Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11036/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçıların vəkili X1, Maraqlı şəxs3 və onun vəkili Vəkil iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Tılat qızının (maraqlı şəxslər Maraqlı şəxs2, DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qərardadından Maraqlı şəxs3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsi ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Tılat qızının (maraqlı şəxslər Maraqlı şəxs2 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) ”mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi təmin edilərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X2 miras əmlakı kimi onun birinci növbədə vərəsələri olan Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. 04.10.2021-ci il tarixdə Maraqlı şəxs3 həmin qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(002)- 2433/2021 saylı qərardadı ilə Maraqlı şəxs3 vermiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Maraqlı şəxs3 həmin qərardaddan şikayət vermiş və şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunsa onun mirasdakı payı əhəmiyyətli dərəcədə artar. Həmin qətnamə ləğv olunarsa iş üzrə ifadə vermiş şahidlərin ifadələrinin və tədqiq edilmiş yazılı sübutların onun iştirakı ilə bir daha tətqiq edilməsinə imkan yaranacaqdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(002)- 2433/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı maraqlı şəxs və onun vəkili şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı ərizəçilərin vəkili şikayətin təmin olunmamasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsi Maraqlı şəxs3 hüquq və vəzifələrinə toxunmadığından, onun vərəsəliklə bağlı hər hansı hüququnu məhdudlaşdırmadığından (o cümlədən, ərizəçi kimi mirasın qəbul edilməsi farktının müəyyən edilməsi, yaxud miras əmlakın bölünməsi və s. barədə məhkəməyə müraciət etmək hüququnu aradan qaldırmadığından) həmin şəxs qeyd olunan qətnamədən apellyasiya şikayəti vermək hüququna malik deyildir, ona görə də apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, mərhum X2 birinci nikahından Azər, Araz, Zeynəb və Növrəstə adlı, ikinci nikahından isə Çimnaz adlı övladları var. Nörəstə Səfərovadan başqa digər üç övlad mübahisəli evdən ikinci nikahdan olan Çimnaz adlı övladın və ikinci nikahdan olan həyat yoldaşı Elmiranın xeyrinə imtina etməyə razıdırlar. Maraqlı şəxs3 isə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vərəsə kimi payının müəyyən edilməsi üçün Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, iddia ərizəsi icraata qəbul edilmiş (2(002)- 22633/2021 saylı iş), hazırda həmin iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257.2-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Kollegiya hesab edir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qətnaməsi Maraqlı şəxs3 hüquq və vəzifələrinə toxunur. Ona görə də məhkəmə kollegiyası şikayətinin dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qərardadı ləğv edilməli, Maraqlı şəxs3 apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 395-397, 398-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Maraqlı şəxs3 şikayəti təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(002)- 2433/2021 saylı qərardadı ləğv edilsin. Maraqlı şəxs3 apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11036/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11036/2021
11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver