Məhkəmə qərarları › İş №2(103)-11053/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11053/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11053/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(007)-4068/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qazaxıstan Respublikasında verilmiş ******* nömrəli doğum haqqında şəhadətnamədə qeyd olunan X2 ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 01.04.2019-cu il tarixində verilmiş C 02610365 nömrəli ümumvətəndaş pasportunda “Bəyverdiyeva” Svetlana Əlifağa qızı, ingilis dilində isə Bayverdiyeva Svetlana kimi göstərilən vətəndaşın eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin şəxsiyyətini təsdiq edən doğum haqqında şəhadətnamədə və ümumvətəndaş pasportunda soyadının fərqli yazılması atasından miras qalmış əmlakın rəsmiləşdirilməsində çətinliklər yaradır. Bu səbəbdən qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(007)- 4068/2021 saylı qərardadı ilə irəli sürülən tələbə ümumi məhkəmədə baxılmalı olmaması əsasına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan ərizəçi şikayət verərək qərardadın ləğv edilib ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ərizəçi inzibati orqan olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin hərəkətlərindən şikayət verməmişdir. Belə ki, Azərbaycan Respublikasında verilmiş ümumvətəndaş pasportunda ərizəçinin soyadı düzgün yazıldığına görə sənəddə düzəliş edilməsinə zərurət yoxdur. Buna görə də ərizəçi hazırkı ərizəyə xüsusi icraat qaydasında ümumi məhkəmə tərəfindən baxılmasını istəyir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(007)- 4068/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi və onun nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. İş materiallarında olan Qazaxıstan Respublikasında 19.07.1982-ci ildə verilmiş ******* saylı doğum haqqında şəhadətnamədə ərizəçinin adı X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş C02610365 saylı ümumvətəndaş pasportunda azərbaycan dilində Ərizəçi kimi, ingilis dilində isə Bayverdiyeva Svetlana kimi göstərilmişdir. Ərizəçi soyadı müxtəlif sənədlərdə fərqli göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş edir ki, belə bir faktın məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsasına görə iddia ərizəsini icraata qəbul etməkdən imtina etsə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə ümumiyyətlə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericiliyin normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarını rəhbər tutmaqla iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə nəticə etibarilə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(007)-4068/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(007)- 4068/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar