Məhkəmə qərarları › İş №2(103)-11040/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11040/2021

30.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11040/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı/cavabdeh İddiaçı MTK-nın vəkili Vəkil3, Cavabdeh/iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair ilk, iddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X2 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair ikinci iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 678/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsindən iş üzrə ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 116 m2 sahəsi olan 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanan 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa edilən çoxmənzilli binada, sahəsi 116 m2 olan 3 otaqlı mənzil 69.634 manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80.040 ABŞ dollarına) Cavabdeh satılıb. Müqavilə üzrə ödəməli olduğu pul ödənilmədiyi üçün İddiaçı MTK tərəfindən cavabdehə borcu olmadığına dair maliyyə arayışı verilməyib. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanan 13 mart 2007-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən payçı pay haqqını ödəmədikdə və ya gecikdirdikdə kooperativin haqqı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bunu nəzərə alaraq, Cavabdeh ilə müqavilə İddiaçı MTK tərəfindən ləğv edilib. Bu barədə ona dəfələrlə məlumat verilsə də, Cavabdeh həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən, həm də mənzili boşaltmaqdan imtina edir. Bununla əlaqədar, cavabdeh ünvan 3 ünvanda yerləşən 116 m2 sahəsi olan 3 otaqlı mənzildən çıxarılmalıdır. Qanunvericiliyə əsasən, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının ödənilməməsi onun həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarını, yəni sahiblik, istifadə və sərəncam hüquqlarını yaratmır və həmin əmlaka sahiblik və istifadə etmək hüququnu da istisna edir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə cavabdehin sözügedən mənzildən çıxarılması barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. İddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X2 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı MTK arasında 13.03.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə ona məxsus olan ünvan 4 ünvanda inşa edilmiş çoxmənzilli binanın 11 -ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin ona məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarış; mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin ona verilməsinin cavabdeh İddiaçı MTK-nın öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı il noyabr ayında qayını X7 İddiaçı MTK-nın sədri Akif Mustafayevdən çox mərtəbəli binadan 3 otaqlı mənzil almışdır (həmin mənzilin dəyəri 65.000 ABŞ dolları təşkil etmişdir). Onlar həmin zaman Rusiya Federasiyası Moskva şəhərində yaşayırdılar. Qaynı Adil 37 saylı mənzili aldığı zaman onlar öyrənmişlər ki, həmin binada eyni blok, eyni mərtəbədə satılmayan 3 otaqlı, 116 m2 olan mənzil var (yəni 38 saylı mənzil, tamamilə təmirsiz, yəni «pod mayak»). Buna çox sevinmişlər ki, uşaqları qonşu olar, bir-birinə hayan olar fikri ilə həmin mənzili almaq qərarına gəlmişlər. Qayını Adil ilə 37 saylı mənzilə müqavilə hansı qaydada bağlanıbsa, onlarla da eyni qaydada bağlanmışdır. Lakin onlar öz mənzillərini alanda cavabdeh, yəni kooperativin sədri Akif Mustafayev demişdir ki, 3 ay ərzində mənzillər bahalaşıb və bu səbəbdən, qayınının mənzili ilə qonşu olan 38 saylı mənzilin dəyəri artıq 80.000 ABŞ dollarıdır. Onlar qayınıgillə qonşu olsunlar deyə, razılaşmışlar. Beləliklə, ünvan 5 ünvanda yerləşən çoxmərtəbəli binanın 11 -ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 m2-dən ibarət olan 38 saylı mənzili almışlar. 13 mart 2007-ci il tarixdə onunla İddiaçı MTK arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 5 ünvanda yerləşən çoxmərtəbəli binanın 11 -ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 m2-dən ibarət olan 38 saylı mənzili almışdır. Müqaviləyə özü imza etmiş, qarşı tərəfdən isə İddiaçı MTK-nın direktoru Akif müəllim imzalayıb, möhürləmişdir. Aldıqları mənzilin dəyərinin ilkin ödənişi olaraq 45.000 ABŞ dolları ödəmişlər, qalan 35.000 ABŞ dolları vəsaiti hissə-hissə olaraq, daha konkret aralarında olan şifahi razılaşmaya əsasən 7 ay ərzində, hər ay 5.000 ABŞ dolları olmaqla ödəmişlər. Həmin zaman onlar Moskva şəhərində yaşadıqlarına görə sonrakı 7 ayın ödənişini onun xalası oğlu olan Akif Kərimovun vasitəsi ilə göndərmişlər. Xalası oğlu Akif Kərimov İddiaçı MTK-ya yaxınlaşaraq oranın mühasibi Firuz adlı şəxsə və ya direktor Akif Mustafayevin özünə ödənişi edirdi, hər etdiyi ödənişə görə maliyyə arayışı verilirdi (MTK qəbz vermirdi). Mənzilin ödənişi tam qurtardıqdan sonra heç bir borc qalmadığına dair yekun maliyyə arayışı verilmişdir. Onlar Bakıya gəldiklərində xalası oğlu həmin arayışları onlara vermişdir. Onu da qeyd edir ki, onlar mənzilin dəyərini tam ödədikdən sonra MTK-nın nəzdində satışda olan qaraj da almışlar. Yenə İddiaçı MTK-nın direktoru Akif Mustafayevdən. Qarajı onlara 20.000 ABŞ dollarına satmışdır (ödənişi iki aya ödəmişlər, hər ay 10.000 ABŞ dolları olmaqla). Beləliklə, 2007-ci ilin mart ayından (müqavilə bağlanan andan) 2008-ci ilədək onların İddiaçı MTK-dan aldıqları mənzilə görə heç bir borc ödənişləri qalmamışdır. 2009-cu il tarixdə ilk öncə qayını Adilin evi, daha sonra isə onların evi təmir olunmuşdur. Onların evini də elə qayınının evində işləyən ustalar təmir edirdi. Ustaların üzərində nəzarətçi kimi elə yuxarıda qeyd etdiyi xalası oğlu dayanırdı, çünki onlar Moskvada olurdular. Mənzillərinin təmiri 2010-cu ildə bitmişdir. Təmirdən sonra evdə özləri ailəliklə yaşamışlar. Daha sonralar, təqribən 2011 -ci ildən onlar mənzillərini kirayəyə vermişlər. Onların binasının qaz sistemi olmadığı üçün bu illər ərzində mənzillərə çıxarış verilmirdi. 2017-ci ildə binaya nəhayət ki, qaz verilmişdir. Onunla da, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT- ******* saylı aktla sakin Cavabdeh, yəni onunla müqavilə bağlanmışdır. 2020-ci ilin lap əvvəllərində qayını demişdir ki, mənzillərin çıxarışları verilir, onlar da sənədləri gətirsinlər, birlikdə versinlər. Onlar sənədləri vermək istəyərkən tapa bilməmişlər (ehtimal edirlər ki, təmir zamanı atılıb). Mənzilin müqaviləsini və maliyyə arayışlarını tapa bilmədikləri üçün 15 mart 2020-ci il tarixdə MTK-nın ofisinə müraciət etmişlər. Sənədlərini itirdiklərindən onlara sənədlərin surətlərini versinlər deyə. Həyat yoldaşı Sakit cavabdeh direktoru Akif Mustafayevlə görüşmüş, sənədlərin itdiyini demişdir. A.Mustafayev öz növbəsində demişdir ki, işçilərə deyər, yəni surətlərini onlara versinlər deyə. Həmin bu ərəfədə COVİD-19 virusu ilə əlaqədar karantin elan olunmuşdur. Sonra pandemiya düşmüşdür. Nə qədər zəng etsələr də, A.Mustafayev demişdir ki, heç bir yer işləmir, işçi qızlar yoxdur işdə, narahat olmasınlar, işlər açılan kimi özü sənədlərin surətlərini çıxarıb onları yığacaq. Bu söhbətdən 2 ay da keçmişdir. Onlar yenə zəng etmişlər, bu dəfə A.Mustafayev demişdir ki, evi yaxşı axtarsınlar. İndi məlum olur ki, bilmək istəyirmiş sənədlərin dəqiq itməsini. Sənədlərin itməsindən əmin olandan sonra, MTK-nın direktoru Akif Mustafayev onlara demişdir ki, sənədlər yoxdursa onlar da sakin deyillər və burada evləri yoxdur. Yuxarıda qeyd etdiyi kimi, işin faktiki halları bundan ibarətdir ki, ünvan 4 ünvanda inşa edilən çoxmənzilli binanın 11 -ci mərtəbəsində ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilini cavabdeh İddiaçı MTK ilə onun arasında bağlanmış 13.03.2007-ci il tarixli müqaviləyə əsasən şəxsən özü almışdır. ünvan 4 ünvanda inşa edilən çoxmənzilli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışları verilmişdir. Belə ki, o, mənzilin dəyərini hissə-hissə, yəni ilk dəfə 45.000 ABŞ dolları, sonra 7 ay ərzində hər ay 5.000 ABŞ dolları olmaqla 35.000 ABŞ dolları. Ümumi, cəmi 80.000 ABŞ dolları pulu İddiaçı MTK-ya ödəmişdir. MTK-nın sədri X3 pulu alarkən, maliyyə arayışlarına şəxsən özü imza etmişdir. Nəticədə ona verilmiş maliyyə arayışlarından bəllidir ki, o, mübahisəli mənzilin 80.000 ABŞ dolları dəyərini tam ödəmiş və onun MTK-ya hər hansı borcu yoxdur. O, mənzildə təmir işlərini 2009-2010-cu illərdə aparmış və bitirmişdir. Hal-hazırda da orada yaşayır. İşıq, qaz, su, internet, kabel TV və sayğacları quraşdırmışdır və o, sayğac üzrə kommunal xidmət haqlarını ödəyir. O, mənzilin özəlləşdirilməsi məqsədi ilə lazımi sənədlərin ona təqdim edilməsi üçün İddiaçı MTK-ya rəsmi qaydada müraciət etmiş, lakin MTK-nın rəhbəri onu bir neçə ay dolandırıb nəticədə heç bir sənəd verməmişdir. İddiaçı MTK ilə onun arasında bağlanmış 13 mart 2007-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən (payçı ilk ödəməni gecikdirərsə kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin) ilk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında kooperativin ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa şəxsə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin bu bəndini nəzərə aldıqda, İddiaçı MTK çoxdan, hələ 2007-ci ildən bu müqaviləni birtərəfli qaydada ləğv etməli idi. Göründüyü kimi, o, 13.03.2007-ci il tarixli müqaviləyə əsasən mənzili almış, dəyərini tam ödəmiş, təmir etmiş, mənzil alınan gündən bu günədək faktiki sahiblik edir (13 il), cavabdeh İddiaçı MTK isə binanı başa çatdıraraq, sifarişçiyə təhvil verilməsinə baxmayaraq, öz üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmir. O, mənzilinə dair çıxarışın alınması üçün müqaviləsini və maliyyə arayışını təmir zamanı itirmişdir. O, bu sənədləri itirsə belə, bu sənədlərin kötüyü MTK-da mövcuddur. Həmçinin, həmin mənzilə dair «mənzilə hüququ olan şəxslərin və mənzilin kommunalməişət vəziyyəti barədə 2 nömrəli forma arayış», həmin mənzilin ona məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarış; mənzilin yerləşdiyi binanın istismara təhvil verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməlidir. O isə həmin sənədlərin alınmasında çətinlik çəkir. MTK-nın rəhbərliyi isə ona maneələr yaradır. Onun mənzilini təmir etməsi və 13 il müddətində orada davamlı və etirazsız yaşaması bir daha təsdiq edir ki, onun MTKya borcu yoxdur. Çünki, MTK-nın rəhbəri hal-hazıradək ona qarşı mənzilin dəyərinin ödənilməsinə dair hər hansı tələb irəli sürməmiş və etiraz bildirməmişdir (o özü şirkətə müraciət edənədək). O, mənzilin dəyərini tam ödəməsə idi, ona mənzildə təmir işləri aparmağa icazə verilməzdi. 13 ildir ki, kommunal xidmətlərin mənzilə ötürülməsinin qarşısı alınardı (qaz, işıq, su, internet və s). Göründüyü kimi, işin bütün faktiki halları, həmçinin onun İddiaçı MTK ilə bağladığı 13 mart 2007-ci il tarixli müqavilədən təsdiq edilir ki, ünvan 6 ünvanda inşa edilən çoxmənzilli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzili ona məxsusdur, onun qanuni sahibliyində və istifadəsindədir. 13 mart 2007-ci il tarixdə bağlanmış müqavilənin və 13 il ərzində həmin müqavilə əsasında yaranan hüquqların mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Çünki, onun mübahisəli mənzildə təmir edilməsi faktı, onun orada 13 il müddət sahibliyi və yaşaması, onun özünün MTK-ya (2020-ci il) müraciətinədək, cavabdehin ona mənzillə bağlı hər hansı bir tələb irəli sürülməməsi və mənzilə dair etiraz bildirməməsi bir daha təsdiq edir ki, o, həmin mənzilin 80.000 ABŞ dolları dəyərini tam ödəmiş və heç bir borcu yoxdur. İddiaçı MTKnın rəhbərliyi heç bir hüquqi əsas olmadan ona məxsus olan mənzilin onun adına özəlləşdirilməsi üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş, bununla da müqavilə öhdəliyini yerinə yetirməmiş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, onun həmin mənzil üzərindəki hüquqları pozulmaqdan müdafiə edilməlidir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(006)- 1968/2021 saylı qərardadına əsasən hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməsi, iddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X2 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MTK arasında 13.03.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Cavabdeh məxsus olan ünvan 6 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11 -ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh verilməsi cavabdeh İddiaçı MTK-nın öhdəsinə qoyulması, birinci iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun birinci iddia üzrə iddiaçıya; ikinci iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ikinci iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, ikinci iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əri X5 ilə "xxxx" MTK - nın sədri Akif Mustafayev arasında yaxın münasibətlər olduğu üçün, Moskvada təhsil alan oğluna zəng çatmayanda onu tapmağa yardımçı olduğu üçün Sakit Məmmədova mənzilin pulunu ödəməsə də, həmin mənzili təmir etməyə icazə verib. Sakit Məmmədova və Cavabdeh onunla "xxxx" MTK arasında müqaviləyə xitam verildiyi barədə dəfələrlə məlumat verilib.. Bu müddətdə "xxxx" MTKnın məhkəməyə müraciət etməsi mümkünsüz olub. Sakit Məmmədov hər dəfə pulu ödəyəcəyinə dair Akif Mustafayevə yalançı vədlər verdiyi üçün uzun müddət məhkəməyə müraciət olunmayıb. Bu halda, Cavabdeh pulu ödəmədiyi halda, sözügedən mənzildə yaşaması faktını “Günəşli'' MTK nın izah edə bilmədiyi nəticəsinə gəlmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi bunu onunla əsaslandırır ki, mübahisəli mənzil 2007-ci ildən faktiki Cavabdeh sahibliyində olduğu üçün "xxxx" MTK həmin mənzilin mülkiyyətçisi və ya sahibi ola bilməz və bu halda MPM - nin 384. 0. 4. maddəsinə əsasən "xxxx" MTK öz mülkiyyət və ya digər sahiblik hüquqlarının pozulması hallarına dair iddia müddətinin şamil edilmədiyinə dair dəlili əsassızdır. Bu halda, birinci instansiya məhkəməsi faktlara deyil, mülahizələrə əsasən belə qənaətə gəlir ki, Cavabdeh mənzilə sahiblik hüququnu verən maliyyə arayışı "xxxx" MTK tərəfindən ona verilib. İşin bu halı məhkəmə prosesinin gedişində sübut olunmayıb. Bu halda, Cavabdeh mübahisəli mənzildə yaşaması, digər sözlə həmin mənzilə sahiblik hüququ olmayıb. Qanunsuz zəbt edilən mənzildən çıxarılma ilə əlaqədar "xxxx" MTK-nın iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz. Həm də nəzərə alınmalıdır ki, Cavabdeh ilə bağlanan müqaviləyə 2015-ci ilin yanvar ayında xitam verilib. Birinci instansiya məhkəməsi Cavabdeh iddia tələbi ilə əlaqədar iddia müddəti tətbiq etməli olduğu halda iddia müddəti tətbiq etməyib. Lakin evə dair bütün sənədlər itsə də, qaraja dair sənədlər itməmişdir. Cavabdeh öz iddia ərizəsində yazıb ki, mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışı təmir zamanı itmişdir və "xxxx" MTK-nin rəhbərliyindən tələb edilən zaman həmin müqavilənin onlara verilməsindən imtina edilmişdir. Lakin müqavilə itdikdə və "xxxx" MTK tərəfindən onlara təqdim edilmədikdə müqavilənin surətini hardan almalarını qeyd etməmişdilər. Cavabdeh mənzilə dair ödəniş etdiyi barəsində məhkəməyə qəbz, yaxud digər yazılı sübut təqdim edə bilməyib. Əgər sübut yoxdursa, bu halda onun mötəbərliliyindən danışmaq mənasızdır. Şahid ifadələrinə gəldikdə isə onlar kifayət qədər ziddiyyətlidir. Cavabdehin məhkəməyə şahid kimi dəvət etdiyi Cavabdeh xalası oğlu X8 oglu məhkəməyə verdiyi izahatda pulların "xxxx" MTK onun vasitəsi ilə ödənildiyini bildirmişdir. "xxxx" MTK-ya indiyə qədər nə qədər pul ödənildiyi sorğusuna cavab verən Akif Kərimov şəxsən 80.000 ABŞ dolları pulun onun tərəfindən "xxxx" MTK-ya ödənildiyini bildirib. Halbuki cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsində ilkin ödəniş kimi 45.000 ABŞ dolları pulun onun özü tərəfindən, daha sonra isə 7 ay ərzində hər ay 5000 dollar pul vəsaitini ödədiklərini qeyd edib. Məhkəmə şahidlə cavabdehin söylədikləri arasında bu ziddiyyətə qiymət vermək əvəzinə onun izahatını iddia ərizəsinində qeyd olunan hallara ujğunlaşdırıb. Həmçinin cavabdeh iddia ərizəsində 2007-ci ilin mart ayında 45 000 ABŞ dolları, daha sonra 7 ay ərzində hər ay 5000 ABŞ dollarını ödədiklərini bildirsə də, şahid Cavabdeh xalası oğlu Akif Kərimov məhkəməyə verdiyi izahatında "xxxx" MTK - ya sonuncu ödənişi 2008-ci ilin yanvar ayında ödədiyini bildirmişdir. Yəni iddia ərizəsində mənzilə görə pulun 2007 - ci ilin oktyabr ayına qədər bağlandığı qeyd edilsə də, şahid axırıncı dəfə pulu 2008 - ci ilin yanvar ayında ödədiyini bildirmiş və bununla da bir daha məhkəməyə yalan məlumatların verilməsi öz təsdiqini tapmışdır. X4 verdiyi izahatda Akif Kərimovdan pul almadığını bildirib. İddia ərizəsində isə onun Akif Kərimovdan pul aldığı qeyd olunur. Lakin birinci instansiya məhkəməsi bu ziddiyyətlərə heç bir qiymət verməyib. Akif Mustafayev məhkəməyə verdiyi izahatda heç vaxt heç bir müştəridən o cümlədən Cavabdeh ödəniş qəbul etmədiyini, ödənişlərin bütün müştərilərdən yalnız X4 tərəfindən qəbul edildiyini və bu ödənişlər barəsində müvafiq jurnalda onun tərəfindən qeydiyyat aparıldığını, lakin həmin jurnalda Cavabdeh tərəfindən ödəniş edildiyinə dair qeyd olmadığını bildirsə də, izahatın bu hissəsisi qətnamədə öz əksini tapmayıb. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı MTK-nın vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh vəkilinümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, 13.03.2007-ci il tarixli İddiaçı MTK-nın üzvlərinin binada mənzil tikintisi haqqında müqaviləsinin kserosurətindən görünür ki, bir tərəfdən MTK-nin sədri X3, digər tərəfdən Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 20, mənzil 38-də yaşayan, «Payçı» adlandırılan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3004-cü məhəllədə yerləşən İddiaçı MTK-nın tikilməkdə olan binasında 279 №li (38) mənzili payçıya verməyə, payçının isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyə öhdəsinə götürür. Mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 116 kv.m- dir. Mənzilin ümumi dəyəri 69634 manat (80040) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Mənzilin 3-cü bəndində göstərilmiş ümumi qiyməti baş müqaviləyə uyğun olaraq tikinti işləri başa çatdırılanadək dəyişməz qalır. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin ilk haqq ödənilməsi məbləği müqavilədə göstərilməmişdir. Müqaviləyə əsasən payçı öhdəsinə götürür ki, pulun qalan hissəsini Kooperativə, ümümi qalıq dəyərini 10%-i məbləğində hər ayın (01.11.2007-ci il) arasında ödəyəcəkdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili-nümayəndəsi tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş arayışdan görünür ki, İddiaçı MTK-nın payçısı Cavabdeh həqiqətən 11.01.2008-ci il tarixdə kooperativə gələcəkdə hazır olunacaq binanın 38 saylı mənzilinin dəyərini İddiaçı MTK-nın kassasına tam ödəmişdir. Həmin arayış İddiaçı MTK-nın sədri A.N.Mustafayev tərəfindən imzalanmış və möhürlənmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı MTK müqavilənin MTK tərəfindən ləğv edilməsi barədə Cavabdeh dəfələrlə məlumat verilməsinin, eləcə də, sonuncuya həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, həm də mənzili boşaltmaq kimi tələblərini yazılı və ya şifahi formada bildirməsini təsdiq edən heç bir sübut növü (ləğv edilmiş müqavilənin MTK-da olan nüsxəsi, teleqram, məktub və s.) təqdim etməmişdir. Mübahisəli mənzilin dəyərinin kifayət qədər yüksək məbləğ olduğu, eləcə də, İddiaçı MTK-nın rəhbərliyi ilə cavabdeh arasında ciddi qohumluq, dostluq əlaqələri mövcud olmadığı halda mənzilin müqavilədə göstərilən məbləğinin MTK tərəfindən cavabdehdən uzun müddət tələb edilməməsi üçün hər hansı məntiqi və ağlabatan səbəb və ya səbəblər müəyyən edilməmişdir. Mübahisəli mənzillə bağlanmış müqavilə ləğv edildiyi halda cavabdehin həmin mənzildə yuxarıda göstərildiyi kimi təmir edilməsinə və hazırki vaxta kimi daimi yaşamasından MTK rəhbərliyinin məlumatsız olması da inandırıcı deyildir. İşin bu halı Cavabdeh MTK tərəfindən yaşadığı müddət ərzində ondan aybaay kommunal xərclərlə bağlı ödənişlərin alınmasına dair izahatları ilə təsdiq edilir. İddiaçı MTK-nın cavabdehin 2007-ci ildə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi əsası ilə hazırda mübahisəli mənzildən çıxarılmasına dair iddia tələblərini əsaslı saymır və hesab edir ki, bu tələblər əsaslı olmuş olsa idi belə (halbuki buna dair heç bir mötəbər subutlar işdə yoxdur) İddiaçı MTK tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 10 illik ümumi iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Bundan başqa kollegiya hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzili təmir edilməsi faktı, onun orada 13 il müddət sahibliyi və yaşaması, özünün MTK-ya (2020-ci il) müraciətinədək, cavabdehin ona mənzillə bağlı hər hansı bir tələb irəli sürülməməsi və mənzilə dair etiraz bildirməməsi bir daha bu qənaətə gəlməyə əsas verir ki, o, həmin mənzilin müqavilədə qeyd edilmiş 80.000 ABŞ dolları dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır. İddiaçı MTK-nın rəhbərliyi heç bir hüquqi əsas olmadan ona məxsus olan mənzilin onun adına özəlləşdirilməsi üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etməklə isə müqavilə öhdəliyini yerinə yetirməmiş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Halbuki, Cavabdeh mənzillə bağlı itirdiyi sənədlərin digər nüsxələrinin sözügedən cavabdeh MTK-da olmalı olmasına dair iddiaçının dəlillərini məhkəmə inandırıcı sayır və bu səbəbdən də onun həmin mənzil üzərindəki hüquqlarının pozulmaqdan müdafiə edilməli olunmaqla iddiasının tam həcmdə təmin edilməsi nəticəsinə gəlir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, ilkin iddia tələbinin əsasını cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi təşkil etmişdir. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh ödənişlər etmədiyindən onun MTK-ya borcunun olmaması barədə maliyyə arayışı verilməmişdir. Lakin, işin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh tərəfindən öhdəliklərin tam icra edilməsinə dair maliyyə arayışının notariat qaydada təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin arayışdan görünür ki, İddiaçı MTK-nın payçısı Cavabdeh, həqiqətən, 11 yanvar 2008-ci il tarixdə kooperativə gələcəkdə hazır olacaq binanın 38 saylı mənzilinin dəyərini İddiaçı MTK-nın kassasına tam ödəmişdir. Həmin arayış İddiaçı MTK-nın sədri A.N.Mustafayev tərəfindən tərtib edilmiş, imzalanmış və möhürlənmişdir. Qeyd olunan arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil İddiaçı MTK tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, ilk iddia tələbinin təmin edilməsi üçün hər-hansı əsas müəyyən edilmir. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən öhdəliklərin icra edildiyini bildiyi halda, hazırkı iddia tələbi ilə məkəməyə müraciət etməklə hüquqdan sui-istifadə etmişdir. Halbuki, qeyd olunan arayış İddiaçı MTK-nın sədri tərəfindən imzalanmış və möhürlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X6 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui- istifadə etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Belə olan halda, birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd etməklə və ikinci iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar