Məhkəmə qərarları › İş №2(103)-1105/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1105/2024

09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1105/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Ərizəçi (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti maraqlı şəxs qismində işə cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5031/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun 1986-cı il tarixdən 1996-cı il tarixədək “Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində, 1997-ci ildən 2011-ci ilədək isə “Elvin” firmasının direktoru vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5031/2023 saylı qərardadı ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanmışdır. Ərizəçi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini və ərizəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə, şahidlərin dindirilməsinə ehtiyac olmadığını və lazımi qurumlara sorğular verib, cavablar aldığını qeyd etmiş, lakin sonuncu məhkəmə iclasından əvvəl, yəni xx.xx.2023-cü il tarixdə ona bildirilmişdir ki, əmək stajının müəyyən edilməsi yalnız sorğulara verilən cavabları əlavə etməklə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edildiyi halda mümkün olacaqdır. Əgər həmin qurum bundan imtina etsə, o, Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Bundan sonra o, məhkəmənin dəhlizində gözləmiş, lakin bir müddətdən sonra məhkəmə zalına dəvət edilərək, ona ərizəsinin baxılmamış saxlanıdığı bildirilmişdir. Qərardadı alanda ona məlum olmuşdur ki, güya o, məhkəmə iclasına dəvət edilsə də, məhkəməyə gəlməmişdir. Halbuki, həmin gün mobil telefonu təhvil verərək, məhkəmənin binasına daxil olandan sonra, məhkəmə iclasında iştirak etmək üçün məhkəmə zalına keçmişdir. Bu səbəbdən qərardad ləğv edilməli, ərizəyə mahiyyəti üzrə baxılmalı və qətnamə qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5031/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər; 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Həmin Qərarın 9.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokoluna bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Məhkəmə kollegiyası hazırki mübahisəyə münasibətdə ilk növbədə qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericilikdə iddiaçının (ərizəçinin) iştirakı olmadan işə baxılmasının mümkünlüyü təsbit edilmiş, eyni zamanda, bu vəziyyətin iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olduğu hallar dəqiqləşdirilmişdir. Belə ki, məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçının (ərizəçinin) bir məhkəmə baxış iclasında iştirak etməməsi ərizənin dərhal baxılmamış saxlanılması üçün əsas yaratmır. Belə bir əsas yalnız eyni hal təkrarlandıqda, yəni işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı (ərizəçi) məhkəmə iclasına təkrar gəlmədikdə yaranır. Daha geniş və sadə izaha əsasən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı (ərizəçi) ən azı iki məhkəmə iclasında iştirak etməməlidir ki, onun iddia ərizəsi bu əsasla baxılmamış saxlanılsın. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Ərizəçi ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin dörd hazırlıq iclası keçirilmiş və bu hazırlıq iclaslarının hər birində ərizəçi şəxsən özü iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş sonuncu məhkəmə hazırlıq iclasında da məhkəmə işi kifayət qədər hazırlanmış hesab etməklə, işi məhkəmə iclasında baxılması üçün xx.xx.2023-cü il tarixə təyin etmişdir. Ərizəçi də yalnız bu tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməmişdir. Lakin birinci instansiya məhkəməsi ərizəçinin təkrar deyil, ilk dəfədir ki, məhkəmə iclasına gəlməməsini, bundan əvvəl keçirilmiş bütün məhkəmə iclaslarında iştirak etməsini nəzərə almamış, nəticə etibarı ilə Mülki Prossesual Məcəllənin 185.4-cü maddəsinin tələblərini diqqətdən kənar qoyaraq və 259.0.6-cı maddəsini səhv tətbiq edərək, iddia ərizəsini baxılmamış saxlamışdır. Bu da öz növbəsində qərardadın ləğv edilməsini və ərizəyə mahiyyəti üzrə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini şərtləndirir. Lakin hazırda iş üzrə qətnamə qəbul edilməsi məhkəmə kollegiyasının səlahiyyətlərinə aid olmadığından şikayətin bu hissədə təmin edilməsi qeyri-mümkün hesab edilir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Bu səbəbdən ərizəçinin şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5031/2023 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-cu, , 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5031/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar