Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11043/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X2 və X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3730/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdehdən onun xeyrinə 6700 manat kompensasiya, hüquqi yardıma görə 550 manat, 30 manat dövlət rüsumu cəmi 7280 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ASC-nin müştərisi olaraq 2010-cu ildən bank əmanəti müqaviləsinə əsasən mütəmadi pul qoymuş və faiz götürməklə faydalanmışdır. Sonuncu dəfə 06 yanvar 2017-ci il tarixli, 8-50312 saylı bank əmanəti müqaviləsinə uyğun 15% dərəcəsi ilə 18 ay müddətinə 5000 manat, 20 iyun 2017-ci il tarixdə 15% dərəcəsi ilə 12 ay müddətinə 1000 manat qoymaqla həmin tarixdə 100 manatı geri almış və 11 oktyabr 2018-ci il tarixdə 10% dərəcəsi ilə 12 ay müddətinə 1000 manat cəmi 6000 manat pul qoymuşdur. Müqavilənin icrası dövründə 11.10.2018-ci il tarixli kassa məxaric orderinə görə 281.8 manat və 11.01.2019-cu il tarixli kassa məxaric orderinə görə 156.2 manat faiz pulu almışdır. 11 oktyabr 2018-ci il tarixli bank əmanəti müqaviləsi 11 oktyabr 2019-cu il tarixdə prolonqasiya olunmuş, lakin həmin məbləğə hesablanacaq illik 10% pul iddiaçıya verilməmiş və 28.04.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankın qərarı ilə Cavabdeh ASC ləğv edilmişdir. Belə olan halda iddiaçı bank əmanəti müqaviləsi şərtləri, eləcə də “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə əmanət üzrə kompensasiya almalı idi. Müvəkkili İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməsinə baxmayaraq, ona kompensasiyanın ödənilməsinin imkanları xaricində olmasını bildirmişdir. Hesab edir ki, cavabdehin kompensasiyanın ödənilməsindən imtina etməsi qanunsuz və əsassızdır və bu səbəbdən məhkəmə qaydasında mübahisənin həll edilməsi zərurəti vardır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(006)- 3730/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 6.000 manat əmanət, 700 manat faiz, 30 manat dövlət rüsumu olmaqla, cəmi 6730 manat məbləğində vəsaitin tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2020-ci il tarixli, 2-3(103)-129/2020 saylı qərarına əsasən Cavabdeh ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Məhkəmə işi araşdırarkən səlahiyyəti olmayan nümayəndənin iştirakı ilə mülki işə qiymət vermişdir. Belə ki, ləğv prosesində olan Cavabdeh ASC-nin bank lisenziyası ləğv edilmişdir, lakin hüquqi şəxs kimi fəaliyyətini davam etdirməkdədir. Hazırki mübahisə predmeli üzrə cavabdeh birbaşa Əmanətlərin Sığortalanması Fondudur. Buna baxmayaraq məhkəmə işə ləğv prosesində olan “Atabank" ASC-nin etibarnamə üzrə nümayəndəsinin iştirakı və yetərincə zəruri olmayan sübutların əsasında qiymət vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 və X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər və şikayəti müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 11 oktyabr 2018-ci il tarixli 8-50312-41 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Cavabdeh ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.1-cibəndinə əsasən Bank qəbul etdiyi 1000 manat əmanət üçün əmanətçiyə illik 10% ödəyir. İş materiallarına əlavə edilmiş 06 iyul 2018-ci il tarixli 50312-35 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Cavabdeh ASC-nin “Mingəçevir” filialı ilə İddiaçı arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Bank qəbul etdiyi 2000 manat əmanət üçün əmanətçiyə illik 10,5% ödəyir. İş materiallarına əlavə edilmiş 06 iyul 2018-ci il tarixli 50312-33 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Cavabdeh ASC-nin “Mingəçevir” filialı ilə İddiaçı arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Bank qəbul etdiyi 3000 manat əmanət üçün əmanətçiyə illik 10,5% ödəyir. İş materiallarına əlavə edilmiş Əmanət kitabçasının surətindən görünür ki, iddiaçı tərəfindən əmanət qoyulmuş 6000 manat məbləğ Bank tərəfindən iddiaçıya qaytarılmamışdır. İş materiallarında olan məxaric qəbzlərindən görünür ki, 11.10.2018-ci ildə İddiaçı 150 manat; həmin tarixdə 131,8 manat; 11.01.2019-cu il tarixdə 131,2; 14.01.2019-cu il tarixdə 25 manat məbləğində faiz ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2020-ci il tarixli qərarına əsasən Cavabdeh ASC müflis elan edilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru tərəfindən İddiaçı ünvanlanmış məktubun mətnindən görünür ki, İddiaçı bankda olan əmanəti bankın müvəqqəti inzibatçısı tərəfindən «bankın fiziki şəxslər qarşısında olan öhdəliklərinə dair reyestrdə» kompensasiya olunacaq əmanət kimi göstərilməməsi əsası ilə ona kompensasiya ödənilməsindən imtina edilmişdir. «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikasının 29 dekabr 2006-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. «Əmanətlərin Sığortalanması haqqında» Qanunun yuxarıda sadalanan normalarının dispozisiya şərtlərinin təhlili bu nəticəyə gəlməyə əsas verir ki, məbləği 30.000 manatdan az olan əmanət əmanətçi tərəfindən Fonda üzv olan bankda yerləşdirilərkən illik faiz dərəcəsi X4 müəyyən etdiyi faiz dərəcəsinin yuxarı həddini aşmırsa və o, qorunan əmanət hesab edilirsə, faiz dərəcəsinin yuxarı həddinin Himayəçilik Şurası tərəfindən sonradan dəyişməsi (azaldılması) həmin əmanətin qorunan əmanət statusunu itirməsinə səbəb olmur. Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində əks olunmuş məlumatlardan görünür ki, X4 müvafiq qərarları ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi: 1 iyul 2019-cu il tarixinədək müddətdə milli valyutada olan qorunan əmanətlər üzrə 15%, xarici valyutada isə 3%; 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə 10%, xarici valyutada isə 2,5%; 01 iyun 2020ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə 12%, xarici valyutada isə 2,5% müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad etməklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 11.10.2018-ci və 06.07.2018-ci il tarixlərdə Atabank ASC-də qoyulmuş ümumilikdə 6000 manat əmanətin faiz dərəcələri (10 və 10,5%) həmin vaxt Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sığortalanmış əmanatlər üçün müəyyən etdiyi faiz dərəcəsinin yuxarı həddindən (15%) az olmuşdur. Belə olan halda, həmin əmanət (6000 manat yerləşdirilmiş əmanətin məbləği və 700 manat hesablanmış faiz məbləği) qorunan əmanət hesab edilir və sığorta hadisəsi (bankın müflis elan olunması) baş verdiyinə görə həmin əmanət iddiaçıya kompensasiya olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsaslı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırkı iddia tələbinin iddiaçının banka qarşı kreditor tələbi olması və bu səbəbdən də həmin mübahisəyə Cavabdeh ASC-nin müflis elan edilməsi barədə qərarı qəbul etmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxılaraq hüquqi qiymət verilməli olmasına dair dəlillərini əsassız hesab edir və bir daha vurğulayır ki, hazırkı mübahisə iddiaçının əmanətin geri qaytarılmasına dair ləğv proesesində olan banka qarşı deyil, sığortalanmış əmanətə görə kompensasiya ödənilməsinə dair Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüş tələbdir. Birinci instansiya məhkəməsinin mülki işi səlahiyyəti olmayan nümayəndənin iştirakı ilə araşdıraraq qətnamə çıxarması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən də göründüyü kimi hazırkı işdə cavabdeh qismində ləğv prosesində olan Cavabdeh ASC deyil, həmin bankın ləğvedicisi qismində çıxış edən Əmanətlərin Sığortalanması Fondu cəlb edilmişdir. Göründüyü kimi, «Əmanətlərin Sığortalanması haqqında» Qanun əsasında banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək fəaliyyətini həyata keçirən səlahiyyətli orqan olmaqla yanaşı, həm də ləğv prosesində olan Cavabdeh ASCnin ləğvedicisi kimi fəaliyyət göstərir. Hazırkı mülki işlə bağlı məhkəmə iclaslarında da Fond tərəfindən verilmiş etibarnamə əsasında onların səlahiyyətli etdiyi nümayəndələri iştirak etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bu cür formal əsas məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında mübahisələndirilən qətnaməni yoxlayaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(006)-3730/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11043/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11043/2021
23.12.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver