Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11089/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı «artıq ödənilmiş pensiya məbləğinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(004)-5021/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı «artıq ödənilmiş pensiya məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 335,57 manat dövlət vəsaitinin onun hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına 04.03.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, atası X4 16.02.2020-ci il tarixdə vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh mərhum atasının ölümü haqqında məlumatı, həmçinin, ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 29.02.2020-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 935,57 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X6 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyalar haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200 manat) üç misli miqdarında (600 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 935,57 manat məbləğindən çıxılmış, qalan 335,57 manat pul vəsaiti isə bugünədək Mərkəzi filialının hesabına qaytarılmamışdır. Bununla bağlı cavabdehə şifahi olaraq müraciət edilmiş, daha sonra 02.03.2021-ci il tarixdə məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(004)- 5021/2021 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddianın isə təmin olunmasını xahiş edilmiş, şikayətini əsasən iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmışdır. Məhkəmə baxışında iştirak etmiş iddiaçının nümayəndəsi məhkəmə aidiyyəti məsələsinə münasibət bildirərək göstərmişdir ki, hazırda bu kimi mübahisələrə inzibati məhkəmələrdə baxılır. Qəbul edir ki, hazırki mübahisə də inzibati xarakterlidir, lakin birinci instansiya məhkəməsində bu hal müzakirə olunmamış, işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. İddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, o mülki-hüquqi deyil, inzibati xarakterli olmaqla, pensiya sahəsində yaranmışdır (inzibati orqan artıq ödənilmiş pensiyanı tələb edir). Pensiyanın təyin olunması, ödənilməsi və s. bununla bağlı münasibətlər isə hər bir halda publik hüquq sahəsinə aid olmaqla, vətəndaşla dövlət (bu sahədə dövlətin səlahiyyətlərini Dövlət Sosial Müdafiə Fondu həyata keçirir) arasında yaranır. Hazırki vəziyyətdə pensiyaçının vəfat etməsi, artıq ödənilmiş pensiya məbləğinin isə onun vərəsəsindən tələb olunması faktı vəziyyəti dəyişdirmir. Eyni zamanda, hazırki mübahisəli vəziyyət, yəni pensiyaçının vəfat etməsi ilə əlaqədar artıq ödənilmiş pensiya məbləğinin onun vərəsəsindən tələb olunması inzibati orqanın iddiaçı qismində çıxış etdiyi azsaylı hallardan biridir (inzibati orqan bir qayda olaraq məhkəməyə müraciət etmir, inzibati akt qəbul etmək və ya faktiki xarakterli hərəkətlər etməklə publik hüquq sahəsində məsələləri nizamlayır). Qeyd olunmalıdır ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsi kimi qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur («İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1.2-ci mad). «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Beləliklə, iddiaçı inzibati orqan olaraq publik hüquq sahəsinə aid mübahisə ilə bağlı ümumi məhkəmədə inzibati xarakterli tələb irəli sürməklə məhkəmə aidiyyətini pozmuş, birinci instansiya məhkəməsi isə həmin iddia tələbinin mahiyyətini dəqiq müəyyən etmədən yekun məhkəmə aktı qəbul etmişdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 261.0 və 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı «artıq alınmış pensiya məbləğinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(004)-5021/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(004)-5021/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11089/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11089/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver