Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11082/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, Ərizəçi tərəfindən verilmiş “doğum faktının müəyyən edilməsi barədə” ərizəyə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizədə xahiş olunub ki, Ağayeva Elay Hərbi qızının 21.04.2001-ci il tarixdə ev şəraitində doğulması faktı müəyyən olunsun, ona doğum haqqında şəhadətnamənin verilməsi, həmin şəhadətnamənin ana qrafasında anası Ağayeva Hicran Kərim qızı, ata qrafasında ata adının Hərbi qeyd olunmaqla doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qərardadla qərara alınıb ki, ərizə geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərizəçi öz doğma qızı olmayan şəxsin doğum faktının müəyyən edilməsini xahiş edib, eyni zamanda yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş edib. Hazırkı formada ərizənin icraata qəbul edilməsi qeyri-mümkündür, ona görə də ərizə geri qaytarılmalıdır. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi doğum faktını müəyyən edən sənədi başqa qaydada ala bilmir, çünki onun bildirdiyinə görə doğum tibb müəssisəsindən kənarda baş verib. İş materiallarında doğum barədə heç bir tibbi sənəd yoxdur. Qeydiyyat şöbəsinin məktubundan (iş v. 5) isə görünür ki, həmin şöbə doğumun qeydə alınıb-alınmaması barədə məlumat verməkdən imtina edib. Ona görə də doğum faktının müəyyən olunması barədə işə məhkəmədə baxılmalıdır. Ərizəçinin və doğum faktı müəyyən edilməsi xahiş olunan şəxsin (Ağayeva Elay Hərbi qızının) arasında qohumluq münasibətinin olmaması doğum faktının müəyyən edilməsi barədə işə onun ərizəsi əsasında baxılmasına mane olmur. Belə ki, ərizəçinin bildirdiyinə görə Ağayeva Elay Hərbi qızı 21.04.2001-ci ildə onun mənzilində doğulub, anası və nənəsi ilə birlikdə onun mənzilində yaşayıb, atasının şəxsiyyəti bilinməyib, anası və nənəsinin dediyinə görə atası Türkiyə vətəndaşı olub, adı isə Hərbi olub. Ərizəçinin bildirdiyinə görə sonradan Ağayeva Elay Hərbi qızının anası və nənəsi vəfat edib, 20 yaşı olmasına baxmayaraq doğumu qeydə alınmayıb və heç kimi yoxdur. Nəzərə alınmalıdır ki, Ağayeva Elay Hərbi qızının heç bir sənədi olmadığına görə o, özünün doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilmir. Odur ki, doğum faktının müəyyən olunması haqqında işə Ərizəçi müraciəti əsasında baxıla bilər. Ərizədə qeyd olunan, doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciət ayrıca hüquqi əhmiyyəti olan tələb deyil, doğum faktının sonrakı nəticəsidir. Belə ki, məhkəmə doğum faktını müəyyən etdikdən sonra qeydiyyat orqanı doğumu qeydə alacaq və doğum haqqında şəhədanamə verəcək. Ərizədə belə müraciətin yazılması doğum faktının müəyyən edilməsi barədə işə baxılmasına mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11082/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11082/2021
05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver