tərkibində fəaliyyət göstərən Biləcəri lokomotiv deposu ləğv edilmişdir. Ləğv edilmiş Biləcəri lokomotiv deposunda hansı əsasla o, ləğv edilmiş hüquqşünas vəzifəsini icra edə-edə boş vakant olan Baş mühəndisin müavini vəzifəsin müvəqqəti icra etmişdir; 9. Ləğv edilmiş Biləcəri lokomotiv deposu və hüquqşünas ştat vahidi Əmək Məcəlləsinin hansı maddəsi ilə tənzimlənməsi və fəaliyyət göstərməsi; 10. xx.xx.2023-cü il tarixli əmr 28 ay 05 gündən sonra verilməsinin Azərbaycan RespublikasıƏmək Məcəlləsinin hansı maddəsi ilə tənzimlənməsi faktı: 11. "xxxx" QSC–nin Yük daşımaları departamentinin X2 Komitəsinin xx.xx.2023-cü il tarixli 75 saylı protokoldan çıxarışı qanunsuz və əsassız hesab edilərək ondan məhkəməyə şikayət veriləcəyi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Eyni zamanda, bu barədə departamentin İnsan Reusları şöbəsini də rəsmi məlumatlandırmışdır, bu günə kimi ərizəsinə hər hansı rəsmi cavab verilmədiyi halda departament rəbərliyi xx.xx.2023-cü il tarixli əmrdə həmin rəyə istinad etməsi hansı qanunvericiliklə tənzimlənməsi; 12. X2 Komitəsinin, barəsində məhkəməyə şikayət veriləcəyi barədə rəsmi ərizə ilə müraciət olunan xx.xx.2023-cü il tarixli 75 saylı protokoldan çıxarışın doğruluğu hansı qanunla tənzimlənməsi faktı; 13. Yük daşımalar departamentinin xx.xx.2023-cü il tarixli Xəbərdarlıq bildirişi tərəfindən qanunsuz və əsassız hesab edilərək qəbul edilməyərək imza edilmədən geri, bildirişi imzalayan və göndərən şəxsə rəsmi qaydada qaytarılmışdır. Departament rəhbəri həmin bildirişi Əmək Məcəlləsinin hansı maddəsi ilə əsaslı hesab etmişdir; 14. İxtisar olunmuş ştat vahidi üzrə şəxsə xəbərdarlıq bildirişinin nə vaxt və neçə gün müddətəninə ixtisar olunmuş işçiyə göndərilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin və ya digər Qanunverici aktlarla necə tənzimlənmişdir. Qeyd olunan faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. İşçilərin sayının və ya ştatların ixtisarının aparılması müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısının almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir necə ştat vahidi ləğvi başa düşülməlidir. Bir qayda olaraq, bu işlər işəgötürənin əsaslandırılmış əmri ilə həyata keçirilir. İşçilərin sayının ixtisarı və ştatların ixtisarı fərqli anlayışdır. Beləki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması(eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İxtisar keçirilən zaman aşağıdakı hallar nəzərə alınmalıdır: Əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvəl tərtib edilməlidir ki, işçilər vaxtında məlumatlandırılsın. Əmr tərtib olunandan sonra müəssisə rəhbəri öz niyyəti barədə mütləq həmkarlar ittifaqını məlumatlandırmalıdır. İşçinin işdən azad edilməsi yalnız ştat cədvəlinin dəyişdirilməsindən və oradan ştatın çıxarılmasından sonra həyata keçirilə bilər. İxtisar keçirilən zaman bəzi tələblərə əməl etmək lazımdır. Beləki, ixtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: İxtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; İşdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; Həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; İxtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd. İşçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd. Xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); İxtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. İşəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsi müəyyən edilir. Bundan sonra işçilərin ixtisası (peşəsi) və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla işdə qalmaqda üstünlük hüquqlarının müqayisəsi aparılaraq rəsmiləşdirilir. Eyni zamanda, müəssisə işçiyə müəssisədə onun aldığı təhsilinə, təcrübəsinə və bacarıqlarına uyğun başqa vəzifələrə keçməyi təklif etməlidir. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan RespublikasınınƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətivə onun yerli orqanlarına bu barədə məlumat verməli və ixtisar olunacaq işçiləri rəsmi xəbərdar etməlidir. Qeyd olunanlara əsasən İşçilərin sayı və ya ştatlarının ixtisar edilməsi zamanı işə götürən tərəfindən heç bir tədbir görülməmiş, qanunvericiliyin tələbinin kobud şəkildə pozulması faktı üzrə dəlillər məhkəmə tərəfindən araşdırılmamışdır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qanunun şərhindən görünür ki, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzımlənır və onlara üstünlük verilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, əmək müqaviləsi "xxxx" QSC–nin Yük daşımaları departamenti ilə bağlanmışdır. Departament "xxxx" QSC-yə tabedir və QSC sədrinin etibarnaməsi əsasında fəaliyyət göstərir. Faktiki olaraq işə götürən "xxxx" QSCdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiyini bildirərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" QSC-də hər hansı bir ştat ləğv edildikdə ayrıca olaraq hər ştat üzrə əmr verilmir. Struktur dəyişikliyi olur və əmr verilir ki, 2022-2023-cü il üzrə hər hansı bir departamentin ştat cədvəli təsdiq edilsin. Həmin ştat cədvəlində hansı ştatlar yoxdursa, deməli həmin ştatlar ixtisar olunmuşdur. Cavabdehin nümayəndəsi suallara cavab olaraq departamentin "xxxx" QSC-yə tabe olduğunu, sənədləşdirilmənin departament tərəfindən aparıldığını, ümumi olaraq götürdükdə iddiaçının "xxxx" QSC-nin əməkdaşı sayıldığını, departamentin ayrıca hüquqi şəxs olmadığını, əmr imzalama salahiyyətinin departamentə etibarnamə əsasında verildiyini, ştatın ixtisar olunduğunu, yeni ştat cədvəli təsdiq olunarkən cədvəldə həmin ştatın göstərilmədiyini, iddiaçının ştatdan kənar qalaraq, ştatdan kənar maaş aldığını bildirmişdir. İddiaçının pensiya yaşına çatması üçün rəhbərlik tərəfindən humanistlik göstərilərək onunla bağlanmış əmək müqaviləsinə həmin vaxt xitam verilməmiş, ona müqaviləyə uyğun olaraq əmək haqqı ödənilmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3.3. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70,“b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 77.4. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

32. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İşçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşdən müəyyən olunur ki, “"xxxx" QSC-nin strukturunun təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” QSC sədrinin xx.xx.2020-ci il tarixli, 31712 nömrəli əmrlə iddiaçının hüquqşünas vəzifəsində çalışdığı Yük daşımaları departamentinin Biləcəri lokomotiv deposu ləğv edilmişdir. Buna baxmayaraq, cavabdeh həmin vaxt iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməmiş, iddiaçıya münasibətdə əmrin icrasını 2023-cü ildə həyata keçirməyə başlamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bunun iddiaçının pensiya yaşına çatması üçün edildiyini bildirmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən işçilərin ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən azı doqquz təqvim həftəsi öncə (işçinin on ildən çox əmək stajı olduqda) rəsmi xəbərdar edilməlidir. Bundan başqa, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi bu əsasla müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

39. Göründüyü kimi, əmək qanunvericiliyi ştatlar ixtisar olunmamışdan əvvəl deyil, əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürənin üzərinə işçiyə rəsmi xəbərdarlıq etmək vəzifəsini qoymuşdur.

40. İşdən görünür ki, cavabdeh əmək qanunvericiliyin bu tələblərinə riayət etmiş, əmək müqaviləsi ləğv edilməmişdən azı doqquz təqvim həftəsi öncə iddiaçını rəsmi xəbərdar etmiş, əmək müqaviləsi ləğv edilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən və qanunvericiliyə əsasən işəgötürən tərəfindən deyil, işçilər tərəfindən yaradılmış həmkarlar ittifaqı təşkilatının razılığını almışdır.

41. Kollegiya qeyd edir ki, işçilərinin sayının azaldılmasından fərqli olaraq, iddiaçının tutduğu ştat ləğv olunmuşdur və belə olan halda cavabdeh tərəfindən işçilərin peşəkarlıq səviyyəsini qiymətləndirmək, işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyən edərək onları işdə saxlamaq vəzifəsi olmamışdır.

42. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ştat cədvəlindən aydın olur ki, ştat cədvəlində Yük daşımaları departamentinin Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri manevr lokomotivlərinin istismarı deposunda hüquqşünas ştat vahidi nəzərdə tutulmamışdır.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində ona ödənilməyən əmək haqqı fərqini (Yük daşımaları departamentində həmin dövr üzrə hüquqşünas ştat vahidinin aylıq tarif əmək haqqı 545.00 manat təşkil etdiyi halda, həmin məbləğlə ona ödənilən 345 manat əmək haqqı məbləği arasında olan fərq) tələb etsə də, işdən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində əmək haqqının məbləği razılaşdırılmış və həmin məbləğ cavabdeh tərəfindən işlədiyi dövrdə hər ay iddiaçıya ödənilmişdir.

44. Bundan başqa, iddiaçı 50.000 manat maddi və mənəvi zərərin ödənilməsini tələb etsə də, ona dəymiş maddi zərərlə bağlı məhkəməyə hər hansı sübutlarını təqdim etməmişdir. Mənəvi zərər tələbi ilə bağlı kollegiya hesab edir ki, iddiaçının yuxarıda göstərilən tələbləri təmin edilmədiyindən, yəni cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmadığı müəyyən edildiyindən, iddiaçının bu tələbi də təmin edilə bilməz.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3544/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar