Məhkəmə qərarları › İş №2(103)-1105/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1105/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1105/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(005)-2895/2012 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona verdiyi 40000 (qırx min) manat məbləğindən behin ikiqat olaraq 80000 (səksən min) manat və Mərkəzi Bankın illik 5% həcmində milli uçot dərəcəsinə uyğun olaraq dəymiş maddi ziyan qismində 7951 (yeddi min doqquz yüz əlli bir) manat məbləğində pulun, cəmi 87951 (səksən yeddi min doqquz yüz əlli bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 (üç yüz əlli dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(005)- 2895/2012 saylı qərardadı ilə cavabdeh X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməyərək müddətin bərpasından imtina edilmiş, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(005)-2895/2012 saylı qərardadı ləğv edilməklə, Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh qətnamədən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəni onunla əsaslandırmışdır ki, qətnamənin alınması barədə xx.xx.2022-ci il tarixli xəbərnamədə olan imza ona məxsus deyil, o, 2019-cu il tarixdən qətnamənin göndərildiyi ünvanda yaşamır, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 1c, mənzil 43-dür. Onun yaşadığı və faktiki qeydiyyatda olduğu ünvana hər hansı məhkəmə bildirişi və məhkəmə qətnaməsi gəlməmişdir. O, məhkəmə qətnaməsini rəsmi olaraq xx.xx.2022-ci il tarixdə almışdır. Ona görə də hesab edir ki, müddətin buraxılması üzrlü hesab edilərək, bərpa olunmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə hər iki tərəfə göndərilmiş, cavabdeh poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza etməklə qətnaməni almış, lakin müddətin üzrlü səbəbdən buraxılması barədə hər hansı bir əsas göstərməmişdir. Cavabdeh qərardaddan verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin lazımi qaydada xəbərdar edilməsi qənaətinə gəlsə də, lakin xəbərnamədə cavabdehin ünvanı qeyd edilməmiş və məktubun qəbul edilməsinə dair imza cavabdehə məxsus olmamış, o cümlədən imza edən şəxsin kim olması barədə məlumatlar da xəbərnamədə qeyd edilməmişdir. Ehtimal olunan odur ki, məhkəmə bildirişləri və məhkəmə aktını iddia ərizəsində və beh müqaviləsində qeyd edilən cavabdehin əvvəlki ünvanına (ünvan 2 2019-cu ildən Nərimanov rayonu, X4 küçəsi, ev 1c, mənzil 43 ünvanında qeydiyyatdadır və orada yaşayır. Həmçinin cavabdehə məxsus mobil nömrəyə də hər hansı SMS-bildiriş göndərilməmişdir. Cavabdeh belə bir qətnamənin mövcudluğundan icra məmurunun xəbərdarlığından sonra məlumatlı olmuş və qətnamənin əldə olunması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə getmiş qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmiş, lakin qətnamənin ona rəsmi qaydada çatdırıldığı bildirilərək qətnamənin təkrar verilməsi barədə ərizə yazmalı və rüsum ödəməli olduğu bildirilmişdir. Qətnamənin başqa qaydada əldə edilə bilməyəcəyi qənaətinə gələn cavabdeh həmin ərizəni yazmış və qətnaməni xx.xx.2022-ci il tarixdə məhkəmədən rəsmi olaraq əldə etmişdir. Buna görə də hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı xx.xx.2022-ci il tarixdən başlanılmalıdır. Kollegiya şikayətin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 138-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Mülki Prosesual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyatı keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Çəkişmə prinsipi tələb edir ki, hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara, o cümlədən qarşı tərəfin təqdim etdiyi qeydlərdən və sübutlardan xəbərdar olmaq və onlar barəsində izahat vermək imkanlarına malik olmalıdır. Hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İş materialları ilə müəyyən olunur ki, işə baxılarkən birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən cavabdehin şəxsiyyətini, yaşayış yerini, qeydiyyatda olduğu yeri müəyyənləşdirmək üçün hər hansı bir araşdırma aparmamış, məhkəmə bildirişlərini cavabdehin ünvanı kimi göstərilmiş ünvan 4zil 230-a göndərmiş, lakin məhkəmə bildirişləri cavabdehə çatdırılmadan məhkəməyə qaytarılsa da, məhkəmə prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəmə bildirişlərinin cavabdehə çatdırılmasını təmin etməmiş, həmçinin “sms” bildirişlərin də cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişlərinin göndərildiyi ünvanda bildirişlər cavabdehə çatdırılmasa da, məhkəmə qətnaməsinin həmin ünvanda cavabdehə çatdırılması barədə xəbərnamədəki imzanın məhz cavabdehə məxsus olması barədə məhkəmənin qənaəti əsaslı olmamışdır. Halbuki, cavabdeh ərizəsində və qərardaddan verdiyi şikayətində xəbərnamədəki imzanın ona məxsus olmadığını, qətnamənin göndərildiyi ünvanda yaşamadığını qeyd etsə də, məhkəmə cavabdehin dəlillərini işin materialları ilə əsaslı yoxlayıb, qiymətləndirməmişdir. Məhkəmə kollegiyası tərəfindən elektron sistemdən edilmiş çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 3-də qeydiyyatda olmaqla, orada yaşayır və hazırda qüvvədə olan şəxsiyyət vəsiqəsini xx.xx.2019-cu il tarixdə həmin ünvanda qeydiyyatda olan vaxt almışdır. Belə olan halda kollegiya hesab edir ki, qətnamənin alınması barədə xəbərnamədəki imzanın ona məxsus olmaması və hazırki iş üzrə onun yaşadığı ünvana hər hansı bir məhkəmə bildirişinin gəlməməsi barədə cavabdehin dəlilləri əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair bu kimi hallar aid edilə bilər. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(005)-2895/2012 saylı qərardadı ləğv edilməklə, Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(005)- 2895/2012 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilsin. Buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar