Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11027/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair” iddiası üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(008)-2247/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan evə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həyat yoldaşıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçı arasında bağlamış nikaha xitam verilmiş və həmin vaxtdan cavabdeh həmin mənzildə yaşamır. İddiaçı cavabdehin yaşaması üçün Bakı şəhəri, Maştağa qəsəbəsi Daş karxanasında inşa edilmiş fərdi yaşayış evini bağışlamışdır. Cavabdeh həmin bağışlanmış evdə yaşayır. Cavabdeh hazırda mübahisəli evdə qeydiyyatdadır. Cavabdehin həmin evdə qeydiyyatı formal xarakter daşıyır və onun qeydiyyatda olması iddiaçının həmin evə dair sənədləşmə işlərinin aparılmasına çətinlik yaradır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(008)-2247/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ünvan ünvanda yerləşən evə dair istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 10 mart 2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 27 yanvar 2017-ci il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. Cavabdeh iddiaçı ilə həmin ünvanda yaşamış, birgə təsərrüfat aparmışlar. İddiaçı onun razılığı olmadan evə istifadə hüququna xitam verilmişdir. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə, həmçinin qətnamədən məlumatı olmamış, ASAN Xidmət Mərkəzində olarkən artıq ünvanda qeydiyyatda olmadığı ona məlum olmuşdur. Cavabdehin qeydiyyata düşməyə başqa yeri yoxdur. İddiaçı ünvan ünvanda olan evə dair heç bir sənədi yoxdur. Məhkəmə sənədsiz yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnu tanıyaraq cavabdehin istifadə hüququna xitam vermişdir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş hallar aşağıdakılardan ibarədir: İş materiallarında olan X2 MMC-nin hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ev 100/1 İddiaçı sahibliyindədir və həmin evin invertar dəyəri 50000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.06.2020-ci il tarixli nikahın bağlanması haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10 mart 2015-ci il tarixdə 118 saylı akt qeydi tərtib olunmuş və nikah bağlandıqdan sonra ərə İmanov arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli, 2(008)-811/2018 saylı qətnaməsinin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında 10 mart 2015-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış və nikah aktlarının qeydiyyatı kitabında 118 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış nikah münasibətlərinə xitam verildiyinə görə iddiaçının mülkiyyətində olan ünvan evə dair cavabdehin istifadə hüququna xitam verilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Kollegiya həmçinin qeyd edir ki, mülki və torpaq qanunvericliyin müddəlarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehin həmin evə istifadə hüquqları yaranmamışdır. Belə olan təqdirdə isə onun qeyd edilən fərdi yaşayış evinə mövcud olmayan istifadə hüquqlarının itirilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(008)- 2247/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11027/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11027/2021
30.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver